Məhkəmə qərarları › İş №1(060)-237/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-237/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-237/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-151/2022 saylı, xx.xx.2022ci il tarixli hökmünə əsasən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 ay 17 gün çəkilməmiş cəzası olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13.30 radələrində Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, M.Fizuli küçəsi, 75-ci məhəllə, 125 saylı evin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkisi 0,279 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ağrıları olduğu üçün narkotikdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 13.30 radələrində yaşadığı Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, M.Fizuli küçəsi, 75-ci məhəllə, 125 saylı evin yaxınlığında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. Bölmənin xidməti otaqların birində vəkil təqdim olunaraq üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan kütlə narkotik vasitə olan kakosdur, həmin narkotik vasitə olan kakosu Sumqayıt şəhəri, maşın bazarı deyilən yerdə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün bir bükümdə 10 manata almış, üzərində saxlamışdır. Sonra isə həmin maddə üzərində olan kağız büküm ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Əməlində peşmandır. İ dərəcə əlilliyi vardır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib yaşadığı Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisində evin yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə vəkil dəvət etmişlər, ona hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmişdir. Həmin büküm açılmış, həmin bükümün içərisinə baxarkən bükümdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlə narkotik vasitədir, həmin bir bükümdə olan narkotik vasitəni Sumqayıt şəhəri, Maşın bazarı deyilən yerdə olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin kütlənin çəkisi təxminən 1 qrama yaxın olmuşdur. Sonra həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, imzalanmışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Şahid2, Şahid3 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 13.30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib yaşadığı Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsində küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs vəkil təqdim olunaraq hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmiş, həmin bükümün içərisinə baxarkən bükümdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlə narkotik vasitə olan kakosdur. Tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və video kamera ilə görüntüsü qeydə alınmışdır. Aşkar olunmuş büküm müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Şahid1, Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 13.30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib yaşadığı Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, M.Fizuli küçəsi, 75-ci məhəllə, 125 saylı evin yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X7 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmiş. Həmin büküm açılmış, həmin bükümün içərisinə baxarkən bükümdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlə narkotik vasitədir, həmin bir bükümdə olan narkotik vasitəni Sumqayıt şəhəri, Maşın bazarı deyilən yerdə olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Həmin kütlənin çəkisinin 0,71 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X1 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, M.Fizuli küçəsində xx.xx.2022-ci il tarixdə saat 13:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra "hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 təqdim olundu. Təqsirləndirilən şəxs Əli Äğa oğlu təqdim edilmiş vəkilə heç bir etiraz etmədi. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etdi. Həmin büküm açıldı, həmin bükümün içərisinə baxarkən bükümdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan maddə narkotik vasitədir. Aşkar olunmuş maddəni Sumqayıt şəhəri, Maşın Bazarı deyilən yerdə tanımadığı şəxsdən 10 (on) AZN pula aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş kütlə tərəziyə qoyulub çəkilən zaman bükümdəkı maddənin çəkisinin kağız ilə birlikdə 0.71 qram olduğu müəyyən olundu və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırıldı və DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə ekspertizasının 6/6212 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №125”-li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,279 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,229 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları və Təqsirləndirilən şəxs hüquqlarım müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş kütləni təqdim etdi. Həmin büküm açıldı, həmin bükümün içərisinə baxarkən bükümdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş həmin kütlə narkotik vasitədir, həmin bir bükümdə olan narkotik vasitəni Sumqayıt şəhəri, Maşın bazarı deyilən yerdə olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkildi. Həmin kütlənin çəkisinin 0,71 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alındı. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X1 tərəfindən müvafiq qaydada qablaşdırıldı və Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,279 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,229 qram heroin maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1673 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ dərəcə əlilliyi olan şəxsdir və atası Mütəllimzadə Əli-Ağa Ramazan oğluna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialında xx.xx.2019-cu il tarixindən müddətsiz İ qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və aylıq təqaüdün məbləği 80 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 14 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildə “L2 fəqərəsinin fəsadlaşmış kompression sınığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. A/ə-ın paraparezi” diaqnozu ilə 2 (ikinci) dərəcə müddətsiz əlillik təyin edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə aid olduğundan ona 130 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 151/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-441 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə məhkəmənin hökmü ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüş, cəzasının 10 ay 09 gününü çəkmiş və çəkilməmiş cəzası 07 ay 17 gün təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6452 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,279 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,229 qram heroin maddi sübut kimi tanınaraq məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2022-ci il tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD-R” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən İ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, bir daha onun səhhətindəki problemləri nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 07 ay 17 gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs İ dərəcəli əlil olduğundan məcburi müalicə təyin edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,229 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-965/2022) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 22 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 07 (yeddi) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs İ dərəcəli əlil olduğundan məcburi müalicə təyin edilməsinin mümkün olmaması nəzərə alınsın və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,229 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar