Məhkəmə qərarları › İş №1(060)-242/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-242/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-242/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi: Cəfərzadə zamin Qiyas oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52, inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 23 may 2020-ci il tarixdə saat 14 radələrində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən “MG Centre” mağazasına müştəri qismində gələrək orada piştaxtanın üzərinə satış üçün qoyulmuş 1 (bir) ədəd 1400 (min dörd yüz) manat dəyərində olan “Sony” markalı, “DSC-RX100M4” modelli fotoaparatı gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi 24 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 34 ünvanında yerləşən “Kontakt Home” mağazasına müştəri qismində gələrək orada piştaxtanın üzərinə satış üçün qoyulmuş 1 (bir) ədəd 1150 (min yüz əlli) manat dəyərində olan “X22” markalı kompüteri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 23 oktyabr 2020ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 21 ünvanında yerləşən “Face Studio” gözəllik salonuna saçlarını kəsdirmək adı ilə gələrək orada masanın üzərində olan Zərərçəkmiş şəxs1 məxsus 2200 (iki min iki yüz) manat dəyərində olan 1 (bir) ədəd «İphone XS» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 25 oktyabr 2020-ci il tarixdə saat 14.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 ünvanında yerləşən "xxxx" mağazasına müştəri qismində gələrək orada piştaxtanın üzərinə satış üçün qoyulmuş 1 (bir) ədəd 4599 (dörd min beş yüz doxsan doqquz) manat dəyərində olan “HP 8ML05EA Elite Dragonfly” markalı noutbuku gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 26 noyabr 2020-ci il tarixdə saat 17:45 radələrində "xxxx" MMC-nin Sumqayıt şəhəri, Bakı küçəsi, 60 ünvanında yerləşən “Kontakt Home” mağazasına müştəri qismində gələrək orada piştaxtanın üzərinə satış üçün qoyulmuş 1 (bir) ədəd 2370 (iki min üç yüz yetmiş) manat dəyərində olan “X21 13” markalı kompüteri gizli talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvələr Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.4-cü maddəsi ilə məhkum olunmuş və 10 oktyabr 2019-cu il tarixdə azadlığa çıxmış, həmin müddətdən də heç bir yerdə işləməmişdir. 23 may 2020-ci il tarixdə iş axtarmaq üçün evdən çıxaraq Nəsimi rayonu, 28 May metrosu tərəfə getmiş, obyektləri gəzərək işçi lazım olması barədə soraqlaşmışdır. Həmin gün saat 14 radələrində ünvan 2 ünvanda yerləşən “MG Centre”(Music Gallery) mağazasına müştəri qismində girərək mağazada vitrində satış üçün nəzərdə tutulmuş əşyalara baxmış, satış dolabının üzərinə qoyulmuş foto aparatlara baxdıqda “Sony” markalı foto aparat diqqətini cəlb etmiş, ona görə də həmin foto aparatı oğurlamaq qərarına gəlmişdir. Əvvəlcə mağazanın salonuna nəzər yetirmiş, onu heç kimin görmədiyinə əmin olduqdan sonra satış dolabının üzərində olan “Sony” markalı “DSC- RX100M4” modelli foto aparatı gizli olaraq götürüb dərhal mağzanı tərk etmişdir. Oğurladığı foto aparatı evində saxlamış, bundan bir müddət sonra Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları onu saxlayaraq etdiyi oğurluq barədə sorğu sual etdikdə törətdiyi cinayəti səmimi etiraf etmiş və oğurladığı “Sony” markalı “DSC-RX100M4” modelli foto aparatı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o, 24.09.2020ci il tarixdə saat təxminən 14:00-15:00 radələrində Xətai rayonu, Bakı kinoteatrının yaxınlığında, M.Rüstəmov küçəsində yerləşən "Kontakt Home" mağazasına müştəri qismində daxil olmuş, mağazada vitrinlərdə olan mallara baxa-baxa gəzmiş, daha sonra kompyuterler olan vitrinə yaxınlaşmış və vitrində (satış dolabının üzərinə) olan qırmızı rəngli "Asus" markalı noutbuku götürərək gödəkçəsinin içərisinə qoymuşdur. Həmin noutbuku götürən zaman satıcılar və orda olan müştərilərin başı qarışıq olduğu üçün onu görmədiklərindən arxayın olmuş, mağazada olan zaman müşahidə kameralarının olmasını bilməmişdir. Noutbuku götürəndən sonra içəridə bir qədər də digər mallara baxaraq oradan uzaqlaşmışdır. Mağazadan çıxandan sonra “28 may” metrostansiyasının yaxınlığına getmiş, orada bir qədər gəzəndən sonra "28 MALL" ticarət mərkəzinin yaxınlığında yerləşən adını bilmədiyi telefon satışı mağazasına yaxınlaşmış, oğurladığı noutbukun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin notbuku adını bilmədiyi orda işləyən satıcı ilə söhbət edib 480 manat dəyərində satmağa razılaşmış və 480 manat pulu satıcıdan aldıqdan sonra şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 23 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində ünvan 5 ünvanda yerləşən "Face studio" gözəllik salonuna saçlarını kəsdirmək məqsədi ilə daxil olaraq içəridə olan işçilərdən kişi bərbərini soruşmuş, həmin vaxt işçilərdən biri ona gözləməyini bildirmişdir. O, güzgüyə yaxınlaşaraq saçlarını daraqla daramış, həmin vaxt orada olan bərbərin mebelinin üzərində "İpHone XS" markalı mobil telefon olduğunu görmüş və həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Salonda heç kimin olmadığından istifadə edərək həmin "İpHone XS" markalı mobil telefonu mebelin üzərindən sağ əli ilə götürərək salonu asta yerişlə tərk etmişdir. Bundan sonra həmin "İpHone XS" markalı mobil telefonu Bakı şəhəri, Nizami rayonu Q.Qarayev metrostansiyasının yaxınlığında olan telefon mağazalarının birinə 250 manata satmışdır. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, telefonu satan zaman alan şəxsə telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan başqa o, 25 oktyabr 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Azadlıq prospekti 180 ünvanında yerləşən Baku Elektroniks mağazasına gəlmişdir. Həmin gün saat 14 radələrində həmin ünvanda yerləşən "xxxx" mağazasına müştəri qismində girərək mağazada vitrində (satış dolabının üzərində) satış üçün nəzərdə tutulmuş əşyalara baxmışdır. Vitrinə (satış dolabının üzərinə) satış üçün qoyulmuş bir ədəd noutbuk-planşet diqqətini cəlb etmiş, ona görə də həmin noutbuk-planşeti oğurlamaq qərarına gəlmişdir. Əvvəlcə mağazanın salonuna nəzər yetirmiş, onu heç kimin görmədiyinə əmin olduqdan sonra vitrində (satış dolabının üzərində) olan həmin planşeti götürərək bir az qabağa gəlmiş, ətrafdakıları şübhələndirməmək üçün guya almaq istəyirmiş kimi planşetə baxmış, mağazanın içərisində olan divanda əyləşmişdir. Çiynindəki çantanı çıxarıb divanın üstünə qoymuş, sonra isə gizlincə planşet-noutbuku çantanın altına qoymuşdur. Daha sonra isə əynindəki gödəkçəni çıxarıb çantanı çiynindən asmış, həmin planşet-noutbuku gizli olaraq çantanın içərisinə qoymuş, gödəkçəsini də çantanın üstünə qoymuşdur ki, heç kim ondan şübhələnməsin. Sonra isə sakitcə mağazanı tərk etmişdir. Həmin planşet-noutbuku o, bir müddət işlətmiş, pula ehtiyacı olduğu üçün satmaq qərarın gəlmişdir. 23 noyabr 2020-ci il tarixdə o, həmin planşet-noutbuku Azadlıq prospekti, Neft Akademiyasının yanındakı mobil telefon alqı-satqısı ofisində 1050 manata satmışdır. Həmin planşet-noutbuku satarkən özünə məxsus olduğunu bildirmiş və satan zaman şəxsiyyət vəsiqəsinin surətini də təqdim etmiş, orada həmin əşyanın özünə məxsus olmasını, oğurluq olmamasını yazmışdır. Bundan başqa o, yuxarıda qeyd etdiyi oğurluqları Bakı şəhəri ərazisində törətdikdən sonra Bakı şəhərində onu tanıyacaqlarından ehtiyat etdiyindən, eləcə də tutulmamaq üçün Sumqayıt şəhəri ərazisində oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 26.11.2020-cı il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhərinə gəlmiş, avtovağzalın yaxınlığından keçən zaman orada yerləşən hündür mərtəbəli şüşəli “Sülh Plaza” otelinin birinci mərtəbəsində yerləşən “Kontak Home” mağazasını görüb oğurluq etmək üçün müştəri qismində həmin mağazaya daxil olmuşdur. O, əvvəlcə satışda olan noutbuklara baxaraq oğurlayacağı noutbuku müəyyən etdikdən sonra orada olan satıcıların və müştərilərin diqqətini cəlb etmədən onların başlarının qarışıq olduğu vaxtda həmin “Apple” markalı, kül rəngli noutbuku piştaxtanın (satış dolabının) üzərindən götürərək əynindəki gödəkçənin içəri hissəsində gizlətmiş və həmin vaxt onun oğurluq etməyini orada olan şəxslərdən heç kim görməmişdir. O, mağazanı tərk edərək həmin yerin yaxınlığında dayanan taksilərin biri ilə Bakı şəhərinə getmiş, Bakı şəhərində “28 May” metrosunun yaxınlığında oğurladığı həmin noutbuku elektrik avadanlıqları mağazasına 700 (yeddi yüz) manata satmışdır. Həmin noutbuku satarkən özümə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmiş və satan zaman şəxsiyyət vəsiqənin surətini də alan şəxsə təqdim etmişdir. Qeyd etdiyi oğurluq cinayətlərini tək törətmiş, həmin cinayətləri törədərkən ona heç kim köməklik göstərməmişdir, oğurladığı əşyaları satan zaman alan şəxslərə həmin əşyaları oğurladığını bildirməmiş, alan şəxləri aldadar özünə məxsus olduğunu, təcili pul lazım olduğu üçün satdığını bildirmiş, həmin əşyaları sataraq əldə etdiyi pulları heç bir yerdə işləmədiyi üçün öz şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərlə barışmaq və onlara dəymiş ziyanı ödəmək istəyir, amma həbsdə olduğundan edə bilmir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi: Cəfərzadə zamin Qiyas oğlu göstərdi ki, 23.05.2020-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanda yerləşən “MG CENTRE” mağazasında oğurluq olmuşdur. Oğurluq zamanı həmin mağazadan satış üçün nəzrdə tutulmuş vitirindən “Sony DSC-RX100M4 BLACK” markalı fotoaparatı oğurlamışdır. Oğurluq hadisəsi 05.06.2020-ci il tarixdə aşkar edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə 1899 manat məbləğində ziyan dəymişdir. Amma oğurlanan “Sony DSC-RX100M4 BLACK” markalı fotoaparat istintaq zamanı tapılmış, maddi sübut kimi tanınaraq onlara təhvil verilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə 1899 manat məbləğində ziyan dəymişdir. Amma oğurlanan “Sony DSC-RX100M4 BLACK” markalı fotoaparat istintaq zamanı tapılmış, maddi sübut kimi tanınaraq "xxxx" MMC-yə təhvil verilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 göstərdi ki, 24 sentyabr 2020-ci il tarixdə işlədiyi “ABC- Telecom" MMC-nin ünvan 7 ünvanında yerləşən mağazanın satış məsləhətçisi X3 saatlarında işə gəlib özünün məsul olduğu piştaxtada olan noutbooklara baxış keçirən zaman orada olan 01 ədəd "X22" modelli "X412FA-EK896" seriyalı notebookun yerində olmadığını aşkar etmişdir. Bu barədə məlumatı rəhbərliyə bildirmiş və məlum olmuşdur ki, həmin notebook tanımadığı şəxs tərəfindən gizli yolla oğurlanmışdır. Baş vermiş oğurluq zamanı "xxxx" MMC-yə 1159 manat, 99 qəpik məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, 26 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-nin Sumqayıt şəhəri, Bakı küçəsi, 60 ünvanında yerləşən “Kontakt Home” mağazasından 1 (bir) ədəd 2370 (iki min üç yüz yetmiş) manat dəyərində olan “X21” markalı kompüter oğurlanmışdır. "xxxx" MMC-yə ümumilikdə 3520 manat maddi ziyan vurulmuşdur. Həmin ziyan ödənilməmişdir, odur ki, təqsirləndirilən şəxsdən ziyanın ödənilməsini tələb edir. Bu barədə mülki iddia verilmişdir, mülki iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, ailəsini dolandırmaq məqsədi ilə 3 ildir ki, ünvan 5 ünvanında yerləşən “Face studio” gözəllik (qadın) salonunda usta bərbər kimi saç kəsimi ilə məşğul olur. 23 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində işlədiyi salonda olan zaman hava almaq məqsədi ilə bayıra çıxmış, bir neçə dəqiqə sonra salona daxil olduqda mebelin üzərinə qoyduğu "İpHone XS" markalı İMEİ kodu **********55977 və **********61841 mobil telefonunun yerində olmadığını aşkar etmişdir. O, iş yoldaşlarına bu barədə məlumat vermiş, birlikdə onun mobil telefonunu axtarmaqa başlamışlar. Lakin, telefonu tapa bilmədikdə telefonuna zəng etmiş, telefonu söndürüldüyü üçün tez salonda olan nəzarət kameralarına iş yoldaşları ilə baxdıqda müəyyən etmişdir ki, bir nəfər idmançı geyminda orta boylu, əynində tünd boz rəngli cins şalvar, açıq mavi rəngli kofta, üzərindən idman geyimli yaxası zamoklu kofta, ayaqqabısının üzəri qara alt hissəsi ağ rəngli krasovka geyinmiş, qara rəngli sacları olan, göz eynəyi taxmış təxminən 25-30 yaşlarında tanımadığı şəxs içəri daxil olarkən iş yoldaşı Şahid4 həmin şəxsdən kim lazım olduğunu soruşduqda həmin şəxs saçlarını kəsdirmək istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs dostunu gözləmək üçün Heydərdən icazə istəmiş və həmin şəxs salonda olan daraqla saçlarını daradıqdan sonra ona məxsus olan "İpHone XS" markalı mobil telefonu mebelin üzərindən sağ əli ilə götürərək salonu asta yerişla tərk etmişdir. Bundan sonra oğurluq hadisəsi baş verdiyinə tam əmin olduqdan sonra iş yoldaşı X10 istifadə etdiyi ***- ***-**-** mobil nömrəsi ilə DİN-nin “102 zəng mərkəzi xidməti”nə məlumat vermişdir. Həmin "İpHone XS" markalı mobil telefonunun oğurlanması nəticəsində ona ümumilikdə 2200 (iki min iki yüz) manat maddi ziyan vurulmuşdur. Belə ki, həmin "İpHone XS" markalı mobil telefonu 2019-cu ildə 2500 manata almış, həmin vaxtdan oğurladığı müddətədək istifadə etməyini və mobil telefonun üzərində olan nömrənin balansında pul olmadığını nəzərə alaraq dəyərini 2200 (iki min iki yüz) manat kimi qeyd etmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-də 3 il olar ki, hüquqşünas vəzifəsində işləyir. Belə ki, MMC-nin direktoru Sacid Nakhjavaninin verdiyi etibarnaməyə əsasən həmin MMC-nin nümayəndəsidir. 25 oktyabr 2020-ci il tarixdə axşam saatalarında o, "xxxx" MMC-nin Azadlıq filialındakı mağazasından vitrinləri sayarkən bir ədəd HP «8 ML05EA» eliste Dragonply markalı noutbukun oğurlanmasını aşkar etmişdir. Həmin gün o, mağazada olan video müşahidə kameralarına baxdığı zaman 25 oktyabr 2020-ci il tarixdə saat 14.30 radələrində bir nəfər əynində sarıtəhər gödəkçədə, qırmızı köynəkdə, cins şalvarda, qara ayaqqabıda, çiynində çantası olan təxminən 25 yaşlarında olan cavan oğlanın mağazaya daxil olduğunu və vitrinlərə baxaraq oradan bir ədəd “HP 8 ML05EA eliste Dragonply” markalı noutbuku götürərək çantasına qoyub oğurlamasını və mağazanı tərk etməsini aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə 4599 manat maddi ziyanı dəymişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Bakı şəhəri, Azadlıq prospekti, D.Əliyeva küçəsi, ADNA-nın qarşısında yerləşən telefon alqı-satqısı ofisində həm müdir, həm də işçi kimi işləyir. Həmin ofisi 2 il olar ki, icarə əsasında işlədir. O, həmin ofisdə həm təzə həm də işlənmiş vəziyyətdə olan mobil telefon, plaşet və notbukları alaraq nisbətən baha qiymətə satır. 23.11.2020-ci il tarixdə işlədiyi ofisə əvvələr tanımadığı bir nəfər şəxs yaxınlaşmış və özünə məxsus olan notbuku satmaq istədiyini bildirmişdir. O, notbuka baxdıqda biraz işlənmiş vəziyyətdə olduğunu, üzərində cızıqlar olduğunu aşkar etmiş, həmin şəxsdən notbukun kimə məxsus olduğunu, neçəyə satmaq istədiyini soruşmuş, sonuncu ona notbukun özünə məxsus olduğunu, 1050 manata satmaq istədiyini söyləmiş, o həmin notbuku 1050 mant verərək həmin şəxsdən almışdır. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini almış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. 1050 manata aldığı həmin notbuku “Tap.az” saytına qoyaraq 24.11.2020-ci il tarixdə 100 manat bahasına, yəni 1150 manata tanımadığı şəxsə satmışdır. Təqsirləndirilən şəxs həmin notbuku ona satan zaman özünün olduğunu söyləmiş, oğurluq olduğunu deməmişdir. Hər hansı əşyanı alan zaman satan şəxsin anket məlumatlarını götürsə də özü satdığı vaxt alan şəxsin anket məlumatlarını götürməmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda icarəyə “Playstore” telekom adlı telefon mağazası götürərək telefonların alqı-satqısı ilə məşğul olur. 23.10.2020-ci il tarixdə saat 19 radələrində mağazada olarkən bir nəfər şəxs yaxınlaşaraq “İphone markalı” XS modelli telefonu göstərərək lombardda işlədiyini və müştərinin deyilən vaxtda pulu gətirmədiyi üçün telefonu satışa çıxartdığını bildirmişdir. Lakin telefonun qutusunu unudaraq gətirmədiyini bildirib lazım olarsa qutunu da gətirəcəyinə söz vermişdir. O, həmin telefona baxış keçirdərkən müəyyən olunmuşdur ki, həmin telefon az işləmiş telefondur, üzərində GSM nömrələri olmamış, şəkil və videoları silinmişdir. “İphone markalı” XS modelli mobil telefonun üzərində 3572/6909/595/5977 İMEİ kodu olmuşdur. Telefona baxdıqdan sonra almaq qərarına gəlmişdir və telefona 250 manat pul verə biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi soruşmuşdur. Həmin şəxs ona şəxsiyyət vəsiqəsini təqdim edərkən ona məlum olmuşdur ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra o, həmin telefonu yaxın tanışı olan X7 500 manata satmışdır. Yusif Məmmədov həmin telefonu təxminən 10-15 gün işlətdiyi müddət ərzində ona 2-3 dəfə zəng edərək telefonun yaxşı işləmədiyini bildirmişdir. Yusif Məmmədov həmin telefonu ona gətirib təqdim etdikdə o, telefona baxış keçirdərkən həqiqətən də telefonun yaxşı işləmədiyini və ekranının tez tez söndüyünü görmüşdür. Bu səbəbdən də o, həmin telefona xərclədiyi pulunu çıxartmaq məqsədi ilə ehtiyyat hissələrini hissələrə bölərək digər telefonlarda işlətmək üçün satmışdır. Şahid3 göstərmişdir ki, 2017-ci ili iyul ayından "28 Mall" Ticarət Merkəzinin yaxınlığında yerlşən "Moon Telekom" adlı telefon mağazasında satıcı kimi kimi işləyir. İşlədiyi mağazada əsasən yeni və işlənmiş telefonlar, notebooklar ve telefon aksesuarlarının satışı ilə məşğul olur, müştəri olduqda onlardan köhnə telefon və ya notebookları qəbul edib əvəzində nağd pul verir. 24 sentyabr 2020-ci il tarixdə mağazaya müştəri qismində tanımadığı bir şəxs yaxınlaşaraq onda 01 ədəd "Asus" markalı notebookun oluduğunu və həmin notebooku satmaq istədiyini bildirmişdir. O, həmin müştəridən notebookun oğurluq olub-olmamasını maraqlanmış, həmin şəxs də notebookun oğurluq olmadığını, özünə məxsus oluduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən "Asus" markalı notebooku 480 manata almışdır. Notebooku aldıqdan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini, eləcədə notebookun oğurluq olmaması barədə öz xətti ilə yazmağını və imza atmasını tələb etmiş, həmin şəxs yazılı formada notebookun oğurluq olmamasını bildirmiş, öz imzasını atmış və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ona 480 manat pul vermiş və həmin notebooku satan müştərinin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs həmin notbuku ona satan zaman özünün olduğunu söyləmiş, oğurluq olduğunu deməmiş, həmin notbukun oğurluq olması barədə onun məlumatı olmamışdır. Həmin notbuku aldıqdan sonra vitirinə qoyaraq tanımadığı müştəriyə satmışdır, hər hansı əşyanı alan zaman satan şəxsin anket məlumatlarını götürsə də özü satdığı vaxt müştərinin anket məlumatlarını götürməmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02.12.2020-ci il tarixli protokoldan görünür ki, baxış Sumqayıt şəhəri, Avtovağzal yaxınlığnda yerləşən Kontakt Home mağazasında keçirilmişdir. Baxış zamanl Apple markalı komputer yerində aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş, fotoşəkillər diskə köçürülüb materiala əlavə olunmuşdur.(i.v 7, İ cild) İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” 02.12.2020-ci il tarixli protokoldan görünür ki, baxış Sumqayıt şəhəri, Kontakt Home mağazasının videogörüntüsünə keçirilmişdir. Baxış zamanı mağazaya müştəri qismində daxil olan şəxs 1 ədəd komputeri oğurlayaraq mağazadan getdiyi aşkar olunmuşdur.(i.v 9, İ cild) Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu , göstərilənlər təsdiq olundu və mağazaya müştəri qismində daxil olan və 1 ədəd komputeri oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olundu. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/5872 saylı 25.01.2021-ci il tarixli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarında və kompüter avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilməyən bir ədəd prosessor core i3, operativ yaddaş 8GB, SD 256GB, əməliyyat sistemi MacOS olan “X21 13” modelli MWTK2RU/A seriyalı kompüterin, 2020-ci ilin noyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə 2370,00 manat müəyyən olunur.(i.v 61-63, İ cild) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 07.11.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Azadlıq prospekti ünvanında yerləşən Samsung Electronics mağazasının direktoru Saeid Naxajevaninin 07.11.2020-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə daxil olmuş müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilən yer Binəqədi rayonu Samsung Electronics mağazasının içərisidir. Samsung Electronics mağazasının içərisi 2 mərtəbədən ibarətdir. Videomüşahidə kameralarına yaxalanan şəxs sarı rəngli gödəkçədə, qırmızı köynəkdə, əynində cins şalvar olan 23-25 yaşlarında şəxsdir. O xəlvət şəkildə noutbuku oğurlayaraq hadisə yerindən yayınaraq çıxıb getmişdir. Videomüşahidə kameralarının görüntüsü diskə köçürülərək materiala əlavə olunmuşdur.(i.v 76, İ cild) Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu , göstərilənlər təsdiq olundu və mağazaya müştəri qismində daxil olan və xəlvət şəkildə noutbuku oğurlayaraq hadisə yerindən yayınan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olundu. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 02.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.12.2020-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Binəqədi RPİ-də tutulmuşdur.(i.v 111, İ cild) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12.06.2020-ci il tarixli protokoldan görünür ki, X11 "xxxx" MMC adlı şirkətin hüquqşünası olaraq 22-ci PByə etdiyi müraciətdə 23.05.2020-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 14 ünvanında olan “Music Gallery” mağazasında naməlum şəxsin “Sony DSC RX100M4” modelli digital fotoaparatın naməlum şəxs tərəfindən oğurlanmasını bildirməsi ilə bağlı daxil olmuş məlumatı əsasında göstərilən ünvana baxış keçirilmişdir. Hadisə yeri göstərilən ünvanda yerləşən mağazanın vitrinidir. Hadisə yerinə baxı zamanı fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir.(i.v 147, İ cild) İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/2710 saylı 09.09.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli “Sony” markalı DSC-RX100M4 modelli fotoaparat 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 1400,00 manat müəyyən olunur.(i.v 180, İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 27.10.2020-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-207/2016 saylı, 09.06.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəi Xəzər Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric olunub və cəzası 04 il 09 aya endirilmişdir. 15.10.2019-cu ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 20.02.2020-ci ildə cəza müddəti başa çatdığından qediyyatdan çıxarılmışdır.(i.v. 190-191, İ cild, 232-239, İİ cild) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-958/2020 saylı 04.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 239-240 İ cild) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23.10.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 21 ünvanında yerləşən “Face Studio” adlı gözəllik salonudur. Baxış zamanı gözəllik salonunun iki mərtəbədən ibarət olması, girişdən içəri daxil olan zaman sağ tərəfdə qeydiyyat şöbəsi, sol tərəfdə müştərilərin əyləşməsi üçün stulların olması, ön tərəfdə isə gözləmə zalının olması aşkar olunmuşdur. Hadisə baş verən anın görüntüləri götürülmüşdür. Başqa heç bir şübhəli əşyaya rast gəlinməmişdir.( i.v 9, İİ cild) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25.09.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Xətai rayonu, M.Rüstəmov 34 ünvanında yerləşən “Kontakt Home” mağazasıdır. Baxış zamanı mağazanın iki mərtəbədən ibarət olmaqla 1-ci mərtəbəsində müxtəlif elektronik məhsulların satışı, 2-ci mərtəbədə isə müxtəlif sənədləşmə aparılan yerin olması müəyyən olunmuşdur. Baxış zamanı eləcə də mağazanın bütövlükdə içərisinin kameralar vasitəsilə müşahidə olunması aşkar olunmuşdur. (i.v 60, İİ cild) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən Kontakt Home mağazasından qanunsuz olaraq gizli yolla taladığı noutbuku satdığı mağazaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin mağaza ünvan 12 ünvanında yerləşən “MoonTelecom” adlı telefon mağazasıdır. Mağaza iki hissədən ibarət olmaqla 1 hissəsi satış digər hissəsi isə təmir üçün nəzərdə tutulmuşdur. Hadisə yerinin şəkilləri çəkilərək protokola əlavə olunmuşdur.(i.v 73, İİ cild) İş materiallarında olan Respublika Nakoloji Mərkəzi X15 19/51-9754 saylı 09.10.2020-ci il tarixli Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur.(i.v 96, İİ cild) İş materiallarında olan Respublika Psixiatriya Xəstəxanası X15 6888 saylı 09.10.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır.(i.v 97, İİ cild) İş materiallarında olan Müstəqil Məhkəmə Ekspertizasının 453 nömrəli 09.101.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd olunan bir ədəd “X22 X412FAEK896” markalı noutbukun 2020-ci il sentyabr ayına orta bazar qiyməti ilə dəyəri 1150,00 manat müəyyən edilir.(i.v 100, İİ cild) İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-80/20221 saylı 26.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 24 gün olmaqla 26 fevral 2021-ci ilədək uzadılmışdır.(i.v. 203-205, İİ cild) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin videogörüntülərini əks etdirən 05 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus olan bir ədəd “Sony” markalı DSC-RX100M4 modelli fotoaparat maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün "xxxx" MMC-nin nümayəndəsi X5 təhvil verilmişdir. (i.v 30-45, İİİ cild) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-308/2021 saylı, 25.05.2021-cı il tarixli hökmünün surətindən və hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 25 may 2021-ci ildən hesablanmışdır. Hökm 16 iyun 2021-ci ildə qanuni qüvvəyə minmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal cinayətin residividir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-308/2021 saylı 25.05.2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmuyu üzrə toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdən 25 may 2021-ci il tarixədək qətimkan tədbiri kimi həbsdə saxlandığı, 25 may 2021-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-308/2021 saylı 25.05.2021-ci il tarixli hökmünə əsasən cəza çəkdiyi müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 150 (yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pulun 100 manatı Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, 50 manatı isə "xxxx" MMC-nin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus olan bir ədəd “Sony” markalı DSC-RX100M4 modelli fotoaparat maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün "xxxx" MMC-nin nümayəndəsi X5 təhvil verilmişdir, bu nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş beş ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh Təqsirləndirilən şəxs mülki iddia verilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdə “ABC-Telecom" MMC-nin ünvan 7 ünvanında yerləşən mağazasından 1159 manat, 99 qəpik dəyərində 01 ədəd "X22" modelli "X412FA-EK896" seriyalı notebook, 26 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-nin Sumqayıt şəhəri, Bakı küçəsi, 60 ünvanında yerləşən “Kontakt Home” mağazasından 1 (bir) ədəd 2370 (iki min üç yüz yetmiş) manat dəyərində olan “X21” markalı kompüter oğurlamışdır. "xxxx" MMC-yə ümumilikdə 3520 manat maddi ziyan vurulmuşdur. Həmin ziyanın əvəzi olaraq cavabdeh Təqsirləndirilən şəxs 3520 (üç min beş yüz iyirmi) manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi xahiş edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi nəticəsində "xxxx" MMC-yə 3520 manat ziyan vurulması təsdiq edilmişdir. İş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 308/2021 saylı 25.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək həbsdə saxlandığı müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 10 (on) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 06 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********), 50 (əlli) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin AZ53AİİB******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus olan bir ədəd “Sony” markalı DSC-RX100M4 modelli fotoaparatın "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş beş ədəd CD disk isə iş materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" MMC-nin mülki iddiası təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 3520 (üç min beş yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-yə verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar