Məhkəmə qərarları › İş №1(060)-220/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-220/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-220/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 1986-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda, 01 (bir) bükümdə təmiz çəkisi 1,598 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 22 aprel 2024-cü il tarixdə saat 18.00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın və 5-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olan şəxslərin saxlanılması ilə bağlı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Narkoloji Mərkəzin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,598 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Yasamal Rayon Məhkəməsi 1(004)-637/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Yasamal Rayon Məhkəməsi qərarını əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin əməlində formal olaraq CM-in 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş obyektiv cəhətin iki elementi, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama tərkibləri mövcud olmaqla, həmin hərəkətlərdən birincisi (əldə etmə) Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, sonuncusu isə (saxlama) Sumqayıt şəhəri ərazisində törədilmişdir. Çünki, psixotrop maddənin saxlanması uzanan cinayət hesab olunduğundan aşkar edildiyi vaxtadək fasiləsiz olaraq törədilməkdə davam edir və cinayətin başa çatma anı məhz onun aşkar edilmə anına görə müəyyənləşdirilir. Bu mövqe “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında da təsbit edilməklə qeyd olunmuşdur ki, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Yuxarıda qeyd olunan Plenum qərarında əks olunan mövqeyə, paraktiki yanaşmaya əsasən şəxs barəsində həyata keçirilən əməliyyataxtarış tədbiri narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyəsi ilə əlaqədar olarsa şəxs həmin tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Hazırkı cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar deyil, Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olan şəxslərin saxlanılması ilə bağlı Sumqayıt ŞPİ-nin CAŞ-ın və 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Narkoloji Mərkəzin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,598 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Adı çəkilən Qərarda, eyni zamanda, göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Narkoloji Mərkəzin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın və 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmasına əsas birincinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnilməsi, başqa sözlə, onun sözügedən cinayəti törətməsi barədə müvafiq qaydada daxil olmuş əməliyyat məlumatı deyil, onun törətməkdə şübhəli bilindiyi oğurluq cinayətinə görə aparılan araşdırmada iştirakının təmin edilməsindən ötrü Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılmış Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə aparılarkən bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və hal-hazırda üzərində narkotik vasitə vardır. Sumqayıt Şəhər Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,598 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Saray qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bu isə belə bir nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarına psixotrop maddə istifadəçisi olduğunu və üzərində psixotrop maddə olduğunu bildirməsəydi və bunun məntiqi davamı olaraq sonuncunun barəsində şəxsi axtarış keçirilməsəydi, o, psixotrop maddənin saxlanmasında ehtiva olunan əməlini törətməyə fasiləsiz qaydada davam edəcəkdi. Belə olan təqdirdə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində əldə etdiyi psixotrop maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisində xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana aparılarkən yolboyu hər hansı maneə, o cümlədən onu saxlamış polis əməkdaşlarının buna yönəlmiş müdaxiləsi (şəxsin üstünün yoxlanılması, psixotrop maddənin könüllü təhvil verilməsi və ya məcburi qaydada götürülməsi) olmadan üzərində saxlamaqla uzanan cinayətin törədilməsindəki fasiləsizliyi təmin etmiş, cinayətin predmeti olan psixotrop maddə Sumqayıt şəhərində şəxsin üzərindən aşkar olunmaqla başa çatdığından hazırki cinayət işinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən baxılması prosessual qanunvericiliyin tələblərinə uyğundur. Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri ərazisində törətdiyi güman edilən oğurluq cinayətinə görə araşdırılan material üzrə verilmiş əməliyyat tapşırığının icrası qaydasında deyil, bilavasitə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektləri tərəfindən saxlanılmış olsaydı və ya oğurluq cinayətinə görə Sumqayıt ŞPİ-nin CAŞ-ın və 5-ci PB-nin əməkdaşları əməkdaşları tərəfindən saxlanılmasına baxmayaraq, həmin yerdə, yəni Bakı şəhəri, Yasamal rayonu ərazisində onun üstü yoxlanılmaqla psixotrop maddə aşkar edilib götürülsəydi, hər iki halda şəxsin psixotrop maddənin saxlanmasına yönələn, fasiləsiz qaydada davam edən hərəkətlərinə faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində son qoyulduğundan birincinin CM-in 234.1-ci maddəsi ilə təqsirləndirildiyi hazırki cinayət işinə baxılması Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid olmalı idi. Məhkəmə hazırlıq iclasında cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün cinayət işi materiallarının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə ittiham və müdafiə tərəfi etiraz etməmiş, məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən əməl Bakı şəhəri, Yasamal rayonu ərazisində başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1-uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət işi materiallarından məlum olur ki, Sumqayıt ŞPİ 5-ci PB və CAŞ-in əməkdaşlarının birgə keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər ərazisində oğurluq hadisələri törətməsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılmış, nəqliyyat vasitəsi ilə Sumqayıt ŞPİ-yə gətirilərkən üzərində narkotik vasitənin olmasını bildirmiş, Sumqayıt ŞPİ-yə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilərək üzərindən təmiz çəkisi 1,598 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, toplanmış material istintaq aidiyyəti üzrə Sumqayıt ŞPİ İstintaq Şöbəsində, 25 iyul 2024-cü il tarixində isə Sumqayıt ŞPİ İŞ-in müstəntiqi tərəfindən ərazi aidiyyəti üzrə Yasamal RPİ İstintaq Şöbəsinə, istintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18.00 radələrində saxlanılmış, saat 20.24-20.42 radələrin şəxs axtarış keçirilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan da məlum olur ki, şəxsin azadlığı Yasamal rayon Narkoloji Mərkəzinin qarşısında saxlanıldığı andan azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Məhkəmə təqsirlilik haqqında məsələyə qabaqcadan hüquqi qiymət vermədən hesab edir ki, Təqsirləndirilən şəxs formal olaraq xeyli miqdarda psixotrop maddənin əldə etməsi və saxlaması uzanan cinayət hesab edildiyindən cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab edilməlidir. Uzanan cinayət faktiki cəhətdən Cinayət Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir. (xx.xx.2023-cü il tarixli KMQ). Təqsirləndirilən şəxs azadlığın faktiki olaraq kənar müdaxilə nəticəsində, yəni polis əməkdaşlarının onu Bakı şəhəri, Yasamal rayonu ərazisində saxladığı andan məhdudlaşdırılmış, bununla da uzanan cinayətə iradəsindən kənar son qoyulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında “məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir” ifadəsi isə digər əməliyyat-axtarış tədbirinin gedişində saxlanılan şəxsin psixotrop maddəni saxlama əməlinin başa çatmaması və uzanması nəticəsinə gəlməyə əsas vermir. Yuxarıda qeyd olunan ifadə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarın bəndini daha anlaşılan olması üçün misal olaraq qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası CPM-in 74.4-cü maddəsi nöqteyi nəzərdən məhkəmə aidiyyəti məsələsinə yanaşılsa, ərazi üzrə məhkəmənin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə aid olması qənaətinə gəlmək olar. Belə ki, həmin maddəyə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət işi materiallarında təqsirləndirilən Təqsirləndirilən şəxs, həmçinin şahidlərin ifadələrində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılıb Sumqayıt ŞPİ istiqamətində aparılarkən üzərində psixotrop maddənin olmasını könüllü olaraq deməsi təqsirli olan şəxsin öz iradəsi ilə uzanan cinayəti bitirməsi anlamına gəlir. Lakin, cinayət işi materiallarında Bakı şəhəri istiqamətindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən konkret hansı ərazi vahidində üzərində psixotrop maddə olmasını deməsini müəyyən etmək mümkün deyil. Qeyd olunan hal cinayətin törədildiyi yeri müəyyən etməyin mümkün olmaması kimi qiymətləndirilməli və məhkəməyədək icraatın başa çatdığı Yasamal RPİ İŞ-in olması səbəbindən cinayət işi baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 77.1 və 77.2-ci madələrində göstərilmişdir ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Cinayət işinin və ya digər materialın məhkəməyə aidiyyəti olmaması barədə cinayət prosesi tərəflərinin şikayətlərinə həmin məhkəmədə baxılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 77, 300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılması üçün iş materialları Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar