Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-228/2025 07.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 265 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 13:28-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən «Qayalı» marketin yaxınlığında Sumqayıt ŞPİ- nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin ərazidə yerləşən sahə məntəqəsinə gətirilmiş və orada üzərinə baxış aparılarkən əynindəki şalvarın sağ yan kəmərlik hissəsində saxlamış olduğu skoçla bağlanılmış 01 ədəd qara rəngli selofan bükümdə təmiz çəkisi 265 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, H.Z.Tağıyev qəsəbəsində saat 11.00 radələrində bağda tək işlədiyi zaman qapısı döyülmüş, qapını döyən şəxs ondan narkotik vasitə istifadə edib-etməməsini soruşmuş, cavab olaraq narkotik vasitədən istifadə edən olduğunu bildirdikdən sonra ona getməli olduğu bildirilmiş və 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. 2-ci polis bölməsinin əməkdaşlarına təhvil verilmiş, polis bölməsində üzərinə narkotik vasitə qoyulmuş, qeyri-rəsmi yaşadığı qadının da məsuliyyətə cəlb ediləcəyi ilə bağlı təhdidlər edildiyi üçün polislərlə razılaşmış, sonradan “Qayalı” marketin yaxınlığına aparılaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Baş verənlərlə bağlı müvafiq orqanlara şikayət etməmiş, müdafiəçisinə heç nə deməmiş, lakin müstəntiq Murada məlumat vermiş, müstəntiq tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Sənədlərə sərbəst özü imza etmişdir. Təqsirləndirilən şəxs çıxışında məhkəmədən qərar qəbul edərkən müalicə almasını və narkotik vasitənin ona məxsus olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçidir. xx.xx.2024-cü il tarixdə saat 13:28 radələrində o, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən «Qayalı» marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün onu saxladıqlarını və üzərinə baxış keçirtmək istədiklərini bildirmişlər. O, da etiraz etməmiş və videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilərkən, ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş və təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan kəmərlik hissəsində saxlamış olduğu skoçla bağlanmış 01 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüş, daha sonra isə elektron tərəzidə çəkisi müəyyən edilmişdir. Həmin vaxt bükümdəki kütlənin çəkisinin 340 olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin marixuana sübut əhəmiyyətinə malik olduğu üçün tədbir iştirakçıları tərəfindən götürülmüş, müvafiq qayadada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra o, müvafiq sənədləşdirmə işlərinin aparılmasından ötrü üzərindən götürülmüş maddi sübutlar ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində inspektor-kriminalist videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə 2-ci PB-da videoçəkiliş davam etdirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiə etməsi üçün vəkil təqdim olunmuş, həmin şəxs bildirişlə tanış olaraq, vəkilə etiraz etməmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1 onun üzərindən aşkar edilərək götürülmüş skoçla bağlanmış 01 ədəd qara rəngli sellofan bükümü açdıqda içərisində marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş zərfdəki marixuananın özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhəri 20 yanvar metrosu ərazisindən 50 manata aldığını, polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri insani rəftara məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış mariuxanm olduğu ağ rəngli zərf açılan zaman zərfin içərisində həqiqətəndə qara rəngli sellofana bükülmüş bağlamada marixuana olduğu görülmüşdür. Həmin marixuana tərəzidə çəkilən zaman bağlama ilə birlikdə çəkisinin 320 qram olduğu müəyyən edilmiş və yenidən ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılaraq, möhürlənmiş, zərf ilə birlikdə təkrar elektron tərəzidə çəkilmiş və çəkisinin 340 qram olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılmış və o, da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Eləcə də,o, ifadəsində marixuananı xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri 20 yanvar metrosu ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını, narkotik vasitə olan mariuxananı aldığı şəxsin anket məlumatlarını bilmədiyini, həmin şəxslə təsadüf nəticəsində tanış olduğunu, marixuananı özü istifadə edəcəyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanılarkən, ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində ona fiziki təzyiq olmamış və hər hansı zorakılığa məruz qalmamışdır. Lakin, birgə yaşadığı xanımla bağlı tədbir görüləcəyi deyildiyi üçün narkotik vasitənin ona məxsus olması ilə razılaşmış və etiraf edici ifadələr vermişdir. Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nın rəis müavini vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 13 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs gəldiyini görərək videoçəkiliş ilə ona yaxınlaşmış və onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özü 01 ədəd qara rəngli sellofan bükümü təqdim etmiş, bükümün “nəşə” olduğunu bildirmişdir. Videoçəkiliş dayandırılmadan sahə məntəqəsində davam etdirilmiş, sahə məntəqəsində olan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofanın içərisindən yaşıl rəngli ot kütləsinin olduğu aşkar olunmuş, çəkilmiş, qablaşdırılmış və Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gəlmişlər. Polis bölməsində müdafiəçinin iştirakı, videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid4nyn ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 10-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13.28-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 07A-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 01 bükümdə olan maddəni təqdim edərək narkotik vasitə olan “nəşə” olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,340 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 29-30-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli “təqdim olunan əşyaların götürülməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kəmərlik hissəsində saxlamış olduğu 01 ədəd üzəri yapışqan lentlə əhatə olunmuş qara rəngli sellefona bükülmüş ümumi təmiz çəkisi 265 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1851 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ““Təqsirləndirilən şəxs oğ:............. ” yazılar və imzalar olan kağız paketdə l(bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 265,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır Qeyd: Marixuananın təmiz çəkisi – 265 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 264,95 qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir. Cinayət işinin 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7379 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-88-ci vərəqələrində olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 265 olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 264,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 106-113-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 78-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 81-84-ci vərəqələrində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qırarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası xx.xx.2024-cü il tarixdə başa çatan Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə çəzasının çəkilməmiş qalan 01 ay hissəsindən 01 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuanani əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə özü heç bir orqana şikayət və vəsatət verməmişdir. Həmçinin, ifadəsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor tətbiq edilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, mülki geyimli şəxslər videoçəkiliş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək özünü təqdim etməsini istəyirlər. Təqsirləndirilən şəxs vəkillə təmin olunmaq hüququnun olduğunu bildirilir və Təqsirləndirilən şəxs bundan imtina edir. Daha sonra Şahid1 həmin şəxsə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarın sağ yan kəmərlik hissəsində saxlamış olduğu yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli sellofan bükümü təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu soruşulduqda üzərindən aşkar edilən həmin bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin maddəni çəkmək üçün Bakı şəhərindən 50 manata əldə etdiyini bildirir. Şahid1 tələbi ilə videoçəkiliş dayandırılmadan hava şəraiti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs saxlandığı yerə yaxın ərazidə yerləşən sahə məntəqəsində davam etdirilir. Sahə məntəqəsində olan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli büküm Şahid1 tərəfindən açıldıqda sellofanın içərisindən yaşıl rəngli ot kütləsinin olduğu aşkar olunur. Təqsirləndirilən şəxs yenidən həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin narkotik vasitə “nəşə” olduğunu, həmin narkotik vasitə olan marixuananı Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında olan zaman tanımadığı şəxsdən istifadə etmək üçün 50 manata şəxsi istifadəsi üçün aldığım bildirir. Zərfin üzərinə müvafiq qeydlər aparıldıqdan sonra həmin büküm qablaşdırılır və zərf möhürlənir. Təqsirləndirilən şəxsn üzərindən aşkar olunmuş marixuananı elektron tərəzidə çəkilir və maddənin çəkisinin ağ rəngli zərflə birlikdə 340 qram olduğu müəyyən edilir. Şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən diskə baxış keçirilərək, müəyyən edilmişdir ki, təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olmadığını bildirir və üzərinə şəxsi axtarış keçirilir, belə bir predmet aşkar edilmir. Daha sonra təhqiqatçı bir ədəd üzərində müvafiq qeydlər aparılmış ağ rəngli möhürlənmiş zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman təqdim etdiyi 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğunu bildirir. Təhqiqatçı həmin ağ rəngli möhürlənmiş zərfi açaraq 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsini elektron tərəzidə çəkir və çəkisinin qara rəngli sellofan ilə birlikdə 320 qram olduğu müəyyən edilir. Daha sonra yenidən ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılaraq, möhürləndi, zərf İlə birlikdə təkrar elektron tərəzidə çəkildi və çəkisinin 340 qram olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin ona məxsus olduğunu, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən «Qayalı» marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılan zaman əynindəki 7 göy rəngli cins şalvarımın sağ yan kəmərlik hissəsində saxlamış olduğu “nəşə” adlanan narkotik vasitəni təqdim etdiyini, həmin maddəni Bakı şəhəri 20 yanvar metrosu ərazisində olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını bildirir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, həmçinin cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 12 noyabr 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdən 12 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2025-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7379 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 264,95 qram narkotik vasitə olan olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdən 14 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 264,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sunqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-228/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-228/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver