Məhkəmə qərarları › İş №1(060)-238/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-238/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-238/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Dəvəçi rayonu Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)- 135/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,870 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19:52-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı Market”in arxasında saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki açıq göy rəngli şalvarının sağ cibindən 01 ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,870 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində heç bir narkotik vasitə olmamışdır. xx.xx.2024-cü ildə axşam tərəfi evlərinə gələn zaman bloklarının qarşında polis əməkdaşlarını görmüşdür. Həmin əməkdaşlardan bir nəfər polis serjantı onun arxasınca bloka girmiş və saxlamışdır. Daha sonra heç bir çəkiliş olmadan qeyri-rəsmi formada polis əməkdaşları orada onun üzərinə baxış keçirmişlər və üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onların evinə qalxaraq evə baxış keçirmişlər, lakin evdə də qanunsuz nəsə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadıqları H.Z.Tağıyev qəsəbəsində yerləşən polis məntəqəsinə aparmışlar, orada ona qanunsuz təsir və təzyiqlər göstərmişlər. Belə ki, ona fiziki təsir olmasa da, bildirmişlər ki, çəkiliş vaxtı üzərində narkotik vasitə olmasını etiraf etməsə və bu barədə izahat verməsə barəsində külli miqdarda narkotik vasitə ilə bağlı sənədləşmə olacaq. Ona görə də məcbur qalıb razılaşmışdır. Bundan sonra onu ilk olaraq “Qayalı Market”in yaxınlığına aparmışlar və əvvəlcədən qurulmuş senari üzrə çəkiliş aparılmışdır. Üzərindən çıxan narkotik vasitəni çəkilişdən öncə ona Fikrət adlı polis əməkdaşı vermişdir. “Qayalı Market”in yaxınlığında çəkiliş olduqdan sonra polis əməkdaşları təkrar onların evinə getmişlər və bu dəfə video çəkilişlər axtarış aparmışlar. Daha sonra onun Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə gətirmişlər, orada vəkil də olmuşdur, lakin ona qarşı olan qanunsuzluqlar barədə vəkilinə heç nə deməmişdir. İki gün sonra onu azadlığa buraxmışlar. İş istintaqda olarkən ona qarşı olan qanunsuzluqlar barədə müstəntiqə şifahi formada bildirmişdir. Müstəntiq tərəfindən ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Azadlıqda olan vaxt ona qarşı olan qanunsuzluqlar barədə hər hansı orqana və ya təşkilata müraciət etməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. xx.xx.2024-cü il tarixdə saat 19:52-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən “Qayalı” Marketin arxasında olduğu zaman, polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu və üzərinə baxış keçirtmək istədiklərini bildirmişlər. Video çəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, əynində olan açıq göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmiş, sonra isə həmin gün saat 20:23 radələrində onun evinə baxış keçirilmişdir. Evinə baxış zamanı hər hansısa bir qanunsuz predmet aşkar olmamış, təqdim etdiyi həmin narkotik vasitəyə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğu üçün tədbir iştirakçıları tərəfindən götürülmüş, müvafiq qayadada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra o, müvafiq sənədləşdirmə işlərinin aparılmasından ötrü üzərindən götürülmüş maddi sübutlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş, PB-nə gətirildikdən sonra polis əməkdaşı mobil telefonunun video kamerasını işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə orada xidməti otaqların birində video çəkilişə başlanılmışdır. Ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiə etməsi üçün vəkil təqdim olunmuş, həmin bildirişlə tanış olaraq, vəkilə etiraz etməmiş, üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra saxlanıldığı yerdə üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış içərisində narkotik vasitə heroin olan 01 ədəd möhürlənmiş zərf video çəkiliş altında təqdim edilmiş, sorğu zamanı o, narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, xx.xx.2024-cü il tarixdə Xızı rayonunda olarkən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra təqdim edilmiş möhürlənmiş zərf açılmış, həmin zərfin içərisində 01 ədəd şəffaf rəngli sellofan olduğu görülmüşdür. Həmin sellofan içərisində heroin olduğu müəyyən edilmiş və həmin heroin şəffaf rəngli sellofanla birlikdə elektron tərəzidə çəkilən zaman çəkisinin 1,12 qram olduğu aşkar edilmişdir. Daha sonra heroin təkrar zərfə qablaşdırılaraq DİN-in 126 saylı möhürü ilə möhürlənmiş, vəkil Ruslan Mustafazadə tərəfindən ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri-insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi, təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi, üzərində saxlaması, yaşadığı ünvanda alqı-satqısı ilə məşğul olması və saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı müvafiq vəsatət və təqdimatla məhkəməyə müraciət edilmiş və müvafiq məhkəmə qərarı alınmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə müvafiq əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Qayalı” marketin yaxınlığında hərəkətdə olan zaman saxlanılmışdır. Özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, daşıması vı satışı ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd büküm çıxarıb təqdim edərək içərisində “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Xızı rayonunda üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Məhkəmə qərarı əsasında evə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ 2-ci Polis bölməsinə gətirilmiş, bölmədə ona vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə qablaşdırılmış maddə olan zərf açılmış, yenidən həmin maddə təhqiqatçı tərəfindən çəkilmiş, daha sonra yenidən müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya yayınmaya cəhd etməmişdir. Törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin rəsi müavini Şahid2, əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və sahə rəisi Şahid3 məhkəmə iclasında onlardan öncə ifadə vermiş Şahid1 ifadələrinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 76-77-ci vərəqələrində olan təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək polisi nəzarıti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 19-20-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsinə icazə verilmişdir. Cinayət işinin 19-20-ci vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin tüstünün yoxlanılmasına” dair xx.xx.2024-cü il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Qayalı” marketin yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə olan heroinə bənzər maddə təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkilrəkən bükümü ilə bilrikdə çəkisinin 1,12 qram olması müəyyən edilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 22-23-cü vərəqələrində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi və evə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, qanunsuz əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının işitrakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi və qablaşdırılmış maddəyə baxış keçirilərək tərkar elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə çəkisinin 1,12 qram olması müəyyən edilmişdir. Həmin maddə yenidən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli 6/5316 saylı ekspert rəyindən görünür ki, , tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 126” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,870 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,870 qram, tədqiqata sərf edildi - 0,5 qram, qalıq- 0,820 qram. Cinayət işinin 54-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 115-120-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,820 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş. Eyni zamanda şübhəli şəxsin üstünün yoxlanılması və təqdim olunan əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7643 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidləri və psixostimulyatorlarım birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 99-100-cü vərəqələrində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) 25 (iyirmi beş) gün azadlıqan məhrum etmə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-135/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün müddətə şübhəli şəxs kimi tutulması təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 ( bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzçəkmə müddətinin başlanğıcı 10 fevral 2025-ci il tarixdən hesablanmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-135/2025 saylı hökmü Təqsirləndirilən şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, təqdim edilən əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış protokollar, həmin prosessual hərəkətlərin protokolları, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, onun hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı fiziki təsir olmasa da, çəkiliş vaxtı üzərində narkotik vasitə olmasını etiraf etməsə və bu barədə izahat verməsə barəsində külli miqdarda narkotik vasitə ilə bağlı sənədləşmə olacağı ilə bağlı onu hədələmişlər. Lakin, təqsirləndirilən şəxsin qeyd etdiyi hal da məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs cəzansını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Lakin, məhkumluğu ödənilmədən və ya götürülmədən 26 noyabr 2024-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı ağırlaşdıran hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-135/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün mddətə şübhəli şəxs kimi tutulması təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 ( bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzçəkmə müddətinin başlanğıcı 10 fevral 2025-ci il tarixdən hesablanmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-in eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-135/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-135/2025 saylı iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2025-ci il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7643 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,820 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 96 (doxsan altı) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat, ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(060)- 135/2025 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-135/2025 saylı iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın və onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,820 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 96 (doxsan altı) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə isə 132 (yüz otuz iki) manat, ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar