Məhkəmə qərarları › İş №1(060)-234/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-234/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-234/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, BTZ bağları, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 05.02.2021-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs başından əl zərbəsi ilə vuraraq ona “təpə-alın nahiyyəsinin dərialtı hematoması” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildə o, Ülkərlə ailə həyatı qurmuşdur və birgə nikahlarından bir övladları vardır. Əvvəllər Ülkərlə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar Ülkər onun mobil telefonla müxtəlif qadınlarla danışdığını bildiyi üçün aralarında münaqişlər olmuşdur. Sonuncu dəfə 01.02.2021-ci il tarixdə Ülkər onun mobil telefonda bir nəfər qadınla mesajlaşdığını dördüyü üçün aralarında mübahisə yaranmış və Ülkər uşağı da götürüb Bakı şəhərində yaşayan bibisi qızı Xəyalənin evinə getmişdir. O, dəfələrlə Ülkərə zəng vursa da telefonlarına cavab verməmiş, sonda ona mesaj yazaraq etdiyi hərəkətə görə ondan üzr istəmişdir. 05.02.2021-ci il tarixdə saat 19:00 radələrində o, işdən evə gələndə Ülkərin evdə olduğunu görmüşdür. Təxminən saat 20:00 radələrində qonşuluqda yaşayan qaynanası Füruzəni də çağırmışdır. Onun yanında Ülkərdən soruşmuşdur ki, “5 gündü hardasan, niyə zənglərimə cavab vermirsən?”. Ülkər də ondan boşanacağını bildirmişdir. O, isə Ülkərə boşanana qədər anasının evinə getməsini demiş, lakin Ülkər evin ona məxsus olduğunu iddia edib, evdən çıxmayacağını demiş və ondan polisə şikayət etdiyini, ona əl vura bilməyəcəyini bildirmişdir. O, Ülkərin bu sözlərindən əsəbləşərək, Ülkərin saçından tutub dartaraq onu yerdə sürümüş və əlinin içi ilə başından vuraraq evdən çıxıb getməsini tələb etmişdir. Həmin vaxt evdə olan qaynanası onu sakitləşdirmiş və Ülkər isə anası ilə çıxıb getmişdir. Sonradan öyrənmişdir ki, Ülkər ondan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, o, əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2014-cü ildən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından bir uşaqları vardır. Kənanın bir neçə dəfə telefonla müxtəlif qadınlarla danışdığını bildiyi üçün aralarında münaqişələr olmuşdur. 01.02.2021-ci il tarixdə o, Kənanın mobil telefonunda qadınlarla mesajlaşdığını görmüş və buna görə aralarında mübahisə yaranmışdır. O, da bundan əsəbləşərək uşağını da götürərək, Bakı şəhərində yaşayan bibisi qızı Xəyalənin evinə getmiş və onlarda qalmışdır. Həmin müddətdə Kənan dəfələrlə ona zəng vuraraq evə gəlməsini bildirmişdir. O, da 05.02.2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evə gəlmişdir. Təxminən saat 19:00 radələrində Kənan evə gəlmiş və qonşuluqda yaşayan anası Füruzəni də söhbət etmək üçün onlara çağırmışdır. Təxminən saat 20:00 radələrində evdə anası Füruzənin yanında Kənan onun nə üçün 4 gün evdə olmadığını demiş və onunla mübahisə etməyə başlamışdır. O, Kənana cavab qaytardıqda, Kənan saçından tutub bərk dartaraq onu yerdə sürümüşdür və yumruqla başından, alnından vuraraq onu döyməyə başlamışdır. Anası onu Kənanın əlindən almış və o, anası gilə gedərək DİN-nin 102 xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X1 06.02.2021-ci il tarixli, 156 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Təpə-alın nahiyyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törəmə müddəti müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 05.02.2021-ci il tarixdə yumruqla yetirilən zərbənin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.02.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli (iş № 1(060)-234/2021) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar