Məhkəmə qərarları › İş №1(060)-23/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-23/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-23/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə nömrəsiz fərdi evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli 1(060)-272/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda təmiz çəkisi - 0,653 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 iyun 2023-cü il tarixdə saat 17:30 radələrində Sumqayıt ŞPİ- nin 5ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “33 saylı marşrut avtobusunun son dayanacağı” adlanan ünvanda saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,653 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə qardaşı və qardaşının ailəsi ilə birgə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 11- 12 radələrində qardaşının arvadına məxsus mobil telefonu götürərək Sumqayıt şəhəri, Kolxoz bazarı istiqamətində getmişdir. Telefonu götürməkdə məqsədi oğurlamaq olmamışdır, sadəcə danışmaq üçün götürmüşdür. Həmin gün saat təxminən 12 radələrində 5-ci polis bölməsinin Zaur adlı əməkdaşı özünə məxsus ***-***-**-** mobil nömrə ilə ona məxsus ***-***-**-** mobil nömrəyə zəng vuraraq qardaşı Ramizin ondan arvadının telefonunu oğurlamasına görə şikayət etdiyini bildirmiş və telefonu satıbsatmaması barədə soruşmuşdur. O isə qardaşının arvadına məxsus mobil telefonu götürdüyünü, lakin onu satmadığını bildirmişdir. Həmin vaxt Zaur adlı polis əməkdaşı onu 5-ci polis bölməsinə dəvət etmiş, o, da Sumqayıt şəhəri “Rasiya kulubu” adlanan ərazidə avtobusa minərək 5-ci polis bölməsinə gəlmiş və həmin gün saat təxminən 12:30-dan axşam saat 17:30-dək 5-ci polis bölməsində olmuşdur. Polis bölməsində olarkən Zaur adlı polis əməkdaşı onunla söhbətləşmiş və ona təklif etmişdir ki, narkotikdən olan asılılığına görə onun üzərinə narkotik maddə qoysun və bununla bağlı müalicə olunsun. O da Zaurun təklifi ilə razılaşmış, bundan sonra ona narkotik maddə verilmiş və üzərində şəxsi axtarış keçirilən zaman video çəkilişdə həmin narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. Zaur adlı polis əməkdaşı ona zəng vurub 5-ci polis bölməsinə dəvət edən zaman qardaşı arvadına məxsus mobil telefon da onun üzərində omuş və həmin telefonun üzərində isə ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 33 saylı marşurut avtobusunun son dayanacağında olmamış, o həmin vaxt Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsində olmuşdur. Həmçinin bildirmişdir ki, polis bölməsində olarkən ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır, sadəcə Zaurla razılaşdıqları üçün narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Göstərilən halları, yəni aşkar edilmiş narkotik vasitənin ona heç bir aidiyyətinin olmamasını nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2022-ci ilin aprel ayında cəzasının sonu ilə azad olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə olan heroin, metamfetamindən həm çəkməklə, həm də iynə vurmaqla daxilə qəbul edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi istifadəsi üçün üstündə saxlayır. xx.xx.2023-cü il tarixdə saat 17.30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 33 saylı marşurut avtobusunun son dayanacağında küçədə piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə dəvət etmişlər. O etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirilmiş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün 1 saylı vəkil bürosunun vəkili X6 təqdim olunmuş və o, təyin olunmuş vəkilə etiraz etməmişdir. Daha sonra isə polis əməkdaşları ona üzərində qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmiş, həmin 01 ədəd kağıza bükülmüş büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddənin kakos olduğu, həmin maddəni həmin gün günorta saatlarında Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı bir şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd kağıza bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,82 qram olduğu müəyyən olunmuş və “Panasonic” markalı video kamera ilə şəxsi axtarışın görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün təhqiqatçı X9 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. O, özü istifadə etmək üçün narkotik vasitəni almış və narkotik satmaq niyyəti olmamışdır. O, narkotik vasitəni təsadüfən rastlaşdığı tanımadığı şəxsdən almış, ona görə həmin şəxsin onda əlaqə nömrəsi, ünvanı barədə heç bir məlumatı olmamışdır. O, polislər tərəfindən bölməyə gətirilən zaman üzərində mobil telefon olmamış, polis əməkdaşları bölməyə gəlməyini təklif etdikləri zaman etiraz etməmiş, könüllü olaraq bölməyə gəlmiş və ona hər hansı fiziki təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiha üzrə özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları və anten məlumatları, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən bölməyə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 05 iyun 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər, əməliyyat müvəkkili Şahid2 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat- axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 17:30 onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Rasimi Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən 33 saylı marşurut avtobusunun son dayanacağında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özülərini Rasimə təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aparılacağını ona bildirmişlər. Bundan sonra Rasim müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmişdir. Polis Bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuş və o əynində olan şalvarın cibindən bir ədəd bükümdə olan kütləni təqdim edərək və bükümdəki kütlənin narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri 20 Yanvar ərazisində üzdən tanıdığı şəxsdən 20 manata aldığını və üstündə gəzdirdiyini etiraf etmişdir. Bundan sonra həmin kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İstintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokol doğru tərtib edildiyindən tərəflərindən imzalanmışdır. Həmçinin bildirmişdir ki, əməliyyat tədbirindən öncə o Təqsirləndirilən şəxs zəng etməmişdir, ***-***-**-** saylı mobil nömrə ona məxsus deyil, elə bir nömrə ilə təqsirləndirilən şəxsə zəng etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümdə qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmiş və həmin maddənin narkotik vasitə olan kakos (heroin) olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində sahə rəisi işləyir, ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuşdur. İndiyədək adına bir neçə nömrə olmuş və onların hamısını xatırlamır. Öz adına aldığı nömrələri yalnız özü istifadə etmiş və heç kimə verməmişdir. O, 3-cü Polis Bölməsində sahə rəisi işləyir və 5-ci X11 adlı əməkdaş tanımır. O heç vaxt 5-ci Polis Bölməsinin əməliyyat tədbirində iştirak etməmişdir. Ümumiyyətlə digər bölmələrin icraatında olan işlərdə onun iştirak etmək hüququ yoxdur. Öz adına olan və əvvələr istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs zəng etməsi yalnız icraatında olan işlərlə bağlı ola bilər. Lakin, işləri həddən çox olduğu üçün həmin zəngin nə ilə bağlı olmasını indi tam xatırlaya bilmir. O, heç vaxt öz adına olan hər hansı nömrəni digər şəxslərin istifadəsinə verməmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-ci vərəqəsində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir bükümdə olan maddəni təqdim edərək narkotik vasitə olan heroin olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,82 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2023-cü il tarixli, 6/3188 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dİn zərflər üçün №242” dairəvi möhür əksləri olan, “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə bükümdə təmiz çəkisi- 0,653 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,653 qram, tədqiqata sərf edildi -0,050 qram, qalıq- 0,603 qram qalıq qalmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir. Cinayət işinin 73-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,603 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3532 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sənədlərdən görünür ki, ********** saylı telefon nömrəsi Təqsirləndirilən şəxs adına, ********** saylı telefon nömrəsi isə Şahid3 adına qeydiyyatdan keçmişdir. ********** saylı telefon nömrəsindən ********** saylı telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə iki dəfə zəng gəlmiş, 13 saniyə və 89 saniyə danışıq aparılmışdır (saat 15:56:03 və 15:57:33). ********** saylı telefon nömrəsinin anten məlumatlarına əsasən xx.xx.2023-cü ildə saat 16:52-dək olan müddət ərzində Sumqayıt şəhəri ərazisində davamlı yerdəyişmələr etmiş, sonuncu məlumat saat 16:52-də Sumqayıt şəhəri Koroğlu prospekti 251 ünvanında qeydə alınmışdır. Cinayət işinin 101-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli 1(060)-272/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli 1(060)-272/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları və anten məlumatları, həmçinin digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Bu halı təqsirləndirilən şəxs özü də təsdiq edərək bütün sənədləri könüllü imzaladığını, ona qarşı heç bir təsir və ya təzyiq olmadığını bildirmişdir. Yalnız bildirmişdir ki, 05 iyun 2023-cü il tarixdə qaraşının arvadının telefonunu götürdüyü üçün Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ********** saylı telefon nömrəsindən onun istifadəsində olan ********** saylı telefon nömrəsinə zəng edərək bölməyə çağırmış, bununla bağlı özü bölməyə getmiş və orada narkomaniyadan müalicə olunması məqsədi ilə Şahid1 təklifinə əsasən könüllü razılaşmaqla ona aid olmayan narkotik vasitənin üzərində olmasını etiraf etmişdir. Həmçinin bildirmişdir ki, o həmin gün saat 12:30-dan 5-ci Polis Bölməsində olmuşdur. Bununla bağlı məhkəmə qərarı ilə "xxxx" MMC-dən müvafiq telefon məlumatları götürülümüş və müəyyən edilmişdir ki, ********** saylı telefon nömrəsi Təqsirləndirilən şəxs adına, ********** saylı telefon nömrəsi isə Şahid3 adına qeydiyyatdan keçmişdir. ********** saylı telefon nömrəsindən ********** saylı telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə iki dəfə zəng gəlmiş, 13 saniyə və 89 saniyə danışıq aparılmışdır (saat 15:56:03 və 15:57:33). ********** saylı telefon nömrəsinin anten məlumatlarına əsasən xx.xx.2023-cü ildə saat 16:52-dək olan müddət ərzində Sumqayıt şəhəri ərazisində davamlı yerdəyişmələr etmiş, sonuncu məlumat saat 16:52-də Sumqayıt şəhəri Koroğlu prospekti 251 ünvanında qeydə alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə saat 12:30-dan 5-ci Polis Bölməsində olmasını iddia etsə də anten məlumatları ilə onun bu iddiası təkzib edilmişdir. Belə ki, o istifadəsində olduğunu iddia etdiyi ********** saylı telefon nömrəsinin anten məlumatları saat 16:52-dək Sumqayıt şəhərində müxtəlif yerlərdə qeydə alınmış, sonuncu qeydə alınma yeri isə Koroğlu prospekti 251 ünvanı olmuşdur. Digər tərəfdən Təqsirləndirilən şəxs 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ona ********** saylı telefon nömrəsindən zəng etməsini iddia etsə də, həmin nömrənin əməliyyat müvəkkili Şahid1 istifadəsində olması da öz təsdiqini tapmamışdır. Belə ki, müəyyən edilmişdir ki, qeyd edilən mobil telefon nömrəsi Şahid3 adına qeydiyyatdan keçmişdir. Şahid3 şahid qismində cəlb edilərək ifadəsi alınmış və o, məhkəmə iclasında ifadəsində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində sahə rəisi işlədiyini, ********** saylı telefon nömrəsinin onun olmasını, həmin nömrəni əvvəllər istifadə etdiyini, istifadəsində olan telefon nömrələri ilə icraatında olan işlərlə bağlı ayrı-ayrı vətəndaşlara zənglər etdiyini, öz adına olan hər hansı mobil telefon nömrəsini heç kimə vermədiyini, 5-ci Polis Bölməsinin heç bir əməliyyat tədbirində iştirak etmədiyini, ümumiyyətlə belə bir hüququnun olmadığını və həmin bölmədə Şahid1 adlı polis əməkdaşını tanımadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halllar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasnın əvvəli 03 aprel 2020-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmışdır. Cəzasının sonu ilə azad edilmiş lakin, məhkumluğu ödənilmədən və götürülmədən 05 iyun 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan əlavə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli 1(060)-272/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli 1(060)-272/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-272/2024 saylı saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 05 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli 1(060)-272/2024 saylı saylı hökmünə əsasən 15 mart 2024-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3532 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,603 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 1(060)-272/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-272/2024 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 05 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növüdə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,603 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar