Məhkəmə qərarları › İş №1(060)-230/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-230/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-230/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Novruz oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, M.Hüseynzadə küçəsi, ev 33A-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, ev 1, mənzil 143-də yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İbtidai araşdırma zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tanışı Zərərçəkmiş şəxs Türkiyə Respublikasından Azərbaycan Respublikasına «CSB» markalı traktoru gətizdirməyə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, vahid qəsdlə 26.03.2019cu il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda 20.000 (iyirmi min) manat, 29.05.2019-cu il tarixdə eyni yerdə 28.000 (iyirmi səkkiz min) manat nağd pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs ümumilikdə 48000 (qırx səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək vermiş olduğu ifadəsində göstərdi ki, uzun müddətdir ki, tikinti sektorunda tikintidə istifadə olunan texnikaların alqı-satqısı və icarə işləri ilə məşğul olur. Bununla bağlı o, internet saytlarına elanlar yerləşdirir. Müştərilər elanlara baxaraq bəyəndikdən sonra onunla əlaqə saxlamışlar. Müştərilər ilə razılaşma olduqdan sonra o, Türkiyə Respublikasında işləyən tanışı Şahid2 ilə əlaqə saxlayaraq müştəridən aldığı pulun bir hissəsini ona göndərmişdir. Şahid2 isə öz növbəsində pulun qarşılığında texnikanı müəyyən edilmiş müddətə Azərbaycana göndərir və o, texnikanı Azərbaycanda qəbul edərək müştəriyə təqdim edir. 30.03.2019-cu il tarixdə özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxs onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, onun nömrəsini internetdən götürüb və ona “JCB” Beklodur markalı traktor lazımdır. O, özünü İlham kimi təqdim edən şəxsə həmin texnikanın qiymətinin 75000 olduğunu, lakin texnikanın yiyəsi olan tanışı Sənan adlı şəxslə danışaraq qiyməti biraz ucuz edə biləcəyini demişdir. Bundan sonra o, Sənanın nömrəsini İlham adlı şəxsə vermişdir. Onlar öz aralarında razılaşmışlar. 26 mart 2019-cu il tarixdə İlham günorta saat 14 radələrində onunla əlaqə saxlayaraq görüşərək beh verməyini bildirmişdir. O, İlhamla razılaşmışdır və 1 saat sonra onlar Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunun qarşısında görüşmüşdür. Bundan sonra notariusa daxil olub içəridə bank əməliyyatları həyata keçirmişlər. İlham əməliyyat zamanı ona 20000 manat pul vermişdir. Bu ilkin beh idi. Onun İlhamdan aldığı 20000 manat pulu dollara çevirərək tanışı Sənanın dediyi, adını bilmədiyi şəxsdə Bakı şəhərində yerləşən “Olimpik Star” əyləncə mərkəsinin yanında görüşərək vermişdir. O, Sənan üçün 19000 manat göndərmişdir. Bir müddət keçdikdən sonra Sənan əlaqə saxlayaraq əlavə pul lazım olduğunu qeyd etmişdir. Bununla bağlı o, İlhamla danışmışdır və İlhamdan hissə-hissə ilkin 20000 manatdan əlavə 28000 manat pul götürmüşdür. Götürdüyü pulu bank və poçt vasitəsi ilə Sənana göndərirmiş. Sonuncu dəfə Xırdalan şəhərində yerləşən at heykəlinin yaxınlığında 8500 manat pulu Sənanın şəriki olan Feyruz adlı şəxsə vermişdir. Həmin gündən sonra Sənan müxtəlif bəhanələr gətirərək texnikanı göndərmir. İlhamdan 48.000 manat pulun hamısını o almışdır və pulun özünə çatan hissəsini götürüb qalan hissəsini Sənana göndərmişdir. O, pulu Sənanın dediyi tanımadığı adamların, poçt, bank və sonuncu olaraq Feyruzun vasitəsilə göndərmişdir. O, Sənanı texnika işindən tanımışdır. 48000 manat pulun hamısını özü almış və pulun özünə çatan 5500 manat hissəsini götürüb qalan hissəsini Sənana göndərmişdir. Pulu Sənanın dediyi tanımadığı adamların, poçt, bank və sonuncu olaraq feyruzun vasitəsi ilə göndərmişdir. Hazırda götürdüyü 5500 manatı qaytarmışdır.Zərərçəkmiş şəxs ondan şikayətçi deyildir və bu səbəbdən də ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri ərazisində müxtəlif tikinti işləri ilə məşğul olur. Həmin tikintilərlə əlaqədar olaraq ona traktor lazım olmuşdur. "TAP AZ" sosial şəbəkəsi vasitəsi ilə münasib qiymətə "CSB" markalı Türkiyə istehsalı olan traktorun elanını görmüşdür və maraqlanmışdır. Həmin elanı internetə yerləşdirmiş şəxs, sonradan adının Pərviz olduğunu bildiyi şəxs ilə telefon əlaqəsi saxlamışdır və həmin şəxs ona bildirmişdir ki, internetdə elan qoyulmuş "CSB" markalı traktoru Türkiyə Respublikasından gətirərək 70000 manata rəsmiləşdirilərək təhvil veriləcəyini bildirmişdir. Qiymət sərf etdiyinə görə Pərvizlə telefonla danışıb razılaşdıqdan sonra onunla Sumqayıt şəhəri ərazisində görüşməyi qərara almışlar. 2019-cu ilin mart ayının 26-da Pərvizlə Sumqayıt şəhər İcra hakimiyyətinin qabağında görüşmüşdür. Pərviz həmin görüşə ağ rəngli taksi ilə gəlmişdi. Pərvizlə görüşdükdən sonra danışıqlarına əsasən ilkin olaraq 20000 manat pulu Pərvizə verməli imiş. Bu səbəbdən Pərvizlə 4 saylı notarial kontoruna getmişlər və həmin noratiusda müqavilə əsasında pulu Pərvizə vermişdir. Pərvizlə həmin gündən sonra dəfələrlə telefonla əlaqə saxlamışdır. Pərviz də hər dəfə müxtəlif bəhanələr gətirərək yubandığını bildirmişdir. 29 may 2019-cu il tarixdə Pərviz ona bildirmişdir ki, onun sifariş elədiyi CSB markalı traktor Türkiyə Respublikasından gəlib, gömrük rəsmiləşdirməsi olmalıdır. Bunun üçün də əlavə olaraq 28000 manat pul verilməli olduğunu bildirmişdir. O da Pərvizlə razılaşmışdır və əlavə olaraq 28000 manat pulu da notarial müqavilə əsasında verməli olduğunu bildirmişdir. Pərviz bildirmişdir ki, texnika 11 iyun 2019-cu il tarixədək təhvil veriləcək, təhvil verildikdən sonra qalan 22000 manat pul onlara ödəniş olunmalı olmuşdur. O, təkrarən Pərvizə eyni qaydada 4 saylı Sumqayıt şəhər Notarial kontorunda müqavilə əsasında 28000 manat pulu vermişdir. Bundan sonra Pərvizin bildirdiyi 11 iyun 2019-cu il tarix olmuş, amma texnika təhvil verilməmişdir. Dəfələrlə Pərvizlə əlaqə saxlasa da, müxtəlif bəhanələr gətirərək texnikanı təhvil verməmişdir. O, Pərvizin onu aldatdığını bildikdən sonra ondan vermiş olduğu pulu geri tələb eləsə də, Pərviz bildirmişdir ki, pulu Türkiyə Respublikasında olan şəriki Sənana göndərmişdir. Pərvizlə sonrakı vaxtlarda telefonla danışanda ona bildirmişdir ki, 28000 manat pulu Türkiyə Respublikasına Sənanın adına göndərmiş, 8500 manat pulu Feyruz adlı şəxsə vermiş, qalanı isə özündədir. O, bunları bildikdən sonra aidiyyatı üzrə polisə müraciət eləmişdir. Hazıoda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 5500 manat ödənilmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyildir və gələcəkdə də ondan heç bir şikayəti olmayacaqdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Sənan onun qohumundan 5000 manat borc pul aldığı üçün həmin pulu qaytarması ilə bağlı onunla əlaqə saxlamış, Sənan ona Pərvizdə pulunun olduğunu və onunla əlaqə saxlayaraq götürə biləcəyini ona bildirmişdir. 02.05.2019-cu il tarixdə saat 17:00 radələrində o, Pərvizin mobil telefonuna zəng edərək nə zaman görüşüb pulu götürə biləcəyimi soruşmuş, Pərviz ona axşam saatlarında görüşərək pulu verəcəyini bildirmişdir. Axşam saat 21:30 radələrində o Pərvizlə Xırdalan şəhərində yerləşən atın yanında görüşmuş və Pərviz ona 2000 dollar pul vermişdir. O ondan Pərvizdən nə üçün 2000 dollar verdiyini pulu tam olaraq yəni 5000 manat vermədiyini soruşduqda Pərviz ona Sənanın atasının əməliyyat zamanı borca pul götürdüyü üçün verdiyini və digər yerlərə verdiyini bildirmişdir. Bundan sonra o Pərvizdən ayrılıb getmişdir. Öz qohumuna olan borcu özündə olan pulla bağlamışdır. Onun 48000 manat puldan məlumatı olmamış, ümumiyyətlə bu söhbətlərdə iştirak etməmişdir. Pərviz ona 8500 manat deyil, yalnız qohumunun borcunu qaytarmaq üçün ondan 2000 dollar pul almışdır. 190620204 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun texnika alqı- satqısı ilə məşğul olduğu işdə dəllalı olmuşdur. Pərviz 30.03.2019-cu il tarixdə onunla əlaqə saxlayaraq ona məxsus olan texnikanın internetdə bir nəfər şəxs tərəfindən bəyənildiyini, alqı-satqı məsələsi və qiymət razılığı ilə bağlı onunla danışmaq istədiyini bildirmişdir. O, Pərvizlə razılaşmışdır və həmin şəxsin ona zəng etməsini bildirmişdir. Həmin şəxs ona zəng edərək özünü təqdim edib Zərərçəkmiş şəxs olduğunu və Pərvizin dediyi şəxs olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxsla telefon danışığı zamanı texnikanın 75000 manata olduğunu, bir ay ərzində Bakı şəhərində olacağı barədə bildirmişdir. İlham ona texnika üçün 80000 manat verəcəyini bildirmişdir və o, İlhamla razılaşmışdır. Bundan sonra o, Pərvizə bildirmişdir ki, ilkin beh olaraq 10000 dollar pul lazımdır. Sonra Pərviz ilə İlham görüşmüş və İlham Pərvizə 20000 manat pul vermişdir. Pərviz 20000 manat pulu dollara dəyişərək 8000 dolların ona göndərmiş, 2000 dollarını isə onun şəriki Feyruza vermişdir. Bundan sonra Pərviz poçt və bank vasitəsilə ona 12000 dollar pul göndərmişdir. Lakin, Türkiyədə olan və İlham üçün göndərəcəyi texnikanın göndərişində problem olduğu üçün o, texnikanı gətirə bilməmişdir. Bununla bağlı texnikanı alan şəxs İlhamla da dəfələrlə telefon danışığı olmuşdur. O, Şahid1 vasitəsi ilə Habil Cabbarovdan aldığı 51.000 manat pul vəsaitini özündə olan pul vəsaiti hesabına Türkiyə Respublikasında Habilin xeyrinə xərcləyəcəkdir. Belə olan halda sadəcə olaraq həmin pulu öz xeyrinə həll edə bilməmişdir. Şahid1 onun yanına Türkiyə Respublikasına gələrkən onun özündə 30.000 ABŞ dolları olmuşdur və o, Feyruzun da Türkiyə Respublikasına gəlməyini gözləmişdir ki, Feyruzun gətirdiyi pulu həmin pulun üstünə qoyub Habilə söz verdikləri ekskovatoru alsın. O, İlhamın ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, 48.000 manatdan məlumatı olmamış, ona texnika üçün verilən pul 20.000 dollar, yəni 34.000 manat olmuşdur. O, pulu texnikanın sahibi olan şirkətə verdiyi üçün onlardan geri ala bilməmiş və bu səbəbdən pulu geri verə bilməmiş, lakin, İlhamla telefon danışığı zamanı 20 gün ərzində ona 34000 manat pulu geri qaytaracağını bildirmişdir. Pulu texnikanın sahibi olan şirkətə verdiyi üçün onlardan geri ala bilməmiş və bu səbəbdən geri verə bilməmiş, lakin, İlhamla telefon danışığı zamanı 20 gün ərzində ona 34000 manat pulu geri qaytaracağını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Şahid2 və Şahid1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.1,178.2.4-cü maddələri ilə ayrıca ********* saylı cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan 06 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Dİn Bəsii-dən verilmiş 01.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 09.11.2020-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs ittihamın elan edilməsi üçün barəsində Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulmasına dair 23 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Çingiz oğlu 23 dekabr 2020ci il tarixdə saat 14:40-da Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə gətirilmişdir. 23 dekabr 2020-c il tarixində Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və 25 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarı ilə barəsində 09 mart 2021-ci il tarixədən həbs qətimkan tədbiri seçilmiş. Həbsdə saxlamanın əvvəli 23 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 14 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyandan 5500 (beş min beş yüz manat) Təqsirləndirilən şəxs tərəfindən ödəeilmişdir. Ondan şikayəti yoxdur. Gələcəkdə də şikayəti və tələbi olmayacaqdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013cü il təvəllüdlü bir azyaşlı və 2009-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır və ona dəymiş maddi ziyanın 5500 manatını ödəmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödənilməsi və 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması, 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olması və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə iş üzrə dəymiş ziyanı qismən ödəməsini, himayəsində azyaşlı və yetkinlik yaşına çatmamış uşağının olması, həmçinin onun uzun müddət həbsdə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cəzasının icrası Abşeron Rayon Probasiya Şöbəsinə və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı hökmün icrası Abşeron rayon Polis Şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli Abşeron rayon Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 06 (altı) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmənin 01 gününün azadlığın məhdudlaşdırılmasının 02 gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Qeyd olunan hissədə hökmün icrası Abşeron rayon Polis Şöbəsinə həvalə edilsin. Məhkəmə iclas zalında həbsdən azad edilsin. Cəzasının icrası Abşeron rayon Probasiya şöbəsinə həvalə olunsun. Cəzasının əvvəli Abşeron rayon Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonunu Xırdalan şəhəri, ev 1, mənzil 143 ünvanını tərk etməmək, Abşeron rayonunu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Abşeron rayon Polis Şöbəsinə və Abşeron rayonu üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar