Məhkəmə qərarları › İş №1(060)-224/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-224/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-224/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1977-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 2, mənzil 14-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/18, mənzil 17A-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzinin yaxınlığında olan zaman səyyar su satışı ilə məşğul olan Zərərçəkmiş şəxs məxsus əl çantasını görüb, həmin əl çantasını talamaq qərarına gəldikdən sonra sonuncu «Karvan» Ticarət Mərkəzinə daxil olduqda, su satışı avadanlığının yanına gəlib, orada olan sellofanların asıldığı yerdən Zərərçəkmiş şəxs məxsus içərisində 120 manat dəyərində «Honor 10 Lite» markalı mobil telefon və 520 manat nağd pul olan 10 manat dəyərində əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, 09 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzinin yaxınlığında olarkən küçədə səyyar su satışı ilə məşğul olan şəxsin pulu sayaraq əl çantasına qoyduğunu və çantanı üzərində su satışı ilə bağlı avadanlığın olduğu rəfə qoyduğunu görmüşdür. O, qərara gəlmişdir ki, çantanı oğurlasın. Çantanı oğurlamaqda məqsədi çantanın içərisində olan pul və digər qiymətli əşyaları ələ keçirmək olmuşdur. O, kənarda dayanıb həmin səyyar su satışı ilə məşğul olan şəxsin başının qarışmasını gözləmişdir. Həmin vaxt səyyar su satışı ilə məşğul olan şəxsin «Karvan» Ticarət Mərkəzinə daxil olduğunu görüb, tez həmin səyyar su satışı avadanlığına yaxınlaşmış və heç kimin fikrinin onda olmadığını görüb əl çantasını rəfdən götürmüş və hadisə yerindən uzaqlaşmışdır. Həmin rəfin üzərində su satışı avadanlığı var idi və rəfin qapısı yox idi. Bir qədər uzaqlaşdıqdan sonra əl çantasını açmış və içərisində bir ədəd «Honor» markalı mobil telefon və 520 manat nağd pul olduğunu görmüşdür. O, pulları, mobil telefonu əl çantası ilə birlikdə özündə saxlamışdır. Həmin gün qeyd olunan puldan 208 manatı öz ehtiyaclarına xərcləmişdir. 10 sentyabr 2023-cü il tarixdə, saat 09:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli bilindiyini deyib onu 4-cü polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə 4-cü polis bölməsinə gəlmişdir. Polis bölməsində o, törətdiyi oğurluq cinayətini etiraf etmiş və üzərində oğurladığı puldan qalan 312 manatı, «Honor» markalı mobil telefonu və əl çantasını polis əməkdaşlarına təqdim etmişdir. O, başqa cinayət törətməmiş, oğurluq edərkən onu görən olmamışdır. Əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, səyyar formada «Karvan» Ticarət Mərkəzinin yaxınlığında su satışı ilə məşğul olur. 09 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzinin yaxınlığında səyyar formada su satışı ilə məşğul olmuşdur. Həmin vaxt içərisində «Honor 10 Lite» markalı mobil telefonu və 520 manat pul olan qara rəngli əl çantasını üzərində su satışı ilə bağlı avadanlığın olduğu rəfə qoymuşdur. Həmin rəfin qapısı yoxdur və o, özünə məxsus əşyaları yığmaq üçün rəfdən istifadə edir. Həmin vaxt o, əlini yumaq üçün «Karvan» Ticarət Mərkəzinə daxil olmuş və 1-2 dəqiqə sonra qayıtdıqda görmüşdür ki, əl çantası yerində yoxdur. O, əl çantasının oğurlandığını başa düşmüş və buna görə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gedərək ərizə yazmış və izahat vermişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində təhqiqatçı tərəfindən Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzinin qarşısında olan Zərərçəkmiş şəxs səyyar su satışı ilə məşğil olduğu yerə baxış keçirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs kimi xx.xx.2023-cü il tarixdə, saat 13:35-də tutulmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərar əsasən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X2 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqdimetmə və götürmə barədə xx.xx.2023-cü il tarixli protokola əsasən 01 ədəd əl çantası, 01 ədəd “Honor 10 Lite” markalı mobil telefon və 312 manat pul Təqsirləndirilən şəxs götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 840/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün cəzadan çıxılmaqla çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 il 26 gün müəyyən edilmişdir. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2023-cü il tarixli, 9/8524 nömrəli rəyində göstərilmişdir ki, analoji malların markasına, modelinə və digər texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Honor 10 Lite» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120 manat müəyyən olunur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd əl çantası, 01 ədəd “Honor 10 Lite” markalı mobil telefon və 312 manat pul xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və maddi sübutla tanış olduqdan sonra zərərçəkmiş şəxsə qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin yenidən dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Sumqayıt Şəhər Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-840/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadığından ona təyin olunmuş cəzanı çəkməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Cinayət Məcəlləsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.1.). Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2.). Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7. ). Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olması, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş zərəri tamamilə ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddələsinin sanksiyasının həddində 09 ay müddətinə müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-840/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, ona 01 il azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 04 gün müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə hetməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd əl çantası, 01 ədəd “Honor 10 Lite” markalı mobil telefon və 312 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-840/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, həmçinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd əl çantası, 01 ədəd “Honor 10 Lite” markalı mobil telefon və 312 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 48 (qırx səkkiz) manat pul Sumqayıt Regional Vəkil Bürosunun nəfinə köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar