Məhkəmə qərarları › İş №1(060)-239/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-239/2022

18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-239/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1998-ci il tarixində Xaçmaz şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Atatürk küçəsi, D2, ev 27-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 8/19, mənzil 28-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1,186 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 iyul 2021-ci il tarixində, saat 18:15-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Corat abidəsinin yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pİ-ə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 1,186 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə müddətdir ki, narkotik vasitə olan heroini istifadə edir. 29.07.2021-ci il tarixdə təxminən saat 18.15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış kəçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr izah olunduqda sonra hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan mavi rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 01 ədəd şəffaf rangli sellofan bükümü təqdim etmiş, həmin büküm açılmış, bükümdə spesifik iyə malik, qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin "kakos" olduğunu, aşkar olunmuş həmin maddəni 28.07.2021-ci il tarixdə Corat qəsəbosi ərazisində İbrahim adlı şəxsdən 15 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək, Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİnin CAŞ-da kiçik inspektor kimi xidmət edir, rütbəsi polis serjantıdır. 29.07.2021-ci il tarixində Xaçmaz şəhəri, Atatürk küçəsi D2, ev 27-də qeydiyyatda olan və Sumaqyıt şəhəri, 14-cü məhəllə, ev 25-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkili, polis kapitanı Şahid1, polis serjantı X7, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Səadət Qənbərovdan, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil edib, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakını təmin etmişlər. Saat 18:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan Corat abidəsinin yanında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Corat abidəsinin yaxınlığına gəlmiş və orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Saat 18:15 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlamışlar və özlərini təqdim etdikdən sonra özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin Pİ-nə gətirilmişdir. Pİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdə nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində “KAKOS” yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Həmin bükümə baxarkən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin və 28.07.2021-ci il tarixdə İbrahim adlı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək həmin bükümlər elektron tərəzidə çəkildi və protokol tərtib olunması üçün həmin kütlə tərəfimizdən götürüldü, həmin kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı.. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı X7 da Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsindən görünür ki, o şahid X7 və Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 30.07.2021-ci il tarixli 6/3183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi №124” dairəvi möhür əksi və “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,186 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 14.12.2021-ci il tarixli 5087 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs məcburi müalicə tətbiq edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsi barədə 29.07.2021-ci il tarixli protokoldan CD diskdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinın iştirakı ilə özü əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin büküm Sumqayıt şəhər Pİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Saədət Qənbərov tərəfindən açılmış və bükümdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisinin 1,1 qram olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 09.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin müstəntiqi, polis baş-leytenantı Semur Xəlilzadə tərəfindən 30.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 29.07.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.07.2021-ci il tarixində saat 18:15-də Sumqayıt şəhəri, Corat qəsəbəsinin yaxınlığında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt ŞPİ-nin İŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarında olan 31 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materillarında olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və icraatın dayandırılması haqqında 08.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin MSY-nə təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayə işi metarillarında olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi materillarında olan 13.12.2021-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 13 dekabr 2021ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 14.12.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1,186 qram olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,136 qram heroin sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin gənc olması, ilk dəfə cinayət törətməsi və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının 29-31 və dekabr ayının 11-13-cü tarxilərində Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 1,186 qram heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,136 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 14.01.2022-ci il tarixli (iş № 1(060)-239/2022) qərarını icra edərək, 18.01.2022-ci il tarixli 148/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 (yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçiun onun hüquqlarını müdafiə etməsindən imtina etdiyi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.02.2022-ci il tarixli (iş № 1(060)-239/2022) qərarını icra edərək, 18.02.2022-ci il tarixli 204 saylı orderə əsasən vəkil X5 onun vəkili təyin edilmişdir. Müdafiəçi X6 oğlu məhkəmə iclasında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 (beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçi tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Müdafiəçi X6 tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 ( beş ) ay 22 ( iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,136 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar