Məhkəmə qərarları › İş №1(060)-233/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-233/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-233/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1957-ci ildə Qubadlı rayonunda anadan olmuş , Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs həbsdə olan həyat yoldaşı Pərviz Xalıqverdiyevin həbsdən azad olunmasına köməklik edəcəyinə yalan vəd verərək aldatmaqla 24.09.2020-ci il tarixdə, saat 17:06-da Sumqayıt şəhəri, Azərbaycan prospekti 15 ünvanında yerləşən Sumqayıt şəhər mərkəzi poçt şöbəsində adına göndərilən 3000 (üç min) manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvələr Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunmuş, 2017-ci ilin sonlarında təxminən 2 aya yaxın müddətdə Şəki şəhər regional cəzaçəkmə müəsissəsində cəza çəkmiş, həmin müddətdə onunla eyni cəza çəkmə müəsissəsində İsmayıllı rayon sakini Şahid Səftər oğlu da cəza çəkmişdir. Təxminən 2 aya yaxın müddətə cəza çəkib çıxarkən əlaqə nömrəsini Rafikə vermiş, hər hansı bir problemi olarsa ona zəng etməsini demişdir. Belə ki, geniş əlaqələrinin olduğunu bütün məhbus yoldaşları orada olarkən gördüyü üçün o da öz istifadəsində olan mobil nömrəsini onlara vermiş, həmin vaxtdan etibarən mütamadi olmasa da, arada bir Rafik onunla əlaqə saxlamış, 2020-ci ilin iyul-avqust aylarında Rafik onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 2019-cu ilin sonlarında həmkəndlisi Pərviz Xalıqverdiyev adlı şəxsin Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə həbs olunduğunu və onu cəza çəkdiyi cəzaçəkmə müəssisindən azadlığa çıxmasına köməklik etməsini xahiş etmişdir. O, X2 cəzaçəkmə müəsissəsindən azadalığa çıxması üçün 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Belə ki, şəxsi əlaqələrindən istifadə edərək Pərvizin cəzasının üçdə biri ilə azadlığa çıxmasına köməklik edəcəyini demiş, 24 sentyabr 2020-ci il tarixdə Rafik ona zəng edərək Pərvizin işi üçün dediyi 3000 (üç min) manat pulun hazır olduğunu, Pərvizin həyat yoldaşı Zərərçəkmiş şəxs onun adına həmin pulu İsmayılı mərkəzi poçt vasitəsi ilə göndərdiyini bildirmişdir. Bundan 1 saat sonra Sumqayıt şəhərində yerləşən mərkəzi poçta yaxınlaşaraq adına 3000 (üç min) manat pulun göndərildiyini deyərək şəxsiyyət vəsiqəsini təqdim etmiş, bu zaman ona poçtun işçisi 3000 (üç min) manat pulu təqdim etmiş, qəbzə baxarkən həmin pul ona Zərərçəkmiş şəxs adından göndərildiyini görmüşdür. Bundan sonra o, Rafikə zəng edərək həmin 3000 (üç min) manat pulu götürdüyünü və 1 ay müddətinə Pərvizin işinin düzəlməsi ilə bağlı məlumat verəcəyini demişdir. O, Rafiklə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, sonradan onunla əlaqə saxlaya bilməmişdir. Pərviz Xalıqverdiyevin həyat yoldaşı Zərərçəkmiş şəxs onun adına göndərdiyi 3000 (üç min) manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, Zərərçəkmiş şəxs 3000 (üç min) manat pulunu qaytarmağa maddi imkanı olmadığı üçün hal-hazıradək onun pulunu qaytarmamışdır. Əməlindən peşmandır. Dəymiş ziyanı gələcəkdə ödəyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci ildə əri X1 RPŞ-si tərəfindən həbs olunmuş, Şəki Ağır cinayətlər məhkəməsinin hökmü ilə 5 il müddətinə həbs edilmişdir. 2020-ci ilin sentyabr ayında əri ilə həbsdə olmuş və həmin vaxtda həbsdən azad olunmuş İsmayıllı rayon sakini Rafik adlı şəxs onun yaşadığı evə gələrək Pərvizlə dost olduğunu, Pərvizin həbsdən azad olunması üçün 5000 (beş min) manat pul lazım olduğunu, həmin pulu Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs verəcəyini demişdir. Bundan sonra o, əri Pərvizlə telefonla danışmış, Pərviz ona pul tapmağı bildirmiş, o da 3000 (üç min) manat pul tapıb Rafikə zəng edərək bu barədə məlumat vermişdir. 24 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Rafiklə birlikdə İsmayıllı rayon mərkəzi poçtuna getmiş, 3000 (üç min) manat pulu Rafikin ona anket məlumatlarını kağıza yazaraq verdiyi Təqsirləndirilən şəxs adına göndərmişdir. Rafik Pərvizin 10-15 günə həbsdən çıxacağını ona demiş, 1 aydan sonra Rafikdən işin nə yerdə qaldığını soruşduqda Rafik Seyfəddinə zəng çatmadığını demiş və o, bundan sonra İsmayıllı RPŞ-nə ərizə müraciət etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 17.05.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmədiyindən ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs 24.09.2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi poçtundan Təqsirləndirilən şəxs adına Sumqayıt şəhəri, Azərbaycan prospekti 15 ünvanında yerləşən Sumqayıt şəhər mərkəzi poçt şöbəsinə 3000 (üç min) manat pulu göndərməsi barədə təhqiqata təqdim etdiyi ********* nömrəli mədaxil qəbzi sübut kimi tanınaraq cinayət işinin materillarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdə axtarışla tutulmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Zaqatala rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 5000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, onun həbsdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3500 manat miqdarında cərimə cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 14.06.2021-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat cərimə cəzasından cəmi 1060 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs 2440 manat məbləğində ödənilməmiş cərimə cəzası ödənilməmiş qalmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 04.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, “Müharibə veteranı” və 3-cü dərəcə əlilliyin olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 02.02.2021-ci il tarixdə 01 gün tutulduğu müddət 02 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2440 manat cərimə cəzası yeni təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması və 2440 manat cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs 24.09.2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi poçtundan Təqsirləndirilən şəxs adına Sumqayıt şəhəri, Azərbaycan prospekti 15 ünvanında yerləşən Sumqayıt şəhər mərkəzi poçt şöbəsinə 3000 (üç min) manat pulu göndərməsi barədə mədaxil qəbzi cinayət işinin materillarında saxlanılmalıdır. Bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdə 01 gün tutulduğu müddət 02 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2440 manat cərimə cəzası yeni təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması və 2440 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 2440 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonun, Sumqayıt və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs 24.09.2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi poçtundan Təqsirləndirilən şəxs adına Sumqayıt şəhəri, Azərbaycan prospekti 15 ünvanında yerləşən Sumqayıt şəhər mərkəzi poçt şöbəsinə 3000 (üç min) manat pulu göndərməsi barədə mədaxil qəbzi cinayət işinin materillarında saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar