Məhkəmə qərarları › İş №1(060)-226/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-226/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-226/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 30.10.2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs qızının yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 52-nin həyətinə qanunsuz daxil olub həyətdən 40 (qırx) manat dəyərində üzərində “Marquis” markalı 01 ədəd “Marsu” markalı “MKP60” modelli su motorunu, həyətdə olan evin plastik pəncərəsini əli ilə sıxıb açaraq evə qanunsuz daxil olub orada evin qonaq otağından 220 (iki yüz iyirmi) manat dəyərində “Samsung” markalı “UE-32M4000” modelli televizoru gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 256-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Zərərçəkmiş şəxs və Şahid onun bibisi nəvələridir. Zərərçəkmiş şəxs boşandıqdan sonra onunla qonşuluqda yerləşən evdə yaşamışdır. O Aynurun yaşadığı evdən oğurluq etmək üçün 30.10.2020-ci il tarixdə günorta radələrində daş hasardan aşaraq Aynurun yaşadığı evin həyətinə daxil olmuşdur. Bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra həyətdə olan evin qarşısında olan su borusunun küncündə bərkidilmiş su mühərrikini və mühərrikin üzərinə bərkidilmiş gidrafonu borudan ayıraraq yerindən çıxarıb oğurlamışdır. Daha sonra həmin evin mətbəxinin plastik pəncərəsinin açıq olduğunu görüb oradan içəri daxil olmuş və qonaq otağında divara bərkidilmiş “Samsung” markalı televizoru divardan sökərək özü ilə götürmüş və həmin evdən çıxıb getmişdir. Oğruladığı su matorunu və gidrafonu yaşadığı evin həyətində anbar kimi istifadə etdiyi otaqda gizlətmişdir. Həmin günün səhərisi həmin televizoru Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsə 50 (əlli) manata satmışdır. Sonradan polis əməkdaşları onu saxlayaraq polis bölməsinə baş vermiş hadisə ilə bağlı apardıqda etdiyi əməli etraf etmişdir və su matrou ilə gidrofonu könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq olan evdə yaşamışdır, 2-3 aydır ki, Bakı şəhərində kirayədə yaşayır. Bakı şəhərinə gedəndə bir çox əşyaları özü ilə aparmışdır. Həmin evdə isə yalnız ona məxsus olan “Samsung UE- 32M4000” modelli 82 dioqanallı televizoru qalmışdır. Təqsirləndirilən şəxsla qohumdurlar. 02.11.2020-ci il tarixdə onun xarici pasportu H.Zeynalabdin qəsəbəsindəki evdə qaldığı üçün götürmək məqsədi ilə bacısı Şahid həmin günü saat 15:50 radələrində evə getmişdir. Bacısı evin qapısını açaraq içəri daxil olub ona məxsus pasportu götürdükdən sonra onun 28.04.2019-cu ildə Bakı şəhəri, H.Aslanov metrostansiyasının yaxınlığında yerləşən Soliton mağazasından 540 manata aldığı Samsung televizorunun divarda olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmişdir. Bundan sonra bacısı Zəhra mətbəxin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Sonra həyətə baxdıqda həyəti su basdığını bilmişdir. Suyun haradan axmağını bilmək üçün həyətə çıxdıqda görmüşdür ki, həyətə plastik su borularına birləşdirilmiş göy rəngli, üzərində “Marquis” markalı gidrafor yerləşdirilmiş bir ədəd “Marsu” markalı su mühərriki də su borularından dartılaraq sındırılmaqla oğurlanmışdır. Bundan sonra bacısı Zəhra bununla bağlı ona zəng etmişdir. O, isə öz növbəsində baş verən hadisə ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. O, təhqiqat müddətində izahat verə bilmədiyi üçün bacısı Şahid oğurlanmış əmlakın ona məxsus olduğunu demişdir. Əslində oğurlanmış əmlaklar ona məxsusdur. Baş verən hadisə nəticəsində ona 620 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, əvvəllər həmin evdə yaşamışdır. Təxminən iki aya yaxın bir müddət olar ki, həmin evdən çıxıb hal-hazrkı ünvanda kirayə yaşayır. Onlar ailəvi olaraq Bakı şəhərinə köçən zaman evdə olan bütün əşyalarını özləri ilə aparmışlar. Həmin evdə isə yalnız bacısına məxsus olan “Samsung UE-32M4000” modelli 82 dioqanallı televizoru qalmışdır. 02.11.2020-ci il tarixdə bacısının xarici pasportu H.Zeynalabdin qəsəbəsindəki evdə qaldığı üçün götürmək məqsədi ilə o, həmin günü saat 15:50 radələrində evə getmişdir. O, evin qapısını açaraq içəri daxil olduqda bacısı Zərərçəkmiş şəxs məxsus pasportu götürdükdən sonra bacısının 28.04.2019-cu ildə Bakı şəhəri, H.Aslanov metrostansiyasının yaxınlığında yerləşən Soliton mağazasından 540 manata aldığı Samsung televizorunun divarda olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmişdir. Bundan sonra o, mətbəxin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Sonra həyətə baxdıqda həyəti su basdığını görmüşdür. Suyun haradan axmağını bilmək üçün həyətə çıxdıqda görmüşdür ki, həyətə plastik su borularına birləşdirilmiş göy rəngli, üzərində “Marquis” markalı gidrafor yerləşdirilmiş bir ədəd “Marsu” markalı su mühərriki də su borularından dartılaraq sındırılmaqla oğurlanmışdır. Bundan sonra o, bununla bağlı bacısı Aynura zəng edib məlumat vermişdir. Bacısı isə öz növbəsində baş verən hadisə ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Bacısı Zərərçəkmiş şəxs təhqiqat müddətində izahat verə bilmədiyi üçün o, oğurlanmış əmlakın özünə məxsus olduğunu bildirmişdir. Əslində oğurlanmış əmlaklar bacısına məxsus olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 dekabr 2020-ci il tarixli 9/4947 saylı rəyindən görünür ki, 28.04.2019-cu il tarixdə alınmış, həmin vaxtdan istifadə edilən “Samsung” markalı UE-32M4000 modelli, 82 dioqanallı televizor 220,0 (iki yüz iyirmi) manat, üzərində “Marquis” markalı gidrofon olan 1 ədəd “Marsu” markalı “MKP60-1” modelli su matoru 40,0 (qırx) manat qiymətləndirilir. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən və fotoşəkilləri təqdim edilmiş malların istifdədə olunması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 260,0 (iki yüz altmış) manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini və əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ilə məhkəmə istintaqından yayındığı üçün Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq Təcridxanasının 17/40-1533 saylı 22.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşlar tərəfindən tutularaq 21.04.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdən həbsdə saxlanıldığı 2 (iki) ay 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Marquis” markalı gidrofon olan 1 ədəd “Marsu” markalı “MKP60-1” modelli su matoru Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli (iş № 1(060)-226/2021) qərarını icra edərək, 23 fevral 2021-ci il tarixli 184 saylı orderinə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdən 22.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 06 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, ev 81 ünvanında tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Marquis” markalı gidrofon olan 1 ədəd “Marsu” markalı “MKP60-1” modelli su matoru Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar