Məhkəmə qərarları › İş №1(060)-243/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-243/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-243/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi ŞPİ-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 6-cı mkr, ev 23, mənzil 3-də kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1-nın giriş qapısının qarşısından bir ədəd sürət qutusu “Gitane” markalı “Fitzroy” modelli velosipedi gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 650,0 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, iş yeri yoxdur, dəmir, plasmas tullantıları yığıb satmaqla ailəsini dolandırır. Uzun müddətdir narkotik vasitə alüdəçisidir, narkotik vasitə heroindən iynə vurmaqla istifadə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Sumqayıt şəhəri, 6-cı mkr, ərazisində olarkən dəmir və plasmas əşyalar axtarmış, məqsədi dəmir və plastik əşyaları satıb narkotik vasitə almaq olmuşdur. Sumqayıt şəhəri, 6-cı mkr-da yerləşən 49 saylı binanın blokuna daxil olmuş, blokun 5-ci mərtəbəsində padyezdə 36 saylı ünvanın qapısının yanında 2 ədəd açıq divara söykənmiş vəziyyətdə velosipedin olduğunu görmüş və həmin velosipedlərdən birini oğurlamaq qərarına gəlmişdir. Həmin velosipedlərdən böyük olanını, Gitane markalı velosipedi götürüb bloku tərk etmişdir. Sonra elə həmin gün velosipedi özü sürərək Sumqayıt şəhəri, 13-cü mikrorayonda yaşayan xalası oğlu Şahid evinə gətirmiş, Şahidlə görüşüb həmin “Gitane” markalı velosipedi 80 manata aldığını, 100 manata satmaq istədiyini bildirmişdir. Təbriz də öz növbəsində velosipedi 100 manata almaq istədiyini bildirmiş, aralarında razılaşmışlar. O, həmin velosipedi 100 manata xalası oğlu Təbrizə satmış, məqsədi həmin pula özü istifadə etmək üçün narkotik vasitə almaq və şəxsi tələbatına xərcləmək olmuşdur. Həmin hadisəni tək törətmiş, velosipedin sahibini tanımır, hadisəni törədərkən ayıq olmuşdur. Etdiyi oğurluq barədə heç kimə bildirməmiş, xalası oğlu Təbrizə də velosipedi satın aldığını inandırmış, o həmin velosipedin oğurluq olmasından şübhələnməmiş, ona görə də ondan həmin velosipedi 100 manata almışdır. Etdiyi əmələ görə peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadələrlə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq zamanı (səhhəti ilə bağlı məhkəməyə gələ bilməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir) ifadəsində göstərmişdir ki, ünvan 1-da ailəsi ilə bir yerdə yaşayır. O, təxminən bir il olar ki, “Gitane” markalı velosipedi nəvəsi üçün Sumqayıt şəhərində dükandan birindən 1200 manata almışdır. Mənzildə yer olmadığından təxminən iki aydır ki, həmin velosipedi yaşadığı ünvan 1 ünvanının qarşısında binanın 5-ci mərtəbəsində blokda qapının yanına qoymuşlar. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində evə gələrkən velosipedin saxlandığı yerdə olmadığını aşkar etmişlər. Bundan sonra velosipedin oğurlandığına əmin olmuş, bu hadisə barədə AR DİNnin 102 xidmətinə zəng edib məlumat vermişlər. Ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəyən zərərin ödənildiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 13-cü mkr, ev 27A, mənzil 82-də ailəsi ilə bir yerdə yaşayır. Təqsirləndirilən şəxs doğma xalası oğludur. O, Sumqayıt şəhəri, 6-cı mkr ərazisində kirayədə qalır. xx.xx.2022-ci il tarixdə Ümidvar onun yaşadığı ünvana velosiped ilə gəlmiş, ona bildirmişdir ki, “Gitane” markalı velosipeddir, bu velosipedi 80 manata almış, lakin pul lazım olduğundan 100 manata satmaq istəyir. O da velosipedin istifadə edilmiş olsa da yaxşı vəziyyətdə olduğunu görmüş, ona görə almaq qərarına gəlmişdir, Ümidvarın dediyi 100 manat məbləğ ilə razılaşmışdır. Elə həmin vaxt 100 manat pulu Ümidvara vermiş, “Gitane” markalı velosipedi ondan almışdır. Həmin velosipedin oğurluq olmasından xəbəri olmamış, Ümidvar həmin velosipedi ona özününkü kimi təqdim etmiş, Ümidvardan şübhələnməmiş, əks halda velosipedi almazdı. Lakin sonradan polislər onun yaşadıgı ünvana gələndə Ümidvarın ona satdığı velosipedin oğurluq olmasını bilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilmiş ərazi Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 49, mənzil 36-nın qarşısıdır. xx.xx.2022-ci il tarixdə həmin ərazidə saxlanılmış “Gitane” markalı velosipedin oğurlanması faktı ilə əlaqədar baxış keçirilmişdir, baxış zamanı oğurlanmış velosipeddən əlavə qırmızı rəngli velosipedin orada olması məlum olmuşdur. “Gitane” markalı velosipedin oğurlanması faktı aşkarlanmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 30.1.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilmiş ərazi Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17Anın blokunun 9-cu mərtəbəsinin qarşısıdır. Baxış keçirilən ərazidə qara rəngli qapı, qapının qarşısında boz rəngli “Gitane” markalı velosiped aşkar edilmişdir. Aşkar edilmiş velosiped xx.xx.2022-ci il tarixdə oğurlanmış velosipedlə eynilik təşkil edir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00-da tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd “Gitane” markalı velosiped yaşadığı ünvan 2 ünvanının qarşısından oğurlamışdır. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və baş vermiş oğurluq hadisəsi öz təsdiqini tapmışdır. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd “Gitane” markalı velosiped yaşadığı ünvan 2 ünvanının qarşısından oğurlamışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8775 saylı rəyindən görünür ki, 01 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş, sürət qutusu “Gitane” markalı “fitzroy” modelli velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 650,0 manat müəyyən edilir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsi ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 28 gün vaxtından əvvəl şəti azad olunmuş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194 və 307-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş üzrə “Gitane” markalı velosiped maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Pİ-nin İŞ-də istintaqı aparılan ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olması, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş zərəri tamamilə ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 may 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “Gitane” markalı velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, bunun üçün 20 (iyirmi) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “Gitane” markalı velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 120 (yüz iyirmi) manat pul Əliyev X3 vəkil işlədiyi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar