Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-223/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-804/2024 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən barəsində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən salış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 15:15-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 10-cu mikrorayon, Al marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ- nin TŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ildən artıq müddətdir ki, psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 15:15-də Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən Al marketin yaxınlığında tanışı X8 ilə olan zaman mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onları Sumqayıt ŞPİ-yə dəvət etmiş və onlar etiraz etməmişlər. ŞPİ-də olan zaman onu xidməti otağa aparmış və üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdikdə o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman o, əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli “heroin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı üzərindən aşkar olunmuş həmin maddənin kakos olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 11-12 radələrində Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli, toz şəkilli formada “heroin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə kütləsinin 0,36 qram olduğu müəyyən edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir təzyiqə məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 Hafiz oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və X4 narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olmaları barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və şöbənin kiçik inspektoru, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə, saat 15:15-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs və X6 Sumqayıt şəhəri, 10-cu mikrorayon, Al marketin yaxınlığında saxlamış, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul elmə və saxlamada şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nə dəvət etmiş, heç bir müqavimət göstərmədən birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Sumqayıt ŞPİ-nin TŞ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt şəhəri Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X3 tərəfindən aparılırmışdır. Baş təhqiqatçı Elnur Feyzullayev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. O, özü sağ əli ilə əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellefona bükülmüş olan bükümü təqdim elmiş, həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu aşkar olunmuşdur. Narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında olan büküm elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,36 qram olduğu müəyyən edilmişdir. Ondan həmin bükümdə nə olduğu soruşulduqda narkotik vasitəyə bənzər qəhvəyi rəngli toz halında olan bükümün “kakos” olduğunu, həmin kütləni xx.xx.2024-cü il tarixdə, səhər 11- 12 radələrində Novxanı ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə zərfə qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən zərf imzalanmış, sonra DİN-nin möhürü ilə möhürlənmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid1 Hafiz oğlunun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:15-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.17) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyət kəsb edə biləcək və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 24) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 15:15də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Al market’’ in yaxınlığında CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilmiş, Sumqayıt ŞPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Daha sonra həmin 01 ədəd şəffaf sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümün “kakos” olduğunu, qeyd olunan maddəni həmin gün 11-12 radələrində Novxanı ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin saxlanılan zaman yanında olan tanışı X4 onun üzərində narkotik vasitə olduğundan məlumatsız olduğunu bildirmişdir. Daha sonra onun üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,36 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v. 26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5170 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124 dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,192 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təqdim edilmiş X4 üzərindən aşkar edilmiş bir ədəd bükümdə heroin ilə eynilik təşkil edir. Tədqiqata qəbul edildi 0,192 qram, nümunə götürüldü 0,05 qram, 0,142 qram geri qaytarıldı. (i.v. 33-38) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona xx.xx.2024-cü il tarixdə, saat 10:20-də elan edilmişdir. (i.v. 47-48) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,192 qram çəkidə narkotik vasitə heroin və Təqsirləndirilən şəxs ŞPİ-də üzərinə şəxsi axtarış keçirilərkən Panasonik markalı videokamera ilə çəkilmiş və DVD diskinə yazılmış videoçəkiliş müddi sübut kimi tanınmış və xalis çəkisi 0,142 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir (i.v. 74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ tərəfindən həbs edilmiş, cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. (i.v. 78-79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin Ambulator X1 barədə xx.xx.2024-cü il tarixli, 7253 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 87-88) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ümumi müəyyən edilmiş 0,192 qram çəkisi əsas götürülərək təqsirləndirilən şəxsə ittiham elan edilməsi nəzərə alınmışdır. (i.v.92-96) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-804/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda Məhkəmənin sorğusuna cavab olaraq qeyd edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs ona Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (060)-804/2024 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi ilə bağlı xx.xx.2025-ci il tarixədək qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə isintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axarış zamanı qeyə alınmış video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-804/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Probasiya şöbəsinin məktubuna əsasən qeyd edilən cəzanın icrası ilə bağlı Təqsirləndirilən şəxs Probasiya şöbəsində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-804/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin müddəti hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(060)-804/2024 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7253 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,142 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 804/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-804/2024 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,142 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-223/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-223/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver