Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-242/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 62, 32.4, 312.2, 62 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 2022-ci ilin iyul ayında müalicə aldığı Sumqayıt şəhəri, 4 saylı xəstəxanada olduğu zaman orada tanış olduğu həmin vaxt xəstəxanada müalicə alan Zərərçəkmiş şəxs dayandırılmış təqaüdün tanışlarının vasitəsilə bərpa edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 19 iyul 2022-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanda yerləşən 4 saylı xəstəxananın həyətində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 1500 manat pulu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 20-ci mikrorayon, ev 118B, mənzil 28-də yaşayır, ailəlidir, 2 azyaşlı övladı vardır. 2007-2011-ci illərdə H.Əliyev adına Ali Hərbi Akademiyanı bitirmiş, həmin vaxtdan sonra Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində xidmət aparmış, İİ Qarabağ müharibəsi iştirakçısıdır, İİİ qrup müharibə əlilidir. 2022-ci ilin iyul ayında “Bərpa xəstəxanası” adlanan Sumqayıt şəhəri 4 saylı xəstəxanasında müalicə olunduğu zaman digər müalicə alan xəstələrlə söhbət zamanı, həmin xəstələrdən biri özünü Rehan adı ilə təqdim edən qadın təqaüdünün dayandırıldığını və təqaüdünün bərpası ilə bağlı çalışdığını demiş, o, da Rehana dayandırılmış təqaüdünün bərpa olunmasında köməklik edə biləcəyini, bu sahədə əlaqələrinin olduğunu və İİ Qarabağ Müharibəsi qazisi olduğunu və Rehana dayandırılmış təqaüdünün bərpa olunmasını 1500 manat müqabilində 1 ay ərzində düzəldə biləcəyini demişdir. Rehan dediyi məbləğə etiraz etməmiş və onunla razılaşmışdır. Bir neçə gündən sonra xx.xx.2022-ci il tarixdə günorta radələrində Rehan ona zəng etmiş və onlar xəstəxananın həyətində görüşmüşlər və Rehan ona 1500 manat pulu verərək təqaüdünün bərpasını tezləşdirməyini xahiş etmişdir. Həmin vaxt maddi ehtiyacı olduğundan Rehandan aldığı pulu özünə xərcləmiş, düşünmüşdür ki, pulu olanda Rehana hissə-hissə qaytarar və Rehanın dayandırılmış təqaüdünün bərpası ilə bağlı heç bir iş görməmişdir. Bir müddətdən sonra Rehan ona zəng edərək işinin nə yerdə olduğunu soruşurmuş, o, da bəhanələr gətirərək xəbər edəcəyini demişdir. Daha bir müddət keçdikdən sonra Rehan ona zəng edərək ona verdyi 1500 manat pulu geri qaytarmağını istəmiş, lakin onun pulu olmadığı üçün məcbur olub Rehana hər dəfə müxtəlif bəhanələr gətirmiş və pulun qaytarılmasını yubatmişdır. Düşünmüşdür ki, dost-tanışlarından pul tapa bilər, lakin pul tapa bilməmişdir. Sonra Rehan onun barəsində polisə şikayət etmişdir. Rehandan 1500 manat pulu özü almış və həmin puldan heç kimə verməmişdir. Rehanın dayandırılmış təqaüdünün bərpası ilə bağlı heç kimə bir söz deməmiş və heç bir aidiyyəti orqana müraciət etməmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı məhkəmə istintaqının gedişində tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1966-cı ildə Zəngilan rayonunda doğulmuş, 1993-cü ildə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərinə köçüb məskunlaşmışlar, hazırda ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki yataqxanada yaşayır. 2008-ci ildə bel-onurğa əməliyyatı keçirmiş və həmin vaxtdan etibarən ona xəstəliyinə görə İİ qrup əlillik təyin olunmuş, bu illər ərzində dəfələrlə müayinə və müalicə olunmuş, əlillik təqaüdü almışdır. 2021-ci ildə əlillik təqaüdü dayandırılaraq növbəti müayinə və müalicə olunmağı məsləhət görülmüş, o, da vaxtaşırı stasionar müalicə almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Bərpa xəstəxanası” adlanan ünvan 2 ünvanda yerləşən 4 saylı xəstəxanasında “boyun və bel-omba fəqərələrinin osteoxondrozu, bel fəqərələrinin disk yırtığı" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Həmin vaxtı xəstəxanada müalicə olunduğu zaman digər müalicə alan xəstələrlə söhbət zamanı, həmin xəstələrdən Təqsirləndirilən şəxs ona dayandırılmış təqaüdünün bərpa edə biləcəyini, geniş əlaqələri olduğunu, İİ Qarabağ müharibəsi qazisi olduğunu demişdir. O, Elvinin danışığına inanmış və ona təqaüdünün bərpa olunmasında köməklik göstərməsini xahiş etmiş, söhbət zamanı Elvin bu işin 1500 manata həll edəcəyini və 1 aya düzələcəyini demişdir. O, da bacısı Mehribana zəng edib bu barədə danışaraq ona 1500 manat düzəltməsini demişdir. xx.xx.2022-ci il tarixdə günorta radələrində xəstəxanada olan zaman Mehriban onun yanına gəlib ona 1500 manat pulu vermiş, o, da Elvinə həmin 1500 manatı vermiş, Elvin ona narahat olmamağını, bu işlərin onun üçün asan olduğunu söyləmiş və öz ***-***-**-** mobil nömrəsini əlaqə saxlamaq üçün ona vermişdir. Həmin gün o, xəstəxanadan çıxmışdır. Bir müddətdən sonra Elvinə zəng edərək işlərin nə yerdə olduğunu soruşmuş, Elvin özü ona xəbər edəcəyini demişdir. Bir neçə gündən sonra yenə də Elvinə zəng edərək işinin nə yerdə olduğunu və nə iş gördüyünü soruşmuş, Elvin işinin hazır olacağını, onun zəngini gözləməyini demişdir. Elvinin dediyi müddət, yəni 1 ay bitdikdən sonra təqaüd işinin yubandığını görüb Elvinə zəng edərək pulunu qaytarmağını, onsuzda mütəmadi olaraq müalicə olunduğunu və sonda müayinələrdən keçib təqaüdünün bərpa olunacağını demiş, Elvin də hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulu bu gün-sabah qaytaracağını desə də, qaytarmamışdır. Bir müddətdən sonra Elvin onun zənglərinə cavab verməmiş və telefonunu söndürmüşdür. Elvinin onun etibarından istifadə edərək onu aldadıb 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini görüb Elvinin barəsində şikayət etmişdir. Elvinə 1500 manat pulu xx.xx.2022-ci il tarixdə günorta saatlarında, ünvan 3 ünvanda yerləşən 4 saylı xəstəxananın həyətində ona öncədən vəd etdiyi dayandırılmış təqaüdünün bərpa etməsi üçün vermişdir. Elvinə 1500 manat pulu verən zaman yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmədə Şahid işfadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun böyük bacısıdır. Rehan bir neçə il əvvəl bel-onurğa əməliyyatı keçirtmiş və həmin vaxtdan etibarən xəstəliyinə görə İİ qrup əlillik təyin olunmuşdur, bu illər ərzində dəfələrlə müayinə və müalicə olunmuşdur və əlillik təqaüdü almışdır. 2021-ci ildə əlillik təqaüdü dayandırılmışdır. 2022-ci ilin iyul ayının ortalarında Rehan ona zəng edərək müalicə olunduğu Sumqayıt şəhər 4 saylı xəstəxanasında olan zaman orada müalicə olunan Elvin adlı şəxsin onun üçün dayandırılmış təqaüdünü 1500 manat müqabilində bərpa edə biləcəyini deyərək onun üçün həmin məbləğdə pulu tapmağını xahiş etmişdir. O, da bir neçə gün ərzində 1500 manat pul düzəldərək xx.xx.2022-ci il tarixdə Rehanın olduğu xəstəxanaya getmiş və həmin pulu Rehana vermişdir. Sonra Rehan demişdir ki, Elvin adlı şəxslə görüşüb sonuncuya özünün dayandırılmış təqaüdünü bərpa etməsi üçün 1500 manat pulu vermişdir. Sonra Rehanla birlikdə xəstəxanadan çıxmışlar. Bir müddətdən sonra Rehanla təqaüd işi ilə bağlı maraqlanmış, Rehan Elvinin ona verdiyi vədə əməl etmədiyini və pulunu da qaytarmadığını bildirmişdir. Sonradan bilmişdir ki, Rehan Elvin barədə şikayət etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X2 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4565 nömrəli rəyindən görünür ki, I Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs FƏLAKƏT KEÇİRDİKDƏN SONRA ŞƏXSİYYƏTİN DAVAMLİ DƏYİŞİKLİYİ (F62.1) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (döyüş zaman kəlləbeyin travması alması, bundan sonra psixi vəziyyətinin dəyişməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X1 "Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya" diaqnozu ilə müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təqdim etdiyi şikayətləri, əhvalı ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s.) sübut edir. Təqsirləndirilən şəxs qeyd olunan şəxsiyyət dəyişikliyi onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq aşkar olunur. II Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" qeyd edilir. Təqsirləndirilən şəxs qeyd olunan şəxsiyyət dəyişikliyi onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: - Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, inadkarlıq, hövsələsizlik, özü haqqında yüksək fikirlərə malik olmaq, nümayişkaranəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. - Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixiemosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünürki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş arayışdan (tələbnamələr) və Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 62, 32.4, 312.2, 62 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 62, 32.4, 312.2, 62 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və həmin hökmlə təyin olunmuş cərimə cəzası məhkum Təqsirləndirilən şəxs pensiyasına yönəldilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Qüsursuz xidmətə görə” medalı və “Azərbaycan ordusunun yaranmasının 100 illik yubley” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğu üçün onun əməlində cinayətin residivi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Qüsursuz xidmətə görə” medalı və “Azərbaycan ordusunun yaranmasının 100 illik yubley” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-223/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 19 iyul 2022-ci il tarixdə törətmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-223/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair cinayət işində olan cinayət əməlini xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilməlidir. Belə ki, hazırki cinayət işi üzrə törədilmiş cinayət Təqsirləndirilən şəxs yuxarıda göstərilən başqa bir cinayət işi üzrə məsuliyyətdən azad olunana qədər törədildiyindən, onun bu cinayət işi üzrə məsuliyyətdən azad olunmasına hər hansı maneə yaratmır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-242/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-242/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver