Məhkəmə qərarları › İş №1(060)-238/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-238/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-238/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Füzuli rayonu, Horadiz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Füzuli şəhəri Horadiz şəhəri, Puşkin küçəsi, ev 34-də qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddəsi ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri Nizami küçəsi, 6-cı məhəllə 19C-də qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 oğlu ilə özgənin əmlakını talama məqsədi ilə 15.08.2020-ci il tarixdə gecə saat 03 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs icarəyə işlətdiyi Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən polimer tullantıların təkrar emalı sexinə şüşəsi olmayan pəncərədən qanunsuz daxil olaraq oradan 2 ədəd, birinin qiyməti 10 manat dəyərində ümumi qiyməti 20 manat təşkil edən Rusiya istehsalı qara metaldan olan köhnə dəmir çarpayıların başlıqlarının, 20 kiloqram çəkidə ümumi dəyəri 3 manat təşkil edən Rusiya istehsalı bişmiş bolt-qaykaları, 2 ədəd birinin qiyməti 200 manat dəyərində ümumi dəyəri 400 manat təşkil edən sellofanı bişirmək üçün nəzərdə tutulan Türkiyə istehsalı olan qızdırıcıları, 150 manat dəyərində sellofanı yapışdırmaq üçün nəzərdə tutulan Türkiyə istehsalı «Esmak» markalı aparatın alt çənəsini və 1 ədəd 15 manat dəyərində plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan Çin istehsallı qızdırıcı aparatın gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 588 (beş yüz səksən səkkiz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 16.08.2020-ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs icarəyə işlətdiyi Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən polimer tullantıların təkrar emalı sexinə şüşəsi olmayan pəncərədən qanunsuz daxil olaraq oradan 1 ədəd 100 manat dəyərində üzərində «Ural Zid-300 MMA» yazısı olan qaynaq aparatı,1 ədəd 30 manat dəyərində üzərində «Obient Wealth 580W» yazısı olan laqonda, 1 ədəd 15 manat dəyərində plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan ütü və 1 ədəd 30 manat dəyərində elektrik dreli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 175 (yüz yetmiş beş) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını talama məqsədi ilə 15.08.2020-ci il tarixdə gecə saat 03 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs halında X1 icarəyə işlətdiyi Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən polimer tullantıların təkrar emalı sexinə şüşəsi olmayan pəncərədən qanunsuz daxil olaraq oradan 2 ədəd, birinin qiyməti 10 manat dəyərində ümumi qiyməti 20 manat təşkil edən Rusiya istehsalı qara metaldan olan köhnə dəmir çarpayıların başlıqlarının, 20 kiloqram çəkidə ümumi dəyəri 3 manat təşkil edən Rusiya istehsalı bişmiş boltqaykaları, 2 ədəd birinin qiyməti 200 manat dəyərində ümumi dəyəri 400 manat təşkil edən sellofanı bişirmək üçün nəzərdə tutulan Türkiyə istehsalı olan qızdırıcıları, 150 manat dəyərində sellofanı yapışdırmaq üçün nəzərdə tutulan Türkiyə istehsalı «Esmak» markalı aparatın alt çənəsini və 1 ədəd 15 manat dəyərində plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan Çin istehsallı qızdırıcı aparatın gizli olaraq talayıb zərərçəkmiş X3 ümumilikdə 588 (beş yüz səksən səkkiz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindən təxminən 5-6 ildir ki, məhəllə uşağı kimi tanıyır. 14 avqust 2020-ci il tarixdə, saat 17:00 radələrində, yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində o, təsadüfən məhəllə uşağı olan Təqsirləndirilən şəxs2 ilə görüşmüş onunla söhbət etmiş, işsizlik olduğu üçün və pul lazım olduğu üçün Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMC-nin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasında yerləşən polietilen materiallarının təkrar emalı sexindən oğurluq etməyi təklif etmiş, Zaur onunla razılaşmış və o, Zaura həmin axşam saat 21:00da oraya gəlməsini demişdir. Beləliklə, 14 avqust 2020-ci il tarixdə, saat 21:00 radələrində o, Zaurla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMC-nin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasının yanında görüşmüş, lakin həmin ərazidə adamların olmasını görüb belə qərara gəlmişlər ki, biraz qəsəbə ərazisini gəzib sonra oğurluq etsinlər. Onunla Zaur bir neçə saat qəsəbə ərazisini gəzəndən sonra artıq ayın 15.08.2020-ci il tarixə keçmişdi saat təxminən 03 radələrində Zaurla sexin hasarının üstünə çıxıb, şüşəsi olmayan pəncərədən polietilen materiallarının təkrar emalı sexinə daxil olaraq sexdəki stolun üstündən balaca köhnə qaz açarını, dəzgahların üstündən bişmiş təxminən 20 kg bolt-qaykaları, təxminən 2 metr uzunluğunda lazımsız dəmir borunu, iki ədəd dəmirdən olan çarpayı başlığı, sellofanı bişirmək üçün nəzərdə tutulan iki ədəd qızdırıcı, sellofanı yapışdırmaq üçün nəzərdə tutulan aparatın alt hissəsini, plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan bir ədəd qızdırıcı aparatı götürüb, həmin yerdən tapdıqları parçadan olan kisənin içinə yığaraq, yenədə sexin zalındakı pəncərədən çölə çıxıb, oradan uzaqlaşmışlar. Səhər açılanda oğurladıqları əşyaları Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində ağ rəngli «QAZ- 24» markalı, dövlət nömrə nişanına baxmadıqları avtomobildə gəzərək, dəmir materiallarını qəbul edən təxminən 50 yaşı olan tanımadıqları kişiyə 40 manata təhvil verib, həmin pulu aralarında yarı bölmüşlər və adama 20 manat pul düşmüşdür. Bundan başqa, 16 avqust 2020-ci il tarixdən yenədə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMC-nin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasında yerləşən polietilen materiallarının təkrar emalı sexindən oğurluq etmək qərarına gəlmiş və bu dəfə oğurluğu tək etmişdir. Belə ki, 16 avqust 2020-ci il tarixdə, saat 23 radələrində o, tək Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMC-nin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasının yanına gedərək, əynindəki qara rəngli köynəyini çıxardıb, üzünə yaylıq formasında bağlamış ki, orada olan kamera görüntülərinə düşməsin. Sonra, o oranın hasarının üstünə çıxıb, yenədə şüşəsi olmayan pəncərədən polietilen materiallarının təkrar emalı sexinə daxil olmuş, sexə daxil olandan sonra, sexin zalında olan, dəzgahlar qoymaq üçün nəzərdə tutulan stolun üstündən 01 ədəd qaynaq aparatını, 01 ədəd laqondanı, 01 ədəd göy rəngli dreli və plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan 01 ədəd qızdırıcı aparatını oğurlayıb, həmin yerdən tapdığı qara rəngli parçadan olan kisənin içinə yığaraq, yenədə sexin zalındakı pəncərədən çölə çıxıb, oradan uzaqlaşmışdır. Bundan sonra, oğurladığı həmin əşyaları aparıb, yaşadığı evin həyətinə yığmış ki, sonra, onları kiməsə satıb, pul əldə edər. 17 avqust 2020-ci il tarixdə, saat 14:00 radələrində, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən kompyuter zalında komyuterdə oyun oynayan zaman orada o, bir nəfər təxminən 25-30 yaşlı Röyal adlı cavan oğlanla tanış olmuş, söhbət əsnasında onun, təmir işləri ilə məşqul olduğunu bilib, polietilen materiallarının təkrar emalı sexindən oğurladığı alətləri Röyala ucuz qiymətə təklif etmiş və Royal, plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan qızdırıcı aparatını ondan ucuz qiymətə almağa razı olmuşdur. O, Röyalla həmin plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan qızdırıcı aparatın qiymətini 10 manata razılaşmış və Röyal, onunla birlikdə onun yaşadığı evə gedərək, ona 10 manat pul verib, həmin qızdırıcı aparatı alıb getdikdən sonra, o, Röyalı görməmişdir. Həmin günün səhərisi isə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları onun yaşadığı evə gələrək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMCnin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasında yerləşən polietilen materiallarının təkrar emalı sexindən oğurluq etdiyini və sexdə quraşdırılmış kamera görüntülərinə düşdüyünü bildirmişlər. Ona görə də o, polislərə hər şeyi olduğu kimi danışmış və həyətində saxladığı oğurladığı 01 ədəd qaynaq aparatını, 01 ədəd laqondanı və 01 ədəd göy rəngli dreli polisə təqdim etmişdir. Polislər onu, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə aparmış və orada o, izahat verərək, hər şeyi olduğu kimi etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi tikili evdə ailəsi ilə birlikdə yaşayır. X4 yaşadığı, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindən təxminən 5-6 ildir ki, məhəllə uşağı kimi tanıyır. 14 avqust 2020-ci il tarixdə, saat 17:00 radələrində, yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində o, təsadüfən məhəllə uşağı olan X6 ilə görüşüb, onunla söhbət etmiş, Elvin ona, işsizlik olduğu üçün və pul lazım olduğu üçün, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMC-nin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasında yerləşən polietilen materiallarının təkrar emalı sexindən oğurluq etməyi təklif etmiş, o, Elvinlə razılaşmış və Elvin ona, həmin axşam, saat 21:00-da oraya gəlməyini bildirmişdir. 14 avqust 2020-ci il tarixdə, saat 21:00 radələrində onlar Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMC-nin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasının yanında görüşmüş, bir neçə saat qəsəbənin ərazisini gəzmişlər ki, sakitlik olan kimi sexə girib oğurluq etsinlər. Artıq ayın 15.08.2020-ci il tarixə keçmiş saat təxminən 03 radələrində Elvinlə o sexin hasarının üstünə çıxıb, şüşəsi olmayan pəncərədən polietilen materiallarının təkrar emalı sexinə daxil olmuşlar və sexə daxil olandan sonra, sexdəki stolun üstündən balaca qaz açarını, dəzgahların bişmiş bolt-qaykalarını, orada olan 2 ədəd dəmir çarpayıların başdıqlarını sellofanı bişirmək üçün nəzərdə tutulan 2 ədəd qızdırıcı, sellofanı yapışdırmaq üçün nəzərdə tutulan aparatın alt hissəsini və plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan bir ədəd qızdırıcı aparatı götürüb, həmin yerdən tapdığımız parçadan olan kisənin içinə yığaraq, yenədə sexin zalındakı pəncərədən çölə çıxıb, oradan uzaqlaşmışlar. Bundan sonra, oğurladıqları əşyaları səhərisi günü Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində ağ rəngli «QAZ-24» markalı, dövlət nömrə nişanına baxmadıqları avtomobildə gəzərək, dəmir materiallarını qəbul edən təxminən 50 yaşı olan tanımadığımız kişiyə 40 manata təhvil verib, həmin pulu aralarında yarı bölərək adama 20 manat pul düşmüşdür. Bundan 2 gün sonra, yəni, 17 avqust 2020-ci il tarixdə, Sumqayıt şəhər Polis İdarəsinin 2ci Polis Bölməsinin əməkdaşları onun yaşadığı evə gələrək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMC-nin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasında yerləşən polietilen materiallarının təkrar emalı sexindən iki gün əvvəl Elvinlə birlikdə oğurluq etdiyini və sexdə quraşdırılmış kamera görüntülərinə düşdüyünü bildirmişlər. Ona görə də, o, polislərə hər şeyi olduğu kimi danışmış və polislərlə birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə getmiş, orada izahat verib, hər şeyi olduğu kimi etiraf etmiş və bilmiş ki, onunla birlikdə sexdən oğurluq edəndən iki gün sonra, Elvin yenədə tək həmin sexdən oğurluq etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2 ildən artıqdır ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlıq Mərkəzi MMC-nin Sumqayıt şəhər 3 nömrəli filialının inzibati binasını icarəyə götürərək, polietilen materiallarının təkrar emalı sexi kimi işlədir. İşlətdiyi polietilen materiallarının təkrar emalı sexində polietilen materiallarının təkrar emalı üçün nəzərdə tutulan bütün dəzgahlar yerləşir, birinci mərtəbədə 3 otaq yerləşir, onlardan biri ofis otağı, digərində iki ədəd dəmir çarpayı vardır, üçüncüsü boşdur, ikinci mərtəbədə isə 5 boş otaq vardır, onlarda boşdur. Hadisə baş verən zaman sexdə ondan başqa 3 nəfər işləyirdi, onlardan ikisi kişi, birinin adı Kamran, digərinin adı Seymur, üçüncüsü isə Leyla adlı qadın idi, hal-hazırda isə sexdə 1 nəfər Aybəniz adlı qadın fəaliyyət göstərir. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən işlətdiyi polietilen materiallarının təkrar emalı sexini hər gün, səhər 08:00 radələrində açıb, işə başlayr, hər axşam, saat 19:00 radələrində bağlayır və sexin dəmirdən olan darvazasının qıfılının açarları yalnız özündədir. 14 avqust 2020-ci il tarixdə, saat 19:00 radələrində, o işlətdiyi polietilen materiallarının təkrar emalı sexinin dəmir darvazasının qıfılını özündə olan açarla bağlayıb, evinə getmiş, 15 avqust 2020-ci il tarixdə, saat 08:00 radələrində, işlətdiyi sexə gəlib, dəmir darvazanın qapısının qıfılını özündə olan açarla açaraq, içəriyə girmiş, saat 09:00 radələrində ona, sellofan əridən aparatı təmir etmək üçün, qaz açarı lazım olduğundan, sexin dəzgahlar olan zalına baxıb, zaldakı stolun üstünə qoyduğu həmin qaz açarının yerində olmadığını görmüş, qaz açarının yerində olmadığını görərək, o, sexin zalında, otaqlarında və sexin çölündə quraşdırılmış kamera görüntülərinə baxıb, 14 avqust 2020-ci il tarixdən, 15 avqust 2020-ci il tarixə keçən gecə, saat 02:45 radələrində, 2 nəfər şəxsin sexin zalındakı açıq vəziyyətdə olan pəncərəsindən zala daxil olaraq, sexin ikinci mərtəbəsinə qalxıb, oradakı otaqların birində olan 2 ədəd dəmir çarpayıların başdıqlarını götürüb apardıqlarını görmüş, bundan sonra, həmin iki nəfər kişi sexin ikinci mərtəbəsindən birinci mərtəbəsindəki zala düşərək, orada parçadan olan kisənin içinə stolun üstünə qoyulmuş dəzgahların bişmiş boltqaykalarını yığıb, çarpayıların başlıqlarını və bolt-qaykaları oğurlayıb, yenədə zaldakı pəncərədən çölə çıxıb getmişlər. Videogörüntülərə baxaraq, o, sexdən oğurluq edən iki nəfər şəxsin birini sexdə işləyən Kamrana oxşadıb, Kamrandan şübhələnmiş və Kamranı çağırıb, ona, ondan şübhələndiyini bildirmiş, Kamran ona, sexdən oğurluq etmədiyini və baş vermiş oğurluqla bağlı polisə şikayət etməyini bildirmiş, həmin gün o, işlətdiyi sexi gəzərək, sexdən nələrin oğurlandığını araşdırmış və ona məlum olmuş ki, 14 avqust 2020-ci il tarixdən, 15 avqust 2020-ci il tarixə keçən gecə, saat 02:45 radələrində, sexdən 2 ədəd köhnə dəmir çarpayıların başlıqları, təxminən 20 kiloqram çəkidə Rusiya istehsalı olan bişmiş bolt-qaykaları, sellofanı bişirmək üçün nəzərdə tutulan Türkiyə istehsalı olan 2 ədəd qızdırıcı (peç), sellofanı yapışdırmaq üçün nəzərdə tutulan Türkiyə istehsalı olan «Esmak» markalı aparatın alt çənəsi oğurlanmışdır. Ona görə də, bunları tam araşdırandan sonra o, bilmişdir ki, həmin oğurluq nəticəsində ona 1000 (bir min) manat məbləqində maddi ziyan dəyib və 16 avqust 2020-ci il tarixdə, saat 15:00 radələrində, özünə məxsus ***-***-**-** nömrəli mobil telefonu ilə DİN-nin «102» xidmətinə zəng edib, işlətdiyi sexdən oğurluq baş verdiyini bildirmiş, həmin vaxt Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları işlətdiyi sexə gələrək, hadisə yerini müayinə etmiş, o, sexdə quraşdırılmış kamera görüntülərini polisə göstərmiş və polis işçiləri ilə birlikdə bölməyə gedərək, orada ərizə və izahat vermişdir. Bundan bir gün sonra, yəni, 17 avqust 2020-ci il tarixdə, saat 09:00 radələrində, o, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən işlətdiyi polietilen materiallarının təkrar emalı sexinə gələrək, sexin dəmir darvazanın qapısının qıfılını özündə olan açarla açıb, içəriyə girmiş və sexin birinci mərtəbəsindəki zalda olan, dəzgahlar qoymaq üçün nəzərdə tutulan stolun üstündən, üzərində «Ural Zid-300 MMA» yazıları olan 01 ədəd qaynaq aparatının, üzərində «Obient Wealth 580 W» yazıları olan 01 ədəd laqondanın, üzərində heç bir yazı olmayan 01 ədəd göy rəngli drelin və plastik boruları yapışdırmaq üçün nəzərdə tutulan 01 ədəd qızdırıcı aparatın oğurlandığını görmüş, bildiyinə görə oğurlanan bu dəzgahlar Çin istehsalı olmuş və onları təxminən 1 il bundan qabaq Bakı şəhəri, Qaradağ rayonunda yerləşən «Sədərək» Ticarət Mərkəzindən ümumilikdə təxminən 700 (yeddi yüz) manata almışdır. Həmin gün o, yenədə sexin içində və çölündə quraşdırılmış kamera görüntülərinə baxaraq, 16 avqust 2020-ci il tarixdə, saat 23:40 radələrində, arıq bədən quruluşlu, üzünə köynəyini yaylıq formasında bağlayaraq, ağ maykada olan şəxsin, sexin zalındakı açıq vəziyyətdə olan pəncərəsindən zala daxil olub, orada olan, dəzgahlar qoymaq üçün nəzərdə tutulan stolun üstündən oğurluq edərək, pəncərədən çıxıb getdiyini görmüş, bunları aydınlaşdırandan sonra, o, 18 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gedib, yenədə işlətdiyi sexdən baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə vermiş, həmin gündən bir neçə gün sonra dəqiq tarixi yadında deyil onu Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə çağırmışlar, bölmədə ona laqonda, qaynaq apparatı və direli göstərəndə o, öz mallarını görən kimi tanımış, orada ona məlum olmuş ki, onun iş yerindən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2020-ci il tarixli 9/3338 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ümumilikdə 175 (yüz yetmiş beş) manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 fevral 2021-ci il tarixli 9/251 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ümumilikdə 588 (beş yüz səksən səkkiz) manat dəyərində ziyan dəymişdir. İş materiallarından görünür ki, 01 ədəd üzərində «Ural Zid-300 MMA» yazısı olan qaynaq aparatı, 01 ədəd üzərində «Obient Wealth 580W» yazısı olan laqonda və 01 ədəd göy rəngli drel cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 X1 icarəyə işlədiyi polimer tullantıların təkrar emalı sexindən oğurluq edərkən həmin vaxt orada qurlaşdırılmış müşahidə kameralarına düşmüş və həmin görüntülər SD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 06.02.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09.02.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14.05.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə olduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08.10.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, onun həbsdə olduğu 04 ay 26 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 22 gün kimi hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 12.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 01 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını 13.01.2021-ci il tarixdə çəkib qurtararaq qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, onlar həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan 01 ədəd üzərində «Ural Zid-300 MMA» yazısı olan qaynaq aparatı, 01 ədəd üzərində «Obient Wealth 580W» yazısı olan laqonda və 01 ədəd göy rəngli drel zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut olan 01 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxslərə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 ədəd üzərində «Ural Zid-300 MMA» yazısı olan qaynaq aparatı, 01 ədəd üzərində «Obient Wealth 580W» yazısı olan laqonda və 01 ədəd göy rəngli drel zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd SD disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar