Məhkəmə qərarları › İş №1(060)-228/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-228/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-228/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində yaşadıqları Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 17/29, mənzil 99 ünvanında evin içərisində ailəməişət zəminində baş vermiş mübahisə zamanı keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs əl zərbələri ilə vuraraq, sağ alın nahiyyəsini əhatə edən dərialtı hematoması, burun belinin və burunun sağ yan səthini əhatə edən qançırı xəsarətlərini yetirərək vətəndaş Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuşdur və birgə nikahlarından bir övladları dünyaya gəlmişdir, hadisə vaxtı Rumiyə 9 aylıq hamilə olmuşdur. Onlar ailə həyatı qurduğu vaxtdan aralarında bir neçə dəfə ailə-məişət zəminində münaqişə baş vermişdir. xx.xx.2021-ci il tarixdə özünə məxsus Mercedes C klass markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı X1 adına keçirtmişdir. Həmin gün evə gələn zaman həyat yoldaşı Rumiyəyə avtomobilini qardaşının adına sənədləşdirdiyini demişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 09 radələrində evdə olan zaman həyat yoldaşı Rumiyə ona "niyə avtomobili qardaşının adına sənədləşdirmisən" deyə bildirmişdir. Bu zaman onunla aralarında mübahisə yaranmış və mübahisə zamanı Rumiyə söhbəti böyütdüyü üçün əsəbləşərək yumruq və sillə zərbələri ilə sifət nahiyyəsinə vurmağa başlamış və bu zaman onun burnundan qan gəlməyə başlamışdır. Bundan sonra o evdən çıxaraq getmişdir. Daha sonra isə evə gəlmiş və görmüşdür ki, həyat yoldaşı Rumiyə evdən çıxaraq anasıgilə getmişdir. Həmin vaxt yanlarında heç kim olmamış, səs-küyə qonşulardan və kənardan hər hansısa bir şəxs gəlməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2015-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş və birgə nikahlarından bir övladları olmuş, hadisə vaxtı 9 aylıq hamilə olmuş, hazırda bir uşaqları da doğulmuşdur. Onlar ailə həyatı qurduqları aralarında bir neçə dəfə ailə-məişət zəminində münaqişə baş vermişdir. 2019-cu il tarixdə o, Turaldan boşanmaq üçün məhkəməyə müraciət etmiş və onlar rəsmi qaydada ayrılmışlar. Sonra isə Turalın təkidi və ailələrinin istəyi ilə onlar barışaraq birlikdə yaşamağa başlamışlar. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı Tural özünə məxsus Mercedes C klass markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı X1 adına keçirtmişdir. O, isə bunu öyrənən zaman ona heçnə deməyib, öz işi ilə məşğul olmağa başlamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 09 radələrində evdə olan zaman həyat yoldaşı Turala "işə gedəndə məni də həkimə apararsan" deyə bildirmişdir. Bu zaman Tural heç bir səbəb olmadan ona avtomobilini qardaşının adına sənədləşdirdiyi üçün sifət etdiyini əsassız olaraq deyib, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Tural ani bir vəziyyətdə yumruq zərbələri ilə sifət, baş və bədən nahiyələrinə vuraraq ona xəsarət yetirmiş və sonra evdən çıxaraq getmişdir. O isə həmin vaxt evdən çıxaraq taksi ilə anası Şahid yaşadığı evə getmiş və orada anasına başına gələn bütün hadisələri danışmışdır. Həmin vaxt onun xəsarətlərinin olduğunu görən anası Tural ilə telefon əlaqəsi saxlamışdır. Bu zaman o Turalın bu hərəkətinə görə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra isə ərizə ilə müraciət edərək ondan şikayətçi olmuşdur. Mübahisə zamanı yanlarında heç kim olmamış, səs-küyə qonşulardan və ya kənardan hər hansısa bir şəxs gəlməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 153 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Hacıağa qızının bədənində aşağıdakı xəsarətlər vardır: sağ gözətrafını və sağ alın nahiyəsini əhatə edən dərialtı hematoması, burun belini və burnun sağ yan səthini əhatə edən qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər. Özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 13-14) İş materiallarında olan xx xxxx 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında olan nikah pozulmuşdur. (i.v 15) İş materiallarında olan 8 saylı mənzil kommunal sahəsinin xx.xx.2021-ci il tarixli 329 saylı arayışından görünür ki, ünvan 1 ünvanında Təqsirləndirilən şəxs birlikdə İsmayılov İsfəndiyar Məhərrəm oğlu, İsmayılova Hicran Ələkbər qızı, X2, Zərərçəkmiş şəxs, X8 oğlu, X3 qeydiyyatdadır və yaşayır.(i.v 29) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 30) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 523 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v 34) İş materiallarında olan Sumqayıt 3 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 81 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 35) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 46) Beləliklə, Təqsirləndirilən şəxs oğlunun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar