Məhkəmə qərarları › İş №1(060)-233/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-233/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-233/2024 22.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1976-cı il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Sarıqaya qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" MMC-nin mühafizə xidmətinin rəisi vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 hər hansı bir şəxsi «X8» istirahət mərkəzinə mühafizəçi işinə düzəltmək kimi imkanının və əlaqələrinin olmasına inandıraraq, sonuncunun etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs1 qeyd olunan istirahət mərkəzinə mühafizəçi işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncunun 18 may 2023-cü il tarixdə saat 19:29 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən «Araz market» adlı mağazada quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə qohumu Şahid3 adına olan 4169-73**-****-3312 saylı bank kartına göndərdiyi 720 (yeddi yüz iyirmi) manat pulu Şahid2 Tələt oğlunun vasitəsilə alıb ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 720 (yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" MMC-nin mühafizə xidmətinin rəisi vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 hər hansı bir şəxsi «X8» istirahət mərkəzinə mühafizəçi işinə düzəltmək kimi imkanının və əlaqələrinin olmasına inandıraraq, sonuncunun etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs2 oğlu Şahid1 qeyd olunan istirahət mərkəzinə mühafizəçi işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayında Sumqayıt şəhəri, Sahil küçəsi, X3 yerləşən «Freqat» restoranında 1000 (bir min) manat pulu alıb, ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, əvvəllər məhkum olunmamışdır. 2018-ci ilin yay aylarından 2023-cü ilin avqust ayına kimi "xxxx" MMC-də mühafizə rəisi işləmişdir. Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tələt oğlunu tanıyır, sonuncu «X8» istirahət mərkəzində mühafizəçi işləyir. 2023-cü ilin may ayında Xəyyam ona müraciət edərək Şəhriyar adlı tanışının işsiz olduğunu, anasının xəstə olduğunu, işsiz olduğunu deyib, Şəhriyarı istirahət mərkəzinə mühafizəçi kimi işə düzəltməyini xahiş etmişdir. Sonradan Şəhriyar və Xəyyamla görüşüb danışdıqda, Şəhriyara 720 (yeddi yüz iyirmi) manat pul müqabilində onu mühafizəçi kimi işə düzəldə biləcəyini demişdir. Şəhriyar razılaşdıqda, sonuncuya həkimdən sağlamlıq haqqında arayışı şəxsiyyət vəsiqəsinin sürəti ilə ona təqdim etməsini demişdir. Bir müddət sonra Şəhriyar sənədləri hazır etdiyini dedikdə, o, Xəyyama Şəhriyara ilk öncə 720 (yeddi yüz iyirmi) manat pulu verməsini, sonradan sənədləri işə çıxdığı gün gətirməsini deməsini bildirmişdir. 18 may 2023- cü il tarixdə Xəyyamla yaşadığı Alüminium düşərgəsi yaxınlığında görüşdükdə, sonuncu ona 720 (yeddi yüz iyirmi) manat pulu verib, həmin pulu Şəhriyarın verdiyini demişdir. O, Xəyyama Şəhriyara tezliklə işinin düzələcəyini demişdir. Sonradan o, özü işdən çıxdığına görə Şəhriyarın işini düzəldə bilməmiş, Şəhriyarın verdiyi pulu isə öz ehtiyaclarına xərclədiyindən və imkanı olmadığından Şəhriyara qaytara bilməmişdir. Şəhriyar ona zəng vurub pulunu tələb etdikdə isə qısa zamanda pulunu qaytaracağını demişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayında hazırda xatırlamadığı şəxsin vasitəsilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayında ona zəng vuraraq, oğlunu işə düzəltmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 görüşüb bu barədə söhbət etmələrini bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs2la Sumqayıt şəhərində görüşmüşlər və oturub çay içib söhbət etmişlər. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs2 "xxxx" MMC-də mühafizə rəisi işləyir, oğlunu həmin yerə işə düzəltməkdə köməklik edə bilər, bunun müqabilində ona şirinlik kimi 4000 (dörd min) manat pul verməsini demişdir. Zərərçəkmiş şəxs2 da razılaşmış və qeyd etmişdir ki, 1000 (bir min) manat pulu əvvəlcədən, 3000 (üç min) manat pulu isə oğlu işə düzələndən sonra ona verəcəkdir. O da razılaşmışdır. Bundan bir neçə gün sonra 2023-cü ilin iyun ayında gününü xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2la Sumqayıt şəhəri, Sahil küçəsi, X3 yerləşən «Freqat» restoranında görüşmüşdür. Orada Zərərçəkmiş şəxs2 ona 1000 (bir min) manat pul vermiş və o da pulu götürüb, qısa müddət ərzində oğlunun işinin düzələcəyini demişdir. Sonradan onun problemləri olduğundan iş yubanmış və sonradan alınmamışdır. Zərərçəkmiş şəxs2 aldığı pulu isə öz ehtiyaclarına xərclədiyindən qaytara bilməmiş və buna görə Zərərçəkmiş şəxs2 ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, "xxxx" MMC-də hər hansı bir şəxsi işə düzəltmək kimi səlahiyəti olmamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı pullardan heç kimə vermək filmi olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmiş, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında pulu dövlət büdcəsinə ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Xəyyam onun qonşusudur, 2023-cü ilin may ayının əvvəllərində Xəyyam onun işləmədiyini bilib özünün mühafizəçi işlədiyi “Sebrize” istirahət mərkəzində mühafizə növbə rəisi işləyən Anarın onu mühafizəçi kimi işə düzəldə biləcəyini və aylıq maaş olaraq 500 (beş yüz) manat alacağını, işə düzəlmək üçün isə ilkin olaraq 720 (yeddi yüz iyirmi) manat pul lazım olduğunu demiş, o, Xəyyamla razılaşdıqdan sonra Anar ilə görüşmüşlər, Anar da Xəyyamın dediklərini təsdiqləyib 720 (yeddi yüz iyirmi) manat pul, eləcə də həkimlərdən sağlamlıq haqqında arayış və özünə məxsus şəxsiyyət vəsiqəsinin sürətini hazırlayıb verməyini demişdir. O, sənədləri hazır etdikdən sonra Anar ilə əlaqə saxlamış, lakin sonuncu ona 720 (yeddi yüz iyirmi) manat pulu ilk öncə verməyini, sənədləri isə işə çıxanda özü ilə gətirməsini demişdir. xx.xx.2023-cü il tarixdə Xəyyam ona zəng edərək Anara pul verməli olduğunu demiş, o, Xəyyamın kartının olub-olmadığını soruşmadan Xəyyama pulu çatdırması üçün Xəyyamla bir yerdə işləyən xalası oğlu Tərlanın hesabına Sumqayıt şəhəri, 41a məhəllə ərazisində yerləşən “Araz” marketdəki “Million” aparatından 720 (yeddi yüz iyirmi) manat pul göndərib həmin pulu Xəyyama çatdırmasını demiş, Tərlan da həmin günü işlədiyi “Sebrize” istirahət mərkəzində olan zaman ona göndərdiyi 720 (yeddi yüz iyirmi) manat pulu online olmaqla Xəyyamın hesabına göndərmişdir. Xəyyam pulu qəbul etdikdən sonra ona zəng edərək Tərlanın pulu göndərdiyini və pulu Anara çatdırdığını bildirmiş, Anarın tezliklə işi həll edəcəyini bildirdiyini demişdir. O, bundan sonra sənədləri həll edərək yaşadığı Günəş düşərgəsi yaxınlığında yerləşən çay evində Xəyyam və Anar ilə görüşdükdə Anar xx.xx.2023-cü il tarixdən işə çıxacağını həmin vaxtda sənədləri verəcəyini demişdir. Bir müddət sonra işlərin uzandığını görüb maraqlandıqda Anarın işdən çıxarıldığını öyrənmiş, Anar ilə əlaqə saxlayıb pulunu qaytarmasını tələb etdikdə Anar pulunu tezliklə qaytaracağını desə də hər dəfə müxtəlif bəhanələr gətirərək bu günə kimi ondan aldığı pulu geri qaytarmamışdır. Sənədləri düzəltmək üçün 80 manat xərc çəkmiş və baş vermiş hadisə nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Xəyyam ona Anar adlı şəxsin olduğunu və özünü də Anarın işə düzəltdiyini dedikdə o, Anarla danışmış və sonuncu onu işə düzəldəcəyini demiş və bunun müqabilində 720 (yeddi yüz iyirmi) manat pul verməli olduğunu bildirmişdir. O da razılaşmış və həmin pulu xalası oğlu Tərlanın kartına göndərmiş, sonuncu isə həmin pulu Xəyyama göndərmiş və Xəyyam da həmin pulu Anara çatdırmışdır. Onu işə düzəldəcəyinə dair vədi Anar vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona vurulmuş maddi ziyanı tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Şahid1 uzun müddət işsiz olmuşdur. 2023-cü ilin iyun ayında Bakı şəhəri, Xəzər rayonu "xxxx" restoranında olan zaman adını xatırlamadığı bir şəxslə tanış olmuşdur. Söhbət əsnasında həmin şəxsə oğlunun da işsiz olduğunu bildirmiş, həmin şəxs də ona oğlunu "xxxx"-də mühafizə rəisi kimi işə düzəldə biləcək bir adamın olduğunu bildirmişdir. O da razılaşmış və həmin şəxs ona Anar adlı şəxsin mobil nömrəsini vermişdir. Anarla istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Anarla telefon danışıqları zamanı "xxxx"-də mühafizə rəisi işlədiyini və oğlunu da həmin yerdə işə düzəldə biləcəyini demişdir. Anarla telefon danışıqları zamanı oğlu Rəsulu işə düzəltmək üçün 4.000 (dörd min) manat pul lazım olacağını bildirmişdir. O da cavab vermişdir ki, ilkin olaraq 1.000 (bir min) manat verəcək, oğlu işə düzələndən sonra qalan 3.000 (üç min) manatı da verəcəkdir. 2023-cü ilin iyun ayında dəqiq gününü xatırlamadığı tarixdə Təqsirləndirilən şəxsla Sumqayıt şəhəri, Sahil küçəsi, X3 yerləşən “Freqat” restoranında görüşmüşdür. Orada oğlu Şahid1 iştirakı ilə Anara 1.000 (bir min) manat məbləğində pul vermişdir. Anar pulu aldıqdan sonra bir neçə günə sənədləri götürəcəyini və oğlu Rəsulun işi də 10 (on) gün müddətində düzələcəyini bildirmişdir. Lakin bundan sonra Anarla əlaqə saxlaya bilməmiş və Anarın onu aldatmaqla pulunu mənimsədiyini başa düşmüşdür. Anarla görüşləri zamanı onunla danışıqları telefon vasitəsilə yazmış və həmin səs yazılarının həkk olunduğu diski də təqdim etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona vurulmuş maddi ziyanı tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında atası İntiqam ona demişdir ki, "xxxx" restoranında olan zaman adını xatırlamadığı bir şəxslə tanış olmuş, söhbət əsnasında həmin şəxsə onun da işsiz olduğunu bildirmişdir. Həmin şəxs də atasına demişdir ki, onu "xxxx"-də mühafizə rəisi kimi işə düzəldə biləcək bir adam vardır. Beləcə atası Anar adlı şəxsin mobil nömrəsini almışdır. Anarla istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışlar. Anarla telefon danışıqları zamanı demişdir ki, "xxxx"-də mühafizə rəisi işləyir. Onu da həmin yerdə işə düzəldə bilər. Anarla telefon danışıqları zamanı onu işə düzəltmək üçün 4.000 (dörd min) manat pul lazım olacağını bildirmişdir. Atası da Anara cavab vermişdir ki, ilkin olaraq 1.000 (bir min) manat verəcək, işə düzələndən sonra qalan 3.000 (üç min) manatı da verəcəkdir. 2023-cü ilin iyun ayında dəqiq gününü xatırlamadığı tarixdə Təqsirləndirilən şəxsla Sumqayıt şəhəri, Sahil küçəsi, X3 yerləşən “Freqat” restoranında görüşmüşlər. Orada atası onun iştirakı ilə Anara 1.000 (bir min) manat məbləğində pul vermişdir. Anar pulu aldıqdan sonra bir neçə günə sənədləri götürəcəyini və onun işi də 10 (on) gün müddətində düzələcəyini bildirmişdir. Lakin bundan sonra Anarla əlaqə saxlaya bilməmişlər və başa düşmüşlər ki, Anar onları aldatmaqla pullarını mənimsəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 xalası oğludur, Şahid2 Tələt oğlu isə qonşusudur, həmçinin Xəyyam onunla birlikdə «X7» işləyir. Həmçinin Təqsirləndirilən şəxs «X5 mühafizə rəisi işləmişdir. Adlarını qeyd etdiyi şəxslərlə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xalası oğlu Zərərçəkmiş şəxs1 işsiz olduğunu bilmiş, buna görə Xəyyama Şəhriyarı da işlədiyi yerə mühafizəçi kimi işə düzəltmək istədiyini, bunun mümkün olub-olmadığını soruşmuş, Xəyyam da bu barədə Təqsirləndirilən şəxs deyəcəyini demişdir. X6 danışmış və onlar, yəni Şəhriyar, Anar və Xəyyam görüşüb söhbət etmişlər və razılaşmışlar. 18 may 2023-cü il tarixdə Şəhriyar ona zəng edərək Anara 720 (yeddi yüz iyirmi) manat pulu çatdırması üçün Xəyyama göndərməli olduğunu, həmin pulu onun hesabına göndərəcəyini, pulu Xəyyama çatdırmağını demişdir. O da razılaşmış və Şəhriyar onun kart hesabına 720 (yeddi yüz iyirmi) manat pul göndərmiş, o isə həmin pulu Xəyyama çatdırmaq üçün sonuncu ilə əlaqə saxlamış, lakin Xəyyam işdə olmadığı üçün həmin pulu Xəyyamın kart hesabına göndərmişdir. Sonradan Şəhriyar ona zəng edərək pulun Xəyyama çatdığını demişdir. Sonradan Xəyyamla görüşdükdə, sonuncu 720 (yeddi yüz iyirmi) manat pulu tam olaraq Təqsirləndirilən şəxs çatdırdığını bildirmiş və Anarın Şəhriyarın işini tezliklə həll edəcəyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs işdən çıxmış və Şəhriyarın işini düzəldə bilməmiş, həmçinin aldığı 720 (yeddi yüz iyirmi) manat pulu da qaytarmamışdır. Şəhriyar ona zəng etdikdə ona Xəyyama çatdırılması üçün 720 (yeddi yüz iyirmi) manat pul göndərmiş, o da həmin pulu Xəyyama çatdırmışdır. Xəyyam isə öz növbəsində həmin pulu Anara vermiş, bunu Anar özü də təsdiq etmişdir. Ümumiyyətcə Xəyyamın özünü də Anar işə düzəltmiş, buna görə Xəyyamın Şəhriyarın işinin düzəldilməsində heç bir iştirakı olmamış, sadəcə Şəhriyarı işə düzəltməyi Anardan xahiş etmiş və Anara çatmalı olan 720 (yeddi yüz iyirmi) manat pulu sonuncuya çatdırmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X1 zərərçəkmiş şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallaında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan götürmə aparılması haqqında 02 noyabr 2023-cü il tarixli qərardan və həmin tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 (bir) ədəd diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə 02 (iki) ədəd «MP4» formatlı fayl vardır, həmin fayllar açılaraq fayllarda olan səs yazılarma qulaq asıldıqda müəyyən olunmuşdur ki, səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə görüşüb söhbət edən zaman «X8»da mühafizə rəisi işlədiyini, həmin yerə onu işə düzəldə biləcəyini bildirir, orada Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul təqdim etməsi və Təqsirləndirilən şəxs pulu götürməsi eşidilir, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sonuncunun oğlunu mühafizəçi kimi işə düzəldəcəyinə vəd verir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 səs yazılarında olan şəxslərin o və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin bölməsində “mühafizə xidmətinin rəisi” vəzifəsində işləmişdir. İş materiallarında olan 2640 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973******3312 nömrəli, Q***** T***** M***** oğlunun adına olan karta 720 (yeddi yüz iyirmi) manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “Kapital Bank” Qubadlı branchnın 13654 №li, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 431 (dörd yüz otuz bir) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 (bir) ədəd disk və Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 (bir) ədəd ödəniş qəbzi maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD formatlı disk və 01 (bir) ədəd ödəniş qəbzi cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD formatlı disk və 01 (bir) ədəd ödəniş qəbzi cinayət işində saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar