Məhkəmə qərarları › İş №1(060)-241/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-241/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-241/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 oğlunun, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam Rayon Məhkəməsinin 02.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3, 185.2.2, 185.2.4-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 24.04.2017ci il tarixli qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric olunmaqla cəzası 06 ay azaldılmış, üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 11.07.2018-ci il tarixli qərarı ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cazası təyin edilmiş, 25.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 12.10.2020-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23a/8, mənzil 67-də yaşayan Zərərçəkmiş şəxs4 mənzilinin pəncərəsindən mənzilə qanunsuz daxil olaraq yataq otağında yerləşən dolabdan milli məzənnə ilə 574,6 (beş yüz yetmiş dörd manat altmış qəpik) manat təşkil edən 26000 (iyirmi altı min) Rus rublu məbləğində nağd pulu, 10 (on) manat dəyərində olan qara ipli dairəvi yaşıl rəngli 01 ədəd boyunbağı,10 (on) manat dəyərində olan üzərində albalı rəngli bir ədəd böyük və bir ədəd kiçik ölçülü daşı olan gümüşü rəngli 01 ədəd boyunbağı, 02 (iki) manat dəyərində olan göy rəngli ipin üzərində firuzəyi rəngli muncuqlar və ağ rəngli parça materialından güllər olan 01 ədəd boyunbağı, 03 (üç) manat dəyərində olan gümüşü rəngli zəncir formalı 01 ədəd boyunbağı, 05 (beş) manat dəyərində olan kiçik qaşlarla bəzədilmiş boyunbağı-sırğa dəstini, biri 20 (iyirmi) qəpik, üçü 60 (altmış) qəpik dəyərində olan gümüşü rəngli 03 ədəd sadə boyunbağı, biri 50 (əlli) qəpik, yeddisi 3,5 (üç manat əlli qəpik) dəyərində olan müxtəlif rəngli (qara, qırmızı, göy, 03 ədəd firuzəyi, bənövşəyi) 07 ədəd muncuq-bilərziyi, 02 (iki) manat dəyərində gümüşü rəngli üzərində böyük ölçülü mirvari daş olan 01 ədəd dəmir bilərziyi,02 (iki) manat dəyərində qızılı rəngli 01 ədəd dəmir bilərziyi,40 (qırx) qəpik dəyərində olan göy-ağ rəngli 01 ədəd bilərziyi, 01 (bir) manat dəyərində olan qızılı rəngli üzərində dörd ədəd böyük ölçülü daş olan 01 ədəd broşu, biri 05 (beş) manat, on ikisi 60 (altmış) manat olan müxtəlif formalı, müxtəlif rəngli 12 ədəd kulonu, biri 03 (üç) manat, onu 30 (otuz) manat olan müxtəlif formalı, müxtəlif rəngli 10 ədəd üzüyü, 02 (iki) manat dəyərində üzərində qara rəngli daş olan qızılı rəngli böyük ölçülü 01 cüt sırğanı, 50 (əlli) qəpik dəyərində olan qara-çəhrayı rəngli 01 cüt sırğanı,05 (beş) manat dəyrəində olan qızılı rəngli üzəri kiçik qaşlarla bəzədilmiş 01 cüt sırğanı, bir cütü 2 (iki) manat, səkkiz cütü 16 (on altı) manat dəyərində olan müxtəlif formalı, müxtəlif rəngli 08 cüt sırğanı,biri 05 (beş) manat, üçü 15 (on beş) manat dəyərində olan üzərində «CK Calvin Klein» yazıları olan (göy, qırmızı, ağ rəngli) 03 ədəd saatları,01 (bir) manat dəyərində olan qırmızı rəngli 01 ədəd saatı, biri 05 (beş) manat, ikisi 10 (on) manat dəyərində olan üzərində «Versace» yazıları olan qızılı və gümüşü rəngli 02 ədəd saatları, 10 (on) manat dəyərində üzərində «Quartz» yazıları olan qırmızı rəngli süni dəri materialından kəməri olan 01 ədəd saatı,10 (on) manat dəyərində olan üzərində «Ferruci» yazıları olan göy rəngli süni dəri materialından kəməri olan 01 ədəd saatı, 05 (beş) manat dəyərində olan üzərində «OLJ» yazıları olan ağ rəngli süni dəri materialından kəməri olan 01 ədəd saatı, 03 (üç) manat dəyərində olan üzərində «Weyneshi» yazıları olan qəhvəyi rəngli süni dəri materialından kəməri olan 01 ədəd saatı,03 (üç) manat dəyərində olan üzərində «Y.B.» yazıları olan ağ rəngli süni dəri materialından kəməri olan 01 ədəd saatı,15 (on beş) manat dəyərində olan üzərində «Swarovski» yazıları olan gümüşü rəngli 01 ədəd saatı,10 (on) manat dəyərində olan üzərində «Qazet.az» yazıları olan qara rəngli qutuda olan 01 qələm dəstini gizli talaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 809,60 (səkkiz yüz doqquz manat altmış qəpik) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 18.10.2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan Sumqayıt şəhəri 9-cu mikrorayon ev 25E/18, mənzil 48-in plastik pəncərəsinin açıq olmasından və evdə heç kimin olmamasına əmin olduqdan sonra içəriyə qanunsuz daxil olub yataq otağındakı dolabın içərisindən 200 (iki yüz manat) məbləğində nağd pulunu, 4500 (dord min beş yüz) manat dəyərində olan 01 ədəd sarı rəngli metaldan içərisində «Luç» yazısı olan qol saatı-üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, ümumi çəkisi 61,81 qram olan 01 ədəd qızıl kişi qol saatını, 4750 (dörd min yeddi yüz əlli) manat dəyərində olan 750 əyarlı 50 qram çəkidə (üzük, sırğa, kulon, boyunbağı və qolbağı) üzərində 5,6 Belçika brilyantı olan ağ qızıl komplekti, 665 (altı yüz altmış beş) manat dəyərində olan 750 əyarlı 7 qram çəkidə, üzərində 1,5 karat Belçika brilyantı olan gül formalı qızıl qadın üzüyü, 375 (üç yüz yetmiş beş) manat dəyərində olan 583 əyarlı 5 qram çəkidə, üzərində 1 karat Sibir brilyantı olan gül formalı qızıl qadın üzüyü,150 (bir yüz əlli) manat dəyərində olan 583 əyarlı 2 qram çəkidə üzərində selikon qaşı olan uşaq sırğasını, 150 (bir yüz əlli) manat dəyərində olan 583 əyarlı 2 qram çəkidə üzərində selikon qırmızı qaşı olan uşaq sırğasını, 200 (iki yüz) manat dəyərində olan 583 əyarlı qızıl uşaq boyunbağını, 113 (bir yüz on üç) manat dəyərində olan 538 əyarlı 1,5 qram çəkidə ay-ulduz formalı kulonu, 113 (bir yüz on üç) manat dəyərində olan 538 əyarlı 1,5 qram çəkidə yumru formalı kulonu, 665 (altı yüz altmış beş) manat dəyərində olan 750 əyarlı 07 qram çəkidə buta formalı üzük-sırğa dəstini gizli talayaraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 11881 (on bir min səkkitz yüz səksən bir) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 19.11.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14, mənzil 23-də yaşayan Zərərçəkmiş şəxs1 mənzilinin pəncərəsinin torunu çıxardıb mənzilə qanunsuz daxil olaraq qonaq otağında yerləşən dolabda olan qara rəngli qadın çantanın içərisindən - 770 (yeddi yüz yetmiş) manat dəyərində olan 583 əyarlı 11 qram çəkidə 01 ədəd qızıl qolbağı, 140 (bir yüz qırx) manat dəyərində olan 585 əyarlı 02 qram çəkidə 01 cüt qızıl sırğanını gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 910 (doqquz yüz on) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 19.11.2020-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə, ev 5, mənzil 4-də yaşayan Zərərçəkmiş şəxs2 mənzilinin pəncərəsinin açıq olmasından istifadə edib mənzilə qanunsuz daxil olaraq yataq otağında yerləşən dolabdan qızıl qablarının içərisindən -900 (doqquz yüz) manat dəyərində olan 750 əyarlı 10 qram çəkidə 01 ədəd qızıl qadın üzüyü, 560 (beş yüz altmış) manat dəyərində olan 585 əyarlı 08 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünü, 560 (beş yüz altmış) manat dəyərində olan 585 əyarlı 08 qram çəkidə 01 ədəd qızıl kişi üzüyünü, 700 (yeddi yüz) manat dəyərində olan 585 əyarlı 10 qram çəkidə 01 ədəd qızıl boyunbağı,490 (dörd yüz doxsan) manat dəyərində olan 585 əyarlı 07 qram çəkidə 01 cüt qızıl sırğanı, 270 (iki yüz yetmiş) manat dəyərində olan 750 əyarlı 03 qram çəkidə brilyant qaşlı 01 tay qızıl sırğanı gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq epizodunda qismən, qalan epizodlarda isə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.2, 185.2.4-cü maddələri ilə 02 il 08 ay azadlıqdan məhrum etmə cəzasına və Ağdam rayon Məhkəməsinin 02.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2020-ci ilin fevral ayında cəzasını çəkib qurtarıb azadlığa çıxmış, daimi olaraq heç bir yerdə işləməmiş, heç bir psixi xəstəlik keçirməmişdir. 12.10.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23a/8 saylı binanın qarşısından keçərkən birinci mərtəbədə olan mənzilin plastik pəncərəsinin açıq olduğunu və evdə işıq yanmadığını görmüşdür. Maddi durumu yaxşı olmadığı üçün o həmin mənzilə oğurluq etmək üçün girmək qərarına gəlmişdir. O sağa sola baxıb heç kəsin gəlmədiyinə əmin olub pəncərənin torunu cırıb mənzilin balkonuna daxil olmuş, oradan da otağa keçmişdir. Keçdiyi otaqda kompyuter masası və həmin masanın siyirmələri olmuşdur. O siyirmələri açıb baxmış, siyirmənin içərisində pul kisəsi görmüş, pul kisəsinin içərisinə baxıb görmüşdür ki, içərisində 26000 Rusiya rublu var. O pul kisəsinin içərisindəki pulları oğurlamış, daha sonra siyirmədə zinət əşyaları, saatlar və qələm brelok qutusu görüb onları da oğurlayıb daxil olduğu yerdən, yəni pəncərədən çıxıb qaçıb getmişdir. Oğurladığı əşyalara sonra baxıb görmüşdür ki, həmin zinət əşyaları, müxtəlif bijuteriyalar, saatlar isə sadə saatlardır. Bijuteriyaların içərisində çoxlu sırğa, üzük, boyunbağı, bilərzik olmuşdur. Həmin bijuteriyaları dəqiq xatırlamamışdır. Həmçinin təxminən saat 10-12 radələrində Zərərçəkmiş şəxs4 evindən oğurladığı əşyaları yaşadığı evdə torbanın içərisinə qoyub divanın altında gizlətmişdir ki, anası bu barədə bilməsin. Xatirə Fərəcvanın evindən oğurladığı 26000 Rusiya rublunu Bakı şəhərində 20 Yanvarda yerləşən pul dəyişmə məntəqəsində dəyişib öz tələbatına xərcləmişdir. Bundan başqa, 18.10.2020-ci il tarixdə təxminən saat 19-20 radələrində o Sumqayıt şəhəri 9-cu mikrorayon ev 25c/18 qarşısından keçərkən, 2-ci mərtəbədə olan balkonun pəncərəsinin açıq olduğunu görmüş və evin işığının yanmadığını müəyyən edib həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. O 1-ci mərtəbənin dəmir barmaqlıqlarından 2-ci mərtəbəyə qalxmış və həmin pəncərənin setkasını çıxardıb mənzilə daxil olmuş və evdə dəyərli əşyaları axtarmağa başlamışdır. O daxil olduğu otaqda olan ağ rəngli şkafı axtarmağa və şkafın üstündə olan qabın içərisində qızıl-zinət əşyalarının olduğunu aşkar etmişdir. Həmin qızılları götürüb evin giriş qapısndan çıxıb getmişdir. Həmin evdən uzaqlaşdıqdan sonra o qızıllara baxıb görmüşdür ki, 750 əyyarlı üzük, sırqa, klon, 1 ədəd 583 əyyarlı Luç markalı qızıl saat, 1 ədəd 583 əyyarlı üzərində qaş olan uşaq sırqası, 1 ədəd 583 əyyarlı üzərində qırmızı qaşı olan uşaq sırqası, 1 ədəd dəyəri 583 əyyarlı qızıl uşaq boyunbağısı, 1 ədəd dəyəri 583 əyyarlı ay-ulduz formalı klon, 1 ədəd 583 əyyarlı yumru formalı klon, 1 ədəd 750 əyyarlı buta formalı üzük-sırğa dəsti və şıkafın üstündə olan qabın içindən 1 ədəd 200 manatlıq əskinası oğurlamışdır. O oğurladığı qızıl saatı 1 gün sonra Sumqayıt şəhərində Qalatasaray ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olan Bağır adlı şəxsə 3000 manata satmışdır. Əlində qalan yəni digər bütün qızılların hamısını təxminən 2000 manata satmışdır. O oğurladığı qızılları satıb ümumilikdə 8000 manat pul əldə etmişdir. Bundan başqa, 19.11.2020-ci il tarixdə təxminən saat 19 radələrində o Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 8-ci mikrorayonda 27V/14 saylı binanın qarşısından keçərkən birinci mərtəbədə olan mənzilin plastik pəncərəsinin açıq olduğunu və evdə işıq yanmadığını görmüşdür. Pulu olmadığı üçün o, həmin mənzilə oğurluq etmək üçün girmək qərarına gəlmişdir. O ətrafa baxıb heç kəsin gəlmədiyinə əmin olub pəncərənin torunu cırıb mənzilə daxil olmuşdur. O qonaq otağı ilə eyvan arasında olan qapının pəncərəsini sındıraraq qonaq otağına daxil olmuşdur. Qonaq otağında olan şkafı axtarmağa başlamış və şkafın yuxarı gözündə olan qara rəngli əl çantası görmüşdür, o həmin çantanı açaraq içərisində bir ədəd qızıl bilərziyi oğurlayıb mənzilə daxil olduğu pəncərəyə yaxınlaşmış, ətrafa baxıb heç kəsin gəlmədiyinə əmin olub həmin pəncərədən qaçıb getmişdir. Bundan başqa, həmin gün təxminən saat 20 radələrində o yenə 42 məhəllə ərazisində yerləşən 5 saylı binanın qarşısından keçərkən ikinci mərtəbədə yerləşən mənzilin eyvanının qapısının açıq olduğunu və işıq yanmadığını görüb, həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. O ətrafa baxıb heç kəsin gəlmədiyinə əmin olub binanın birinci mərtəbəsində olan mənzilin dəmir barmaqlığının köməkliyi ilə ikinci mərtəbəyə dırmaşmışdır. O eyvana qalxıb qapıdan içəri otağa daxil olmuşdur. Həmin otaqdakı şkafın içərisini axtarmış, şkafın yuxarı gözündə qara rəngli əl çantası görmüş, çantanın içərinə baxıb görmüşdür ki, içəridə 4-5 ədəd qızıl qabları var, o qızıl qablarını açıb içərisində qızıl zinət əşyaları olduğunu görmüş, həmin mənzildən 3 ədəd üzük, bir ədəd boyunbağı, bir cüt sırğa və bir tay sırğanı oğurlayıb mənzilə daxil olduğu yerdən qaçıb getmişdir. O oğurluq etdikdən sonra yaşadığı ünvana getmişdir. Sabahısı gün, yəni 20.11.2020-ci il tarixdə təxminən saat 11:30 radələrində o ilk evdən oğurladığı bir ədəd qızıl qolbağı satmaq üçün əvvəlcədən tanıdığı Azər adlı şəxsin işlədiyi Sumqayıt şəhəi 34-cü məhəllə, Nizami küçəsində yerləşən “Markova” ticarət mərkəzinin arxasında olan qızıl alış və satışı yerinə getmişdir. O Azərə özünə məxsus qızıl qolbağı satmaq istədiyini demişdir. Həmin vaxt Azər bilərziyi yoxlayıb bilərziyin 5.5 qram çəkidə 583 əyyarlı olduğunu və bilərziyə 265 manat pul verə biləcəyini demişdir. O da razılaşmış və həmin qiymətə bilərziyi ona satmışdır. O Azərə həmin qızıl bilərziyin özünə məxsus olduğunu demişdir. Həmin vaxt Azər ondan şəxsiyyət vəsiqəsini istəsə də o şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demiş, lakin ona şəxsiyyət vəsiqəsinin seriyasının nömrəsini vermişdir. Qızılı ona o cür satmışdır. Sabahısı gün isə, yəni 21.11.2020-ci il tarixdə təxminən saat 11:30 radələrində o yenə 42-ci məhəllədən Nuriyə Əliyevaya məxsus mənzildən oğurladığı qızılları yenə satmaq məqsədi ilə Azərin yanına getmiş, 3 ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa və bir ədəd qızıl tay sırğanı Azərə göstərib həmin qızıl zinət əşyalarının da özünə məxsus olduğunu, onları satdığını demiş, Azər də qızılları götürüb baxmış və həmin qızıllara görə 1130 manat pul verə biləcəyini dediyi üçün onunla razılaşmışdır. O satdığı qızıl zinət əşyalarının əyyarını və çəkisini xatırlamamışdır. O yenə Azərə şəxsiyyət vəsiqəsini vermədən qızılları ona satmış, ondan bir gün öncə də alqı satqı etdiyi üçün ona şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmişdir. O satdığı qızılların pulunu şəxsi ehtiyacına xərcləmişdir. Sözügedən oğurluqları özü tək etmiş, heç kəslə əlbir olmamış, Zərərçəkmiş şəxs3 mənzilindən 750 əyarlı (üzük, sırğa, kulon, boyunbağı və qolbağı) üzərində brilyantı olan ağ qızıl komplekti, 750 əyarlı brilyantı olan gül formalı qızıl qadın üzüyü, 583 əyarlı üzərində brilyantı olan gül formalı qızıl qadın üzüyünü oğurlamamış, oğurladığı qızıl-zinyət əşyalarının içində həmin əşyalar olmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığının nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 mənzilindən 750 əyarlı (üzük, sırğa, kulon, boyunbağı və qolbağı) üzərində brilyantı olan ağ qızıl komplektini, 750 əyarlı brilyantı olan gül formalı qızıl qadın üzüyünü, 583 əyarlı üzərində brilyantı olan gül formalı qızıl qadın üzüyünü 18.10.2020-ci il tarixdə saat 19 radələrində sonuncunun evindən oğurladığını etiraf etmışdır. Zərərçəkmiş şəxs4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 12.10.2020-ci il tarixdə təxminən saat 20:15-də o evə gəlib, evin giriş qapısını açarla açmış, lakin qapı açılmamış, qapı yuxarıdan içəridən bağlanmışdır. O çöldən balkondan qonşusundan xahiş etmişdir ki, pəncərədən keçib qapını arxadan açsın. Qonşu balkondan keçib qapını açmış və evə daxil olmuşdur. O öz otağına keçib görmüşdür ki, kompyuter stolunun siyirmələri açıqdır. O siyirmənin içərisinə baxıb görmüşdür ki, siyirmənin içərisində olan pul kisəsində saxladığı 26000 rus rublu və siyirmədə olan bijuteriyaları oğurlanmışdır. O sonradan onun nə qədər bijuteriyanın oğurlandığını düşünüb xatırlamışdır ki, onun 4 ədəd bijuteriya boyunbağı, 3 ədəd sadə sep boyunbağı, 1 ədəd qaşlı boyunbağı-sırğa bijuteriya dəsti, 1 ədəd sancaq-broşu, 12 ədəd sadə bijuteriya klonları, 9 cüt sadə bijuteriya sırğaları, 1 ədəd bijuteriya klon-sırğa dəsti, 10 ədəd sadə bijuteriya qolbaqları, 10 ədəd sadə bijuteriya üzükləri, 12 ədəd markalarını xatırlamadığı saatları və 1 ədəd üzərində “qazet.az” yazısı olan qələm və brelok dəsti qutusu ilə birlikdə oğurlanmışdır. O həmin bijuteriyaları, saatlara təxminən 2000 manata qədər pul xərcləmiş, 1 ədəd üzərində “qazet.az” yazısı olan qələm və brelok dəstini isə ona hədiyyə vermişdilər. Ona sonradan polis əməkdaşları demişlər ki, ona məxsus 26000 rus rublunu və qeyd etdiyi əşyaları Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 2600 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 hadisədən sonra ona məxsus əşyaların bir qismi qaytarılsa da, 2600 (iki min altı yüz) manat maddi zərər ona ödənilmədiyi üçün Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 18.10.2020-ci il tarixdə 18:00 radələrində ailəsi ilə birgə evdən çıxaraq qaynatasıgilə qonaq getmişlər. Həmin vaxt evdə heç kim qalmamışdır. Həmin gün saat 20:00 radələrində evə dönərkən evin qapısının açıq olduğunu görmüşdür. Evə daxil olduqdan sonra ona məlum olmuşdur ki, evin uşaq otaqınınn plastik pəncərəsini sıxıb açaraq evə daxil olunmuş, evdən oğurluq etdikdən sonra isə evin qapısını açıq qoyub getmişdir. Bundan sonra o, heç bir əşyaya dəyməyərək bu barədə DİN-nin 102 xidməti məğrkəzinə məlumat vermişdir. Polislərlə evə baxış keçirən zaman məlum olmuşdur ki, evin yataq otaqının dolabından, ümumi dəyəri 7000 manat olan 750 əyyarlı 50 qram çəkidə(üzük, sırqa, klon, boyunbağı və qolbağı) üzərində 5.6 karat Belçika briliyyatı olan ağ qızıl komplekt, ümumi dəyəri 4000 manat olan 583 əyyarlı 53.14 qram çəkidə Luç markalı( mexanizmi “Palyot”) qızıl saat, ümumi dəyəri 1000 manat olan, 750 əyyarlı 7 qram çəkidə, üzərində 1,5 karat Belçika briliyyantı olan gül formalı qızıl qadın üzüyü, ümumi dəyəri 1000 manat olan 583 əyyarlı 5 qram çəkidə, üzərində 1 karat Sibir briliyyantı olan gül formalı qızıl qadın üzüyü, ümumi dəyəri 150 manat olan 2 qram, 583 əyyarlı üzərində selikon qaşı olan uşaq sırqası, ümumi dəyəri 150 manat olan 2 qram, 583 əyyarlı üzərində selikon qırmızı qaşı olan uşaq sırqası, 1 ədəd ümumi dəyəri 200 manat olan 583 əyyarlı qızıl uşaq boyunbağısı, 1 ədəd ümumi dəyəri 150 manat olan çəkisi 1,5 qram 583 əyyarlı ay-ulduz formalı klon, 1 ədəd ümumi dəyəri 150 manat olan çəkisi 1,5 qram 583 əyyarlı yumru formalı klon, ümumi dəyəri 650 manat olan 7 qram çəkdə 750 əyyarlı buta formalı üzük-sərğa dəsti və 200 manat nağd pul oğurlanmışdır. Bununla da ona ümumilikdə 14650 manat maddi ziyan dəmişdir. Hadisə 18.10.2020-ci il tarixdə 18:00 radələrindən 20:30 radələrinədək olan müddətdə baş vermişdir. Həmin vaxtdan sonra özü də qızıl-zinət əşyaları satılan yerləri gəzib öz oğurlanmış qızıllarını axtarmışdır. 2020-ci ilin dekabr ayının əvvəllərində o «Tap.az» internet saytına baxarkən, orada mənzilindən oğurlanmış 01 ədəd «Luç» markalı kişi qol saatına bənzər bir qızıl kişi qol saatının 4300 manata satılması barədə elan görmüşdür. Bu səbəbdən də 17.12.2020-ci il tarixdə səhər saatlarında həmin saatın satıldığı Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən «Gold Qayalı» ticarət mərkəzinin zirzəmisində yerləşən qızıl-satılan dükana gedərək saatlara baxmışdır. Həmin vaxt o öz saatını orada tanıyıraq bu barədə polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşları həmin dükana gələrək onun iştirakı ilə baxış keçirilmiş və qızıl saat polis əməkdaşları tərəfindən götürülmüşdür. Zərərçəkmiş şəxs3 hadisədən sonra qızıl saatın ona qaytarıldığını bildirərək, qalan qızıl-zinət əşyaları və ya onların dəyərinin ona ödənilmədiyi üçün Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 19.11.2020-ci il tarixdə saat 08 radələrində evdən çıxıb gedərkən, evin qapısını bağlasalar da, hava gəlməsi üçün eyvanın pəncərəsini açıq qoymuşlar. Həmin gün saat 20 radələrində evə gəlib evə nəzarət yetirdikdə müəyyən etmişlər ki, naməlum şəxs (şəxslər) evin eyvanına açıq pəncərədən daxil olaraq eyvanla otaq arasında olan qapının şüşəsini sındıraraq içəriyə keçib qonaq otağında yerləşən dolabda olan qara rəngli qadın üçün nəzərdə tutulmuş çantanın içərisindən 500 manat dəyərində olan 11 qram çəkidə 583 əyarlı 01 ədəd qızıl qolbağı və 150 manat dəyərində olan 02 qram çəkidə 585 əyarlı 01 cüt qızıl sırğanı oğurlamışdır. O hadisə ilə əlaqədar ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə müraciət etmişdir. Beləliklə də həmin oğurluq nəticəsində ona ümumilikdə 650 manat dəyərində ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs1 ona vurulmuş 650 (altı yüz əlli) manat məbləğində maddi zərər ödənilmədiyi üçün Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 20.11.2020-ci il tarixdə saat 07 radələrində o evdə dolabın içərisində olan əl çantasının stolun üzərində boş vəziyyətdə olmasını görmüşdür. Evə nəzarət yetirdikdə isə müəyyən etmişdir ki, naməlum şəxs (şəxslər) evinə açıq eyvandan və evin pəncərəsinin qapısının kilidlənməsindən istifadə edərək daxil olub ona məxsus 1 ədəd 750 əyyarlı təxminən 10 qram çəkidə qızıl qadın üzüyü, 1 ədəd 585 əyyarlı təxminən 8 qram çəkidə qızıl qadın üzüyü, 1 ədəd 585 əyyarlı təxminən 8 qram çəkidə qızıl kişi üzüyü, 1 ədəd 585 əyyarlı təxminən 10 qram çəkidə qızıl boyunbağı, 1 cüt 585 əyyarlı təxminən 7 qram çəkidə qızıl sırğa və 1 tay 750 əyyarlı təxminən 3 qram çəkidə brilyant qaşlı qızıl sırğadan ibarət qızıl zinyət əşyalarını oğurlamışlar. O bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində evindən ancaq qızıl zinət əşyaları oğurlanmış, başqa heç nə oğurlanmamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 3100 manat dəyərində ziyan vurulmuşdur. Sonradan polis tərəfindən müəyyən edilmişdir ki, onun evindən oğurluğu Təqsirləndirilən şəxs edib. Zərərçəkmiş şəxs2 ona vurulmuş 3100 (üç min yüz) manat məbləğində maddi zərər ödənilmədiyi üçün Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri 34-cü məhəllə, Nizami küçəsində yerləşən «Markova» ticarət mərkəzinin arxasında icarəyə yer götürüb qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olurdu. 20.11.2020-ci il tarixdə saat 11:30 radələrində o işdə olarkən Təqsirləndirilən şəxs onun işlədiyi yerə gələrək 01 ədəd qızıl qolbağı (bilərziyi) ona göstərib, həmin qolbağın onun özünə məxsus olduğunu, oğurluq olmadığını, pula ehtiyacı olduğu üçün onu satdığını demişdir. O qolbağı (bilərziyi) yoxlayıb bilərziyin 5.5 qram çəkidə 583 əyyarlı olduğunu, bilərziyə 265 manat pul verə biləcəyini demişdir. Xəyal da onunla razılaşmış və o həmin qolbağı (bilərziyi) ondan 265 manata almışdır. Həmin vaxt o Xəyaldan şəxsiyyət vəsiqəni istəyəndə, Xəyal ona şəxsiyyət vəsiqəsinin üstündə olmadığını demişdir. Lakin o, şəxsiyyət vəsiqənin seriyasının nömrəsini ona dediyi üçün, o da sonradan dəftərində qeydiyyat aparılması üçün onun vəsiqəsinin seriya nömrəsini yazmışdır. Sabahısı gün, yəni 21.11.2020-ci il tarixdə saat 11:30 radələrində o işdə olarkən Xəyal yenidən yanına gəlmiş və ona 3 ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa və bir ədəd qızıl tay sırğanı göstərib onların da ona məxsus olduğunu, oğurluq olmadığını, pula ehtiyacı olduğu üçün satdığını demişdir. O qızıllara götürüb baxmış və həmin qızıllara görə 1130 manat pul verə biləcəyini demişdir. Xəyal da onunla razılaşmışdır. Bu dəfə də Xəyal ona şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. 1 gün əvvəl onun vəsiqəsinin seriya nömrəsini ayrıca kağıza yazdığı üçün, yenidən onun vəsiqəsinin seriya nömrəsinin yazılmasına ehtiyac olmamışdır. Xəyal da çıxıb getmişdir. Lakin sonradan o Xəyalın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazdığı kağız parçasını itirdiyi üçün, həmin qeydləri qeydiyyat dəftərinə yaza bilməmişdir. O həmin qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Fərman oğlu onun oğludur. Təqsirləndirilən şəxs məlum oğurluq cinayətlərini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmuşdur. Xəyal istintaqda dindirilərkən ifadəsində oğurlanmış əşyaların bir qisminin gətirib yaşadıqları evdə divanın altında gizlətdiyini bildirdiyi üçün, o da evdə həmin divanın altına baxdıqda görmüşdür ki, orada bir torba var, torbanın içərisinə nəzər yetirdikdə isə orada 4 ədəd boyunbağı (bijuteriyanın), 3 ədəd sadə boyunbağı (sepin), 1 ədəd qaşlı boyunbağı-sırğa dəstinin, 1 ədəd sancağın(broşun), 12 ədəd kulonun, 9 cüt sırğanın, 1 ədəd kulon-sırğa dəstinin, 10 ədəd qolbağın, 10 ədəd üzüyün, 12 ədəd müxəlif markalı saatların və 1 ədəd üzərində “qazet.az” yazısı olan qələm-brelok dəstinin olmasını aşkar etdiyindən, həmin əşyaları istintaqa təqdim etmişdir. Onun həmin əşyaların oğlu Xəyal tərəfindən gətirilib orada gizlətməsindən əvvəlcədən heç bir məlumatı olmamışdır, Xəyal özü də ona bu barədə heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri Qalatasaray ticarət mərkəzində icarəyə yer götürüb fərdi qızıl alqı-satqısı ilə məşğul olur. 20.10.2020-ci il tarixdə səhər saatlarında o Qalatasaray ticarət mərkəzində olan zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq ona məxsus olan “Luç” markalı qızıl saatı təqdim edərək satmaq istədiyini bildirmişdir. O saata nəzər saldıqda ona məlum olmuşdur ki, saat qızıldı və həmin saatın qolbağı da qızıldandı. O Təqsirləndirilən şəxs demişdir ki, saatsaza yaxınlaşıb saatın çəkisini müəyyən etməkdən ötrü söksün. O, saatsazın yanına getmiş və saatı sökdürdükdən sonra ona yaxınlaşmış və saatın 58 qram, 583 əyyarlı qızl saat olduğunu bilmişditr. Ona bu saatı nə səbəbə satmaq istədiyini soruşduqda o, cavab olaraq saatın özünə məxsus olduğunu, mövcüd pandemiya ilə əlaqədar olaraq işsiz olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Bundan sonra mövcüd qızılın lom qiymətinin 58 manat olmasını nəzərə alıb ona 3.000 manata qızıl saatı ala biləcəyini demişdir. Bununla da Xəyal onunla razılaşmış və 3000 manata saatı ondan almış və ondan sənədinin sürətini almış və orada qeydlər aparmışdır. Bundan sonra saatı tanışı Elşənə 3100 manata satmışdır. O əmlakın oğurluq olduğunu bilməmişdir. Belə ki, o Xəyaldan qızıl saatın oğurluq olub olmaması barədə soruşduqda o, cavab olaraq saatın ona məxsus olduğunu və oğurluq olmadığını pandemiya ilə bağlı ehtiyac üzündən satmaq istədiytini demiş və bu səbəbdən ondan saatı almışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 19.01.2021-ci il tarixli, 6/75-9/79 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan içərisində «Luç» yazısı olan qol saatı-üzərində «583» əyar damğası həkk olunmuşdur, metallı 583 əyarlı qızıla uyğundur, ümumi çəkisi 61,81 qramdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş qol saatının parakəndə satış qiyməti 4500 manat müəyyən edilir. Qərarda göstəriciləri qeyd olunan məmulatın nəzəri qiymətləri ümumilikdə təxminən 6981 manat müəyyən olunur. -4750 (dörd min yeddi yüz əlli) manat dəyərində olan 750 əyarlı 50 qram çəkidə (üzük, sırğa, kulon, boyunbağı və qolbağı) üzərində 5,6 Belçika brilyantı olan ağ qızıl komplekti; -665 (altı yüz altmış beş) manat dəyərində olan 750 əyarlı 7 qram çəkidə, üzərində 1,5 karat Belçika brilyantı olan gül formalı qızıl qadın üzüyü; -375 (üç yüz yetmiş beş) manat dəyərində olan 583 əyarlı 5 qram çəkidə, üzərində 1 karat Sibir brilyantı olan gül formalı qızıl qadın üzüyü; -150 (bir yüz əlli) manat dəyərində olan 583 əyarlı 2 qram çəkidə üzərində selikon qaşı olan uşaq sırğası; -150 (bir yüz əlli) manat dəyərində olan 583 əyarlı 2 qram çəkidə üzərində selikon qırmızı qaşı olan uşaq sırğası; -583 əyarlı qızıl uşaq boyunbağı-çəkisi məlum olmadığı üçün qiymətləndirilmədi. -113 (bir yüz on üç) manat dəyərində olan 538 əyarlı 1,5 qram çəkidə ay-ulduz formalı kulon; -113 (bir yüz on üç) manat dəyərində olan 538 əyarlı 1,5 qram çəkidə yumru formalı kulon; -665 (altı yüz altmış beş) manat dəyərində olan 750 əyarlı 07 qram çəkidə buta formalı üzük-sırğa dəsti. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 01.02.2021-ci il tarixli, 9/5556 saylı rəyindən görünür ki, 08 ədəd qızıl-zinət əşyalarının 2020-ci ilin noyabr ayına nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4390 manat müəyyən edilir. Zərgərlik məlumatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. -770 (yeddi yüz yetmiş) manat dəyərində olan 583 əyarlı 11 qram çəkidə 01 ədəd qızıl qolbaq; -140 (bir yüz qırx) manat dəyərində olan 585 əyarlı 02 qram çəkidə qızıl sırğa; -900 (doqquz yüz) manat dəyərində olan 750 əyarlı 10 qram çəkidə 01 ədəd qızıl qadın üzüyü; -560 (beş yüz altmış) manat dəyərində olan 585 əyarlı 08 qram çəkidə 01 ədəd qızıl qadın üzüyü; -560 (beş yüz altmış) manat dəyərində olan 585 əyarlı 08 qram çəkidə 01 ədəd qızıl kişi üzüyü; -700 (yeddi yüz) manat dəyərində olan 585 əyarlı 10 qram çəkidə 01 ədəd qızıl boyunbağı; -490 (dörd yüz doxsan) manat dəyərində olan 585 əyarlı 07 qram çəkidə qızıl sırğa; -270 (iki yüz yetmiş) manat dəyərində olan 750 əyarlı 03 qram çəkidə brilyant qaşlı qızıl sırğa. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 04.02.2021-ci il tarixli, 9/155 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 235 manat müəyyən edilir. -10 (on) manat dəyərində olan qara ipli dairəvi yaşıl rəngli 01 ədəd boyunbağı; -10 (on) manat dəyərində olan üzərində albalı rəngli bir ədəd böyük və bir ədəd kiçik ölçülü daşı olan gümüşü rəngli 01 ədəd boyunbağı; -02 (iki) manat dəyərində olan göy rəngli ipin üzərində firuzəyi rəngli muncuqlar və ağ rəngli parça materialından güllər olan 01 ədəd boyunbağı; -03 (üç) manat dəyərində olan gümüşü rəngli zəncir formalı 01 ədəd boyunbağı; -05 (beş) manat dəyrəində olan kiçik qaşlarla bəzədilmiş boyunbağı-sırğa dəsti (sırğanın 1 tayı zədəli vəziyyətdədir); -biri 20 (iyirmi) qəpik, üçü 60 (altmış) qəpik dəyərində olan gümüşü rəngli 03 ədəd sadə boyunbağı; -biri 50 (əlli) qəpik, yeddisi 3,5 (üç manat əlli qəpik) dəyərində olan müxtəlif rəngli (qara, qırmızı, göy, 03 ədəd firuzəyi, bənövşəyi) 07 ədəd muncuq-bilərziyi; -02 (iki) manat dəyərində gümüşü rəngli üzərində böyük ölçülü mirvari daş olan 01 ədəd dəmir bilərzik; -02 (iki) manat dəyərində qızılı rəngli 01 ədəd dəmir bilərzik; -40 (qırx) qəpik dəyərində olan göy-ağ rəngli 01 ədəd bilərzik; -01 (bir) manat dəyərində olan qızılı rəngli üzərində dörd ədəd böyük ölçülü daş olan 01 ədəd broş; -biri 05 (beş) manat, on ikisi 60 (altmış) manat olan müxtəlif formalı, müxtəlif rəngli 12 ədəd kulon; -biri 03 (üç) manat, onu 30 (otuz) manat olan müxtəlif formalı, müxtəlif rəngli 10 ədəd üzük; -02 (iki) manat dəyərində üzərində qara rəngli daş olan qızılı rəngli böyük ölçülü 01 cüt sırğa; -50 (əlli) qəpik dəyərində olan qara-çəhrayı rəngli 01 cüt sırğa; -05 (beş) manat dəyrəində olan qızılı rəngli üzəri kiçik qaşlarla bəzədilmiş 01 cüt sırğa; -bir cütü 2 (iki) manat, səkkiz cütü 16 (on altı) manat dəyərində olan müxtəlif formalı, müxtəlif rəngli 08 cüt sırğa; -biri 05 (beş) manat, üçü 15 (on beş) manat dəyərində olanüzərində «CK Calvin Klein» yazıları olan (göy, qırmızı, ağ rəngli) 03 ədəd saatlar; -01 (bir) manat dəyərində olan qırmızı rəngli 01 ədəd saat; -biri 05 (beş) manat, ikisi 10 (on) manat dəyərində olan üzərində «Versace» yazıları olan qızılı və gümüşü rəngli 02 ədəd saatlar; -10 (on) manat dəyərində üzərində «Quartz» yazıları olan qırmızı rəngli süni dəri materialından kəməri olan 01 ədəd saat; -10 (on) manat dəyərində olan üzərində «Ferruci» yazıları olan göy rəngli süni dəri materialından kəməri olan 01 ədəd saat; -05 (beş) manat dəyərində olan üzərində «OLJ» yazıları olan ağ rəngli süni dəri materialından kəməri olan 01 ədəd saat; -03 (üç) manat dəyərində olan üzərində «Weyneshi» yazıları olan qəhvəyi rəngli süni dəri materialından kəməri olan 01 ədəd saat; -03 (üç) manat dəyərində olan üzərində «Y.B.» yazıları olan ağ rəngli süni dəri materialından kəməri olan 01 ədəd saat; -15 (on beş) manat dəyərində olan üzərində «Swarovski» yazıları olan gümüşü rəngli 01 ədəd saat; -10 (on) manat dəyərində olan üzərində «Qazet.az» yazıları olan qara rəngli qutuda olan 01 qələm dəsti. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 01 ədəd «Luç» markalı qızıl kişi qol saatı Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 4 ədəd boyunbağı (bijuteriyanı), 3 ədəd sadə boyunbağı (sepi), 1 ədəd qaşlı boyunbağı-sırğa dəsti, 1 ədəd sancağı(broşu), 12 ədəd kulonu, 9 cüt sırğanı, 1 ədəd klon-sırğa dəstini, 10 ədəd qolbağı, 10 ədəd üzüyü, 12 ədəd müxəlif markalı saatları və 1 ədəd üzərində “qazet.az” yazısı olan qələm-brelok dəsti Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün məhkəmədəki və məhkəmədə tədqiq edilmiş ibtidai istintaqdakı ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 mənzilindən 750 əyarlı (üzük, sırğa, kulon, boyunbağı və qolbağı) üzərində brilyantı olan ağ qızıl komplekti, 750 əyarlı brilyantı olan gül formalı qızıl qadın üzüyünü, 583 əyarlı üzərində brilyantı olan gül formalı qızıl qadın üzüyünü oğurlamaması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 02.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3,177.2.3, 185.2.2, 185.2.4 maddələri ilə təqsirli bilinərək CM-nin 67.1ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric olunmaqla cəzası 06 ay azaldılmış, üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 11.07.2018-ci il tarixli qərarı ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cazası təyin edilmiş, 25.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs bu vaxta qədər, o cümlədən hazırki cinayət əməllərini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 26.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 28.11.2020-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilməklə, həbs etmənin əvvəlinin 26.11.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 25.02.2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 15 gün müddətinə uzadılmış və məhkəmənin hazırlıq iclasının 11.03.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 26 noyabr 2020-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd «Luç» markalı qızıl kişi qol saatının Zərərçəkmiş şəxs3 və iş üzrə maddi sübut olan 4 ədəd boyunbağı (bijuteriyanı), 3 ədəd sadə boyunbağı (sepi), 1 ədəd qaşlı boyunbağı-sırğa dəsti, 1 ədəd sancağı(broşu), 12 ədəd kulonu, 9 cüt sırğanı, 1 ədəd klon-sırğa dəstinin, 10 ədəd qolbağı, 10 ədəd üzüyü, 12 ədəd müxəlif markalı saatları və 1 ədəd üzərində “qazet.az” yazısı olan qələm-brelok dəstinin Zərərçəkmiş şəxs4 sərəncamlarına verilməsi nəzərə alınmalıdır. Zərər çəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 209 (iki yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli (iş № 1(060)-241/2021) qərarını icra edərək, 04 mart 2021-ci il tarixli 182 saylı orderə əsasən vəkillər Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.11.2020-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Luç» markalı qızıl kişi qol saatı Zərərçəkmiş şəxs3 və iş üzrə maddi sübut olan 4 ədəd boyunbağı (bijuteriyanı), 3 ədəd sadə boyunbağı (sepi), 1 ədəd qaşlı boyunbağı-sırğa dəsti, 1 ədəd sancağı(broşu), 12 ədəd kulonu, 9 cüt sırğanı, 1 ədəd klon-sırğa dəstini, 10 ədəd qolbağı, 10 ədəd üzüyü, 12 ədəd müxəlif markalı saatları və 1 ədəd üzərində “qazet.az” yazısı olan qələm-brelok dəstinin Zərərçəkmiş şəxs4 sərəncamlarına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 209 (iki yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdikləri 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar