Məhkəmə qərarları › İş №1(060)-234/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-234/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-234/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayııt şəhəri, 76-cı məhəllə, ev 188 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.12.2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 1 ünvanında aralarında ailə münaqişəsi zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs1 sifətindən yumruqlarla vuraraq, ona «alnın, burnun və üst dodağın yarası” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər, yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edillmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12.12.2021-ci il tarixində günortadan sonra tək Sumqayıt şəhəri ərazisində kafelərin birində yemək yeyib, 0.5 litr araq içmişdir. Təxminən saat 20:00 radələrində yaşadığı evə qayıtmışdır. Həmin vaxt atası Novruz evdə sərxoş vəziyyətdə idi. Təxminən saat 23:00 radələrində öz otağında olan zaman atası yanına gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı atası onu söydüyü üçün əli ilə onu sifətindən vurmuşdur. Atası evdən çıxıb getmiş və sonradan öyrənmişdir ki, atası ondan polisə şikayət etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və onunla eyni ünvanda yaşayır. Məhəmməd mütəmadi olaraq spirtli içkilər qəbul edərək evdə münaqişələr yaradır. 12.12.2021-ci il tarixdə günorta vaxtı yaşadığı evdə yemək yeyən zaman 100 qram araq içmişdir. Həmin gün axşam saatlarında oğlu Məhəmməd sərxoş vəziyyətdə evə gəlmişdir. Təxminən saat 23:00 radələrində evdə olan zaman Məhəmməd onunla mübahisə etmiş, nalayiq söyüşlərlə onu söyməyə başlamışdır. O, oğlu Məhəmmədi sakitləşdirməyə çalışsa da, Məhəmməd onun sözlərinə əhəmiyyət verməyərək yumruqla sifətindən vuraraq onu döyməyə başlamışdır. Zərərçəkmiş şəxs1 zərbələrdən yerə yıxılan zaman təpiklərlə də onun sifətindən və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. O, Məhəmmədin əlindən birtəhər qaçaraq Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə getmiş və bu barədə polisə şikayət etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə oğludur. Məhəmməd mütamadi olaraq spirtli içki qəbul edərək evdə münaqişələr yaradır. 12.12.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Məhəmməd yenə sərxoş vəziyyətdə evə gəlmişdir. Novruz onun siqaretlərini götürüb çəkdiyi üçün Məhəmmədə iradını bildirmiş və buna görə də onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Məhəmməd yumruqlarla Novruzun sifətindən vurmuş və Novruz sifətindən, dodağından xəsarətlər almışdır. Buna görə də, Novruz polisə gedərək Məhəmmədin onu döyməsi ilə bağlı şikayət etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12.12.2021-ci il tarixli 1157 saylı rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “alnın, burnun və üst dodağın yarası”. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla, təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 12.12.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yerinə yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-238/2022 saylı, 21.02.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində sadələşdirilmiş icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də, hazırki iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmaması təqsirləndirilən şəxsə yenidən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində cəza tətbiq edilməlidir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 15.12.2021-ci il tarixli qərardan görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materialarında olan Sumqayıt Şəhər 76-cı məhəllə üzrə 5 saylı məhəllə komitəsi tərəfindən verilmiş 21.12.2021-ci il tarixli, 388 saylı xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 22.12.2021-ci il tarixli, 4440 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı və hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar