Məhkəmə qərarları › İş №1(060)-231/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-231/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-231/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1986-ci ildə Ermənistan Respublikası Stepanavan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Sumqayıt Şəhər Məhkəməsində CM-nin 180.2.2-ci maddəsi ilə cinayət işi olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 mart 2023cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri Yeni Bulvar ərazisində yerləşən “Gənclik city” restoranına daxil olaraq kimsənin onu görmədiyinə əmin olduqdan sonra həmin restoranda təlxək kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 təlxək paltarlarını saxladığı saxlanc yeri hesab olunan otağın qapısını açaraq içəriyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir ədəd 2013-cü ildə alınmış 2 metr uzunluğunda, 500 manat dəyərində ayı personajına aid təlxək paltarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 mart 2023-cü il tarixdə saat 08:20 radələrində heç kimin onu görmədiyinə əmin olduqdan sonra Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs2 Yusuboviçə məxsus ayaqqabı dükanının bayır tərəfində olan satış üçün nəzərdə tutulmuş ayaqqabıların müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, üzəri göy rəngli çadırla bağlanıb sarınmaqla mühafizəsi təmin edilmiş piştaxtanın çadırla bağlanmış hissəsini əli ilə söküb açaraq qanunsuz daxil olmaqla oradan hər bir cütünün dəyəri 15 manat olan üzərində “Zara” yazısı yazılmış, 41 ölçülü 20 cüt ayaqqabıları özü ilə gətirdiyi sellofan torbaya doldurub aparmaqla özgənin cəmi 300 manat dəyərində əmlakını gizli olaraq olaraq talayıb Zərərçəkmiş şəxs2 300 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü tam təqsirli bilərək bildirdi ki, Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən binanın zirzəmisində yaşamışdır. Sumqayıt şəhəri ərazisində soyğunçuluq cinayəti törətdiyinə görə hal-hazırda Sumqayıt şəhər məhkəməsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 180.2.2-ci maddəsi ilə cinayət işi istintaq olunur və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əvvəllər Sumqayıt şəhər Məhkəməsinin ayrı-ayrı hökmləri ilə dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 avqust 2022ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra ayrı-ayrı yerlərdə fəhləlik etməklə özünü dolandırmışdır. Belə ki, 04 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri Bulvar ərazisində gəzərkən, həmin vaxt saat 20 radələrində Bulvar ərazisində yerləşən “Gənclik city” restoranına daxil olmuşdur. Həmin vaxt restoranın girişində pilləkənin yan tərəfində qarderob olmasını, həmin qarderobdan iki ədəd qız uşağına aid uzun gödəkçələr asılmasını görmüşdür. Qarderobda nəzarətçi olmadığına görə həmin gödəkçələri oğurlamaq qərarına gəlmiş, qarderobun yerləşdiyi yerə daxil olmuş, bu zaman qarderobun içəri hissəsində açılan qapı olmasını müşahidə etmişdir. Həmin qapı açarla bağlanmasa da örtülü olmuşdur. Qapını açıb içəriyə daxil olduqda balaca bir otaq olduğunu və otaqda ayı personajına aid kloun paltarı olmasını görmüşdür. Həmin kloun paltarına müştəri tapsa sata biləcəyini fikirləşdiyindən kloun paltarını götürüb həmin otaqdan tapdığı bir ədəd sellofan torbaya qoymuşdur. Bundan sonra həmin otaqdan çıxmışdır. Otaqdan çıxan zaman qarderobda olan iki ədəd uşaq gödəkçəsini də götürərək torbanın içərisinə qoymuşdur. Bundan sonra restorandan çıxıb getmişdir. Həmin ayı paltarı və iki ədəd uşaq gödəkçəsini Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yaşayan tanışı Vidadi adlı şəxsin evinə aparmışdır. Bir ədəd ayı paltarı və iki ədəd uşaq gödəkçəsini bir ədəd torbanın içərisində Vidadinin evinin həyətinə qoymuşdur. Vidadiyə həmin torbanı gəlib götürəcəyini və götürənə qədər orada qalmasını xahiş etmişdir. Bundan sonra səhərə qədər Sumqayıt şəhəri ərazisini gəzmişdir. Artıq 05 mart 2023-cü il tarixə keçmişdir. Həmin tarixdə səhər saat 08-09 radələri arasında Sumqayıt şəhəri Karvan ticarət mərkəzi ilə üzbəüz yerləşən ayaqqabı mağazasının qarşısında piştaxta qoyulduğunu və piştaxtanın göy rəngli çadırla sarındığını görmüş, piştaxtanın yaxınlığına gələrək ətrafda heç kimin olmadığını gördükdən sonra çadırın alt hissəsini sökərək əlini içəriyə salmışdır. Çadırın altında piştaxtada olan ayaqqabıları özü ilə gətirdiyi göy rəngli sellofan torbaya yığmışdır. Bundan sonra oradan uzaqlaşmış, həmin ayaqqabıları yaşadığı zirzəmiyə gətirmişdir. Həmin ayaqqabıları sayarkən əksəriyyətinin idman ayaqqabları olmaqla 20 cüt olmasını görmüşdür. Ayaqqabıların üzərində zara yazıları olmuş, onları satmağa müştəri axtarsa da tapa bilməmişdir. Ona görə də iki gün sonra ayaqqabıları Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən köhnə paltarların toplanması üçün qoyulmuş yaşıl rəngli yeşiklərə atmışdır. Bundan sonra 09 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində olan zaman Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. Polis bölməsində törətmiş olduğu hər üç cinayət hadisəsini səmimi olaraq etiraf edərək gödəkçələr və ayı paltarlarının tanışı Vidadi adlı şəxsin evində olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları Vidadi adlı şəxsin yaşadığı evə gedərək oğurladığı uşaq gödəkçələri və ayı prersonajma aid paltarı götürmüşlər. Lakin polis əməkdaşları ilə birlikdə 20 cüt ayaqqabıları atdığı köhnə paltarların toplandığı yaşıl rəngli yeşiyə baxan zaman ayaqqabıların orada olmadığını və götürüldüyünü görmüşdür. İstər “Gənclik city” restoranından uşaq gödəkçələri və ayı paltarı oğurlayan zaman, istərsə də “Karvan” ticarət mərkəzi ilə üzbəüz yerləşən dükana aid piştaxtadan oğurluq edən zaman onu heç kim görməmişdir. Göstərdiklərindən başqa heç bir oğurluq cinayəti və ya digər cinayət törətməmişdir. Əməlindən peşmandır.Hazırda zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyan tərəfindən ödənilmiş, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 54 mənzil 44-də yaşayır. Ailəli olmaqla 1 azyaşlı övladı vardır. Təxminən 22 ildir ki, şənliklərdə kloun kimi çıxış edir. Əksəriyyət vaxtlarda Sumqayıt şəhər Bulvarında yerləşən “Gənclik city” retoranında çıxış edir. Həmin restoranda müxtəlif personaj paltarlarını asmaq üçün balaca bir otağı vardır, həmin otaqda paltarlarını dəyişir. Özünə məxsus olan müxtəlif cizgi filmi personajlarına aid geyim paltarları vardır. Həmin paltarları həmin otaqda asılqandan asır. 04 mart 2023-cü il tarixdə saat təxminən 22 radələrində “Gənclik city” restoranında bir nəfər qadın hay-küy salaraq uşaqlarına məxsus gödəkçələrin qarderobdan oğurlandığını deyərək hay küy salmağa başlamışdır. Həmin vaxtı məlum olmuşdur ki, qadının azyaşlı qızlarına məxsus iki ədəd gödəkçələri oğurlanmışdır. Səhəri gün 05 mart 2023-cü il tarixdə onu şənlik məclisinə dəvət etmişlər. Məclisə dəvət olunarkən ondan ayı paltarında iştirak etməsini xahiş etmişlər. Bu səbəbdən həmin günü axşam saat 19 radələrində “Gənclik City” restoranına gedərək ayı personajı paltarını götürmək istəmiş, restoranda özünə aid olan otağa baxan zaman ayı personajlı paltarın oarada olmadığını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra 4-cü PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Müraciəti əsasında araşdırma başlanmış, izahat yazmış və iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Paltarın oğurlandığını yeri göstərmişdir. Bu hadisədən bir neçə gün sonra 4-cü PB-dən məlumat verərək ona məxsus ayı personajına aid paltarı oğurlayan şəxsi müəyyən etdiklərini bildirmişlər. Bundan sonra PB-nə gedən zaman həmin şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Həmin vaxt polis əməkdaşlarının deməsindən bilmişdir ki, Zahid oğurladığı ona məxsus ayı paltarını bir nəfər dostunun evində gizlətmiş, sonradan polis əməkdaşları ona məxsus paltarı taparaq bölməyə gətirmiş və həmin paltar özünə qaytarılmışdır. Həmin paltarın təxminən 800 manat orta bazar qiyməti olmuşdur. Həmin ayı personajı paltarını bir neçə il olar ki almış və məclislərdə iştirak edən zaman geyinmişdir. Ona görə ayı personajı paltarının köhnəlməsini nəzərə alaraq ekspertizanın paltarı 500 manat qiymətləndirilməsi ilə bağlı rəyi ilə razı olduğunu bildirmişdir. Bolinq restoranının digər adı Gənclik City restoranıdır. Həmin restorandan yalnız ayı personajına məxsus geyim əşyası oğurlanmışdır. Başqa hər hansısa geyim əşyası oğurlanmamışdır. Həmin otağın qapısını örtsə də, açarla bağlamamış, oğurluq olan zaman da həmin otağın qapısı örtülü olmuşdur. Zahid adlı şəxs qapını açaraq içəriyə daxil olub ona məxsus ayı personajı paltarını oğurlamışdır. Halhazırda Təqsirləndirilən şəxs qarşı qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 13 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Çay stansiyası qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayır. Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən “Karvan” ticarət mərkəzi ilə üzbəüz ayaqqabı mağazası vardır. Həmin dükanı icarə əsasında işlədir. Həmin mağazada ayaqqabı satışı ilə məşğul olur. Dükanda gündəlik olaraq özü satıcı kimi işləyir. Dükanı qış vaxtlarında saat 09:30 radələrində açır, saat 20 radələrində dükanı bağlayır. Dükanın qarşı tərəfində olan piştaxtada ayaqqabı satışı edir. Həmin piştaxtada bir qədər ucuz mallar satır. Belə ki, həmin piştaxtanı özü taxta materialından hazırlamışdır. Piştaxta axşam dükanı bağlayan zaman da bayırda qalsa da lakin piştaxtanı göy rəngli çadırla tam bağlayır. Daha sonra isə çadırı iplə sarıyır. Həmin pişxtaxtada kişi idman ayaqqabıları və kişi makasin markalı ayaqqabılar satır. 04 mart 2023-cü il tarixdə axşam saat 20 radələrində dükanı bağlamışdır. Həmişəki kimi piştaxtanı da çadırla bağlayaraq çadırı da iplə sarımışdır. Səhəri gün 05 mart 2023-cü il tarixdə saat 09:30 radələrində dükana gələrək piştaxtanı açmış, piştaxtaya baxan zaman göy rəngli çadırın açıldığını və piştaxtanın içərisindən ayaqqabılar oğurlanmasını görmüşdür. Çadırı tam açaraq piştxatanın içərisinə baxan zaman həqiqətən də piştaxtanın içərisindən ayaqqabılar oğurlanmasını müşahidə etmiş, piştaxtada olan ayaqqabıları sayan zaman 20 cüt ayaqqabının əksik olmasını görmüşdür. Mağazanın bayır tərəfində olan müşahidə kameralarına baxan zaman 05 mart 2023-cü il tarixdə 08:20 dəqiqədə bir nəfər kişi cinsli şəxsin piştaxtanın yaxınlığına gələrək orada dayanıb gözlədiyini və ətrafda heç kimin onu görmədiyini dəqiqləşdirəndən sonra piştaxtanın çadırını əli ilə söküb açaraq əlini piştaxnanın içərisinə salıb orada olan ayaqqabıları özü ilə gətirdiyi iri sellofan torbaya doldurmasını görmüşdür. Əvvəlcə həmin şəxsi özü tapmaq istəmiş, lakin gün ərzində tapa bilmədiyinə görə günortadan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sönra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Bu hadisədən bir neçə gün sonra 4-cü PB-dən ona məlumat verərək ona məxsus ayaqqabıları oğurlayan şəxsi müəyyən etdiklərini bildirmişlər. Bundan sonra PB-də gedən zaman həmin şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Ona mənə məxsus piştaxtanın içərisindən 20 cüt İran istehsalı üzərində “Zara” yazısı olan 41 ölçülü ayaqqabılar oğurlanmışdır. Həmin ayaqqabıların bir cütünü 15 manata satırmış. Həmin piştaxta ona məxsus dükanın qarşısında çöldə olsa da piştaxtanı göy rəngli çadırla sarıyır və piştaxta tam bağlanır. Zahid adlı şəxs piştaxtaya sarıdığı göy rəngli çadırı əli ilə söküb açaraq piştaxtanın içərisindən ona məxsus 20 cüt ayaqqabları oğurlamışdır. Hadisənin üzərindən uzun müddət keçdiyinə görə həmin görüntülər hazırda silinmiş və yoxdur. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 13 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində fərdi yaşayış evində yaşayır. Ayrı-ayrı yerlərdə ustalıq etməklə ailəsini dolandırır. Əvvəllər Cinayət Məcəlləsinin köhnə redaksiyada 102-ci sağlamlığa ağır zərər vurma və 2008-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2010-cu ildə azadlığa buraxılmışdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıyır. Onunla arasında ədavət və düşmənçilik olmamışdır. Zahidin heç kimi olmadığından Sumqayıt şəhərində binanın zirzəmisində yaşadığını bilirmiş. 05 mart 2023-cü il tarixdə evdə olduğu zaman Zahid yaşadığı evin həyətinə gələrək onu səsləmişdir. Həyətə çıxan zaman Zahidin əlində böyük sellofan torba olmuşdur. Zahid torbada özünə aid paltarlar olduğunu bildirərək həmin torbanın onun həyətində qalmasını və özünün gəlib götürəcəyini bildirmişdir. O da Zahidə etiraz etməmişdir. Bundan sonra Zahid həmin sellofan torbanı onun həyətində bir küncə qoyaraq getmişdir. O da torbanın içərisində nə olmasına baxmamışdır. Sonradan Zahid həyətinə gəlməmişdir. Bu hadisədən bir neçə gün sonra Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları yaşadığı həyətə gəlmişlər. Polisləri Zahidin Sumqayıt şəhəri ərazisində bir neçə yerdən oğurluq etdiyini və oğurladığı əşylardan iki ədəd uşaq gödəkçəsi və bir ədəd ayı personajına aid paltarı onun həyətində saxladığını bildirmişlər. O da polis əməkdaşlarına Zahidin bir neçə gün əvvəl həyətinə gələrək sellofan torbada qoyaraq getdiyini, torbadakı əşyaların özünə aid olduğunu və özünün həmin torbanın içərisinə baxmadığımı bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə torbaya baxış keçirilən zaman iki ədəd uşaq gödəkçəsi və bir ədəd ayı personajına aid kloun paltarı olması müəyyən edilmişdir. Bundan sonra Zahidin həyətinə qoyduğu həmin gödəkçələr və ayı paltarını polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları sənədləşmə apardıqdan sonra həmin əşyaları götürərək getmişlər. Təqsirləndirilən şəxs həyətinə qoyduğu həmin sellofan torbanın içərisində nə olmasını bilməmişdir. Zahid torbadakı paltarların özünə aid paltarlar olmasını demişdir. O da torbanın içərisinə baxmamışdır. Torbanın içərisində polis əməkdaşları bu barədə gəlib bildirdikdən sonra onların iştirakı ilə baxış keçirən zaman nə olmasını görmüşdür. Zahidin onun həyətinə qoyduğu sellofan torbada uşaq gödəkçələr və ayı personajına aid kloun paltarı olmasını əvvəlcədən bildiyi halda Zahidin həmin sellofan torbanı həyətində saxlamasına imkan verməyəcəyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 163-164) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.174-177); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin İŞ-də istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. “təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. (i.v. 178-179) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Vüsal Quliyevin tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, hadisə yeri Sumqayıt şəhəri Yeni Bulvar ərazisində yerləşən “Gənclik city” (Boiling) restoranının birinci mərtəbəsində restoranda təlxək kimi fəaliyyət göstərən şəxsin paltar dəyişmə otağıdır. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 oğurluq baş verən yeri göstərmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 09-10) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Vüsal Quliyevin tərtib etdiyi “baxış keçirilməsi və götürülmə barədə” protokoldan göründüyü kimi, hadisə yeri Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən Karvan ticarət mərkəzi ilə üzbəüz ayaqqabı mağazasıdır. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 oğurluq baş verən yeri göstərmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 55-57) 09 mart 2023-cü il tarixli “təqdim etmə və götürmə aparılması” haqqında protokoldan görünür ki, Şahid təqdim etdiyi iki ədəd uşaq gödəkçəsi və bir ədəd ayı personajına aid paltar ondan götürülmüşdür. (i.v. 21-22) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2396 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş 1 ədəd 2013-cü ildə alınmış 2 metr uzunluğunda ayı personaj paltarın 2013-cü ilin mart ayına olan orta bazar qiyməti nəzərə alınmaqla təxminən 500,00 manat müəyyən edilir (i.v. 27-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2398 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 02 ədəd 1.5 metr uzunluğunda qış gödəkcəsinin orta istismar müddəti və orta istisma intensivliyi parametrlərə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 60,0 manat (2 ədəd x 30,0 manat) müəyyən edilir. (i.v. 44-46) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2397 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotşəkilləri təqdim edilmiş 1 cüt üzərində “Zara” yazıları olan 41 ölçülü olan ayaqqabının 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 15,0 manat müəyyən edilir. (i.v. 64-66) xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, X2 dəymiş ziyan ödənilmiş, bu səbəbdən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. (i.v. 87-88) İş materiallarında olan “qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus bir ədəd ayı personajını aid paltarı təhvil almışdır. (i.v. 88) “maddi sübut hesab edilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 2013-cü ildə alınmış 2 metr uzunluğunda ayı personaj paltarı və X2 məxsus 02 ədəd 1.5 metr uzunluğunda qış gödəkçələri cinayət işi üzrə maddi sübut hesab edilmiş və sahibləri Zərərçəkmiş şəxs1 və Lalə Məmmədovaya təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 89) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsindən vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş, qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 01 ay 29 gün müddətə vaxtından əvvəl azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 180.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 76.6.3-cü maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ilə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 29 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş, qəti olaraq 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Bakı şəhər Nizami rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə məhkum Kazımova Sumqayıt Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı ilə qəti olaraq təyin olunmuş 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “08 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4cü hissəsinin əsasən 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 18.3-cü maddəsinə görə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Təqsirləndirilən şəxs oğlu bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə üç dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin xüsusi təhlükəli residivini yaradır. (i.v. 103-129) “sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” 11 dekabr 2023cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə ittiham edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması qərara alınmış, sonuncunun əməllərində CM-nin 180.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılmasından imtina edilmiş, Şahid barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X2 məxsus gödəkçələrin oğurlanması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində inzibati iş üzrə icraat açılmasından imtina edilmiş, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir. (i.v. 145-153) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq - təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırkı vəziyətdə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğundan onun barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halları, bundan öncə də dəfələrlə məhkumluq həyatı yaşamasını, buna baxmayaraq hələ də islah olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən təyin olunacaq cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli, digər cinayət işi üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar- 01 ədəd 2013-cü ildə alınmış 2 metr uzunluğunda ayı personaj paltarının sahibi Zərərçəkmiş şəxs1 və 02 ədəd 1.5 metr uzunluğunda qış gödəkçələrinin sahibi X2 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar- 01 ədəd 2013-cü ildə alınmış 2 metr uzunluğunda ayı personaj paltarının sahibi Zərərçəkmiş şəxs1 və 02 ədəd 1.5 metr uzunluğunda qış gödəkçələrinin sahibi X2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt RegionalVəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar