Məhkəmə qərarları › İş №1(060)-225/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-225/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-225/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Çomaxtur kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı AKM modelli, “PM-7993” nömrəli, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivli silahı, 10 ədəd atəş üçün yararlı, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarını, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı əldə edib, saxlayaraq daşımaqla gəzdirmiş, 20 noyabr 2023-cü il tarixdə saat 17:47-də, Sumqayıt şəhər polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Koroğlu küçəsində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əlində tutub saxladığı, qara rəngli parça materialından olan bağlamanın içərisindən 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli, “PM-7993” nömrəli odlu yivli həmin silah, 10 ədəd atəş üçün yararlı həmin patronlar və 01 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tək yaşayır və heç kimi yoxdur. Yaşamağa yeri və maddi imkanı olmadığı üçün özü Sumqayıt şəhər polis idarəsinə yaxınlşaraq onu hər hansı bir əsasla həbs etmələrini xahiş etmişdir. Ona görə də polis əməkdaşları plan quraraq həmin plan əsasında hərəkət etməyi bildirmişlər. Plana əsasən polis əməkdaşları ona silah-sursat vermiş, taksi ilə onların dedikləri yerə getməyi tapşırmışlar. Plana əsasən o polis əməkdaşlarının dediyi kimi etmiş, yəni bir bağlamada olan silahı götürərək taksiyə minmiş, taksi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmiş və orada polis əməkdaşları taksini dayandıraraq onu saxlayıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Bundan sonra guya onun üzərində silah olması ilə bağlı şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o çox pis vəziyyətdə olduğu üçün telefonu da olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Çünki, tutulmasını özü xahiş etmişdir. Bir müddət həbsdə qaldıqdan sonra iş üzrə həqiqəti demək qərarına gəldiyi üçün özünü təqsirli bilmir. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:47 radələrində taksi avtomobilində sərnişin kimi əyləşmiş, Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olduqları zaman Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində odlu silahın əldə edilməsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən 28 May mədəniyyət evinin yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmişdir. Polis idarəsinə gətirildikdən sonra xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilmiş, əvvəlcə ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiə etmək üçün vəkil, həmçinin Azərbaycan dilində başa düşsə də, danışmaqda çətinlik çəkdiyi üçün təyin edilmiş tərcüməçi təqdim olunmuşdur. O, təqdim edilmiş vəkilə, tərcüməçiyə heç bir etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa, könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, hər iki əlində saxladığı qara rəngli parça materialdan olan bağlamanı təqdim etmiş və həmin bağlamanın içərisində bir il əvvəl Sumqayıt şəhəri ərazisində zibillikdən tapmış olduğu odlu silah avtomatın olduğunu bildirmişdir. Onun təqdim etdiyi bağlama açıldıqda içərisində ağ rəngli sintetik materialdan olan bir ədəd kisə və həmin kisənin içərisində bir ədəd qara rəngli tutacaq hissəsi isə qəhvəyi rəngli olan üzərində son rəqəmləri M7993 yazılmış Kalaşnikov tipli avtomat, bir ədəd boş halda Kalaşnikov tipli avtomata aid patron darağı və həmin kisənin içərisində göy rəngli sellofan bağlamanın içərisində olan 10 ədəd Kalaşnikov tipli avtomata aid 7,62 mm-lik patronlar aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüş və qablaşdırıldıqdan sonra möhürlənmişdir. Sorğu zamanı ondan aşkar edilmiş bir ədəd Kalaşnikov tipli avtomat, 10 ədəd Kalaşnikov tipli avtomata aid patronlar və bir ədəd boş halda Kalaşnikov tipli avtomata aid patron darağını bir il əvvəl Sumqayıt şəhər ərazisindən zibbillikdən tapdığını bildirmişdir. O, sonradan həmin silah-sursatı Sumqayıt şəhər ərazisində yerləşən erməni qəbirstanlığında yerə basdırmışdır. Bundan sonra törətdiyi cinayətə görə cəza çəkib azadlığa çıxdıqdan sonra maddi sıxıntıları ucbatından həmin silah-sursatı cəza çəkdiyi məhkum tanışlarının vasitəsi ilə satmaq üçün həmin gün basdırdığı yerdən qazıb çıxartmış və üzərində saxlamış, taksidə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra əynində olan boz rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd “Prima” sözləri yazılmış içərisində siqaret dənələri olan siqaret qutusunu və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd 10 manatlıq pul əskinasını çıxardıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən siqaret qutusunun içərisinə baxış keçirilən zaman qanunla qadağan edilmiş əşya və maddə aşkar edilməmiş, siqaret qutusu və bir ədəd 10 manatlıq pul əskinası özünə qaytarılmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilən zaman hər hansı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Onun bədən nahiyyəsində hər hansı xəsarət və xəsarət izləri aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, idarəyə gətirilərkən, habelə idarədə olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmişdir. Hər hansı şikayət və tələbi yoxdur. Taksi sürücüsü Şahid4 onun üzərində silah olmasından məlumatı olmamış və bu barədə taksi sürücüsünə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq silah və onun komplekt hissələri əldə etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və 20 noyabr 2023-cü il tarixdə axşam saatlarlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsi, 28 may mədəniyyət evinin yaxınlığında hərəkətdə olan “Toyota Corolla” markalı taksi avtomobilində olduğunu müşahidə etmişlər və buna görə də taksi sürücüsünə avtomobili saxlamasını bildirmişlər. Taksi yolun kənarında saxlamış, onlar yaxınlaşıb sürücüyə və avtomobildə arxa oturacaqda əyləşən Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq silah əldə etmə və gəzdirməsi ilə bağlı şübhəli olmasını bildirmişlər və buna görə onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Sonradan adını Şahid4 bildikləri taksi sürücüsünü də araşdırma ilə bağlı İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs və taksi sürücüsü etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmiş, idarədə Təqsirləndirilən şəxs tərcüməçi və vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, o da əlində olan bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisində bir il əvvəl Sumqayıt şəhəri ərazisində zibillikdən tapdığı odlu silah olan avtomatın olduğunu bildirmişdir. Təqdim edilmiş bağlama açıldıqda içərisində bir ədəd Kalaşnikov tipli avtomat, bir ədəd boş halda Kalaşnikov tipli avtomata aid patron darağı və 10 ədəd Kalaşnikov tipli avtomata aid patronlar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomatı, onun patronlarını və darağını bir il əvvəl Sumqayıt şəhər ərazisindən zibillikdən tapdığını, Sumqayıt şəhər ərazisində yerləşən köhnə erməni qəbirstanlığında yerə basdırdığını, törətdiyi cinayətə görə cəza çəkib azadlığa çıxdıqdan sonra silahı satmaq üçün basdırdığı yerdən çıxardığını və taksidə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən siqaret qutusunu və 10 manatlıq pul əskinasını çıxardıb təqdim etmişdir. Təqdim edilmiş siqaret qutusunun içərisinə baxış keçirilmiş, üzərində qanunsuz əşya və maddə aşkar edilməmişdir. Həmin siqaret qutusu və bir ədəd 10 manatlıq pul əskinası özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən başqa qeyri-qanuni əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş avtomat, patron darağı və 10 ədəd patronlar ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və həmin şöbənin kiçik inspektoru Şahid3 məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan bağlamanı təqdim etmiş, həmin bağlama açılan zaman içərisindən bir ədəd Kalaşnikov tipli avtomat, bir ədəd boş halda Kalaşnikov tipli avtomata aid patron darağı və 10 ədəd Kalaşnikov tipli avtomata aid patronlar aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2004-cü ildən etibarən özünə məxsus **-FK-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobili ilə Sumqayıt şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə axşam tərəfi Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yolun kənarında dayanıb müştəri gözlədiyi zaman, bir nəfər əlində qara rəngli bağlama olan cavan oğlan avtomobilin arxa qapsını açıb əyləşmiş və onu H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Esmira” şadlıq evinin yaxınlığına aparmasını xahiş etmişdir. O da H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Bir neçə dəqiqədən sonra Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən 28 may mədəniyyət evinin yaxınlığı ilə hərəkətdə olan zaman polis əməkdaşları ona avtomobili saxlamağı işarə etmişlər. Daha sonra o, avtomobili yolun kənarına verib saxlamış, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və bundan sonra avtomobilin arxa qapısını açıb arxa oturacaqda əyləşərək adını bilmədiyi müştəriyə qanunsuz odlu silah saxlamasında şübhəli olduğunu bildirmişlər. Daha sonra onu araşdırma ilə bağlı polis idarəsinə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə Sumqayıt polis idarəsinə gəlmişlər. Bundan sonra avtomobildə müştəri kimi əyləşmiş həmin şəxs barəsində araşdırma aparılmış və izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Avtomobilində müştəri kimi əyləşmiş və polis əməkdaşları tərəfindən saxlanılmış şəxsi tanımır, əvvəllər həmin şəxsi görməmiş, onunla heç vaxt münasibətdə olmamış, həmin şəxsin əlində olan bağlamanın içərisində nə olduğunu bilməmişdir. Daha sonra ona polis idarəsində olduğu zaman ona avtomobildə müştəri kimi əyləşmiş adını sonradan Rəmzi kimi bildiyi həmin şəxsin əlində olan bağlamanın içərisində odlu silah avtomat olduğu məlum olmuşdur. O, polis idarəsinə gətirilənədək bu barədə məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, idarəyə gətirilərkən və idarədə olan zaman ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, hər hansı şikayət və tələbi yoxdur. Cinayət işinin 30-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 87-90-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər iki əli ilə tutub saxladığı qara rəngli parça materialdan olan bağlamanı təqdim edərək həmin bağlamanın içərisində bir il əvvəl Sumqayıt şəhəri ərazisində zibillikdən tapdığı odlu silah olan avtomat olduğunu bildirmiş, təqdim edilmiş bağlama açıldıqda içərisində ağ rəngli sintetik materialdan olan bir ədəd kisə və həmin kisənin içərisində bir ədəd qara rəngli tutacaq hissəsi isə qəhvəyi rəngli olan üzərində son rəqəmləri M7993 yazılmış Kalaşnikov tipli avtomat, bir ədəd boş halda Kalaşnikov tipli avtomata aid patron darağı və həmin kisənin içərisində göy rəngli sellofan bağlamanın içərisində 10 ədəd Kalaşnikov tipli avtomata aid 7,62 mm-lik patronlar aşkar edilmişdir. Cinayət işinin 59-64-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN Krimnalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/883R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PM-7993 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 10 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-14266/2023 saylı məktubdan görünür ki, 01 ədəd 7,62 mm kalibrli PM-7993 №-li AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 104-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli, “PM-7993” nömrəli odlu yivli həmin silah, 10 ədəd atəş üçün yararlı həmin patronlar və 01 ədəd 7,62x39 mm kalibrli patronlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Cinayət işinin 127-133-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qimətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun qanunsuz olaraq döyüş sursatı hesab edilən odlu silah, onun komplekt hissələrini əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (aşkar edilmiş silahın ona aid olmaması, həmin silahın polis əməkdaşları tərəfindən öncədən ona verilməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş və həmçinin məhkəmə iclasında ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyi bildirmişdir. Həmçinin bildirmişdir ki, iş istintaqda olarkən müstəniq tərəfindən ona qarşı hər hansı təsir, təzyiq və məcburiyyət olmamışdır. Müstəntiqin təqdim etdiyi sənədləri heç bir təsir və təzyiqə məruz qalmadan könüllü imzalamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər iki əli ilə tutub saxladığı qara rəngli parça materialdan olan bağlamanı təqdim edərək həmin bağlamanın içərisində bir il əvvəl Sumqayıt şəhəri ərazisində zibillikdən tapdığı odlu silah olan avtomat olduğunu bildirmiş, təqdim edilmiş bağlama açıldıqda içərisində ağ rəngli sintetik materialdan olan bir ədəd kisə və həmin kisənin içərisində bir ədəd qara rəngli tutacaq hissəsi isə qəhvəyi rəngli olan üzərində son rəqəmləri M7993 yazılmış Kalaşnikov tipli avtomat, bir ədəd boş halda Kalaşnikov tipli avtomata aid patron darağı və həmin kisənin içərisində göy rəngli sellofan bağlamanın içərisində 10 ədəd Kalaşnikov tipli avtomata aid 7,62 mm-lik patronlar aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (aşkar edilmiş silahın ona aid olmaması, həmin silahın polis əməkdaşları tərəfindən öncədən ona verilməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 noyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli, “PM-7993” nömrəli odlu yivli həmin silah, 10 ədəd atəş üçün yararlı patronlar və 01 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Kalaşnikov” konstruksiyalı avtomatın komplekt hissəsi-darağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə ekspertiza xərcələri və mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli, “PM- 7993” nömrəli odlu yivli həmin silah, 10 ədəd atəş üçün yararlı patronlar və 01 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Kalaşnikov” konstruksiyalı avtomatın komplekt hissəsi-darağı hökm qanuni qüvvəyə mindikdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərcələri və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar