Məhkəmə qərarları › İş №1(060)-238/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-238/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-238/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, oıla təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 9cu mikrorayon, “Kristal ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,801 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Dəli Dağ” marketin qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılıb xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,801 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən son 3-4 ay ərzində bağırsağında ağrılar olduğuna görə cəmi 5-6 dəfə müxtəlif növ narkotik vasitələr istifadə etmişdir. 01 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, 20 yanvar dairəsi adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olarkən bir nəfər tanımadığı şəxs müştəri qismində avtomobilə əyləşib onu Bakı şəhəri, Şamaxinka adlanan əraziyə aparmağını bildirmişdir. Yol boyu həmin şəxslə aralarında olan söhbət zamanı hər ikisinin də narkotik istifadəçisi olduğu bir-birilərinə məlum olmuşdur. Həmçinin, o, həmin şəxsə bağırsağında ağrılar olduğuna görə hərdənbir narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona üzərində narkotik vasitə istifadəçilərinin “qara” adlandırdığı narkotik vasitə-tiryək olduğunu, istəyirsə 1 qramını ona 30 manata sata biləcəyini, ağrıları olduqda az miqdarda istifadə etməyini bildirmişdir. O da 30 manat verib həmin şəxsdən “qara” adlanan narkotik vasitəni almışdır. Həmin gün və 02 noyabr 2022-ci il tarixdə aldığı narkotik vasitənin üzərindən 2 dəfə az miqdarda istifadə etmişdir. 02 noyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Dəli Dağ” marketin qarşısında, avtobus dayanacağının yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz olaraq istifadə etməkdə, saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİnin 1-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə PByə getmişdir. Polis bölməsinə getdikdən sonra ona şübhəli şəxs qismində tutulacağı bildirilmiş və özünə müdafiəçi seçməyi üçün Sumqayıt regional vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. O, həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Sonra həmin vəkillə telefon əlaqəsi saxlanılıb polis bölməsinə dəvət edilmişdir. Vəkil gələnədək o qorxduğu və məsuliyyətdən yayınmaq üçün üzərində dərman adı ilə aldığı maddənin olduğunu, yalandan onun narkotik vasitə olub-olmadığını bilmədiyini bildirmişdir. Həmin vəkil PB-yə gəldikdən sonra üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona müdafiəçisi, Sumqayıt regional vəkil bürosunun vəkili X4 və hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi bildirildikdə əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,81 qram olması müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür. Ona ünvanlanan suallara cavab olaraq hər hansı təsirə məruz qalmadığını, üzərindən aşkar olunmuş kütləni Bakı şəhəri, 20 yanvar dairəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən müştəri kimi əyləşmiş şəxsdən 30 manata aldığını bildirmişdir. Sonra videoçəkiliş yekunlaşmış, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da protokola imza etmişdir. O, saxlanılarkən, 1-ci PB-yə aparılarkən və PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. O, həmin maddənin narkotik vasitə-tiryək olduğunu bilmiş, məsuliyyətdən yayınmaq üçün PB-də olarkən və üzərinə şəxsi axtarış keçirilərkən yalandan onu dərman adı ilə aldığını, narkotik vasitə olmasını bilmədiyini bildirmişdir. Həmin tiryəki üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Hazırda əməlindən peşmandır, sağlamlığı ucbatından narkotik vasitəni qəbul etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, bu ömründə ilk səhvidir, barəsində azadlıqdan məhumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 02 noyabr 2022-ci il tarixdə, saat 19:30-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Dəli Dağ” marketin qarşısında, avtobus dayanacağının yaxınlığında o və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Nihad Rəhimov tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin istifadəsi, saxlaması və üzərində gəzdirməsində şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün 1-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə PB-yə getmişdir. Polis bölməsinə getdikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilmiş və özünə müdafiəçi seçməyi üçün Sumqayıt regional vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Sonra həmin vəkillə telefon əlaqəsi saxlanılıb polis bölməsinə dəvət edilmişdir. Vəkil gələnədək Təqsirləndirilən şəxs üzərində dərman adı ilə aldığı maddəninolduğunu, onun narkotik vasitə olub-olmadığını bilmədiyini bildirmişdir. Həmin vəkil PB-yə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiəçisi, Sumqayıt regional vəkil bürosunun vəkili X4 və hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi bildirildikdə əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə vizual baxış zamanı içərisində tünd qəhvəyi rəngli narkotik vasitə- tiryəkə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,81 qram olması müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq hər hansı təsirə məruz qalmadığını, üzərindən aşkar olunmuş kütləni Bakı şəhəri, 20 yanvar dairəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən müştəri kimi əyləşmiş şəxsdən 30 manata aldığını bildirmişdir. Sonra videoçəkiliş yekunlaşmış, şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili X5 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən Dəlidağ marketin qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən Dəlidağ marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə saat 20:31-də PB-də xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X4 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffa rəngli sellofan büküm çıxarıb masanın üzərinə qoymuş, vizual baxış zamanı bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə kütləsi olması aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə bənzər kütləelektron tərəziyə qoyulub çəkildikdə 0,81 qram olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş kütləni Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən müştəri qismində əyləşmiş tanımadığı şəxsdən 30 manata almışdır və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN—nin 125 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6373 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” sözləri və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,801 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,801 qram olan narkotik vasitə tiryəkdən tədqiqatdan sonra qalıq qalmış 0,751 qram tiryək maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 10 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022- ci il tarixli, 6862 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əalmətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,801 qram olan narkotik vasitə tiryəkdən tədqiqatdan sonra qalıq qalmış 0,751 qram tiryək maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə 1 ədəd disk maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında davranışını, törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməsini nəzrə alaraq hesab edir ki, o həqiqətən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etmiş və əməlindən peşmandır. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və ilk dəfə məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadliqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,751 qram narkotik vasitə tiryək məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə tutulmuş, 04 noyabr 2022-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Kristal ünvan 2-ü tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,751 qram narkotik vasitə tiryək məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar