Məhkəmə qərarları › İş №1(060)-235/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-235/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-235/2022 17.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, məhkumluğu olamayan, subay, orta təhsilli, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07.10.2021-ci il tarixdə istintaqa məlum olmayana mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0.320 qram çəkidə narkotik vasitə olan heroin edib daşıyaraq üzərində saxlamış, 08.10.2021-ci il tarixdə saat 02.30-da Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində, N.Nərimanov abidəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş 01 büküm 0.320 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. 08.10.2021-ci il tarixdə, təxminən saat 02:30 radələrində Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən Nərimanov heykəlinin yaxınılığında olduqları zaman, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib polis idarəsinə dəvət etmiş, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin narkotik vasitə olan «kakos» olduğunu, həmin maddəni 07.10.2021-ci il tarixdə axşam saatlarında Masazır qəsəbəsindən Vüsal adı ilə tanıdığı şəxsdən 30 (otuz) manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddə büküldüyü kağızla birlikdə tərəziyə qoyularaq çəkilmiş və kağızla birlikdə çəkisinin 0,43 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı saxlanması və gəzdirilməsi qadağan olunmuş maddə və ya əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş bükümdə olan heroini 07.10.2021-ci il tarixdə Masazır qəsəbəsində yaşayan, Vüsal adı ilə tanıdığı şəxsdən 30 manata öz istifadəsi üçün əldə etmişdir, narkotik vasitələrin satışı ilə məşğul olmur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Narkotik vasitəni aldığı əxsin adının Vüsal olduğunu bilir, telefon istifadə etmir, Masazır qəsəbəsi ərazisində yerləşən “Qurtuluş 93” kompleksinin yaxınlığında onunla rastlaşıb narkotik vasitəni almışdir. Təxminən 35 yaşında, arıq bədən quruluşlu, orta boylu, üzü saqqallı bir şəxs olmuşdur. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 bildirdi ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən mənə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 08 oktyabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o, başçılıq etmiş, idarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 02.30 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüş, bir qədər sonra onun Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində N.Nərimanov heykəlinin yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirdik. Bundan sonra o, müqavimət göstərmədən bizimlə avtomobilə mindikdən sonra ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs təhqiqatçı, polis mayoru Zaur Cəfərov tərəfindən şübhəli şəxs qismində tutuldu, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Tahir Abbasov və polis əməkdaşlarının iştirakı ilə Nemət Fərəcova üzərinə şəxsi axtarış keçirilmişdir. X2 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Nemət Fərəcov heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Nemət Fərəcov özü sağ əli ilə əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf gümüşü kağıza bükülmüş narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs oğlundan təqdim etdiyi şəffaf rəngli bükümün içərisində olan qəhvəyi rəngli kütlənin nə olduğu, haradan kimdən hansı məqsədələ əldə etdiyi, üzərində hansı məqsədlə daşıdığı soruşulduqda o, həmin kütlələrin heroin olduğunu, 07.10.2021-ci il tarixdə tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisindən Vüsal adlı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə edərək, üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan gümüşü büküm tərəzi vasitəsilə çəkildikdə 0.43 qram olduğu tərəzinin ekranında görünmüş və həmin büküm ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 124 nömrəli möhürü ilə möhürlənərək üzərində qeydlər aparılaraq imzalanmışdır. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroini haradan əldə etməsi barədə ondan soruşduqda o, həmin narkotik vasitə olan heroini 07.10.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisindən Vüsal adlı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə edərək, üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin inspektorları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 08.10.2021-ci ildə, saat 02:30-da Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin İŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20) İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 09.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə, saat 11:00-da təqsirləndirilən şəxs qismində cəlb edilmiş, saat 11:30-dan 12:30-dək dindirilmiş, sonra isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Sumqayıt Şəhər Pİ-nin MSY-dən azad edilmişdir. (i.v.51-52, 60-62, 64-65) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2021-ci il tarixli, 6/4476 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar olan 01 ədəd bükümdə 0.320 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v.37- 41) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 04.12.2021-ci il tarixli, 4883 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 93-94) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 oktyabr 2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 Fərəcova əvvəlcə özünü təqdim edir. Həmin vaxt Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları Şahid1, kiçik inspektorlar Ramil İbrahimov və Şahid3 özlərini həmin şəxsə təqdim edir. Sonra X2 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Tahir Abbasovu təqdim edir. X2 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü sağ əli ilə əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ( bir) ədəd gümüşü rəngli bükümü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli büküm açıldıqda bükümün içərisində olan qəhvəyi rəngli kütlə olduğu görünür və ondan həmin bükümdə olan maddənin nə olduğu, haradan kimdən hansı məqsədələ əldə etdiyi, üzərində hansı məqsədlə daşıdığı soruşulduqda o, həmin kütlənin (heroin) olduğunu, həmin kütləni bir gün əvvəl saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisindən Vüsal adlı şəxsdən şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə edərək, üzərində daşıdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf bükümlər tərəzi vasitəsilə çəkildikdə 0.43 qram olduğu tərəzinin ekranında görünür və həmin büküm ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin 124 nömrəli möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. (i.v. 86-87) İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokolda, Sumqayıt ŞPİ-nin xidməti otaqlarından birində onun üzərində şəxsi axtarış keçirlməsi, özünün əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni təqdim edərək, narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirməsi, həmin bükümün tərəzidə çəkildikdə tərəzinin ekranında 0.43 qram yazıldığı və həmin bükümün ağ zərfə qoyaraq qablaşdırıldığı möhürləndiyi qeyd edilmişdir. (i.v.29-30) Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən üzərindən aşkar olunmuş gümüşü rəngli bükümdə olan heroinin çəkisi 0.43 qram olması qeyd olunsa da məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2021-ci il tarixli, 6/4476 saylı rəyində həmin narkotik vastiə olan heroinin çəkisi 0.320 qram olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin təmiz çəkisinin 0.320 qram olması müəyyən olunmuş, tədqiqatdan sonra qalıq qalmış 0.270 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. i.v.37-41, 72-73, 97-102) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə Hərbi məhkəməsinin 21.06.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilir. (i.v. 92) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 90) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,320 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 91.76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,270 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30-da tutulmuş, 09 oktyabr 2021-ci il tarixdə, saat 12:30-dan sonra azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutlub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdən 09 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 18, mənzil 5 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 91.76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,270 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar