Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-230/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi – X3 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “NAC Company” avtomobil sürtkü yağları və akkumulyatorları satışı şirkətində mühasib işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində, mühasib vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən Nəqliyyat-1 MMC-nin inzibati binasında, həmin MMC-nin əməkhaqqı hesablanması üzrə mühasibi vəzifəsində çalışan Zərərçəkmiş şəxs oturduğu otağa daxil olaraq onun əmək haqqının verilməsini gecikdirdiyini bəhanə edib ona irad tutaraq heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi və Nəqliyyat-1 MMC-nin iş rejimini pozmaqla otaqda olan digər işçilərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş və sağ ayağının topuq nahiyəsinə ayaq zərbəsi ilə qəsdən vuraraq, eləcə də sonuncunu tutub itələməklə otaqda olan dolaba çırparaq ona sol saidin yuxarı 1/3-nin 2 ədəd yarası və sağ topuq oynağının şişkinliyi-qançırı ilə nəticələnən, birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlanlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayından xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mühasib işlədiyi Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-də son əmək haqqının ödənməsi yubandığı üçün əmək haqqını hesablayıb verməsini tələb etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində, ünvan 2 ünvanında yerləşən Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-nin inzibati binasında, MMC-nin əməkhaqqı hesablanması üzrə mühasibi işləyən Zərərçəkmiş şəxs xidməti otağına getmiş, onun xahişi ilə Şahid3 da onunla birlikdə otağa daxil olmuşdur. Vüsalə onun otağa girməyinə heç bir reaksiya verməmiş, özünü sanki otaqda heç bir şəxs yoxdurmuş kimi apararaq öz işləri ilə məşğul olmuşdur. O, heç bir söz demədən Vüsalənin onun otağa daxil olmasına reaksiya verməsini gözləmişdir. Həmin ərəfədə MMC-nin digər əməkdaşı Şahid2 da, otaqda olmuşdur. Az müddət sonra MMC-nin direktoru Şahid1 da otağa daxil olmuşdur. Bundan sonra o, Vüsaləyə müraciət edərək onun əmək haqqısını verməsini xahiş etmişdir. Vüsalə isə onun barmaqlarını masaya vurmasını ədəbsizlik kimi qiymətləndirib ona “tərbiyəsiz” deyərək, onun əmək haqqısını verməyəcəyini bildirmişdir. Sonra onun üstünə gedərək sillə ilə onun boğazının sol tərəfinə vurmuş və ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. Belə olan halda Şahid1, Vüsalə ilə onun arasına girib Vüsalənin onu daha çox döyməsinə mane olmuş və Vüsaləni kənara itələmişdir. Otaqda olan digər şəxslər də, Vüsaləni sakitləşdirməyə çalışmışdır. Şahid3 isə onu otaqdan çıxardıb digər bir otağa aparmışdır. Bir neçə dəqiqədən sonra Şahid1 da, onun olduğu otağa getmişdir. O, Şahid1 paltarında qan ləkələrini görüb səbəbini soruşduqda Elgiz, Vüsalənin qolunun şüşə ilə kəsildiyini, bu səbəbdən də, onun paltarının qan ləkələrinə bulaşdığını bildirmişdir. Ancaq Vüsalənin “hirsi soymadığı” üçün Vüsalə, yenidən onun olduğu otağa gedərək ayaq zərbələri ilə onun sol buduna, qarnına, əl zərbələri ilə sol çiyninə vurmağa başlamışdır. Elgiz yenə də, müdaxilə edərək Vüsaləni ondan aralaşdırıb, otaqdan çıxartmışdır. Belə olan halda o, DİN-nin 102 xidmətinə zəng edərək münaqişə baş verən ünvana polis gəlməsini xahiş etmişdir. Bundan sonra münaqişə yekunlaşmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində, Zərərçəkmiş şəxs göstərilən xüsusatarın tamamilə yalan olduğunu, o, Vüsalənin sağ ayağının topuq nahiyəsinə vurub xəsarət yetirmədiyini, Vüsaləni itələyərək otaqda olan dolaba çırpmadığını, onun həyat yoldaşı X2 onun çağırışı ilə MMC-yə gəlsə də, Vüsalənin ünvanına nalayiq ifadələr işlətmədiyini, Vüsaləni söyüb təhqir etmədiyini, münaqişə zamanı Zərərçəkmiş şəxs vurmadığını, sonuncuya heç bir xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs ilə onun arasında heç bir ədavət və ya düşmənçilik olmadığını bildirmişdir. O, Vüsalənin müdirlə qohum olduğundan onun işdə olan uğurlarına qısqanclıq etdiyi üçün onunla münaqişə etdiyini, onu işdən çıxartdırdığını, lakin ərizədə guya öz xahişi ilə çıxmasını yazdığını bildirmişdir. Deyilənlərin hamısı şər-böhtandır. Məhkəmə tərəfindən ona hansı cəza təyin olunsa da bu hadisədə onun günahı yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2020-ci il tarixdən etibarən Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-də əməkhaqqı hesablanması üzrə mühasib işləyir. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində, ünvan 2 ünvanında yerləşən Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-nin inzibati binasında yerləşən xidməti otağında MMC-nin direktoru, Şahid1, MMC-nin kadr və hüquq şöbəsinin müdiri Şahid2 və baş mühasib Şahid3 ilə birlikdə işçilərin əməkhaqqılarını hesablayarkən MMCnin digər əməkdaşı Təqsirləndirilən şəxs otağa daxil olub bir qədər gözlədikdən sonra, qəflətən əlini masaya vurub onun ünvanına nalayiq ifadələr işlədərək, otağa daxil olmasına nə üçün reaksiya verməməsini ona irad kimi bildirmişdir. Daha sonra Sevinc masanın üstündə olan su qabını götürüb ona atmış, o sağ əli ilə su qabını özündən kənarlaşdırmışdır. Ancaq Sevinc sakitləşməyib onun üstünə cumaraq, təpiklə onun sağ ayağının topuq nahiyəsinə vurub xəsarət yetirmiş və onu tutub itələyərək otaqda olan dolaba çırpmışdır. O, dolabın şüşə qapısına çırpıldığı üçün şüşənin sınması nəticəsində sol qolu kəsilərək xəsarət almışdır. Münaqişə vaxtı yanlarında olan Şahid1, Şahid3 və Şahid2 müdaxilə edərək onları aralaşdırıb, Sevinci otaqdan çıxartmışlar. Bundan sonra münaqişə yekunlaşmışdır. Təxminən 20 dəqiqə sonra Sevincin həyat yoldaşı onun yerinə gedərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. MMC-nin direktoru Şahid1 müdaxilə edərək həmin şəxsə öz iradını bildirib, çıxıb getməsini tələb etdikdən sonra sözügedən şəxs çıxıb getmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində münaqişə zamanı Təqsirləndirilən şəxs vurub xəsarət yetirmədiyini, ola bilsin ki, digər şəxslər Sevinci aralaşdırmağa çalışdıqda Sevincin, onu vurmaq üçün həmin şəxslərin əlindən çıxmaq istədikdə bədənində sıyrıq xəsarətləri yarandığını, Təqsirləndirilən şəxs ilə onun arasında olan münaqişənin təxminən 5-10 dəqiqə davam etdiyini , Şahid1, Şahid3 və Şahid2 Sevinci tutub otaqdan çıxarması nəticəsində yekunlaşdığını qeyd etmişdir. Hadisədən sonra o, DİN-nin 102 xidmətinə və TTYX-nə zəng edərək məlumat vermişdir. Məhkəmədən təqsirləndirilən şəxsə qanuna uyğun cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il tarixdən etibarən Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-nin direktoru vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində, ünvan 2 ünvanında yerləşən Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-nin inzibati binasında yerləşən, iş otaqlarından birində MMC-nin mühasibi Zərərçəkmiş şəxs və digər əməkdaşlarla birlikdə işçilərin əmək haqqılarını hesablayarkən MMC-nin digər əməkdaşı Təqsirləndirilən şəxs otağa daxil olub bir qədər gözlədikdən sonra, qəflətən əlini Zərərçəkmiş şəxs iş masasına vurub Vüsalənin ünvanına nalayiq ifadələr işlətmiş, Vüsalə ədəbli olmasını Sevincdən tələb etdikdə Sevinc daha da əsəbləşərək, masanın üstündə olan su qabını götürüb Vüsaləyə atmışdır. Vüsalə əli ilə su qabını özündən kənarlaşdırmışdır. O və otaqda olan digər şəxslər Sevincdən sakitləşməsini xahiş etsə də, Sevinc onların xahişlərinə məhəl qoymayaraq Vüsalənin üstünə cumub, təpiklə Vüsalənin ayağına vurmuş və Vüsaləni tutub itələyərək otaqda olan dolaba çırpmışdır. Vüsalə dolabın şüşə qapısına çırpıldığı üçün şüşənin sınması nəticəsində Vüsalənin sol qolu kəsilərək xəsarət almışdır. O və otaqda olan digər şəxslər müdaxilə edərək Sevinci tutub Vüsalədən aralaşdırmış və otaqdan çıxartmışlar. Bundan sonra münaqişə yekunlaşmış, təxminən 20 dəqiqə sonra Sevincin həyat yoldaşı onun iş yerinə gedərək Vüsalənin ünvanına nalayiq ifadələr işlətmiş, o müdaxilə edərək həmin şəxsə öz iradını bildirib, çıxıb getməsini tələb etdikdən sonra Sevincin həyat yoldaşı çıxıb getmişdir. Həmçinin Şahid1 ifadəsində münaqişə zamanı Vüsalənin, Təqsirləndirilən şəxs vurub xəsarət yetirməsini görmədiyini, münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini qeyd etmişdir. Sonradan ona məlum olmuşdur ki, Sevinc əmək haqqısını almaq üçün həmin vaxt oraya gəlmişdir. Həmçinin Vüsalənin onla qohumluq münasibətlərinin olmadığını, Sevinci işdən çıxarmadığını, hadisədən iki-üç gün sonra Sevincin öz ərizəsi ilə işdən çıxdığını bildirmişdir. Hadisə nəticəsində ona da 640 manat ziyan dəymiş, bu barədə materialları polis bölməsinə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 2017-ci il tarixdən etibarən Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-də Kadr və Hüquq şöbəsinin müdiri vəzifəsində işləyir, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində, ünvan 2 ünvanında yerləşən Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-nin inzibati binasında yerləşən, xidməti otağında MMC-nin direktoru, Şahid1, MMC-nin əmək haqqı hesablanması üzrə mühasib Zərərçəkmiş şəxs və baş mühasib Şahid3 ilə birlikdə işçilərin əmək haqqılarını hesablayarkən MMC-nin digər əməkdaşı Təqsirləndirilən şəxs otağa daxil olub bir qədər gözlədikdən sonra, qəflətən əlini Zərərçəkmiş şəxs iş masasına vurub Vüsalənin ünvanına nalayiq ifadələr işlədərək, onunla mübahisə etmiş, mübahisə zamanı Sevinc əsəbləşərək masanın üstündə olan su qabını götürüb Vüsaləyə atmışdır. Vüsalə əli ilə su qabını özündən kənarlaşdırmışdır. O və otaqda olan digər şəxslər Sevincdən sakitləşməsini xahiş etsələr də, Sevinc onların xahişinə məhəl qoymayaraq Vüsalənin üstünə cumub, təpiklə Vüsalənin ayağına vurmuş və Vüsaləni tutub itələyərək otaqda olan dolaba çırpmışdır. Vüsalə dolabın şüşə qapısına çırpıldığı üçün şüşənin sınması nəticəsində Vüsalənin sol qolu kəsilərək xəsarət almışdır. O və otaqda olan digər şəxslər müdaxilə edərək Sevinci tutub Vüsalədən aralaşdırmış və otaqdan çıxartmışlar. Bundan sonra münaqişə yekunlaşmış, təxminən 20 dəqiqə sonra Sevincin həyat yoldaşı onların iş yerinə gedərək Vüsalənin ünvanına nalayiq ifadələr işlətmişdir. O, münaqişə zamanı Vüsalənin Təqsirləndirilən şəxs vurub xəsarət yetirməsini görmədiyini, münaqişənin təxminən 15-20 dəqiqə davam etdiyini qeyd etmişdir. Hadisənin səhərisi gün Təqsirləndirilən şəxs ərizə yazaraq öz xahişi ilə işdən çıxmışdır. Hadisənin Sevincin əmək haqqısını tələb etməsi səbəbindən baş verə biləcəyini düşünür. Əvvəllər Sevinc və Vüsalə arasında mübahisə olmamış, münasibətləri yaxşı olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il tarixdən xx.xx.2023-cü tarixədək Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-də baş mühasib vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində, ünvan 2 ünvanında yerləşən Sumqayıt şəhəri Nəqliyyat 1 MMC-nin inzibati binasında yerləşən, xidməti otağında MMCnin mühasibi Zərərçəkmiş şəxs və digər əməkdaşlarla birlikdə işçilərin əmək haqqılarını hesablayarkən MMC-nin digər əməkdaşı Təqsirləndirilən şəxs otağa daxil olub bir qədər gözlədikdən sonra, qəflətən əlini Zərərçəkmiş şəxs iş masasına vurub Vüsalənin ünvanına nalayiq ifadələr işlədərək mübahisə etmişdir. Sevinc daha da əsəbləşərək, masanın üstündə olan su qabını götürüb Vüsaləyə atmış, daha sonra onu itələmiş, Vüsalə otaqda olan dolaba çırpılmışdır. Vüsalə dolabın şüşə qapısına çırpıldığı üçün şüşənin sınması nəticəsində Vüsalənin qolu kəsilərək xəsarət almışdır. Hadisənin hansı səbəbdən baş verməsi, əvvəllər onların arasında hər hansı ədavət olması barədə məlumatı yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1008 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol saidin yuxarı 1/3-nin 2 ədəd yarası, sağ topuq oynağının şişkinliyi-qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən itələnərək yıxılma zamanı sınmış şüşə təsirindən əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə posulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 saylı MKS tərəfindən verilmiş 499 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, ailə tərkibi yoldaşı-1962-ci il təvəllüdlü Mustafayev Zeydulla, qızı-2006-cı il təvəllüdlü Mustafayeva Aysel qızından ibarətdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 912 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində “boynun sol yan yuxarı hissəsinin sıyrığı, sol bazunun, sol baldırın qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı Emin Alışov tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarından görünür ki, Suqmayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənovun xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müraciəti ilə əlaqədar toplanmış ilkin yoxlama materialı üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı Emin Alışovun cinayət işinin başlanmasının rədd edilməsinə dair 16 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş, ilkin yoxlama materialı ********* nömrəli cinayət işinə əlavə edilməklə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunun onu qəsdən döyüb bədən xasarətləri yetirməsini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunun Zərərçəkmiş şəxsm qəsdən döyüb bədən xasarətləri yetirməsini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək o, CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər X15 Xəstəxanası tərəfindən verilmiş TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00-da sol saidin sıyrılmış yarası ilə ambulator müalicəyə göndərilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt Nəqliyyat MMC-də işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Nəqliyyat-1 MMC-nin direktoru tərəfindən tərtib edilmiş aktdan görünür ki, aşağıda imza edənlər: "xxxx" MMC-nin kadrlar və hüquq söbəsinin müdiri Şahid2, hərəkətin təhlükəsizliyi və sığorta üzrə texnik X4, aparıcı mütəxəsis X9, yol vərəqələri uçotu üzrə qeydiyyatçı X7, mühasib X5 öz imzaları ilə təsdiq edirlər ki, həqiqətən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin mühasibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs həmin MMC-nin mühasibi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qolundan tutaraq ofis mebelinə çırpan zaman həmin mebelin 4 ədəd şüşəsi sınmışdır. Nəticədə "Sumqayıt Nəqliyyat-1“ MMC-yə 640 AZN (altı yüz qırx manat) maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hər hansı tutarlı səbəb olmadan baş vermiş mübahisə və daha sonra sonuncunun xəsarət alması ilə nəticələnən cinayət hadisəsinin törədilmə yeri ictimai yer olduğunu, ictimai qaydanın və iş rejiminin kobud surətdə pozulduğunu dərk edən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərinin mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza hesab edilən azadlıqdan məhrumetmə cəzasından nisbətən yüngül, cərimə və islah işləri cəzasından ağır cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, işdə yüngülləşdirici halların olmadığı, zərərçəkmiş şəxsin şikayətçi olması və işin faktiki halları nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-230/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-230/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver