Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-224/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərçüməçi: X4 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin ekvayring şöbəsində ATM-lərə texniki dəstək üzrə baş mütəxəssis vəzifəsində işləyən, Sumqayıt şəhəri 9-cu məhəllə ev 4, mənzil 21-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Təzə Kotec 2-ci paralel küçəsi ev 4B-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə saat 19:30-da Sumqayıt şəhəri Bulvar küçəsində qanuni əsaslarla idarə etdiyi “Chevrolet Camaro” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobili “Yol Hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə hərəkət etdirərkən piyada Zərərçəkmiş şəxs yolu sağdan sola keçərək avtomobilin hərəkət zolağını boşaltmasını görüb avtomobili öz hərəkət zolağında dayandırması üçün tədbir görməli, sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı, hərəkət hissəsinin əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmamalı olduğu halda buna riayət etməyərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Sumqayıt şəhəri Bulvar küçəsində “Mirvari City” yaşayış kompleksinin qarşısında yolu sağdan sola keçərək avtomobilin hərəkət zolağını boşaltmış piyada Zərərçəkmiş şəxs əks hərəkət zolağında avtomobilin qabaq sağ tini ilə ehtiyatsızlıqdan vurmuş, onun ehtiyatsızlığı sonuncunun başın küt travması, subdural hematoma, baş beyinə qansızma, sol gicgah-təpə sümüyünün xətti sınığı, sol alın-gicgah nahiyəsinin və sol dizin ön səthinin sıyrıqları, çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid xəsarətlər alaraq başın küt travması nəticəsində sol təpə gicgah nahiyəsinin subdural hematoması və baş beyinə qansızma nəticəsində hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, həmin gün, yəni 10 oktyabr 2022-ci il tarixdə saat təxminən 9-un yarısı, uşağını düşürdüb evə getmişdir. Sağ tərəfində boz BMW markalı avtomobil getmiş, həmin vaxt bir səs gəldiyini eşitmişdir. Piyada 10-15 metr qabaqda olmuş, piyada həmin vaxt dayanmış, “tak” səsi gəlmişdir. Maşından düşərək görmüşdür ki, rəhmətə gedən var. Daha sonra isə polisin gəlməsini gözləmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Uşağı düşürəndən 500 metr sonra bu hadisə baş vermişdir. Yolun sol tərəfində lampa yanmış, sağ tərəf isə qaranlıq olmuşdur. Onun avtomobilinin faraları normal yanmışdır. Sürət həddi təxminən 40-50 km/saat olmuşdur. İstintaq zamanı müstəntiq onu çağırmışdır ki, gəl qol çək, o da qol çəkmişdir. Həmin vaxt onun yanında olan BMW markalı avtomobil çox yavaş getmiş, demək olar ki, dayanırmış. O isə elə bilmişdir ki, BMW markalı avtomobil piyadaya yol vermişdir. BMW markalı avtomobil tünd rəngdə olmuşdur, hansı rəng olduğunu və nömrəsinə fikir verməmişdir. Hadisə baş verərkən piyadaya 10-15 metr qalmışdır. Həmin vaxt o avtomobilinin rolunu sola tərəf burmuş, toqquşma öz zolaq xəttində baş vermişdir. Hadisədən 1 saat keçmiş yerdə hələ də qan izi olmuşdur. Hadisədən 1 saat sonra onları hadisə yerinə çıxartmışlar. Müstəntiq ona hadisə yerini göstərməsini demiş, o da təxmini olaraq hadisə yerini göstərmişdir. Hadisədən 1 saat keçməsinə baxmayaraq o, yenə də normal vəziyyətdə olmamışdır. Hadisədən sonra depressiya yaşamış, dərmanlar qəbul etmişdir. O müstəntiqə həmin ərazidə kamera olduğunu bildirmişdir. Onun başqa maşınla yarış etməyə marağı olmamışdır. Hadisədən sonra həmin BMW markalı avtomobil də orada dayanmışdı. Onun maşını alçaq olduğundan çox uzağı görə bilmir. BMW markalı avtomobil 5-ci seriya, 39-cu kuza olmuşdur. Mərhumu BMW markalı avtomobilin qabağından qaçanda görmüşdür. O BMW markalı avtomobil keçəndə tindən çıxana qədər onu görmək imkanı olmamşdır. Həmin vaxt o ayağını tormoza qoyub, rolu sola tərəf burmuşdur. Onun maşını hələ də dayanacaqdadır, təmir olunmamışdır. Mərhum onun avtomobilinin sağ yan tərəfinə dəymişdir. O mərhumu maşının hansı hissəsilə vurduğuna görə ittiham olunduğunu bilməmişdir. Mərhum hadisə baş verən vaxt qaçan vəziyyətdə olmuşdur. Hadisə baş verəndən sonra o aşağı düşmüş, görmüşdür ki, oraya insanlar yığılıb, o səkidə oturaraq gözləmişdir. Onun maşını qarşı zolaqda olmuşdur. Maşın dayanan yerlə mərhum arasında 10-15 metr məsafə olmuşdur. O baş vermiş hadisə barədə ilk olaraq vəkillə danışmışdır. İlk olaraq polis ondan olanları soruşmuş, o da hadisəni olduğu kimi danışmışdır. Müstəntiq də ondan hadisə barədə soruşmuş, əvvəlcə hadisəni danışmış, sonra müstəntiq ona təxmini yeri göstərməsini demiş, o da göstərmiş, müstəntiq hadisə baş verən yeri çəkmişdir. O piyadanı 10-15 metr məsafədən görmüşdür. Sürəti təxminən 40-50 km/saat arası olmuş, piyada maşına dəymiş, o da maşını sola çəkmişdir. Onun piyadanı görməyi maksimum 1-2 saniyə çəkmişdir. O qarşı yolun 1-ci zolağına çıxmışdır. Onun sürücülük vəsiqəsi BC kateqoriyalıdır. Onun hadisə hadisə zamanı 1-2 saniyə vaxtı olmuşdur, tormozdan sonra maşın 15-20 metr getmişdir. İstintaq zamanı vəkil görməmiş, müstəntiqi ona zəng edərək idarəyə gəlməsini bildirmiş, o qızdırması olduğunu demiş, müstəntiq 5 dəqiqəlik idarəyə gəlməsini bildirmişdir. O idarəyə getmiş, müstəntiq vərəqləmiş, o da imza atmışdır. BMW markalı avtomobil ilə bağlı müstəntiqə bildirmişdir, amma yazılı müraciəti olmamışdır. O məhkəmədən sonra bilmişdir ki, BMW markalı avtomobil ilə bağlı ittihamda qeyd olunmamışdır. Həmin avtomobilin sürücüsünü də, nömrəsini də görməmişdir. Hava həmin vaxt qaranlıq olduğundan sadəcə rənginin tünd olduğunu görmüşdür. Hadisə yerinə həkimlər gələndən sonra BMW markalı avtomobili orada görməmişdir. Piyada onun hərəkət zolağının ortasında qalmışdır, o piyadanın düz və ya əyri getdiyini dəqiq olaraq xatırlamır, sadəcə olaraq piyadanın yolu qaça-qaça keçdiyini görmüşdür. O mərhumu qan olan yerə vurmuşdur. Məktəbi rus dilində oxumuş, azərbaycan dilində bəzi sözləri başa düşmür, istintaqda ona tərcüməçi verilməmişdir. 1 azyaşlı uşağı vardır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi işin müəyyən olunmuş halları ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Sumqayıt şəhəri 9-cu məhəllə ev 4 mənzil 21-də yaşayır. Özünə məxsus “Chevrolet Camaro” markalı ** DL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. Həmin avtomobil X2 mülkiyətində olsa da baş etibarnamə ilə avtomobili idarə edir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də vardır. 10 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri Bulvar küçəsi ilə “Dörd Qardaş” restoranı istqamətində avtomobili 70-80 km/saat surətlə idarə edirmiş. İki zolaqlı hərəkət istiqamətinin sol zolağı ilə hərəkət edirmiş. Həmin vaxtı avtomobildə tək olmuşdur. Ondan başqa avtomobildə heç kim olmamışdır. Həmin vaxtı avtomobildə hərəkət etdiyi zaman “Mirvari City” yaşayış kompleksinin yaxınlığında yeni tikilməkdə olan tikilinin yaxınlığında olan zaman təxminən 40-45 metr aralıdan bir nəfər piyadanın yolun kənarından çıxmasını və iti yerişlə yolun əks tərəfinə doğru hərəkət etməsini görmüşdür. Sol hərəkət zolağı ilə hərəkətdə olduğundan sükanı əks hərəkət zolağına çıxarmışdır ki, piyadanın qarşı tərəfindən ötüb keçər. Əks hərəkət zolağına çıxan zaman piyada sürətini bir qədər artırmışdır. Ona görə də qarşı hərəkət zolağında olan zaman avtomobilin qabaq sağ tərəfi ilə piyadanı vurmuşdur. Piyada avtomobilin alın şüşəsinə dəyib yolun digər hissəsinə düşmüşdür. Avtomobili idarə edərək təxminən 15-20 metr qarşıda saxlamışdır. Bundan sonra maşından düşüb piyadanı vurduğu yerə gəlmişdir. Həmin vaxtı piyadanın yerdə qan içərisində yerdə uzanmasını və ətrafında çoxlu sayda adamlar toplandığını görmüşdür. Həmin vaxtı orada olan adamların danışığından başa düşmüşdür ki, avtomobil ilə vurduğu piyada ölmüşdür. Az sonra polis əməkdaşları da həmin yerə gəlmişdir. Polis əməkdaşları gəldikdən sonra sürücü barədə maraqlanan zaman özünü polis əməkdaşlarına təqdim edərək sürücü olduğunu və piyadanı vurduğunu bildirmişdir. Polis əməkdaşları ölmüş piyadanın qohumlarının həmin yerə gələrək hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bir qədər kənara çəkilib orada gözləməyini bildirmişlər. Bundan bir qədər sonra təcili tibbi yardım avtomobili həmin yerə gələrək ölmüş piyadanı təcili yardım avtomobilinə qoyaraq hadisə yerindən aparmışlar. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirərək hadisənin sxemini və fotoşəkillər çəkmişlər. Hadisə vaxtı avtomobili 70-80 km/saat surətlə idarə etmişdir. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmçinin avtomobili idarə etmək üçün elektron baş etibarnaməsi də olmuşdur. Hadisə vaxtı tam ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobilində sərnişin olmamışdır. Hadisə zamanı 70-80 km/saat surətlə avtomobili idarə edən zaman təxminən 40-45 metr məsafədən piyadanın yola doğru çıxmasını görmüşdür. Piyadaya çatmağa 4-5 saniyə qalmış piyada yolun orta hissəsində olduğundan qarşı hərəkət zolağına çıxaraq piyadanın qabaq tərəfindən keçmək istəmişdir. Lakin bu zaman piyada da sürəti artırdığından avtomobilin qabaq tərəfi ilə piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada yerə yıxılmışdır. Həmin vaxtı piyada yolu iti yerişlə keçirmiş. Hadisə vaxtı əyləcdən istifadə etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 1054, mənzil 71-də yaşayır. Zərərçəkmiş şəxs atasıdır. Atası Sumqayıt şəhəri Qurd dərəsi Bağlar massivində yaşamaqla təqaüddə olan polis polkovnikidir. Atasının ürəyində xəstəlik olduğuna görə hər axşam Sumqayıt şəhəri Bulvar ərazisində piyada gəzirmiş. 10 oktyabr 2022-ci il tarixdə axşam saat 19:30 radələrində atası həmişəki kimi Bulvar ərazisində piyada gəzmək üçün “Mirvari City” yaşayış kompleksinin yaxınlığından yolu keçmək istəyən zaman Chevrolet markalı avtomobil yüksək surətlə gələrək əks hərəkət zolağında atasını vurmuş və atası almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan sonra bu barədə ona məlumat verdikdən sonra Sumqayıt şəhərinə gəlmişdir. Sonradan atasını Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. Hadisə barədə maraqlanan zaman ona məlum olmuşdur ki, atası yolu keçib Bulvar ərazisinə getmək istəyən zaman Chevrolet Camaro markalı avtomobil yüksək sürətlə gələrək əks hərəkət zolağında atasını vurmuş və atası almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmin vaxtı məlum olmuşdur ki, atasını avtomobil ilə vuran şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Hal-hazırda onlara dəymiş maddi və mənəvi zərər ödənilməmişdir, təqsirləndirilən şəxslə barışmamışdır. Ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 1-ci mikrorayon ev 33/130, mənzil 24-də yaşayır. Rəsmi sənədlə adı Əliyusif olsa da hər kəs onu Yusif kimi tanıyır. Bakı şəhərində ticarətlə məşğul olur. Belə ki, hər gün səhər saatlarında Bakı şəhərinə gedir və axşam saatlarında Sumqayıt şəhərinə evinə qayıdır. 10 oktyabr 2022-ci il tarixdə həmişəki kimi Bakı şəhərindən Sumqayıt şəhərinə gəlmişdir. Yorğun olduğuna görə bir qədər Sumqayıt şəhərində Dənizkənarı Bulvar ərazisində piyada gəzib yorğunluğunu çıxartmaq istəyirmiş. Ona görə də Bulvarın yaxınlığında Mirvari City yaşayış kompleksi ilə üzbəüz ərazidə maşını saxlayaraq maşından düşüb Bulvarda gəzmək istəyirmiş. Həmin vaxtı saat 19:30 radələri olmuşdur. Maşından düşüb hərəkət edən zaman möhkəm tappıltı səsi gəlməsini eşitmişdir. Başa düşmüşdür ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də dərhal yola tərəf getmişdir. Həmin vaxtı bir nəfər şəxsin yolda uzanıqlı halda qan içində uzanmasını görmüşdür. Bir qədər qarşıda isə qara rəngli “Chevrolet Camaro” markalı avtomobilin əks hərəkət istiqamətində dayanmasını görmüşdür. Həmin avtomobildən düşən bir nəfər orta boylu dolu bədənli, sarışın üz quruluşuna malik cavan oğlan yerdə uzanan şəxsə yaxınlaşmışdır. Həmin şəxsin sürücü olmasını bilmişdir. Həmin vaxtı yerdə uzanıqlı vəziyyətdə olan şəxsin öldüyünü bilmişdir. Sürücü də həmin vaxtı çox həyəcanlı olmuşdur. Hadisəni gördüyünə görə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Az sonra həmin yerə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili-tibbi yardım avtomobili gəldikdən sonra həmin şəxsi təcili tibbi yardım avtomobilinə mindirərək aparmışlar, Daha sonra öz evinə getmişdir. Hadisənin hansı şəraitdə və necə baş verdiyini görməmişdir. Möhkəm tappıltı səsi eşidərək yola tərəf qaçan zaman bir nəfər piyadanın yerdə uzanıqlı vəziyyətdə olmasını və bir qədər qarşıda isə “Chevrolet Camaro” markalı avtomobilin əks hərəkət zolağında “Dörd qardaş” restoranı istiqamətində dayanmasını görmüşdür. Hadisə zamanı sürücünün yanında kiminsə olmasını görməmişdir. Həmin vaxtı sürücü yerdə uzanan şəxsə yaxınlaşan zaman həyəcanlı halda olmuşdur. Həmin vaxtı sürücü həyəcanlı halda hadisənin baş verməsini danışaraq hadisə baş verən zaman harasa tələsdiyini deyirmiş. Hadisədən sonra da sürücü orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru vəzifəsində işləyir. Polis serjantı xüsusi rütbəsi daşıyır. 2019-cu ildən DİO-da, 2021-ci ildə DYPB-nin YPX inspektoru vəzifəsində xidmət edir. Sumqayıt şəhəri Bulvar küçəsi xidməti ərazisinə aiddir. Belə ki, dislokasiya üzrə həmin küçədə xidmət aparır. 10 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri Bulvar küçəsi “Mirvari City” yaşayış kompleksinin qarşısında yol nəqliyyat hadisə olması barədə məlumat alaraq dərhal həmin ünvana gəlmişdir. Həmin əraziyə çatan zaman bir nəfər piyadanın yerdə uzanıqlı vəziyyədə olmasını görmüşdür. Həmin vaxtı piyadanın yanında bir neçə nəfər şəxs toplanmışdır. Yerdə uzanan piyadaya yaxınlaşan zaman piyadanın artıq ölmüş vəziyyətdə olmasını görmüşdür. Sürücünün kim olması ilə bağlı maraqlanan zaman orada olan bir nəfər şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək idarə etdiyi Chevrolet Camaro markalı avtomobil ilə Dörd qardaş restoranı istqmətində hərəkətdə olan zaman piyadanın onun hərəkət istiqamətinə çıxdığını və piyada əks hərəkət zolağına çıxan zaman avtomobilin qabaq sağ tərəfi ilə piyadanı vurduğunu bildirərək avtomobilin bir qədər qarşıda əks hərəkət zolağında saxladığını bildirmişdir. Dərhal həmin ərazini mühafizə edərək hadisə yerinin qorunması üçün tədbirlər görmüşdür. Az sonra təcili-tibbi yardım avtomobili həmin yerə gələrək ölmüş piyadanı təcili tibbi yardım avtomobili ilə aparmışdır. Bundan sonra hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Hadisə yerinə baxış keçirilən zaman sxem və fotoşəkillər çəkilmiş, o da hadisə yerinə baxış keçirilməsi haqqında protokola imza etmişdir. Hadisə yerinə çatan zaman hadisə törədən sürücünün kimliyi barədə maraqlandıqda bir nəfər Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və hadisə törədən sürücü olmasını bildirmişdir. Bundan sonra sürücü orada qalmış və az sonra sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 oktyabr 2022ci il tarixli protokoldan, protokola əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, hadisə Sumqayıt şəhəri Bulvar küçəsində baş vermişdir. Hadisə baş verən yolun eni 14 metr, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 7 metrdir. Piyada Zərərçəkmiş şəxs yolun sağ hərəkət hissəsinin kənarından vurulduğu yerə qədər 8 metr məsafə qət etmişdir. “Chevrolet Camaro" markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs öz hərəkət istiqamətinin əks hərəkət istiqamətində piyada Zərərçəkmiş şəxs vurmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs 42 metr məsafədən yolun hərəkət hissəsinə daxil olduğunu görmüşdür. Hadisə yerində tormoz izləri və sürtünmə izləri müəyyən edilməmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi yoxlaması”nın A/1581 saylı, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:40 radələrində Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti mövcud olmamışdır. İş materiallarında olan AD 840572 saylı, nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 10DL066 dövlət qeydiyyat nişanlı, tünd boz qırmızı xətt rəngli “Chevrolet Camaro” minik markalı avtomobil X5 məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, 10DL066 dövlət qeydiyyat nişanlı, “Chevrolet Camaro” minik markalı avtomobil xx.xx.2023-cü il tarixədək 1 il müddətinə Təqsirləndirilən şəxs etibar etdilmişdir. İş materiallarında olan AF 711939 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2030-cu il tarixədək BC kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2020ci il tarixli protokoldan görünür ki, “Chevrolet Camaro markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən sonra qabaq sağ qanadı əzilmiş, qabaq sağ yan güzgüsü qopmuş, alın şüşəsi (patpress) çatlamış vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 134 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:başın küt travması, subdural hematoma, baş-beyinə qansızma, solgicgah-təpə sümüyünün xətti sınığı, sol alın-gicgah nahiyyəsinin və sol dizin ön səthinin sıyrıqları, çənəaltı nahiyyənin əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində sol təpə-gicgah nahiyyəsinin subdural hematoması və baş-beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götrülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8/3350 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Camaro markalı, 10DL066 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70/80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X8 adlı 1 azyaşlı uşağı vardır. İş materiallarında olan 4 saylı MKS-nin 880 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 016-302-9055- 1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə BC kateqoriyalı AF711939 saylı on illik sürücülük vəsiqəsi almışdır. Kompyiter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında olmayıb. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 263-1.3 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkəmə nəqliyyat-trasoloji ekspertizası təyin edilmiş, bununla bğlı ekspertizanın 8/1230 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş Chevrolet Camaro markalı, 10DL 066 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr rəyin tədqiqi hissəsində təsvir edilmişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə piyada ilkin olaraq Chevrolet Camaro markalı, 10DL066 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tin hissəsi ilə vurulmuş və ilkin vurulma anından sonrakı vurulma prosesində avtomobilin üzərində olan digər zədələr yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən əlavə məhkəmə-tibb ekspertizası təyin edilmiş, bununla bağlı qəbul edilmiş məhkəmə-tibb ekspertizasının 01/134 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində olan xəsarətlərin xaraketrinə və lokalizasiyalarına əsasən, həmçinin cinayət işində qeyd olunan izahatlara, avtomaşınının şəkillərinin əks olunan fotocədvəldə olan görüntülərə əsasən demək olar ki, avtomaşının piyadanı vurma zamanı ilkin kontakt zərbə piyadanın yolu sağdan sola keçərkən avtomaşının ön sağ qanadının ön tini ilə piyadanın sol tərəfindən yetirilməsinə xarakterikdir. Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər hadisə baş verən zaman qısa müddətə baş verdiyindən həmin xəsarətlərin ardıcıllığı haqqında fikir söyləmək mümkün olmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. .Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməməsi, yəni baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olmaması ilə bağlı göstərdiklərini tam, obyektiv və hərtərəfli araşdırdı. Ancaq onun göstərdiyi hallar təsdiq edilmədi. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, bu onun müdafiəçiləri ilə birgə qurduğu müdafiə üsuludur. Bununla o işin müəyyən olunmuş hallarını dəyişməyə, araşdırmanın düzgün aparılmadığı görüntüsünü yaratmağa, məsuliyyətdən yayınmağa cəhd edir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ekvayring şöbəsində ATM-lərə texniki dəstək üzrə baş mütəxəssis vəzifəsində işləyir, sənədləşmə azərbaycan dilində aparılır və o bu işdə iştirak edir. Onun azərbaycan dilini sərbəst bilməməsini göstərməsi istintaqın gəldiyi nəticələrin dəyişdirilməsinə cəhddir. Bunlar hamısı məsuliyyətdən qaçmağa yönəlmişdir. Təqsirləndirilən şəxs özünün də göstərdiyi kimi, o hadisə baş verdikdən dərhal sonra müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin xidmətlərindən istifadə etmiş, məhkəmə iclasına qədər istintaqın gedişindən narazılığı olmamış, məhkəmədə üç nəfər müdafiəçi ilə müqavilə bağladığı halda istintaqda buna zərurət duymamışdır, yəni onun başqa müdafiəçi ilə müqavilə bağlamağa imkanı və vaxtı olmuşdur. Təqsirləndirilən şəxs sənədlərə imza edərkən xəstə olmasını göstərsə də, məhkəməyə hər hansı tibbi sənəd təqdim edilməmişdir. BMW markalı avtomobillə bağlı ifadəsində göstərdikləri işin müəyyən olunmuş hallarının dəyişdirilməsinə yönəlmişdir. Halbuki hadisə yerini Təqsirləndirilən şəxs özü göstərmiş, onun iştirakı ilə fotoşəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, digər hərəkətlər edilmişdir. Məhkəmə iclasında da həmin hallarla bağlı mötəbər sübutlar təqdim edilməmiş, hansısa halın araşdırılması üçün vəsatət verilməmiş, müraciət olunmamışdır. Göstərilən hallar işə baxılma hüdudlarında araşdırılmış, müdafiə tərəfinin vəsatətlərinə əsasən ekspertiza tədqiatları keçirilmiş, Təqsirləndirilən şəxs təqsirsizliyinə əsas ola biləcək hər hansı hal müəyyən edilməmiş, istintaq orqanının gəldiyi nəticə təsdiq edilmişdir. Beləliklə, məhkəmə işdəki bütün sübutları müqayisəli şəkildə tədqiq edərək, öz daxili inamına görə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilən tərcümə xidmətinə görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindən tutularaq tərcüməçi X4 hesabına köçürülməlidir. İş üzrə maddi sübut və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablansın. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Göstərilən tərcümə xidmətinə görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindən tutularaq tərcüməçi X4 hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-224/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-224/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver