Məhkəmə qərarları › İş №1(060)-23/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-23/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-23/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında 26.11,1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən. Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu işlədikləri "xxxx" zavodunda anbardar vəzifəsinə keçirəcəyini yalan vədd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, Zərərçəkmiş şəxs birinci dəfə 2020-cu ilin dekabr ayının əvvəllərində saat təxminən 21:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində görüşərək 3000 (üç min) manat, ikinci dəfə 10 gün sonra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində "xxxx" zavodunun yaxınlığında 2500 (iki min beş yüz) manat, bir həftə sonra yenə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində görüşərək 1500 (bir min beş yüz) manat, sonuncu dəfə 2020-ci ilin dekabr ayının sonlarında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Elmar” marketin yaxınlığında görüşərək 1200 (bir min iki yüz) manat pulunu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 8200 (səkkiz min iki yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən 2021-ci ilədək Sumqayıt şəhəri ərazisində yerləşən "Socar Polimer” MMC şirkətində logistikada bayraqdar vəzifəsində işləmiş və müqavilə sona çatdığı üçün işdən çıxarılmışdır. 2020-ci ilin sonlarında işdə olduğu zaman iş yoldaşı mühafizəçi vəzifəsində işləyən Namiq adlı şəxslə öz aralarında söhbət etdikləri zaman ona yaxın zamanda şirkətdə anbardar vəzifəsində vakansiya olacağını demiş və bildirmişdir ki. istəsə onun həmin işə keçirilməsini təşkil edə bilər, həmin vəzifəsinin əmək haqqısı çoxdur. Namiq ondan həmin vəzifəyə keçirilməyinə köməklik etməyini xahiş etmiş və o, Namiqə kadrlar ilə bu barədə danışıb ona nəticəsini deyəcəyini bildirmişdir. Bu söhbətdən təxminən 01 (bir) həftə sonra Namiqlə işdə rastlaşmış və ona anbardar vəzifəsinə keçməyinə köməklik edə biləcəyini və bunun üçün 8200 (səkkiz min iki yüz) manat pul verməli olacağını demişdir. Bundan sonra Namiq ona tezliklə pul tapıb verəcəyini və anbardar vəzifəsinə keçməyinə köməklik etməyini bir daha ondan xahiş elmişdir. Həmin gün Namiq ona zəng edərək 3500 (üç min beş yüz) manat pul düzəltdiyini və ona vermək istədiyini demişdir. Bundan 01 (bir) həftə sonra Namiqlə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində görüşmüş, Namiq anbardar vəzifəsinə keçirilməsi üçün ona 3000 (üç min) manat pulu sayaraq vermiş, bir neçə gun sonra Namiq yenidən zəng edərək 2500 (iki min beş yüz) manat da düzəltdiyini demiş və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində "xxxx" MMC zavodunun yaxınlığında görüşdükləri zaman ondan həmin 2500 (iki min beş yüz) manat pulu da götürmüşdür. Bundan təxminən üç gün sonra Namiq bir daha zəng etmiş və 1500 (bir mn beş yüz) manat da pul düzəldə bildiyini demişdir. Buna görə də, onunla Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində görüşmüş və ondan həmin 1500 (bir mn beş yüz) manat pulu da götürmüşdür. Sonuncu 1200 (bir min iki yüz) manat pulu da Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Elmar Marketin” yaxınlığında onunla görüşüb götürdükdən sonra ondan aldığı pul ümumilikdə 8200 (səkkiz min iki yüz) manat olmuşdur. Həmin pulları şəxsi təlabatları və borcları üçün xərcləmiş və Namiq ona dəfələrlə zəng edərək işinin nə vaxta həll olunacağını soruşduqda, ona müxtəlif vaxtlar deyərək, işin bir qədər gecikdiyini demişdir. 2021-ci ilin mart ayında müqaviləsinin müddəti bitdiyindən onun işlədiyi şirkətdən çıxartmışlar və o Zərərçəkmiş şəxs aldığı 8200 (səkkiz min iki yüz) manat pulu öz tələbatları üçün xərcləmiş və bir hissəsini də borclarını ödəmişdir. Sonradan aprel ayının əvvəlləri 1700 (bir min yeddi yüz) manat, sonra isə 500 (beş yüz) manat olmaqla Namiqə ümumilikdə 2200 (iki min iki yüz) manat pul qaytarmış, 6000 (altı min) manatı qalmışdır. Zərərçəkmiş şəxs aldığı 8200 (səkkiz min iki yüz) manat puldan onun işə düzəlməsini üçün xərcləməmiş, həmin pulları şəxsi təlabatları üçün xərcləmişdir. Şirkətdə vakansiya olduğunu eşitmiş, buna görə də, bu yolla Zərərçəkmiş şəxs 8200 (səkkiz min iki yüz) manat pul alaraq ələ keçirmək fikrinə düşmüşdür. Ondan başqa hər hansısa şəxdən dələduzluq niyyəti ilə işə düzəltmək üçün pul almamışdır. Zərərçəkmiş şəxs ümumilikdə 8200 (səkkiz min iki yüz) manat pulu aldığı zaman yanlarında başqa heç kim olmamışdır. Əməlindən peşman olmasını və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul ayından Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" zavodunda mühafizəçi işləyir. 2020-ci ilin dekabr ayında işlədiyi zavodda işdə olduğu zaman keçmiş iş yoldaşı "xxxx" zavodunda logistikada bayraqdar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs yaxınlaşaraq işlədikləri zavodunun daxilində anbardar işinə vakansiya açılacağını, həmin işdə işləmək istəyib istəmədiyini soruşmuşdur. O, Nurlana vakansiya açılarsa işləmək istədiyini bilirmişdir. Bu zaman Nurlan zavodda anbardar vəzifəsinə onu keçirə biləcəyini bildirmiş və Nurlan bunun müqabilində ondan 8200 (səkkiz min iki yüz) manat pul istəmişdir. O, dediyi məbləğin çox olduğunu dərhal düzəldə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hissə-hissə də olsa həmin məbləğin verilməli olduğunu əks halda işin alınmayacağını demişdir. Buna görə də, ondan vaxt istəmiş, Nurlan ona tələsməyini, başqa istəyənlərin də olduğunu demişdir. Onlar aralarında razılaşmışlar. 2020-ci ilin dekabr ayının əvvəlləri Nurlan ilə zəngləşib Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində görüşmüş və onun dediyi 3000 (üç min) manat pulu ona vermişdir. Bundan təxminən 10 (on) gün sonra Nurlan ilə telefon vasitəsilə danışdıqda o, pulun qalan hissəsini də verməyini bildirmiş və bu dəfə onunla Suqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində işlədiyi "xxxx" zavodunun yaxınlığında görüşmüş və ona 2500 (iki min beş yüz) manat pul vermişdir. Yenidən onunla telefon vasitəsilə danışmış və ona bir neçə gün sonra Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində 1500 (bir min beş yüz) manat pul vermiş və eyni qaydada yenə də onunla telefonla danışmış və o, pulun qalan hissəsini də istəmişdir. Nurlan ona pulun qalan hissəsini də verməyini deyib bundan sonra işin həll olacağını vədd vermişdir. Buna görə də, o, yenidən 1200 (bir min ik yüz) manat toplamış və 2020-ci ilin dekabr ayının sonları onunla telefon vasitəsilə əlaqə saxlayaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Elmar Marketin” yaxınlığında görüşmüş və 1200 (bir min ik yüz) manat pulu Nurlana vermişdir. Nurlan 8200 (səkkiz min iki yüz) manat pulun əvəzində ona vədd etdiyi işi tezliklə həll edəcəyini, onu tezliklə anbardar vəzifəsinə keçirəcəyini bir daha demiş və getmişdir. Bundan sonra hər dəfə ona zəng etdiyi zaman müxtəlif vaxtlar deyərək, tezliklə işin həll olacağını bildirmiş, bir müddət keçdikdən sonra artıq onun vədinə əməl etmədiyini hiss etmiş və zəng etdiyi zaman şikayət edəcəyini ya da vədd etdiyi işə keçirməyini desə də o, yenə də pulunu verməmiş, vədinə əməl etməmişdir. Həmin puldan 2200 (iki min iki yüz) manat qaytarçış, 6000 (altı min) manatı isə qaytarmamışdır. Artıq Nurlanın ona qarşı dələduzluq etdiyini başa düşmüş və bununla bağlı ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə danışıb razılaşdığı zaman və ona pul verdiyi zaman yanında başqa heç kim olmamış, lakin, onunla aralarında olan danışıqlarla bağlı “Vatsap" yazışmaları və səslər vardır. Təqsirləndirilən şəxs pul verdiyi tarixləri dəqiq xatırlamır, 2020-cı ilin dekabr ayı ərzində Nurlana qeyd etdiyi pulları vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulu kimə verəcəyini deməmiş, sadəcə olaraq, qısa vaxtda həll olacağını demiş və həmin vaxt o, özü də "xxxx" zavodunun Sumqayıt filialında işlədiyindən ona inanmışdır. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla uzun illərdir dostluq münasibətləri vardır. 2020-ci ilin dekabr ayında Namiqlə görüşdükləri zaman o, təcili 3000 (üç min) manat pul lazım olduğunu bildirmiş və Namiqdən nə üçün pul lazım olduğunu soruşduqda o, "xxxx" zavodunda birlikdə işlədiyi Nurlan adlı tanışının onu anbardar vəzifəsinə keçirəcəyini və bu zaman maaşının artacağını bildirmişdir. Ona çalışıb borca pul tapacağını demiş, təxminən 2-3 gün ərzində onun üçün 3000 (üç min) manat pul tapmış, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində görüşmüş və həmin pulu Namiqə vermişdir. Namiq tezliklə işinin həll olunacağını, həmin günün sabahı Nurlanla görüşüb ona pulu verəcəyini və həmin şəxsin ümumilikdə 8200 (səkkiz min iki yüz) manat pul istədiyini bildirmişdir. Həmin gündən təxminən bir həftə sonra Namiqlə görüşdükdə Namiq artıq həmin pulu düzəldib yekunlaşdırdığını və işinin həll olunmasına, yəni anbardar vəzifəsinə keçməyinə az qaldığını demişdir. Bundan sonra Namiqlə 2021-ci ilin yanvar ayında görüşdükdə Namiq işinin bir qədər gecikdiyin və Nurlan adlı şəxsin ona söz verdiyini demişdir. Bir müddət də keçmiş və hələ də Namiqin vəzifəsi dəyişilməmişdir və buna görə də, o, artıq Nurlan adlı şəxsin Namiqi aldatdığını düşündüyünü bildirmişdir. X4 adlı şəxsin işdən də çıxarıldığını demiş və o, həmin şəxs barəsində şikayət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə danışdıqları və ona pul verdiyi zaman başqa heç kim olmamışdır. Namiq telefonunda Nurlan adlı şəxsin ona atdığı səs yazılarını göstərmiş, səs yazılarından birində həmin şəxs özü də Namiqi aldatdığını və peşiman olduğunu demişdir. İş materiallarında olan cinayət törətməkdə axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-519/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan diskə baxış protokolundan görünür ki, 01 (bir) ədəd disk “HP” markalı kompüterə daxil edildikdən sonra, kompyuterin "Windows Media' proqramı işə salındıqda diskin yaddaşında 09 (doqquz) ədəd faylın olduğu müəyyən olunmuşdur. Həmin fayla kompüterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylların yaddaşında hər birində səs yazıları olduğu həmin səs yazılarında Təqsirləndirilən şəxs səsinin olduğu, tezliklə pul alıb ödəyəcəyini deyir və həmin səs yazılarında Namiq adı işlədir və səs yazılarından belə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu aldatdığını və səhv etdiyini deyərək, tezliklə pullarını geri qaytaracağını qeyd edir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının onun səs yazısı olduğunu və Zərərçəkmiş şəxs onun tərəfindən göndərildiyini bildirir. Eləcə də Zərərçəkmiş şəxs da həmin səs yazılarının Təqsirləndirilən şəxs tərəfindən ona göndərildiyini bildirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs səs yazılarını özündə əks etdirən 01 (bir) ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2). İş materiallarında olan Qaradağ rayonu İHB-nin Sanqaçal qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 1448 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin maddə ilə barəsində ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD-R formatlı disk cinayət işində saxlanılmalı və Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 (bir) ədəd CD-R formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar