Məhkəmə qərarları › İş №1(060)-221/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-221/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-221/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakı ilə, xx xxx 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, işləyməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 18.12.2020-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 246,6 qram çəkidə narkotik vasitə olan marixuananı əldə edib saxlamaqla üzərində daşımış, 22 dekabr 2020-ci il tarixdə saat 18:00-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində karantin qaydaları pozduğu üçün Sumqayıt ŞPİ-nin ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sol qoltuqaltı nahiyəsində yaşıl rəngli sellofan bükümdə 246,6 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, əvvəllərdə bir neçə dəfə məhkum olunmuşdur. Buna baxmayaraq o, bədənində ağrılar olduğu üçün narkotik vasitədən istifadə edirmiş. Belə ki, 22.12.2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində hərəkətdə olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu, karantin rejimi dövründə hərəkət etmək üçün icazə alıb-almadığını soruşmuşlar, polis əməkdaşlarına icazəsi olmadığını bildirdikdə karantin rejimi qaydalarını pozduğu üçün ona aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, bölməyə aparılarkən yolda polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bölmədə olarkən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol qoltuqaltı nahiyəsində gizlətdiyi sellofana bükülmüş bitki kütləsini masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan soruşarkən həmin bükülüdə narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni tutulmamışdan təxminən 4-5 gün əvvəl Sumqayıt şəhəri, Daş bazarı adlanan ərazidə yol kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Hazırda o etdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, o, 22.12.2020-ci il tarixdə digər polis əməkdaşları ilə xidmətdə olan zaman Təqsirləndirilən şəxs karantin rejimi dövründə hərəkət etməsi üçün sms icazə alıb almadığı yoxlanılan zaman, onun icazəsiz hərəkət etdiyi məlum olmuş, bu səbəbdən həmin şəxsi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Bölmədə olarkən Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmiş və bu səbəbdən ona çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmamışdan öncə isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol qoltuqaltı nahiyəsində saxlamış olduğu yaşıl rəngli sellofanın içərsindəki qara rəngli sellofana bükülmüş yaşıl rəngli kütləni təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi paketdə narkotik vasitə olan marixuana olduğunu, 4-5 gün əvvəl Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Daş Bazarı” adlanan ərazidən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, eləcə də üzərində başqa digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərində aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və iştirakçılar tərəfindən qablaşdırma imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında dindirilmiş şahid Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 23 dekabr 2020-ci il tarixli 7/887 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan yaşıl rəngli polietilen bağlamada təmiz çəkisi-246,6 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2021-ci il tarixli 119 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 06.01.2021-ci il tarixli tələbnamə – arayışdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin 12.05.2020-ci il tarixli 1215 saylı arayışına əsasən Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs sonuncu məhkumluğu azadlıqdan məhrumetmə ilə bağlı olmayan, yəni islah işləri cəzası olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs 18.12.2020-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 246,6 qram çəkidə narkotik vasitə olan marixuananı əldə edib saxlamaqla üzərində daşımış, 22 dekabr 2020-ci il tarixdə saat 18:00-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində karantin qaydaları pozduğu üçün Sumqayıt ŞPİ-nin ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sol qoltuqaltı nahiyəsində yaşıl rəngli sellofan bükümdə 246,6 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə onun barəsində həbsli axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin 11 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 246,5 qram təşkil edən narkotik vasitə marixuana Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müaliə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 11 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 246,5 qram təşkil edən narkotik vasitə marixuana Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq («xxxx» ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ**********2500366125, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar