Məhkəmə qərarları › İş №1(060)-235/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-235/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-235/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı ildə Füzuli rayonu, Aşağı Veysəlli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismari qaydalarini pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqinda» Azərbaycan Respublikasi qanunun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərini və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq «Kamaz-65115-015-13» markali, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilində istehsalçı müəssisənin həmin avtomobil üçün müəyyən etdiyi kəmiyyətdən (15 tondan) artıq, yəni, 20 ton yük daşıyaraq 01.11.2020-ci il tarixdə, saat 06:30 radələrində idarə etdiyi «Kamaz-65115-015-13» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayit şəhəri ərazisindən keçən 32-ci kilometrliyində yolun Bakı şəhəri istiqaməti üçün nəzərdə tutulmuş hərəkət yoluna icazə verilən hərəkət istiqamətinin əksinə daxil olub avtomobili Quba rayonu istiqamətinə əksinə hərəkət etdirməklə «Yol hərəkəti haqqinda» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud surətdə pozaraq, yəni, nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilər, nəqliyyat vasitəsinin yolun çiyni ilə hərəkətinə yalniz dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısa müddətə dayanmaq üçün icazə verilir tələblərini yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkani olsa da buna əməl etməmiş, Bakı-Quba-Dağıstan sərhəddi yolunun Bakı şəhəri istiqamətində, öz hərəkət yolunda hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz- 21011” markali, ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkəti üçün təhlükə yaradıb həmin avtomobillə toqquşaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ əng sümüyünün, xəlbir sümüyünün və burun sümüklərinin qəlpəli sınıqları, döş qəfəsinin və qarnın küt travması, döş qəfəsində sağda İV-İX, solda İİİ-Vİİ qabırğaların yerdəyişmə ilə sınıqları, iki tərəfli hemopnevmotoraks, boyun və döş qəfəsi divarlarinda geniş yumuşaq toxuma enfizeması, başın və üzün çox saylı çapılmış yaraları, sağ diz qapağının qapalı yerdəyişən sınığı, baş beyinin sərt qişasında ocaqlı qansızmalar və iltihabı dəyişikliklər (paximeningit), baş beynin yumşaq qişasında ocaqlı qansızmalar, beyin maddəsinin ödemi, ağ ciyərdə ocaqlı pnevmoniya, ocaqlı qansızmalar, hissəvi ödem, atalektaz və emfizema ocaqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarələri yetirmiş və almış olduğu xəsarətlərdən qapalı kəllə beyin travması ilə əlaqədar beyin qişaları altına qansızma, beyinin yumşalması, ödemi və posttravmatik ensefalopatiyası nəticəsində Zərərçəkmiş şəxs2 21.12.2020-ci il tarixdə, saat 04:55 radələrində Bakı şəhərində yerləşən “City Hospital”-da ölümünə bilavasitə səbəb olmuş, Zərərçəkmiş şəxs2 məxsus «Vaz-2101» markali, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 3666 (üç min altı yüz altmış altı) manat, Zərərçəkmiş şəxs1 məxsus «Kamaz-65115-015-13» markali, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, BC dərəcəli sürücülük vəsiqəsi var. 04.02.2019-cu il tarixdən Zərərçəkmiş şəxs1 məxsus olan “Kamaz 65115-015-13” markali, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında günəmuzd idarə edirdi və həmin yük avtomobili ilə Quba rayonu ərazisindən Bakı şəhərinə şebel-qum, eyni zamanda Bakı şəhərindən də rayonlara mişar daşı daşımaqla məşğul olurdu. 31.10.2020-ci il tarixdə Abşeron rayonu ərazisində yerləşən daş karxanasından Quba rayonuna aparmaq üçün idarə etdiyi yük avtomobilinə 1020 ədəd mişar daşı yüklətdirmiş, gec olduğundan Quba rayonuna gedə bilməmiş, avtomobilini yaşadiği Sumqayit şəhəri, yeni qəsəbə ərazisində saxlamış, 01.11.2020-ci il tarixdə, saat 06.30 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi yük avtomobilinə əyləşərək Quba rayonuna yola düşmüş, əlavə vaxt itirməmək və 6-7 km əlavə yol sürməmək üçün həmin yola daxil olaraq yolun Bakı şəhəri istiqamətində olan hərəkət yolunun yol çiyninə daxil olub idarə etdiyi avtomobilinin həm qəza, həm də yaxınvuran işiqlarını yandıraraq hərəkət axınının əksinə yol çiyni ilə 10-15 km/saat sürətlə Quba rayonu istiqamətində hərəkətini davam etdirmiş, bu zaman yolda Bakı şəhəri istqamətində qırmızı rəngli “Vaz-2101” markalı avtomobilin yaxınvurma işığını yandırıb gəldiyini görmüş, həmin avtomobil öz hərəkəti istiqamətindəki sol zolaqda hərəkət etdiyi yerdən ani olaraq istiqamətini dəyişib onun üzərinə gəldiyini gördükdə səs və işıq siqnalı vasitəsi ilə iki-üç dəfə xəbərdarlıq etsə də həmin avtomobilin sürücüsü üzərinə gəlməyə başlamış, o, öz istiqamətində bir az da sola manevr etsə də “Vaz-2101” markali avtomobil onun üzərinə gəlmiş yol çiynidə toqquşmuşlar. Avtomobildə sürücü tək olmuş, sürücü xəsarət aldığı üçün onu yoldan keçən tanımadığı sürücülər və digər şəxslərin köməkliyi ilə avtomobildən çıxarıb TTY avtomobili ilə xəstəxanaya yola salmışdır. Hadisə zamanı avtomobildə tək olmuş, hər hansı bir xəsarət almamışdır. Onun idarə etdiyi avtomobillə toqquşan avtomobilin sürücüsünün Zərərçəkmiş şəxs2 olduğunu sonradan bilmiş, o, Bakı şəhərində yerləşən “City Hosiptal”-da müalicə alarkən müalicə müddətində xəstəxanaya və dərmanlara ümumilikdə 5300 (beş min üç yüz) manat pul ödəmiş, 2000 (iki min manat) pulu isə Zərərçəkmiş şəxs2 oğluna nəğd formada vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onlara vurulmuş maddi zərəri tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, “Kamaz” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, o, həmin avtomobilini 04.02.2019-cu il tarixdə idarə etmə etibarnaməsi ilə Təqsirləndirilən şəxs vermiş, Taheh də həmin avtomobillə daş və çınqıl daşımaqla məşğul olmuşdur. 01.11.2020-ci il tarixdə saat 06:30 radələrində Taleh ona zəng vuraraq Bakı-Quba-Dağıstan sərhəddi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində hərəkətin əksi istiqamətində hərəkət edib və Bakı istiqamətində hərəkətdə olan “Vaz 2101” markali, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və “Vaz 2101” markalı avtomobilin sürücüsünün xəsarət alması barədə ona məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tam olaraq ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs2 01.11.2020-ci il tarixdə saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri ərazisindən keçən 32-ci kilometrində idarə etdiyi “Vaz 2101” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya aparılmış və almış olduğu xəsarətlərdən 21.12.2020-ci il tarixdə, saat 04:55 radələrində Bakı şəhərində yerləşən “City Hospitalda” ölmüşdür. Atasının idarə etdiyi avtomobillə Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən həmin yerdə hərəkətin əksi istiqamətində hərəkətdə olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Atası Bakı şəhərində xəstəxanada müalicə olunsa da, aldığı xəsarətlərdən rəhmətə getmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 28.11.2020-ci il tarixli, 1457 saylı rəyindən görünür ki, ekspert 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibb ekspertizasına, Sumqayıt şəhər TTY-nın tərtib etdiyi 3446 saylı, Bakı Hospitalının tərtib etdiyi ******* saylı xəstəlik tarixlərinə əsasən qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş sullara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir: Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Sağ əng sümüyünün, xəlbir sümüyünün və burun sümüklərinin qəlpəli sınıqları. Döş qəfəsinin və qarnın küt travması. Ddöş qəfəsində sağda İV-İX, solda İİİ-Vİİ qabırğaların yerdəyişmə ilə sınıqları, iki tərəfli hemopnevmotoraks. Boyun və döş qəfəsi divarlarında geniş yumşaq toxuma enfizeması. Başın və üzün çox saylı çapılmış yaraları. Sağ diz qapağının qapalı yerdəyişən sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdır, onun tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 01.11.2020-ci ildə yol nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi MTE Və Pataloji Anatomiya Birliyi Tərəfindən verilmiş 21.12.2020-Ci İl tarixli, 78/MEŞ №-li rəyindən görünür ki, müayinə zamani mərhum Zərərçəkmiş şəxs2 meyiti üzərində qapali kəllə beyin travmasi, döş qəfəsinin və qarının küt travmasından sonrakı nəticələr-baş beyinin sərt qişasındaocaqlı qansızmalar və iltihabi dəyişikliklər (paximeningit), baş beynin yumuşaq qişasında ocaqlı qansızmalar, beyin maddəsinin ödemi; ağ ciyərdə ocaqlı pnemoniya, ocaqlı qansızmalar, hissəvi ödem, atalektaz və emfizema ocaqları, sağdan İV-İX, soldan İİİ-Vİİ qabırğaların deformasiyalaşdıran yerdəyişmiş sınıqlarından sonrakı vəziyyəti, vesseral və parietal peritonda posttravmatik bitişmələr, sağ diz qapağının yerdəyişmiş sınığından sonrakı vəziyyəti aşkar edilir. Aşkar edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 01.11.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sürücüsü olduğu avtomaşının salonunda yarana bilərdilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, xəsarətlərlə ölüm arasında bilavasitə səbəbli əlaqə vardir. Zərərçəkmiş şəxs2 ölümünün bilavasitə səbəbi qapalı kəllə beyin travması ilə əlaqədar beyin qişaları altına qansızma, beynin yumuşalması, ödemi və posttravmatik ensefalopatiyası olmuşdur. Ölüm 21.12.2020-ci il tarixdə, saat 04:55-də baş vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 26.11.2020-ci il tarixli, 8/2001 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara görə Kamaz-65115- 015-13 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Kamaz-65115-015-13 markalı avtomobildə istehsalçı müəssisənin həmin avtomobil üçün müəyyən etdiyi kəmiyyətdən (15 tondan) artıq, yəni 20 ton yük daşıdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərrinə uyğunsuzluq olmuşdur. Tədqiqat tərəfindən təqdim olunan məlumatlara görə VAZ-2101 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısın almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs2 VAZ-2101 markalı avtomobil sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 01 noyabr 2020-ci il tarixli, 6033 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (01.11.2020-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına 18.12.2018-ci il tarixdən 18.12.2028-ci il tarixədək qüvvədə olan AC 245853 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. AC seriyalı 921232 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz-65115-015-13 yük” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1dur. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 04.02.2019-cu il tarixdə təsdiq edilmiş ƏN-İV seriyalı 805721 №li “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs1 “Kamaz-65115-015-13 yük” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu 18.12.2028-ci ilədək Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-05.04.2018-ci il təvəllüdlü X4 və 17.01.2020-ci il təvəllüdlü X5 vardır. Cinayət işinin materiallarından görünür ki, «Kamaz 65115-015-13» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı və «Vaz 2101» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətlərinin olmadığını, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Qanunvericiliyin yuxarıda sadalanan müddəalarının tələblərini də nəzərə alır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 05.03.2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli barəsində “həbs” qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 05.03.2021-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli (iş № 1(060)-235/2021) qərarını icra edərək, 03.03.2021-ci il tarixli 227 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 05.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar-«Kamaz 65115-015-13» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı və «Vaz 2101» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar