Məhkəmə qərarları › İş №1(060)-223/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-223/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-223/2023 16.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 62, 32.4, 312.2, maddələri ilə təqsirli bilinərək CM-nin 62 və 66.3-cü maddələrinə əsasən 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə və xx.xx.1978-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs kollecə qəbul imtahanından kəsilmiş övladı Şahid Təqsirləndirilən şəxs2 köməkliyi ilə imtahansız kollecə qəbul etdirəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs inandırıb, əslində isə vədinə əməl etməyərək vahid niyyətlə Zərərçəkmiş şəxs ilk olaraq xx.xx.2022ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 27-nin yaxınlığında 400 manat, xx.xx.2022-ci il tarixdə isə yenə də, Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 27-nin yaxınlığında 900 manat, ümumilikdə 1300 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilkdə 1300 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında heç bir səlahiyyətə və real imkana malik olmadğı halda Zərərçəkmiş şəxs kollecə qəbul imtahanından kəsilmiş övladı Şahid imtahansız kollecə qəbul etdirəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs inandırıb, əslində isə vədinə əməl etməyərək vahid niyyətlə onun cinayətkar niyyətindən xəbərdar olan Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs ilk olaraq xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 27-nin yaxınlığında 400 manat, xx.xx.2022-ci il tarixdə isə yenə də, Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 27-nin yaxınlığında 900 manat, ümumilikdə 1300 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilkdə 1300 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 09:15 radələrində, idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gedərkən, Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən, “Sülh Plaza” binasının yaxınlığındakı dayanacaqda bir neçə qadının dayanıb, taksi gözlədiklərini görmüş və həmin qadınlara yaxınlaşaraq Bakı şəhərinə getdiyini, həmin qadınları da, apara biləcəyini deyib, onların avtomobilinə əyləşmələrini təklif etmişdir. Həmin şəxslər onun avtomobilinə əyləşmiş və onunla birlikdə yola düşmüşlər. Avtomobilin ön oturacağında əyləşən, adının Samirə olduğunu sonradan öyrəndiyi qadın, Bakı şəhəri, 20 Yanvar ərazisində avtomobildən düşüb onunla sağollaşdıqda onun telefon nömrəsini istəmiş və hər ikisi telefon nömrələrini bir-birinə vermişlər. Təxminən saat 13:00 radələrində Samirə ona zəng edərək, Bakı şəhərində işlərini yekunlaşdırdığını bildirib, Sumqayıt şəhərinə qayıdacağı təqdirdə Samirəni də, aparmasını ondan xahiş etmişdir. O, etiraz etməyərək, işlərini yekunlaşdıraraq Sumqayıt şəhərinə qayıtdığını, yolüstü Samirəni də, götürə biləcəyini bildirmişdir. Samirə təxminən 1 saat sonra, Bakı şəhəri, 20 Yanvar ərazisində yerləşən “Bravo” marketin yaxınlığında olacağını və onu gözləyəcəyini bildirdirmişdir. Az müddət sonra o, öz avtomobili ilə həmin yerə getmiş, Samirə ilə yanaşı, onun gözləyən dostu Təqsirləndirilən şəxs2 da onun avtomobilinə əyləşmişdir. Belə ki, səhər saatlarında Vüqar ona zəng edərək, Bakı şəhərinə gedib-getməyəcəyini soruşduqda o, gedəcəyini bildirdiyi üçün, Bakı şəhərindən Sumqayıt şəhərinə qayıdarkən Vüqarı da, aparmasını ondan xahiş etmiş, buna görə də, Vüqar 20 Yanvar ərazisi, “Bravo” marketin yaxınlığında onu gözləmişdir. Samirə və Vüqar onun avtomobilinə əyləşib yola düşdükdən sonra avtomobildə Samirə telefonla zəng edərək Samirənin övladının kollecə qəbul imtahanından kəsilməsi və oğlunun təhsili ilə bağlı çox narahat olması barədə bir qədər danışıb, yekunlaşdırdıqdan sonra, arxa oturacaqda əyləşən Vüqar, Samirəyə müraciət edərək, nə problem olduğunu soruşduqda, Samirə övladının kollecə qəbul imtahanından kəsildiyini, oğlunun sənədlərini peşə məktəbinə vermək üçün Bakı şəhəri, Dərnəgül ərazisində yerləşən peşə məktəbinə getdiyini bildirmişdir. Samirə xanım bu işdə ona kömək edən şəxsə hörmət də edəcəyini bildirmişdir. O, bu zaman Vüqar, “Mirzə müəllim” adlı tanışının vasitəsi ilə Samirənin oğlunu imtahansız olaraq kollecə qəbul etdirmək imkanları olduğunu, Samirənin də, oğlunu imtahansız olaraq kollecə qəbul etdirə biləcəyini bildirmişdir. Samirə, Vüqarın təklifi ilə razılaşmış sonra isə Vüqar, “Mirzə müəllim” adlı şəxsə zəng edib danışacağını bildirmişdir. Əslində Mirzə adlı müəllimi tanımamışlar və belə bir şəxs də olmamışdır. Vüqar özünü telefonla danışırmış kimi göstərmiş və sonra isə Samirənin oğlunun kollecə qəbul etdirilməsi üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Samirə 5000 manat verməyə imkanı çatmadığını, cəmi 2500 manat verə biləcəyini və hal-hazırda üzərində 400 manat pul olduğunu, qalan pulu isə daha sonra hissə-hissə verə biləcəyini demişdir. Sonra Samirə üzünü ona tutaraq Vüqarı necə tanıdığını, Vüqara etibar edilməli olub-olmadığını soruşduqda o, Vüqarı uzun illərdir ki, tanıdığını, etibarlı adam olduğunu, Samirənin övladının “işini” mütləq həll edəcəyini, Samirənin bu barədə narahat olmamsını bildirmişdir. Belə olan halda Samirənin, Vüqara etibarı daha da artmış və Samirə 400 manat pulu, oğlu Şahid məxsus şəxsiyyət vəsiqəsini, attestatı, ağ bileti, doğum haqqında şəhadətnamə və digər sənədlərini çantasından çıxardıb Vüqara uzatdıqda, Vüqar, Samirədən sənədləri və pulu avtomobilin ön cihazlar panelinə qoymasını istəmiş və avtomobildən düşərkən götürəcəyini demişdir. Samirə, Vüqarın dediyi kimi etmişdir. Samirə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində evinin yaxınlığında onlarla sağollaşaraq, avtomobildən düşüb getmişdir. Samirə getdikdən sonra Vüqar sənədləri və 400 manat pulu götürmüş və Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində Vüqar avtomobildən enərək həmin mikrorayonda yaşayan qohumlarıgilə getmişdir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Samirə ona zəng edərək, övladının kolecə qəbul etdirilməsi üçün Vüqara verməli olduğu ümumilkdə 2500 manat pulun 900 manatını da hazır etdiyini bildirib, pulu Samirədən götürüb Vüqara çatdırmasını istəmişdir. O, Samirə ilə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində görüşüb 900 manat pulu Samirədən götürmüş və Vüqara çatdıracağını bildirmişdir. Ancaq o, Samirədən aldığı 900 manat pulu Vüqara verməmiş və öz ehtiyacları üçün xərcləmişdir. Vüqardan isə xahiş etmişdir ki, Samirə onla əlaqə saxlayıb, onun 900 manatı Vüqara verib-vermədiyini soruşduqda Vüqar, ondan 900 manatı aldığını bildirsin. Vüqar da onun xahişini eşidərək, Samirə Vüqarla əlaqə saxladıqda, 900 manat pulu ondan götürdüyünü demişdir. Bundan sonra Samirə mütamadi olaraq Vüqara zəng edib əlaqə saxlayaraq “işin” nə yerdə olduğunu soruşmuşdur. Vüqar isə öz növbəsində işin qısa müddət ərzində həll olunacağını, Samirənin övladının kollecə qəbul olunması barədə Samirənin mobil telefonuna sms gələcəyini bildirilmişdir. Bir neçə gün keçdikdən sonra Samirə, Vüqarla eləcə də, onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq işin nə üçün bu qədər uzandığını soruşduqda, Vüqar qısa müddət ərzində işin düzələcəyini, Samirənin səbirli olmasını bildirirmişdir. O, isə öz növbəsində Samirəyə səbirli olmasını, narahat olmamsını Vüqarın “işi” həll edəcəyini bildirirmişdir. Samirə, Vüqar tərəfindən aldadılaraq 1300 manat pulunun ələ keçirilib mənimsənildiyini düşündüyü üçün polisə şikayət etmək istədikdə, o, Samirədən səbirli olmasını, polisə şikayət etməməsini xahiş etmiş və Vüqar işi həll edə bilməyəcəyi təqdirdə Samirədən aldığı pulu qaytaracağını bildirirmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri dənizkənarı ərazidə yerləşən “Qala” restoranında Vüqar və o, Samirə ilə görüşdükdə, Vüqar bir neçə gün ərzində ya Samirənin övladını kollecə qəbul etdirəcəyini ya da, Samirədən aldığı 1300 manat pulu qaytaracağını vəd vermişdir. Hətda o da, Vüqarı “tənbeh edərək”, ya işi həll etməsini, ya da, Samirənin pulunu qaytarmasını tələb etmişdir. Belə ki, Samirə ilə görüşməzdən öncə Vüqarla o, görüşmüş və belə razılığa gəlmişlər ki, o, Samirədən aldığı 900 manat pulu qaytarmaq imkanı olmadığı üçün müddət qazanmaq məqsədi ilə, Vüqar, Samirəni aldadarq, Samirənin övladının kollecə qəbul etdirilməsi işinin qısa müddət ərzində həll olunacağını bildirsin. Bu səbəbdən də, üçlükdə görüşləri zamanı Vüqar, Samirəni aldadaraq qısa müddət ərzində övladının kollecə qəbul olunacağını bildirmiş və onun Samirədən aldığı 900 manat pulu Vüqara vermədiyini demişdir. O, da, öz növbəsində Samirəyə narahat olmamasını, Vüqarın bu işi həll edəcəyindən əmin olmasını bildirib, iş həll olunmayacağı halda Samirənin, övladının kollecə qəbulu üçün verdiyi ümumilkdə 1300 manat pulu qaytarmağı “öz öhdəsinə götürmüşdür”. Ancaq onlar Samirənin pulunu qaytarmadıqları üçün Samirə, xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə və ərizə ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə şikayət etmişdir. Polisə şikayət etdikdən sonra o, Vüqarla əlbir olaraq Samirədən aldığı 1300 manat pulun 900 manatını hissə-hissə, 400 manatını isə Vüqar tam şəkildə Samirəyə qaytarmışdır. Samirə övladının kollecə qəbul etdirilməsi məqsədi ilə Vüqara verməsi üçün ona cəmi 900 manat pul vermişdir. Samirənin övladını hər hansı bir təhsil müəsisəsinə imtahansız qəbul etdirmək üçün onun heç bir imkanları olmamış, Vüqar barədə isə dəqiq heçnə deyə bilmir, ancaq Vüqarın özünün deməsinə görə Vüqarın belə imkanları olmamışdır. Onların Samirədən ümumilikdə aldadaraq aldıqları 1300 manatın 900 manatını özü öz şəxsi ehtiyyaclarına xərcləmiş, qalan 400 manatını isə Vüqara vermişdir. Təqsirləndirilən şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Qüsursuz xidmətə görə” medalı və “Azərbaycan ordusunun yaranmasının 100 illik yubley” medalı ilə təltif olunduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam olaraq ödədiyini, və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri, 20 Yanvar ərazisində yerləşən “Bravo” marketin qarşısında tanışı Təqsirləndirilən şəxs1 gözlədiyi vaxt əvvəlcədən tanımadığı, adının Zərərçəkmiş şəxs olduğunu sonradan öyrəndiyi bir xanımın telefonla danışdığının şahidi olmudur. O, qadının telefonda nə danışdığını dəqiq eşitməsə də, həmin şəxsin öz övladının qəbul imtahanından kəsilməsi mövzusunda danışdığını başa düşmüşdür. Təxminən 10 dəqiqə orada gözlədikdən sonra onun dostu Elvin BMW markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, Elvinin avtomobilinə əyləşdikdə həmin Samirə adlı qadın da, Elvinin avtomobilinə əyləşərək Elvinlə salamlaşıb görüşmüşdür. Bundan sonra Samirə ilə Elvinin əvvəlcədən bir-birlərini tanıdıqları ona aydın olmuşdur. Elvinin avtomobilinə əyləşib yola düşdükdükdən sonra, söhbət əsnasında Samirə 2005-ci il təvəllüdlü övladı, Şahid kollec imtahanından kəsildiyini, Samirə övladını hər hansı bir kollec və ya texnikoma qəbul etdirmək istədiyini bildirmişdir. Ona bu işdə köməklik etməsini xahiş edib buna görə hörmət də edəcəyini demişdir. Belə olan halda o, qəbul imtahanlarından kəsilmiş abutriyentlərin texnikom və ya kollecə qəbul olunmasında köməklik edə bilən “Mirzə” adlı tanışının vasitəsi ilə müəyyən vəsait qarşılığında, Samirənin qəbul imtahanından kəsilmiş oğlunu imtahansız kollecə qəbul etdirə biləcəyini bildirib, Samirədən köməklik etməsini istəyib-istəmədiyini soruşmuşdur. Samirə onun köməklik etməsini istədiyini bildirmişdir. O, mobil telefonu ilə guya “Mirzə” adlı tanışı ilə guya danışırmış kimi göstərib Samirənin qəbul imtahanından kəsilmiş övladını imtahansız kollecə qəbul etdirmək üçün nə qədər vəsait gərəkdiyini soruşub, Samirəyə bunun üçün 3000-4000 manat pul lazım olduğunu demişdir. Ancaq əsil həqiqətdə isə onun “Mirzə” adlı tanışı olmamışdır və o, mobil telefonla zəng edib heç kimlə danışmamışdır. Samirə həmin məbləği verməyə imkanı çamadığını, oğlunun kollecə qəbul etdiriləcəyi müqabilində 2500 manatdan artıq pul verməyə imkanı çatmayacağını bildirmişdir. Həmçinin Elvin də, ona təkan verərək, Samirəyə narahat olmamasını, onun Samirənin oğlunu kollecə qəbul etdirəcəyindən əmin olmasını bildirmişdir. Bundan sonra Samirə hal-hazırda üzərində 400 manat pul olduğunu, ilkin olaraq həmin 400 manatı, qalan məbləği isə yəni 2100 manatı sonra verə biləcəyini bildirmiş, o, Samirə ilə razılaşmışdır. Bu zaman Samirə, Elvini uzun müddətdir ki tanıdığını, Elvinə etibarı olduğu üçün Elvinin dostuna, yəni ona da, inandığını bildirib, çantasından 400 manat pulu və öz oğluna məxsus şəxsiyyət vəsiqəsini, attestatı, ağ bileti, doğum haqqında şəhadətnamə və digər sənədləri çıxardıb, avtomobilin cihazlar panelinin üərinə qoymuş və ona götürməsini bildirmiş, o, avtomobildən düşəndə sənədləri və pulu götürəcəyini bildirmişdir. Bundan sonra Elvin cibindən kredit kartı çıxardıb ona verərək Samirənin verməli olduğu məbləğin qalan hissəsini həmin kartdan çıxartmasını bildirmiş və iş həll olunduqdan sonra Samirənin Elvinə qaytaracağını demişdir. O, Elvinin kartında vəsait olmadığını əvvəlcədən bildiyi üçün Elvinin bu hərəkəti ilə, Samirənin etibarını qazanmaq üçün görüntü yaratmaq istədiyini başa düşmüşdür. Ancaq Samirə ehtiyac olmadığını lazım olan pulu özü verəcəyini demişdir. Sumqayıt şəhər avtovağzalının yaxınlığında Samirə Elvin və onunla sağollaşıb avtomobildən düşüb getmişdir. Samirə getdikdən sonra, o, kredit kartını Elvinə qaytarıb, “sənin kartında pul nə gəzir artislik etmə” demişdir. Sonra həmin sənədləri və 400 manat pul götürmək istədikdə Elvin sənədlərin içindən 400 manat pulu götürüb sənədləri isə ona vermişdir. O, Elvindən, Samirənin verdiyi 400 manat pulu da ona verməsini istədikdə Elvin pula ehtiyacı olduğunu, bu səbəbdən də, Samirənin verdiyi 400 manatı götürdüyünü bildirərək, Samirənin övladını kollecə qəbul etdirmək lazım olmadığını, bu işdən vaz keçməsini demişdir. O, Samirənin həmin pulu ona verdiyini, “işinin həllini” və ya verdiyi pulu da ondan tələb edəcəyini bildirdikdə, Elvin ona narahat olmamasını, müəyyən müdətdən sonra ona 400 manat verəcəyini, ümumiyyətlə Samirənin gələcəkdə verəcəyi pulları alıb onunla böləcəyini bildirmişdir. Elvin onun köhnə tanışı olduğu üçün Elvinə inanaraq razılaşmış və həmin 400 manat pulu Elvindən almamışdır. Təxminən 2-3 gün keçdikdən sonra Elvinə zəng edib, Samirədən bir xəbər çıxmadığını bildirib, övladını kollecə qəbul etdirmək üçün razılaşdıqları məbləği vermək fikrindən daşınıb-daşınmadığını soruşduqda Elvin, övladını kollecə qəbul etdirmək üçün ona verəcəyi adı ilə Samirədən əlavə olaraq daha 700 manat da aldığını bildirmişdir. Belə olan halda o, Elvinə öz narazılığını bildirərək həmin pulların “onun haqqı” olduğunu və ona verəcəyi adı ilə Samirədən pul alıb öz ehtiyacları üçün sərf etməməsini tələb etmişdir. Elvin narahat olmamasını, Samirədən aldığı pulun bir qismini də ona verəcəyini bildirmişdir. Həmin gün o, Elvinlə Sumqayıt şəhərində dəqiq xatırlamadığı yerdə görüşmüş və Elvin ona ilkin olaraq 100 manat pul verib, Samirədən aldığı pullardan qısa müddət ərzində ona yenə verəcəyini bildirib, Samirə onunla əlaqə saxlayacağı təqdirdə, işin qısa müddət ərzində həll olunacağını və Elvinin Samirədən aldığı pulları ona verdiyini deməsini istəmişdir. O, Elvinin dediyi kimi etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə o, Samirəyə zəng edərək işin qısa müddət ərzində həll olunacağını deyib, tələbə biletinə vurmaq üçün Samirənin oğlunun 3x4-ə 6 ədəd şəkili lazım olduğunu demişdir. Həmin gün, təxminən axşam saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən Emil marketin yaxınlığında o, Samirə ilə görüşmüş, Samirə onunla görüşə öz oğlu ilə birlikdə gəlmişdir. O, Samirənin oğlu ilə görüşmüş və ağ biletini qaytarmışdır. Samirə oğlunun 3x4-ə 6 ədəd şəkilini ona vermişdir. Hətda işin qıs müddət ərzində həll olunacağı üçün Samirədən ona “muşduluğ” verməsini istəmiş, və Samirə ona 20 manat pul vermişdir. Təxminən 7 gün ərzində Elvin, Samirədən aldığı pullardan ona hissə-hissə 350 manat da vermişdir. X3 aldığı pullardan ona ümumilkdə 450 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Samirə ona zəng edərək artıq bu işin alınmasını istəmədiyini bildirib, sənədləri və pulu qaytarmasını tələb etmişdir. Belə olan halda o, Elvinə zəng edərək, Samirənin verdiyi pulu geri istədiyini bildirib, Elvinlə birlikdə Samirədən aldıqları pulları qaytarmaq gərəkdiyini, əks halda Samirənin polisə şikayət edəcəyini demişdir. Elvin ona narahat olmamasını, Samirə ilə danışıb məsələni özünün həll edəcəyini, qısa müddət ərzində Samirədən aldıqları bütün pulları qaytaracaqlarını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri dənizkənarı ərazidə yerləşən Qala restoranında Samirə, Elvin və o görüşmüş, Samirə ilə görüşlərindən öncə Elvinlə ikilikdə görüşdükdə, Samirədən aldıqları pullardan ona çatan 450 manatı qaytarmağa hazır olduğunu bildirib, Elvinin də, öz payına düşən 700 manatı qaytarmasını xahiş etmişdir. Ancaq Elvin, Samirədən aldığı pulları öz ehtiyacları üçün xərclədiyini bildirib, həmin məbləği, hal-hazırda Samirəyə qaytarmaq imkanı olmadığı üçün müddət qazanmaq məqsədi ilə ondan Samirəni aldadarq, övladının kollecə qəbul etdirilməsi işinin qısa müddət ərzində həll olunacağını bildirməsini xahiş etmişdir. Bu səbəbdən də, üçlükdə görüşləri zamanı o, Samirəni aldadaraq qısa müddət ərzində Samirənin övladının kollecə qəbul olunacağını bildirmişdir. Elvin də, öz növbəsində Samirəyə narahat olmamasını, onun bu işi həll edəcəyindən əmin olmasını bildirib, iş həll olunmayacağı halda Samirənin verdiyi, 1100 manat pulu qaytarmağı “öz öhdəsinə götürmüşdür.” Ancaq o, sonradan öyrənmişdir ki, Elvin, Samirənin ilk öncə verdiyi 400 manatdan əlavə Samirədən 700 manat yox 900 manat pul almışdır və onu aldadaraq Samirədən 700 manat aldığını bildirmişdir. O, hər hansı bir şəxsi imtahansız hansısa kollec, texnikom və s. təhsil müəsisəsinə qəbul etdirmək imkanları və bu işdə ona köməklik edə bilən Mirzə adlı tanışı olmamış, sadəcə olaraq “yaranmış şərait”dən istifadə edərək, Samirəni aldadıb, etibarından istifadə etməklə onun övladını kollecə qəbul etdirəcəyi adı ilə ondan 2500 manat pul alıb ələ keçirmək istəmiş, ancaq, Elvin sonrada ona “şərik” olmuş və Samirənin, övladını kollecə qəbul etdirilməsi məqsədi ilə verdiyi pulların bir qismini, yəni 900 manatını özünə götürmüş, 400 manatını isə ona vermiş, Samirə polisə şikayət etdikdən sonra, Elvinlə birlikdə Samirədən aldığı pullardan ona çatan məbləğin 400 manatını Samirəyə qaytarmış, ilk öncə o, Samirənin övladını kollecə qəbul etdirəcəyi adı ilə aldadıb pulunu ələ keçirmək istəmiş və Samirə ilə ilk görüşündən öncə Elvinlə onun arasında Samirəni aldadıb pulunu ələ keçirmək barədə razılaşma olmuş, belə bir razılığın Samirə ilk görüşdə 400 manat verdikdən sonra olmuşdur. Təqsirləndirilən şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək əməlindən səmimi peşman olduğunu, himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam olaraq ödədiyini və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 09:15 radələrində, digər tanımadığı şəxslərlə birlikdə, Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən, “Sülh Plaza” binasının yaxınlığında dayanıb, kollecə qəbul imtahanından kəsilmiş övladının sənədlərini peşə məktəbinə vermək məqsədi ilə Bakı şəhərinə getmək üçün taksi gözləmiş, həmin ərəfədə bir nəfər tanımadığı şəxs, yəni adının Elvin olduğunu sonradan öyrəndiyi şəxs **-PG-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobillə onlara yaxınlaşaraq Bakı şəhərinə getdiyini, onu və digər avtomobil gözləyən qadınları da, apara biləcəyini deyib, Elvinin avtomobilinə əyləşmələrini təklif etmişdir. O, digər tanımadığı şəxslərlə birlikdə Elvinin avtomobilinə əyləşərək Bakı şəhərinə yola düşmüşdür. Avtomobilə əyləşdikdən sonra yol boyu o, telefonla bir nəfər tanışı ilə danışaraq, onun 2005-ci il təvəllüdlü oğlu, Şahid kollecə qəbul imtahanından kəsildiyini bildirib, oğlunun sənədlərini peşə məktəbinə vermək istədiyini deyərək, bu istiqamətdə ona köməklik etməsini xahiş etmişdir. O, avtomobildə ön oturacaqda, sürücünün yanında əyləşdiyi üçün sürücü Elvin onun bütün danışıqlarını eşitmişdir. Hətda Elvin yol boyu söhbət edərkən Lerik rayonundan olduğunu bildirdikdə o, da Lerik rayonundan olduğunu Elvinlə “yerli” olduğunu bildirmişdir. Bundan sonra Elvinlə onun ünsiyyəti daha da, yaxşılaşmışdır. Bakı şəhəri, 20 Yanvar ərazisində o, avtomobildən düşüb Elvinlə sağollaşdıqda Elvin onun nə işlə məşğul olduğunu soruşmuş, o, masajist olduğunu bildirdikdə, Elvin, həkimin Elvinə masaj müalicəsi yazdığını bildirib, gələcəkdə özünü masaj etdirmək məqsədi ilə onunla əlaqə saxlaması üçün onun telefon nömrəsini Elvinə verməsini xahiş etmişdir. O, telefon nömrəsini Elvinə vermiş və çıxıb getmişdir. O, Bakı şəhərində işlərini yekunlaşdırıb Sumqayıt şəhərinə qayıtmağa hazırlaşdıqda, təxminən saat 13:00 radələrində Elvin ona zəng edərək, onun harada olduğunu soruşmuş, o, işlərini yekunlaşdırdığını və Sumqayıt şəhərinə qayıtmağa hazırlaşdığını bildirdikdə, Elvin də, Bakı şəhərində işlərini yekunlaşdıraraq Sumqayıt şəhərinə qayıtdığını, yolüstü onu da, götürə biləcəyini demişdir. O, razılaşmış və təxminən 1 saat sonra Bakı şəhəri, 20 Yanvar ərazisində yerləşən “Bravo” marketin yaxınlığında olacağını və Elvini gözləyəcəyini bildirdirərək, həmin əraziyə gedib Elvini gözləmişdir. Az müddət sonra Elvin öz avtomobili ilə gəlmiş və o, Elvinin avtomobilinə əyləşmişdir. Həmçinin onun yanında dayanmış həmin şəxs də, Elvinin avtomobilinə əyləşmişdir. Bundan sonra, o, həmin şəxsin adının Vüqar olduğunu Elvinin dostu olduğunu öyrənmişdir. Onlar birlikdə Sumqayıt şəhərinə yola düşmüşlər. Avtomobildə Elvin, onun oğlunun qəbul imtahanından kəsilməsi barədə söhbət açaraq, “işin” nə yerdə qaldığını, onun oğlunun sənədlərini peşə məktəbinə veribvermədiyini soruşmuşdur. Bu zaman arxa oturacaqda əyləşən Vüqar söhbətə müdaxilə edərək, nə problem olduğunu soruşmuşdur. O, övladının kollecə qəbul imtahanından kəsildiyini, oğlunun sənədlərini peşə məktəbinə vermək üçün Bakı şəhəri, Dərnəgül ərazisində yerləşən peşə məktəbinə getdiyini bildirmişdir. Bu zaman Vüqar, “Mirzə müəllim” adlı tanışının vasitəsi ilə onun oğlunu imtahansız olaraq kollecə qəbul etdirmək imkanları olduğunu, onun da, oğlunu imtahansız olaraq kollecə qəbul etdirə biləcəyini bildirmişdir. O, Vüqarın təklifi ilə razılaşdıqdan sonra Vüqar, “Mirzə müəllim” adlı şəxsə zəng edib danışaraq onun oğlunu kollecə qəbul etdirmək üçün nə qədər pul lazım olduğunu öyrənəcəyini bildirmiş və həmin “Mirzə” adlı şəxsə zəng edib danışmışdır. Vüqar, “Mirzə” adlı şəxslə danışdıqdan sonra onun oğlunun kollecə qəbul etdirilməsi üçün 5000 (beş min) manat pul lazım olduğunu bildirmişdir. Əsl həqiqətdə isə sonradan öyrənmişdir ki, Mirzə adlı şəxs olmamışdır və həmin vaxt telefonla danışmamışdır. O, 5000 manat verməyə imkanı çatmadığını, çəmi 2500 manat verə biləcəyini və hal-hazırda üzərində 400 manat pul olduğunu, qalan pulu isə daha sonra hissə-hissə verə biləcəyini demişdir. Elvin də, onların söhbətə müdaxilə edərək, onunla qohum olduğunu bildirmiş və Vüqardan bu işi düzəltməsini xahiş etmişdir. Vüqar onunla razılaşmışdır. O, 400 manat pulu və oğlu Şahid məxsus şəxsiyyət vəsiqəsini, attestatı, ağ bileti, oğlunun doğum haqqında şəhadətnamə və digər sənədlərini çantasından çıxardıb Vüqara uzatdıqda, Vüqar sənədləri və pulu avtomobilin ön cihazlar panelinə qoymasını istəmiş və avtomobildən düşərkən götürəcəyini demişdir. O, Vüqarın dediyi kimi etmiş, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində evinin yaxınlığında Elvin və Vüqarla sağollaşaraq, avtomobildən düşüb getmişdir. Həmin gün təxminən saat 20:30 radələrində Elvin onunla yaşadığı evin yaxınlığında görüşərək, məlum məsələyə görə Vüqara verməli olduğu 2100 manat pulu Elvinə verməsini istəmiş və həmin məbləği Vüqara göndərəcəyini demişdir. O, həmin məbləği hal hazırda verməyə imkanı olmadığını, ancaq sabah mümkün qədər borc alıb verəmək imkanı olduğunu bildirmişdir. Elvin də, Vüqara zəng edərək onunla etdiyi söhbətləri Vüqara danışmış və çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Elvin ona zəng edərək, pul hazırlayıb-hazırlamadığını, pulu ondan nə vaxt götürə biləcəyini soruşmuşdur. O, Bakı şəhərində olduğunu, Sumqayıta qayıdıb Elvinlə əlaqə saxlayacağını bildirmişdir. Təxminən saat 12:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində, yaşadığı ev 27-nin arxasında yerləşən “Emil” marketin yaxınlığında Elvinlə görüşmüş və orada Elvinə 900 manat pul vermişdir. Elvin həmin pulu ödəmə terminalı vasitəsi ilə Vüqarın kartına yükləyəcəyini bildirmiş və çıxıb getmişdir. Bundan sonra o, Elvin və Vüqarla mütamadi əlaqə saxlayaraq “işin” nə yerdə olduğunu soruşmuş, Elvin və Vüqar isə işin qısa müddət ərzində həll olunacağını, onun övladının kollecə qəbul olunması barədə onun mobil telefonuna sms gələcəyini bildirmişdir. O, Elvinə 900 manat verdiyi gündən təxminən bir həftə sonra Vüqar ona zəng edərək, tələbə biletinə vurmaq üçün oğlunun 6 ədəd 3x4-ə şəkilini istəmiş və işin demək olarki hazır olduğunu bildirərək Vüqara muşduluq verməsini xahiş etmişdir. Saat 20:00 radələrində evlərinin yaxınlığında oğlu ilə birlikdə Vüqarla görüşüb 6 ədəd şəkili və muşduluq kimi 20 manat pulu Vüqara vermişdir. Ancaq 2-3 gün keçməsinə baxmayaraq, Vüqardan bir xəbər çıxmadığı üçün o, narahat olmağa başlamış və Vüqarla eləcə də, Elvinlə telefon vasitəsi ilə əlaqə saxlayaraq işin nə üçün bu qədər uzandığını soruşduqda, Vüqar və Elvin qısa müddət ərzində işin düzələcəyini, səbirli olmağını bildirmişlər. Belə olan halda o, Vüqarın, onun oğlunu kollecə qəbul etdirəcəyi adı ilə onu aldadaraq 1300 manat pulunu alıb mənimsədiyini düşündüyü üçün polisə şikayət etmək istədikdə Elvin dəfələrlə ona mane olaraq səbirli olmasını tələb etmiş, və Vüqarı müdafiə edərək, Vüqarın bu işi həll edəcəyini, yaxutda onun pulunu qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri dənizkənarı ərazidə yerləşən “Qala” restoranında Vüqar və Elvinlə görüşmüşdür. Vüqar bir neçə gün ərzində ya onun övladını kollecə qəbul etdirəcəyini ya da, ondan aldığı 1300 manat pulu qaytaracağını vəd vermişdir. Hətda Elvin də, Vüqarı “tənbeh edərək”, ya işi həll etməsini, ya da, onun pulunu qaytarmasını tələb etmişdir. Ancaq xx.xx.2022-ci il tarixdən etibarən Vüqara onun telefon zənglərinə cavab verməməyə başlamı və onunla əlaqəni kəsmişdir. Bu səbəbdən də, o, DİN-nin 102 xidmətinə zəng edərək Vüqar tərəfindən aldadılaraq 1300 manat pulunun mənimsənildiyini bildirmişdir. Polisdə araşdırma aparıldığı müddət ərzində də, o, Vüqrdan pulunu qaytarmasını tələb etdikdə, Vüqar, Elvinin ondan aldığı pulların çox hissəsini, yəni 850 manatını Elvin mənimsədiyini, Vüqara cəmi 450 manat pul verdiyini, Vüqar, Elvinin istəyi ilə onu aldatdığını və Elvinin ondan aldığı pulları guya Vüqara verməsi görüntüsü yaratdığını bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, baş verənləri Elvin planlaşdırmışdır və Elvinlə Vüqar əlbir olaraq onun 1300 manat pulunu ələ keçirib mənimsəmişlər. Məhs bu səbəbdən də, o, hər dəfə Vüqardan polisə şikayət etmək istədikdə, Elvin ona mane olmuşdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişlər. Bu səbəbdən də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, orta məktəbi bitirdikdən sonra kollecə imtahan versə də, qəbul imtahanlarından kəsildiyi üçün onun anası onun kollecə qəbul olunmadığından çox narahat olmuş və onun hər hansı bir peşə məktəbinə və ya kollecə qəbul olunmasını istəmişdir. xx.xx.2022-ci il tarixdə o, anası ilə birlikdə yaşadıqları evdə olduqları zaman onun anası Samirə onu kollecə qəbul etdirə biləcək şəxslərlə tanış olduğunu və həmin şəxslərlə 2500 manat müqabilində onu imtahansız kollecə qəbul etdirəcəkləri barədə razılşadığını, razılaşdıqları pulun 400 manatını həmin şəxslərə verdiyi, qalan məbləği isə hissə hissə verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında o, anası ilə birlikdə, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində, yaşadığı ev 27-nin arxasında yerləşən “Emil” marketin yaxınlığına getmiş və anası orada, onun kollecə qəbul olunmasında köməklik edəcək Elvin adlı şəxslə görüşüb, həmin məqsəd üçün Elvinə 900 manat pul vermiş, Elvin qısa müddət ərzində işin həll olunacağını və onun imtahansız kollecə qəbul olunacağını bildirmiş və çıxıb getmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə sözügedən Vüqar adlı şəxs onun anası Samirəyə zəng edərək işin qısa müddət ərzində həll olunacağını deyib, tələbə biletinə vurmaq üçün onun 3x4-ə 6 ədəd şəkili lazım olduğunu bildirdiyi üçün həmin gün, təxminən axşam saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən Emil marketin yaxınlığında o, anası ilə birlikdə Vüqarla görüşmüşdür. Vüqar onun ağ biletini özünə qaytarmış, anası isə onun 3x4-ə 6 ədəd şəkilini Vüqara vermişdir. Hətda Vüqar işin qıs müddət ərzində həll olunacağı üçün Samirədən “muşduluğ” verməsini istəmiş, Samirə isə Vüqara 20 manat pul vermişdir. İş materiallarına əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 onun oğlunu kollecə qəbul etdirməsi üçün Təqsirləndirilən şəxs2 vermək adı ilə ondan ümumilkdə 1300 manat pul aldığını, o, Elvinin avtomobilinə yanacaq almaq üçün Elvinə 100 manat xərcləmədiyini, həmçinin Elvinin onun oğlunu kollecə qəbul etdirməsi üçün Təqsirləndirilən şəxs2 vermək adı ilə ondan aldığı ümumilkdə 1300 manat pulun, 400 manatını Təqsirləndirilən şəxs2 ona qaytarsa da, qalan 900 manat pulunu isə Elvin və ya Vüqar bu günə kimi ona qaytarmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş üzləşdirmə protokounldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə digər Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və hər iki şəxs ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək birbirlərinin üzünə qarşı demişlər. Belə ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 avtomobilində olarkən, Zərərçəkmiş şəxs çantasından 400 manat pulu və oğluna məxsus sənədləri çıxardıb, avtomobilin cihazlar panelinə qoyub, avtomobildən düşüb getdikdən sonra həmin sənədləri və 400 manat pul götürmək istədikdə Elvinin sənədlərin arasından 400 manat pulu götürüb sənədləri isə Vüqara verdiyini, o, Elvindən, Samirənin verdiyi 400 manat pulu da ona verməsini istəsə də, Elvin pula ehtiyacı olduğunu deyib, Samirənin verdiyi 400 manat pulu götürdüyünü bildirsə də, Təqsirləndirilən şəxs1 sözügedən 400 manatı götürdüyünü etiraf etməyərək, həmin pulu Təqsirləndirilən şəxs2 götürdüyünü bildirmişdir. İş materiallarına əlavə olunmuş Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3088 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.1) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar(döyüş zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətinin dəyişməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya” diaqnozu ilə müalicədə olması) və halhazırkı psixiatrik müayinənin nəticələri (təqdim etdiyi şikayətləri, əhvali ruhiyəsinin enməsi, emosional dayanıqsızlığı və s.) sübut edir. Təqsirləndirilən şəxs1 qeyd olunan şəxsiyyət dəyişikliyi onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlilikləri onların özlərinin səmimi etirafları, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-223/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizələri təmin edilərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirlilik haqqında məsələyə qabaqcadan hüquqi qiymət verilmədən iştirakçılıqla törədilən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə vurulan ziyanın məbləği 900 (doqquz yüz) manat, Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə vurulan ziyanın məbləği 400 (dörd yüz) manat olması nəzərə alınaraq və Dövlət Büdcəsinə ödənişlə bağlı Təqsirləndirilən şəxs1 payı 225 manat, Təqsirləndirilən şəxs2 payı da 100 manat müəyyən olunmuşdur. "xxxx" ASC-nin Sumqayıt filialının 1977 №li 23 fevral 2023-cü il tarixli və "xxxx" ASC-nin Qaradağ filialının 29326 №li 16 mart 2023-cü il tarixli qəbzlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 225 (ik yüz iyirmi beş) manat məbləğində pul və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 100 (bir yüz) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ərizə verərək, zərərçəkmiş şəxsə vurduqları maddi zərəri tam olaraq ödədikləri üçün zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığına, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərinə görə barələrində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamələr) və Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 62, 32.4, 312.2, 62 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin 22.06.ş2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 62, 32.4, 312.2, 62 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və həmin hökmlə təyin olunmuş cərimə cəzası məhkum Təqsirləndirilən şəxs1 pensiyasına yönəldilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Qüsursuz xidmətə görə” medalı və “Azərbaycan ordusunun yaranmasının 100 illik yubley” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamələr), Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün və xx.xx.2021ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-954/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 2061 və 2062 saylı orderlərə əsasən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 15 saat olmaqla cəmi 30 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və onlar cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 göstərdikləri 15 saat hüquqi yardıma görə hər birinə 90 manat, ümumilikdə 180 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar