Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-225/2020 24.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsində yerləşən "200 CARS" avtosalonda Zərərçəkmiş şəxs qaytarmaq istədiyi Hyundai Sonata markalı **-RG-*** dövlət nömrə nişanlı avtomobil ilə qəza törədilmədiyini iddia edərək nalayiq sözlər dediyi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan vintaçanla sonuncunu bir dəfə vurub sağ əlin cırılmış yarası kimi xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2018-ci ilin sonlarında tanımış, tanışları Aqil və Elgiz qardaşları Sumqayıt şəhəri 41a məhəllə ərazisində “123 CARS” adlı avtosalonu icarəyə götürərək, həmin avtosalonda avtomobillərin satışı ilə məşğul olduqlarından, Elməddini də həmin avtosalona avtomobil almaq üçün gələrkən görüb tanımış, təxminən 2019-cu ilin yanvar ayının sonlarında avtosalonda olarkən Elməddin yanında adını sonradan öyrəndiyi Bəhruz adlı şəxslə birlikdə avtosalona gəlmiş, orda Aqillə Elməddin arasında mübahisə yaranmışdır. Bundan sonra, Elməddin avtosalondan “Hyundai Sonata” markalı avtomobil aldığını, sonradan isə həmin avtomobili satmaq istədiyindən bu barədə Elgiz və Aqilə dediyini, Aqil və Elgizində avtomobilin ilk sahibini avtomobili almaları üçün oraya dəvət etdiklərini, ancaq avtomobilin ilk sahibinin avtomobilə baxaraq həmin avtomobillə qəza törədildiyini deyib və avtomobili almaqdan imtina etdiyini, Aqilin isə bundan sonra Elməddinə irad bildirərək avtomobillə qəza törətməsi barədə ona məlumat verməli olduğunu dediyini, Elməddin isə nalayiq ifadə işlədərək avtomobillə qəza törədildiyini Aqildən sübut etməli olduğunu tələb etdikdə onlar arasında mübahisə yarandığını öyrənmiş, daha sonra avtomobil salonunda olarkən Elməddin kiminləsə telefonla danışıb avtomobillə qəzanı qardaşının törətdiyini, özünün isə bundan məlumatsız olduğunu bildirmiş, sonra Elgizlə bir qədər söhbət edərək çıxıb getmiş, aradan təxminən bir aydan artıq vaxt keçdikdən sonra tanışları ilə birlikdə ilk olaraq Azərbaycan Respublikası DİN-nin BİTİ-nə dəvət olunmuş, həmin vaxt Elməddinin barələrində şikayət ərizəsi yazaraq, avtosalona sonuncu gəldiyi gün onun, bundan başqa həmin vaxt avtosalonda olan Aqil, Zahid və Ağa tərəfindən döyüldüyünü, hətta onun bıçaqla hədələdiyini ərizəsində yazdığını öyrənmiş, ancaq Elməddinlə birlikdə araşdırma aparan şəxs tərəfindən qəbul edildikdən sonra Elməddinə müracətinin araşdırılacağı, nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmiş, daha sonra tanışları ilə birlikdə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə dəvət edilmiş, orda da Elməddinə müraciətinin araşdırılacağı, nəticəsi barədə əlavə məlumatlandırılacağı bildirilmiş, sonda isə Sumqayıt ŞPİnin 3-cü PB-nə dəvət edildikdə bu dəfə Elməddinin müraciəti əsasında həmin orqanda araşdırma aparıldığını öyrənmişdir. Təxminən 2019-cu ilin fevral ayının əvvələrində tanışları Aqil, Ağa və Zahidlə Elməddini döyməmiş, ona qarşı heç bir formada fiziki qüvvə tətbiq etməmiş, Zərərçəkmiş şəxs barəsində tamamilə yalan və qərəzli şikayət ərizəsi yazmış, həmin tarixdə ancaq tanışı Aqil və Elməddin arasında ona satılmış avtomobillə qəza törədilməsi barədə məlumat verməməsi, Aqil və qardaşı Elgizin isə bundan məlumatsız olaraq avtomobili almaq istəyən şəxsi avtomobili almaq üçün ora dəvət etdikdən sonra bunu öyrənib ona irad bildirməsi səbəbindən sözlə mübahisə yaranmış, həmin vaxt orda Elgiz, Aqil, Ağa, Zahid və Elməddinin uşaqlarının kirvəsi Bəhruz olmuşdur. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmamasının nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 təxminən 2018-ci ilin sonlarında tanımış, həmin vaxt özünə avtomobil almaq istədiyindən tanışlarından maraqlanıb Elgizin mobil nömrəsini tapmış, onunla arasındakı telefon danışığı zamanı Elgizin Sumqayıt şəhəri 41a məhəllə ərazisində yerləşən adı “CARS 200” olan avtomobil salonunda işlədiyini öyrənmiş, bundan sonra, Sumqayıt şəhərinə gələrək avtosalondakı 2011-ci il buraxılışlı “Mercedes Cclass” markalı avtomobilə baxıb bəyənmiş və həmin avtomobilin qiymətini 33.000 manata razılaşaraq almış, həmin avtomobili təxminən 10 ay müddətində idarə etmiş və bundan sonra, özünə “Prado” markalı avtomobil almaq istədiyindən ilk aldığı avtomobili götürüb Sumqayıt şəhərinə gəlmiş və Elgizə bu barədə demiş, Elgiz ona almaq istədiyi “Prado” markalı avtomobil tapacağına söz verdiyindən, ondan aldığı “Mercedes” markalı avtomobilin qiymətini 24.000 manata razılaşdırıb avtomobili satılması üçün avtosalona təhfil vermiş, aradan təxminən bir həftə keçmiş Elgiz ona zəng vurub “Prado” markalı avtomobil tapmadığını, ancaq yaxşı vəziyyətdə olan “Hyundai İX-35” markalı avomobil olduğunu bildirmiş və həmin avtomobili almasını məsləhət görmüş, avtomobilə baxıb bəyəndiyindən həmin avtomobilin qiymətini 29.500 manata razılaşaraq həmin avtomobili almış, ilk olaraq “Mercedes” markalı avtomobili salona təhfil verərkən avtomobilin qiymətini 24.000 manata razılaşdığından, avtomobili almaq üçün əlavə 5.000 manat pul ödəmiş, qalan 500 manat pulu isə sonradan ödəyəcəyinə söz vermiş, avtomobili bir neçə gün ərzində idarə etdikdən sonra avtomobilin müəyyən nasazlıqlarının olduğunu öyrənmiş və Elgizə zəng vurub bu barədə bildirdikdən sonra Elgiz avtomobili geri qaytarmağına razılıq vermiş, üç gün sonra avtomobili qaytarıb salona gətirmiş, əlavə pul verərək birdəfəlik ona istədiyi “Prado” markalı avtomobil almağında köməklik göstərməsini Elgizdən xahiş etmiş, Elgiz bununla maraqlanacağını, nəticə olarsa ona məlumat verəcəyini bildirmiş, həmin vaxt fikrinin ciddi olduğunu bildirmək üçün Elgizə əlavə olaraq 6000 manat da pul vermiş, bundan sonra “Hyundai İX-35” markalı avtomobili götürüb getmiş, təxminən bir ay sonra Elgiz onunla təkrar əlaqə saxlayıb onu avtomobil salonuna çağırmış, o da gəldikdən sonra Elgiz salonda satışda olan “Hyundai Sonato” markalı avtomobili göstərib həmin avtomobili almağını təklif etmiş, avtomobilə baxıb bəyəndiyindən, avtomobilin qiymətini 24.000 manata razılaşaraq avtomobili almış, sonradan avtomobilə yanacaq doldurmaq istəyərkən avtomobilin benzin yanacağı ilə deyil, qazla işlədiyini öyrənmişdir. Daha sonra, bu barədə Elgizə zəng vurub məlumat verdikdə Elgiz, avtomobili bir neçə gün idarə etməyini, əgər avtomobili bəyənməzsə bundan sonra avtomobili geri qaytarmağını məsləhət görmüş, avtomobili idarə edərkən avtomobilin istifadə etdiyi qaz yanacağının ucuz qiymətə olduğunu görüb ilk olaraq avtomobili özündə saxlamaq qərarına gəlmişdir. Həmin müddətdə Elgiz ona verdiyi ümumilikdə 35.000 manat puldan 24.000 manat avtomobilin dəyərini çıxdıqdan sonra 9.750 manat pul qaytarmış, özü isə aralarında olan ticarət münasibətlərinə görə Elgizdən 1.250 manat pulu almamış, beləcə avtomobil üstünə ümumilikdə 25.250 manata düşmüş, avtomobili təxminən iki həftə ərzində idarə etmiş, ancaq avtomobilin müəyyən nasazlıqları olduğunu görmüşdür. Hətta avtomobili təmirinə Elgizin məlumatı olmaqla 800 manat pul xərcləmiş, ancaq avtomobili təmir etməyin mümkün olmadığını gördükdə avtomobili geri qaytarmaq qərarına gəlmişdir. Dəqiq tarixi xatırlamasa da təxminən xx.xx.2019-cu il tarixdə saat 13-14 radələrində avtomobili götürüb kirvəsi Bəhruzla birlikdə avtosalona gəlmiş və Elgizdən avtomobili geri götürərək pulunu verməsini tələb etmişdir. Elgiz isə avtomobili salona qaytarıb gözləməsini, həmin müddətdə ya avtomobili satıb pulunu verməsini, ya da altı ay müddətində avtomobilin pulunu hissə-hissə qaytarmasını təklif etmiş, ancaq razılaşmamış, həmin vaxt orda olan Elgizin qardaşı Aqil ünvanına nalayiq ifadə işlədərək onu söyüb təhqir etmiş və yumruqla sağ üz nahiyəsindən bir zərbə vurmuş, bundan sonra kirvəsi Bəhruz və Elgiz araya girib Aqili sakitləşdirmək istəsələr də, bu dəfə Aqilin kirvəsi Emil ora gəlib yumruqla baş nahiyəsinə bir zərbə vurmuş, daha sonra Aqil qoluna girib onu avtosalonun içərisnə dəvət etmişdir ki, çöldə adamlar baxır, gəl içəridə söhbət edək, Aqillə içəri getdikdən sonra içəridə Aqil ondan soruşanda ki, sən nə etmək istəyirsən? cavabında “canına azar edəcəm” deyərək cavab vermiş, həmin vaxt Aqil başını kəsib öldürəcəyini və qanını batıracağını deməklə hədələmiş, bu vaxt Aqilin kirvəsi Emil isə onu avtomobilin yük yerinə (baqaja) soxacağını bildirmiş, bundan sonra əsəbləşib nalayiq ifadə işlətməklə ondan dediyini eləməsini tələb etmiş, Emil isə daha sonra içəridə olan mətbəxə tərəf getmiş, içəridə olan Ağa adlı şəxs və adını bilmədiyi kök bədən qurluşlu şəxs isə üstünə düşüb yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyməyə başlamış, bu müddətdə Emil getdiyi mətbəxdən əlində vintaçanla geri qayıdıb başına zərbə vurmaq istədikdə, özünü müdafiə etmək üçün hər iki əlini baş nahiyəsinə aparıb zərbənin qarşısını almağa cəhd etmiş, Emilin əlində olan vintaçanla vurduğu zərbə sağ əlinə dəyib əlinə xəsarət yetirmiş, bundan sonra Bəhruz və Elgiz araya girib onu həmin şəxslərin əlindən almış və onu döyüb xəsarət yetirmiş şəxsləri sakitləşdirmiş, bundan sonra Elgiz “sən heç bir yerə şikayət etmə deyərək, avtomobil almaq üçün verdiyi 25.250 manat pulu geri qaytaracağına söz verdiyindən, razılaşıb çıxıb getmiş, vaxt tamam olanda Elgizə zəng vurmuş, Elgiz əlavə olaraq bir həftə də vaxt istəmiş, beləcə aradan üç həftə vaxt keçmiş, ancaq pulu geri qaytarılmamış, sonda isə Aqillə telefonla danışıqları zamanı o, pulunu geri qaytarmayacağını, nə istəyirsə etməsini bildirmiş, bundan sonra Azərbaycan Respublikası DİN-nə ərizə ilə, daha sonra isə DİN-nin 102 xidmətinə telefonla hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirərək, sonuncu barəsində qanunla müəyyən olunmuş qaydada ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən bir il yarım əvvəl tanımışdır. Belə ki, o, Sumqayıt şəhəri 41a məhəllə ərazisində yerləşən əvvəlki adı “200” avtosalon, hazırkı adı isə “123 CARS” olan avtosalonu icarəyə götürərək, həmin avtosalonda avtomobillərin satışı ilə məşğul olduğundan, təxminən il yarım əvvəl Elməddin müraciət edib özünə məxsus “Porsche” markalı avtomobili ya satmaq, ya da başqa avtomobillə dəyişmək istədiyini bildirmişdir. Bundan sonra aralarındakı razılaşmaya uyğun olaraq Elməddinə məxsus avtomobili “mercedes” markalı avtomobillə dəyişmişlər. Aradan təxminən bir il keçmiş Elməddin təkrar müraciət edərək əvvəlki aldığı “mercedes” markalı avtomobili satıb, “Prado” markalı avtomobil almaq istədiyini bildirmiş və ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin vaxt avtosalonda satışda “Prado” markalı avtomobil olmadığından ona təklif etmişdir ki, ona “Hyundai İX-35” markalı avtomobili sürmək üçün versinlər, “Prado” markalı avtomobil olarkən isə ona almağı təklif edərlər. Elməddin razılaşıb “mercedes” markalı avtomobili təhfil vermiş və “Hyundai” İX-35 markalı avtomobili götürərək, əlavə də olaraq qardaşı Elgizə 5000 manat pul verib çıxıb getmişdir. O, pulu “Prado” markalı avtomobilin dəyərinin ödənməsi üçün vermişdir. Təxminən ay yarımdan sonra Elməddin “Hyundai İX-35” markalı avtomobili gətirib təhfil vermiş və özünə pul lazım olduğundan “Prado” markalı avtomobilin dəyərini ödəmək üçün qardaşına verdiyi 5000 manat pulu, bundan əlavə 4500 manat da alaraq həmçinin “Hyundai İX-35” markalı avtomobili təhfil verərək aralarındakı razılaşmaya uyğun olaraq satışda olan qaz yanacağı ilə işləyən “Hyundai Sonata” markalı avtomobili alaraq çıxıb getmişdir. Təxminən iki ay sonra Elməddin zəng vurub “Hyundai Sonata” markalı avtomobili satmaq istədiyini bildirdiyindən, eləcə də həmin ərəfədə həmin avtomobili aldığı şəxs ona müraciət edərək ondan alaraq Elməddinə verdiyi avtomobilə uyğun avtomobil almaq istədiyini bildirdiyindən, o, bu barədə Elmədinə bildirmişdir. Elməddin təxminən 2019-cu ilin yanvar ayının sonlarında avtomobili götürüb tanışı Bəhruzla birlikdə avtosalona gəlmişdir. Bundan sonra o, avtomobilin ilk sahibini də ora dəvət etmiş, avtomobilin ilk sahibi avtomobilə baxıb həmin avtomobillə qəza törədilyini bildirmiş və avtomobili almaqdan imtina etmişdir. O, bundan sonra Elməddinə irad bildirərək avtomobillə qəza törətməsi barədə ona məlumat verməli olduğunu bildirmiş, bu barədə ona əvvəlcədən məlumat verməli olduğunu demişdir. Həmin vaxt Elməddin nalayiq ifadə işlədərək avtomobillə qəza törədildiyini sübut etməli olduğunu tələb etmiş, o, isə bunu sübut etmək üçün avtomobili ustada sökdürəcəyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və orda olan qardaşı Elgiz onlara irad bildirib səs-küy yarandığını demiş və avtosalonun içərisinə daxil olaraq məsələni orda aydınlaşdırmaqlarını tələb etmişdir. Bundan sonra o, Elməddin və Bəhruz içəri keçdikdə Elməddin ilk olaraq içəri daxil olmamış və telefonla kiminləsə danışmağa başlamış, aradan bir qədər keçdikdən sonra isə geri qayıdıb avtomobillə qəzanı qardaşının törətdiyini, özünün isə bundan məlumatsız olduğunu bildirmişdir. Bundan sonra ona bir qədər əvvəl nalayiq ifadə işlədərək avtomobbillə qəza törədilmədiyini bildirdiyini xatırladaraq, bundan sonra heç kimin üzünə baxa bilməyəcəyini demişdir. O, bundan sonra qardaşı Elgizlə söhbət edib qardaşına məxsus avtomobili satdığını, həmin avbtomobilidə sataraq pulunu qardaşına verməli olduğunu deyiib “Hyundai Sonata” markalı avtomobili satmağında ona köməklik göstərməsini xahiş etmiş, Elgiz isə avtomobilin əzildiyini bildirib qiymətlə bağlı razılığa gələrsə avtomobili satacağında ona köməklik göstərəcəyinə söz vermiş, bundan sonra Elməddin çıxıb getmişdir. Aradan təxminən bir aydan artıq vaxt keçdikdən sonra o, tanışları, eləcədə qardaşı ilk olaraq Azərbaycan Respublikası DİN-nin BİTİ-nə dəvət olunmuşlar. Həmin vaxt öyrənmişdir ki, Elməddin barələrində şikayət ərizəsi yazaraq avtosalona sonuncu gəldiyi gün onu döyüb xəsarət yetirdiklərini, hətta qardaşı uşaqlarının kirvəsi Eminin isə mətbəx bıçağı ilə onu hədələdiyini ərizəsində yazdığını öyrənmişdir. Ancaq onlar və Elməddin birlikdə araşdırma aparan şəxs tərəfindən qəbul edildikdən sonra Elməddinə müracətinin araşdırılacağı, nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmiş, daha sonra o və tanışları Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə dəvət edilmişlər. Orda da Elməddinə müraciətinin araşdırılacağı, nəticəsi barədə əlavə məlumatlandırılacağı bildirilmişdir. Sonda isə onlar Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edildikdə bu dəfə Elməddinin müraciəti əsasında həmin orqanda araşdırma aparıldığını öyrənmişlər. Məhkəmədə şahid X8 və X2 şahid X3 ifadəsinə uyğun ifadə vermişlər. İbtidai istintaqda şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, Elməddin uşaqlarının kirvəsidir. Elgiz və Aqil qardaşlarını da uzun müddət əvvəl tanımış, Elgiz və Aqil qardaşları Sumqayıt şəhəri 41a məhəllə ərazisində yerləşən avtomobil salonunda avtomobillərin satışı ilə məşğul olmuş, onların hər üçü ilə münasibətləri normal olmuş, aralarında hər hasnı ədavətləri və pis münasibətləri olmamışdır. Elməddin bir neçə dəfə Aqil və Elgiz qardaşlarından avtomobil almış, sonra həmin avtomobili başqası ilə dəyişmiş, təxminən 7-8 ay əvvəl Elməddin Aqil və Elgizdən “Hyundai Sonata” markalı avtomobil almış, həmin vaxt o da avtomobilin alış-satışında iştirak etmişdir. Zərərçəkmiş şəxs avtomobili aldıqda avtomobilin qazla işləməsini bilmiş, ancaq aradan bir həftə keçdikdən sonra Elməddin avtomobilin nasaz olduğunu, avtomobili təmir etməyin mümkün olmadığını bildirib avtomobili geri qaytarmaq qərarına gəldiyini demişdir. təxminən 2019-cu ilin fevral ayının birinci ongünlüyündə avtomobili götürüb birlikdə avtosalona gəlmişlər və Elməddin Elgizdən avtomobili ya başqa avtomobillə dəyişməsini, ya da geri götürərək pulunu verməsini tələb etmiş, Elgiz isə avtomobili salona qaytarmasını və gözləməsini, həmin müddətdə ya avtomobili satıb pulunu verəcəklərini, ya da altı ay müddətində avtomobilin pulunu hissə-hissə qaytarcaqlarını demiş, ancaq Elməddin razılaşmamış, həmin vaxt orada olan Elgizin qardaşı Aqil Elməddinin ünvanına nalayiq ifadə işlədərək onu söyüb təhqir etmiş və yumruqla Elməddini vurmuş, bundan sonra Elgizlə araya girib Aqili sakitləşdirmək istəmiş, bu dəfə Aqilin kirvəsi Emil ora gəlib yumruqla Elməddini vurmaq istəmiş, buna da imkan verməmiş, daha sonra Aqil Elməddini avtosalonun içərisinə dəvət edərək içəridə söhbət etmələrini təklif etmişdir. İçəri getdikdən sonra içəridə Emil Elməddini öldürəcəyini, onu avtomobilin yük yerinə (baqaja) soxacağını deməklə hədələmiş, Elməddin isə bundan sonra nalayiq ifadə işlətmiş və dediyini etməsini Emildən tələb etmiş, daha sonra Emil içəridə olan mətbəxə tərəf getmiş, içəridə olan Ağa adlı şəxs və adını bilmədiyi başqa bir şəxs yumruqla Elməddinin bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyməyə başlamış, bu müddətdə Emil əlində vintaçanla geri qayıdıb Elməddinin başına zərbə vurmaq istədikdə, Elməddin özünü müdafiə etmək üçün hər iki əlini baş nahiyəsinə aparıb zərbənin qarşısını almağa cəhd etmiş, Emilin əlində olan vintaçanla vurduğu zərbə Elməddinin sağ əlinə dəymiş və ona xəsarət yetirmişdir. Bundan sonra Elgizlə araya girib Elməddini həmin şəxslərin əlindən almış və aranı sakitləşdirmiş, bundan sonra Elgiz söz verərək Elməddinin heç bir yerə şikayət etməyəcəyi təqdirdə onun pulunu, yəni avtomobili almaq üçün verdiyi 24.250 manat pulu bir həftə ərzində geri qaytaracağını demiş, Elməddin Elgizlə razılaşdıqdan sonra oradan çıxıb getmişlər, sonradan Elgiz Elməddinə satdıqları ** RG *** d.q.n. “Hyundai Sonata” markalı avtomobili Elməddindən alıb, ona verməsini, özünün isə həmin avtomobili satıb Elməddinin pulunu geri qaytaracağını dediyindən avtomobili Elməddindən almış, ancaq Elgiz vədinə əməl etmədiyindən avtomobil onda qalmış, hazırda da həmin avtomobil ondadır və tanışına məxsus qarajda saxlayır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin xx.xx.2019-cu il tarixli, 411 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ əlin cırılmış yarası. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 2-3 ay əvvəl olmaqla qərarda göstərilən vaxtda yəni, 2019-cu ilin fevral ayının əvvəlində əmələ gəlməsi istisina olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-ci il tarixli, 264/2019 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs yetirilmiş xəsarət-sağ əlin cırılmış yarası-bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti barədə ilkin tibbi sənəd olmadığından konkret fikir söyləmək mümkün deyildir, lakin qərarda göstərilən vaxtda, yəni 2019-cu ilin fevral ayının əvvələrində yetirilməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs barəsində “MTE və PA” ETT Birliyinin Sumqayıt şəhər şöbəsində tərtib edilmiş 08.04.219-cu il tarixli, 411 saylı rəyin nəticəsi təsviri hissəyə uyğundur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilməyərək, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan iki ədəd “CD” disklər cinayət işində saxlanılmalıdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib,1.200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan iki ədəd “CD” diskləri cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-225/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-225/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver