Məhkəmə qərarları › İş №1(060)-229/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-229/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-229/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.02.2021-ci il tarixli qərarı ilə 02 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 89-da qeydiyyatda olan, ünvan 1-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanında ailə məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs əl zərbəsi ilə vuraraq sonuncuya burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi və qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 06.02.2021-ci il tarixdə saat 17:30 radələrində o, ailə üzvləri ilə birlikdə evdə idi. Atası Zərərçəkmiş şəxs evdə bir qədər spirtli içkilər qəbul etmiş və bacısına 10 manat verəndən sonra anası zarafatçasına “mənə də 2 manat ver nolar” sözlərini atası Həşimə deyəndə atası elə bildi ki, anası pulu ona görə istəyir, bundan sonra Həşim “nəyə görə məndən pul istəyirsən” atasına deyib içkili vəziyyətdə anası ilə mübahisə etməyə başlamış, mübahisə zamanı atası Həşim anası Mahirəni itələmiş və sonra söyməyə başlamışdır. Ona irad bildirəndən sonra aralarında mübahisə yaranmış və mübahisə zamanı əl zərbəsi ilə atası Həşimin burun nahiyyəsindən vurub Həşimi kənara itələmişdir. Bundan sonra Həşim evdən çıxıb getmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06.02.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində yaşadıqları ünvanda olan zaman oğlu Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə onun içkili vəziyyətdə söyüş söyməsinə görə yaranmış və həmin vaxt Yusif yumruq zərbəsi ilə burun nahiyyəsindən vurmuşdur. Həmin vaxt evdə olan həyat yoldaşı onları ayırmışdır. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 08.02.2021-ci il tarixli, 168 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi və qançırı vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 06.02.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 12.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 12.08.2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 13.06.2019-cu tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 01 il 02 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər tutulmaqla hesablanaraq, 07 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən məhkuma 11.03.2021-ci il tarixli qərarla təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 05 ay 01 gün müddət həmin qərarla ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar