Məhkəmə qərarları › İş №1(060)-220/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-220/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-220/2024 10.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 9,46 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 27 oktyabr 2023-cü il tarixdə, saat 12:50-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 100 saylı evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,46 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri Kotec qəsəbəsi 20ci məhəllə ey 100-də yaşayır. Təxminən 1 il yarım olar ki, narkotik vasitə heroin, metamfetamin və qurudulmuş marixuanadan istifadə edir. Qurdulmuş marixuananı siqaretə doldurub tüstüsünü çəkmə yolu ilə qəbul edir. 26 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən narkotik vasitə olan “nəşə” adlanan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün 30 manata almışdır. 27 oktyabr 2023-cü il tarixdə saat 12:50-də yaşadığı evin qarşısında olduğu zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. O, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Onun üzərində az miqdarda qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşları onun üzərində olan bükümə əlavə narkotik vasitə olan qurudulmuş marixuana əlavə etmişlər. O, buna etiraz etmiş, lakin polis əməkdaşları onu döyərək həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. Bundan sonra çəkilişlə və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. O, məcbur qalaraq qorxduğu üçün narkotik vasitənin hamısının ona məxsus olmasını etiraf etmişdir. Onu saxlayan adamlar onu döyməmişlər. Polis bölməsində 4-5 nəfər polis əməkdaşı onu döymüşlər. Qorxduğu üçün çəkiliş zamanı vəkilinə döyülməyi barədə məlumat verməmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Məhkəmə iclasında aşağıdakı şahid ifadəsi dinlənilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 27 oktyabr 2023-cü il tarixdə Seymur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Seymur adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin 4-cü Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra onun rəhbərliyi altında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı ünvan 3 ünvanının qarşısında görüb əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinə gətirmişlər. Bundan sonra təqsirləndirilən şəxsin üzərində videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükümün içərisində olan kütlənin yaşıl rəngli ot kütləsi olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq həmin kütləni 26 oktyabr 2023-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 30 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış keçirilən zaman hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Saxlanarkən və polis bölməsində olarkən onun və digər polis əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxsin döyülməsi və üzərində olan bükülüyə narkotik vasitə əlavə edilməsi ilə bağlı bildirdikləri həqiqətə uyğun deyildir. Digər şahid Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:50-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100-ün qarşısında tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və həmin tarixdə, saat 11:30-da o, Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan məhkəmə- kimyəvi ekspertizasının 28 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1513 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "təqdim etdi Musayev....” yazısı və imzalar olan kağız paketdə 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi - 9,46 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 07 dekabr 2023-cü il tarixli, 8021 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin 1770 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bəəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 9,46 qram qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 9,41 qram qurudulmuş marixuana saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin o, Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 11 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və məsuliyyətdən azad edilmişdir. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi xx.xx.2023-cü il tarixində məhkəməyə göndərilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Komunal Təsərrüfatı İB-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 100-də yaşayır. Sumqayıt şəhəri İcra Hakimiyyəti Komunal Təsərrüfatı İB-nin xx.xx.2023cü il tarixli arayına əsasən onun barəsində hər hansı şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 9,46 qram narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 9,41 qram qurudulmuş marixuana saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “Şəxsi axtarış və götürmə haqqında” haqqında 27 oktyabr 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, təqsirləndirilən şəxsə məxsus olmaqla aşkar edilərək götürülmüş marixuananın təmiz çəkisinin məhkəmə-bioloji ekspertizasının rəyinə uyğun müvafiq olaraq 9,46 qram çəkidə olması əsas götürülmüşdür. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-24/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə axtarış işi açılmış və xx.xx.2024-cü il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə sorğusuna əsasən Sumqayıt ŞPİ-nin MSY-də təqsirləndirilən şəxsin qeydiyyata alınması barədə qeydiyyat kitabından çıxarış məhkəməyə göndərilmişdir. Həmin çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs MSY-yə daxil olarkən üzərində xəsarət olması barədə hər hansı qeydiyyat aparılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmış, cəzanın çəkilməsi xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hökmdən şikayət və protest verilməmiş və hökm qanuni qüvvəsini almışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlanarkən üzərində az miqdarda qurudulmuş marixuana olduğunu, polis bölməsində üzərindən çıxan bükümün üzərinə əlavə narkotik vasitə qoyulduğunu və polis əməkdaşları tərəfindən döyülərək bükümün ona məxsus olmasını etiraf etməyə məcbur edildiyini bildirmişdir. Lakin, onun həmin ifadəsi iş üzrə digər sübutlarla təkzib edilir. Belə ki, işdə olan ekspert rəyində təqsirləndirilən şəxsin üzərində hər hansı xəsarət işi aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin Sumqayıt ŞPİ-nin MSY-nin qeydiyyat kitabından çıxarışdan da Təqsirləndirilən şəxs MSY-yə daxil olarkən üzərində hər hansı xəsarətin olması barədə qeyd aparılmadığı görünür. Bu səbəbdən məhkəmə hesabe dir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi özünümüdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) qurudulmuş marixuananın 5 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi qismən etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 11 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, həmin hökmə əsasən yaranmış məhkumluğu ödənilmədən hazırkı cinayəti törətmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət Məcəlləsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (65.1.). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (65.2.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1.). Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2.). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5.). Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2023-cü ildə, yəni Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qəbul edilməzdən əvvəl törətmişdir. Bu səbəbdən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 02 il 08 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Onun əvvəlki iş üzrə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 02 gün və hazırkı iş üzrə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 02 gün cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,41 qram çəkidə olan qurudulmuş marixuana məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, həmçinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,41 qram çəkidə olan qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar