Məhkəmə qərarları › İş №1(060)-242/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-242/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-242/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:50 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən “Sinan Telecom” telefon mağazasının yaxınlığında saxladığı “Khazar LD” markalı **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilində əyləşdiyi vaxt avtomobilə yaxınlaşan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs sifətinə və burun nahiyyəsinə qəsdlə yumruqla vuraraq sonuncuya “burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun sağ gözaltım tutan qançırı”, olmaqla az ağır xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, Rəvan Əliyev onun tanışıdır, uzun müddətdir ki, onu tanıyır. Tanışları Zərərçəkmiş şəxs onun və yaxınları barədə nalayiq ifadə işlətdiyini ona bildirmişlər. O, həmin məsələni aydınlaşdırmaq üçün Rəvanı axtarmış və xx.xx.2024cü il tarixdə, saat 20:50 radələrində Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən “Sinan telecom” mağazasının yanında Rəvanın idarə etdiyi “Khazar LD” markalı 77-PT- 212 dövlət qeydiyyat nömrəli avtomobilinin dayandığını və Rəvanın da sükan arxasında olduğunu görmüşdür. Yaxınlaşıb avtomobilin qapısını açmış və və Rəvandan onun barəsində niyə elə sözlər dediyini soruşmuşdur. Rəvan isə cavabında elə sözlər demədiyini, əksinə onun barəsində yaxşı söz dediyin bildirmişdir. O, Rəvanın qeyrisəmimiliyindən əsəblşərək və sol əlilə sifətindən və burnundan bir neçə dəfə vurmuşdur. Rəvanın burnu qanamağa başlamış və o, avtomobilini sürüb getmişdir. Aralarında münaqişə təxminən 5-6 dəqiqə olmaqla davam etmişdir. Səs-küy yaranmadığı üçün kəndardan kimsə gəlməmiş və aralarında baş verənlərin şahidi olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:50 radələrində Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi ərazisində, “SinanTelecom” mağazasının yanında idarə etdiyi “Khazar LD" markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlayaraq, sükan arxasında əyləşdiyi vaxt, qəsəbə sakini kimi tanıdığı Fətəli adlı şəxs avtomobilə yaxınlaşaraq avtomobilin qapısını açmış və “kimə nə demisən” deyə soruşmuşdur. O da “kimə nə deməliyəm ki” deyə bildirdikdə Fətəli bir daha “kimə nə demisən” deyə soruşmuşdur. O da heç kimə heç nə deməmişəm demişdir. Elə bu anda Fətəli onun sifətinə, burnuna doğru yumruqla zərbələr endirməyə başlamışdır. O da Fətəlinin ona xəsarət yetirəcəyini gözləmədiyindən yerində dayanmış, zərbələrin təsirindən avtomobildən düşə bilməmişdir. Onu özündən uzaqlaşdırmaq üçün bir ayağı ilə ona təpik atmışdır. Fətəliyə xəsarət yetirməmiş, sadəcə hansısa vasitə ilə onu özündən uzaqlaşdırmışdır. Bundan sonra avtomobilini sürüb hadisə yerindən uzaqlaşmış və polis bölməsinə getmişdir. Aralarında münaqişə təxminən 5-6 dəqiqə olmaqla davam etmişdir. Hadisə vaxtı aralarında səs-küy olmadığı üçün ətrafdakı şəxslər onlara yaxınlaşmamışlar. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 78 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun sağ gözaltını tutan qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən də kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2014-cü il tarixli, 119 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında daimi qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə, fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə ifadələri dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini bildirərək, sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar