Məhkəmə qərarları › İş №1(060)-229/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-229/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-229/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə, saat 20 radələrində tanışı Şahid2 ilə sonuncuya məxsus “VAZ 21015” markalı, 10 GT-215 dövlət nömrə nişanlı avtomaşınla Sumqayıt şəhəri, 49-cu məhəllə, Dəmiryolu vağzalının yanında yerləşən “Aİ 97” yanacaq doldurma məntəqəsində yanacaq doldurarkən orada operator işləyən Zərərçəkmiş şəxs yanacağı doldurub qurtardıqdan sonra yanacaq çəninin qapağını açıq vəziyyətdə qoymasına görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə təhqir etməsi səbəbindən həmin gün, saat 21:00 radələrində qeyd olunan yanacaq doldurma məntəqəsinə tək gəlib qərəzli hərəkətlər edərək ictimai yer hesab olunan yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxsla bir neçə saat əvvəl aralarında baş vermiş mübahisə zamanı onun ünvanına deyilmiş nalayiq ifadəni bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi və “Aİ 97” yanacaq doldurma məntəqəsinin iş rejimini pozmaqla orada olan işçilərin və ətrafda olan şəxslərin gözü qarşısında əlində olan taxta parçasından silah qismində istifadə etməklə sonuncunun bədən nahiyyəsinə həmin taxta parçası ilə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sağ saidin, sağ baldırın və bel nahiyəsinin dərialtı hematomalarından ibarət xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, CM-nin 128-ci maddəsi təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, Elçinlə birlikdə Sumqayıt şəhəri, Novxanı ərazsindəki dənizə getmişlər. Bir qədər çimdikdən sonra o, Elçinə məxsus **-GT-*** dövlət nömrə nişanlı Vaz 21015 markalı avtomaşına minərək hərəkətə başlamışlar. Onlar Sumqayıt şəhəri, 49-cu məhəllə, Dəmiryol Vağzalının yanında yerləşən “Aİ 97” YDM-də Elçinin maşınına benzin vurmaq üçün oraya daxil olmuşlar. Həmin vaxtı sonradan adını bildiyi Zərərçəkmiş şəxs onların yanına gəlib. Elçin çıxarıb ona 5 manat pul verib ki, həmin pulu operatora versin, operator benzin vursun. O da 5 manatı Faiqə verərək benzin vurmasını xahiş etmişdir. Faiq maşının benzin bakına aparatın tapançasını daxil etmiş və daha sonra kənara gedib başqa adamlarla söhbət etməyə başlamışdır. Benzin dolduqdan sonra onlar tələsdiklərindən Faiqdən gəlib tapancanı bakdan çıxartmasını xahiş etmişlər. Bu zaman Faiq benzin dolduran tapancanı çıxardıb ondan yenidən pul tələb etmişdir. O da ona bayaq 5 manatı verdiyini söyləmişdir. Faiq də onunla mübahisə etməyə başlamış və ona pulu vermədiyini bildirmişdir. Həmin vaxtı yanında olan Elçin də pulu verdiyini söylədi və orada işləyən adını bilmədiyi şəxs də pulun verildiyini söylədi. Bundan sonra o da əsəbləşmiş və Faiqlə sözlə mübahisə etməyə başlamışdır. Onlar Elçinlə birlikdə yanacaq doldurma məntəqəsindən çıxan zaman Faiqin benzin bakını qapağını bağlamadığını görmüşlər və onun əynində şortik olduğuna görə maşından düşməmiş və Faiqi çağırıb qapağı bağlamasını Faiqə söyləmişlər. Bu zaman Faiq qəfildən ona “düş qapağı özün bağla” söyləmiş və onun əynində şortik olduğu üçün maşından düşməmiş və Elçin özü düşüb bağlamışdır. Bundan sonra Faiq qəfildən onların ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. O da yenə şortikdə olduğu üçün maşından Faiqə onları rahat buraxmasını söyləmişdir. Faiq yenə onu nalayiq sözlərlə təhqir etmişdir. Bu zaman Elçin maşını sürüb oradan onu aparmış və o evə gəlmiş, paltarını dəyişmiş və saat 21 radələrində o, həmin yanacaq doldurma məntəqəsinə geri gəlmişdir. Uzaqdan Faiqin yanında bir nəfər şəxslə bıçaqla meyvə kəsdiyini görmüş və Faiqin onu bıçaqla vuracağından ehtiyyat edərək bu zaman məntəqənin yanında olan moykada yerdən taxta parçasını götürmüşdür. Daha sonra Faiqə yaxınlaşmış, nə səbəbə onu təhqir etdiyini deyən zaman Faiq yenə də onun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. O da bu zaman əsəbləşib Faiqin bədən nahiyyəsinə 1 dəfə taxta ilə zərbə vurmuşdur. Faiq bu zaman geri çəkilib onu yenə təhqir etməyə davam etmişdir. Bundan sonra yanacaqdoldurma məntəqəsinin müdiri kimi özünü təqdim edən adını bilmədiyi şəxs oraya gəlmiş, həmin şəxs onu sakitləşdirib və o da oradan çıxıb getmişdir. O, hadisə zamanı əlində olan taxta parçası ilə Faiqi söydüyü söyüşə görə 1 dəfə zərbə endirmişdir. Faiq hadisə zamanı onu vurmamışdır. Hadisə 3-5 dəqiqə davam etmiş, ətrafda kənar şəxslər toplaşmamışdır. Hadisə zamanı orada Faiqin yanında işləyən bir nəfər şəxs və həmin yanacaqdoldurma məntəqəsinin müdirinin də orada olduğunu bildirmişdir. O, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Himayəsində azyaşlı övladları vardır, anası xəstədir. Məhkəmədən barəsində minimum həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədən gələndən sonra başında problemlər vardır. Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən “Aİ 97” yanacaq doldurma məntəqəsində operator işləyir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o yanacaqdoldurma məntəqəsində olan zaman VAZ 21015 markalı **-GT-*** dövlət nömrə nişanlı avtomaşının YDM-yə daxil olduğunu görmüşdür. Həmin avtomaşına yanacaq doldurduqdan sonra fikirli olduğu üçün maşının sahibi, sonradan adını bildiyi Elçin adlı şəxsdən pulu alıb almadığını soruşmuş, bu zaman Elçinin yanında əyləşən sonradan adını bildiyi Elşad adlı şəxs onunla kobud danışıb və nəticədə aralarında sözlə mübahisə yaranmağa başlayıb. Bu zaman Elşad avtomaşından düşüb onunla mübahisə etmək istəyən zaman yanacaqdoldurma məntəqəsində olan tanımadığı şəxslər araya girmiş və Elşad da maşına əyləşib oradan uzaqlaşmışdır. Həmin günü təxminən saat 21 radələrində o, yanacaq doldurma məntəqəsində olan zaman Elşad adlı şəxs oraya əlində taxta parçası ilə gəlmiş və onun ünvanına nalayiq sözlər işlətməyə başlamış və daha sonra həmin taxta parçası ilə onun bədən nahiyəsinə bir neçə dəfə zərbələr vurmuşdur. Bu zaman o oradan qaçıb təcili yanacaq doldurma məntəqəsində olan mühafizə polisi düyməsini basmış və bu zaman Elşadın oradan qaçdığını bildirmişdir. Hazırda təqdirləndirilən şəxslə barışmışdır, şikayətçi deyildir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən Aİ 97 yanacaq doldurma məntəqəsində operator işləyib. Faiq də onunla birgə həmin yerdə operator kimi çalışıb. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, yanacaq doldurma məntəqəsində olan zaman Faiqlə meyvə yeyirmişlər. Həmin vaxtı sonradan adını bildiyi Elşad adlı şəxs əlində taxta parçası ilə oraya gələrək Faiqə nə səbəbə onu söydüyünü demiş və taxta parçası ilə Faiqin bədən nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. Bu zaman o və mühafizəçi Gülməmməd cəld araya girib Elşadı kənara çəkmiş və həmin vaxtı Faiq də yanacaq doldurma məntəqəsinin içində olan Mühafizə polisinin düyməsini basmışdır. Bu zaman Elşad oradan qaçmışdır. O, ifadəsində qeyd etmişdir ki, hadisə zamanı Elşad əlindəki taxta parçası ilə Faiqin bədən nahiyəsinə zərbələr vursa da Faiq Elşadı vurmamış və ona toxunmamışdır. Hadisə zamanı heç bir əmlaka ziyan dəyməmişdir. Hadisə 3-4 dəqiqə davam etmişdir. Ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə Sumqayıt şəhəri, 49-cu məhəllə yerləşən Aİ 97 yanacaq doldurma məntəqəsinin içərsində baş vermişdir. Hadisə zamanı o və Gülməmməd orada olmuşlar. Onlar yalnız aralayıblar. X5 arasında olan söhbətdən xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, təxminən 3-4 aydır ki, Elşadı tanıyır. xx.xx.2023-cü il tarixdə o, Elşadla birlikdə dənizə çimməyə getmişlər. Oradan qayıdan zaman təxminən saat 20 radələrində avtomaşına yanacaq doldurmaq üçün Sumqayıt şəhəri, Dəmiryol Vağzalının yaxınlığında yerləşən “Aİ97” YDM-yə daxil olmuşlar. Bu zaman Elşad da onun yanında əyləmişdir. Həmin vaxtı o, Faiqə 5 manat pul verib ki, maşına benzin vursun. Bu zaman Faiq maşına benzini vurub qutardıqdan sonra başı söhbətə qarışdığından benzin vuran aparatı maşından gec çıxartmışdır. Daha sonra ona yaxınlaşıb pulu verib vermədiyini soruşan zaman o, əvvəlcədən pulu verdiyini deyib. Bu zaman oradan uzaqlaşanda avtomaşının yanacaq çəninin açıq vəziyyətdə qaldığını görüb Faiqə öz iradını bildirmişdir. Bu zaman söhbətə Elşad müdaxilə etmiş, həmin vaxtı Elşadla Faiq arasında sözlə mübahisə yaranıb. Orada olan tanımadığı şəxslər araya girib Elşad və Faiqi sakitləşdiriblər. Elşad maşına əyləşmiş və o da maşını oradan sürüb getmişdir. Onlar maşında olan zaman Elşad arxaya qayıdıb gəlib Faiqlə söhbət edəcəyini ona bildirmişdir. O, Elşadı yaşadığı evə düşürtmüşdür. Daha sonra Elşaddan heç bir məlumatı olmayıb. Sonradan Elşadın həmin YDM-nə qayıdaraq Faiqi vurmasını eşitmişdir. O, ifadəsində qeyd etmişdir ki, hadisə zamanı o hadisə yerində olmamışdır. Sonradan Elşad oraya gedib Faiqlə dava etmişdir. Eşitdiyinə görə Elşad Faiqin bədən nahiyyəsinə taxta ilə vuraraq ona xəsarətlər yetirmişdir. Şahid2 teleqramla məhkəməyə müraciət edərək xəstəliyi üzündən məhkmədə iştirak edə bilməyəcəyini, polisə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Dəmiryol Vağzalının yaxınlığında yerləşən “Aİ 97” YDM-də mühafizəçi işləyir. Faiq həmin yanacaq doldurma məntəqəsində opertor vəzifəsində çalışıb. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, işdə olan zaman Faiqin adını sonradan bildiyi Elşad adlı şəxslə sözlə mübahisə etdiyinin şahidi olub. Bundan sonra Elşad yanında gəldiyi adamla maşınla oradan çıxıb getmişdir. Təxminən saat 21 radələrində Elşad adlı şəxs əlində taxta parçası ilə yenidən yanacaq doldurma məntəqəsinə gəlmiş, Faiqin onu nə səbəbə söydüyünü soruşmuş və əlindəki taxta parçası ilə Faiqin bədən nahiyyəsinə bir neçə dəfə zərbələr endirmişdir. Bu zaman o və Alqayıt cəld araya girmiş və Elşadı kənara çəkmiş və həmin vaxt Faiq də yanacaq doldurma məntəqəsinin içərisində olan Mühafizə polisinin düyməsini basmışdır. Bu zaman Elşad oradan qaçmışdır. O, ifadəsində qeyd etmişdir ki, hadisə zamanı Elşad əlindəki taxta parçası ilə Faiqin bədən nahiyyəsinə zərbələr vursa da Faiq Elşadı vurmamış və ona toxunmamışdır. Hadisə zamanı heç bir əmlaka ziyan dəyməmişdir. Hadisə 3-4 dəqiqə davam etmişdir. Ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə Sumqayıt şəhəri, 49-cu məhəllə yerləşən Aİ 97 yanacaq doldurma məntəqəsinin içərsində baş vermişdir. Hadisə zamanı o və Alqayıt orada olmuşlar. Onlar yalnız Faiqlə Elşadı aralayıblar. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dəvət edilərək dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 bildirdi ki, Təqsirləndirilən şəxs tanımır, yalnız təhqiqat materiallarında görmüşdür, təhqiqat araşdırması zamanı mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq dəvət etmiş, lakin o, işi olduğunu bildirərək gəlməmiş, təhqiqat araşdırması bitdikdən sonra materialları istintaq orqanına göndərmişdir. Hadisə barədə videogörüntüləri məhkəməyə təqdim edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1045 saylı, xx.xx.2023-cü rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ saidin, sağ baldırın və bel nahiyyəsinin dərialtı hematomaları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərəvurmaya aiddir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin vət. Zərərçəkmiş şəxs tərəfindən yetirilməsi inandırıcı deyil. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən CM-nin 29,149.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətunə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 04 ilədək artırılmış, xx.xx.2017ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Suqmayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan məhkəmə iclası zamanı baxış keçirilmiş videogörüntülərdən görünür ki, 05 videogörüntü vardır. Videogörüntü xx.xx.2023-cü il tarixdə saat 20:59 radələrində qeydə alınmışdır. Təqsirləndirilən şəxs yolun kənarında olan ağacların arxasından çıxaraq əlində taxta parçası ilə yanacaq doldurma məntəqəsinə yaxınlaşır. Yanacaq doldurma məntəqəsində olan dörd nəfər şəxs Təqsirləndirilən şəxs qarşısını kəsərək onu kənarlaşdırmağa, əlindəki taxta parçasını almağa çalışır. Təqsirləndirilən şəxs əlindəki taxta parçası ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə zərbə vurur, Zərərçəkmiş şəxs qaçaraq yanacaq doldurma məntəqəsinin içərisinə girir və mühafizə polisi düyməsinə basır. Təqsirləndirilən şəxs da onun ardıyca gələrək içəri girməyə çalışır, daha sonra oradan uzaqlaşır. Həmin vaxt ətrafdan kənar şəxslərin keçdiyi və toplaşdığı müşahidə olunur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.202444-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər məhkəməsinin icraatında olan AZ.CM-nin 221.3-cü məddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs qızı X1 ərizə ilə müraciət edərək özünün və ailə üzvülərinin mütəmadi olaraq atası Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qaldığını, həyatlarının təhlükə olduğunu bildirmişdir. Faktla bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-də araşdırma aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, qeydə alınmış video görüntüyə və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd yaddaş kartı cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan bir ədəd yaddaş kartı cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar