Məhkəmə qərarları › İş №1(060)-245/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-245/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-245/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işləyməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,335 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 13.10.2021-ci il tarixdə saat 20:15-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində olan şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,335 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 12 oktyabr 2021-ci il tarixdə Novxanı qəsəbəsində olarkən təsadüfi tanış olduğu bir nəfər şəxsdən 30 manat verməklə şəxsi istifadəsi üçün bir büküm heroin almış və Sumqayıt şəhərinə qayıtmışdır. 13 oktyabr 2021ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, İnşaatçəlar qəsəbəsi ərazisində hərəkət edərkən, iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin saxlanması, daşınması və istifadəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə getməsini təklif etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə xidməti otaqların birində vəkilin iştirakı ilə və videoçəkilişlə onun üzərinə axtarış-baxış keçirilmişdir. Hətta axtarış-baxış keçirilməmişdən öncə polis əməkdaşları ona üzərində qanunsuz hər hansı bir maddə və ya əşya varsa könüllü təqdim etməsini bildirmişlər. Bundan sonar o, əynində olan şalvarın sağ yan cibindən bir büküm narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuş və bir gün əvvəl Novxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmış və üzərindən “aspirin” tabletkaları və siqaret aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Hazırda o, etdiyi əməldən peşman olmasını, 2-ci qrup əlil olmasını və himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasının nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 13.10.2021-ci il tarixdə Zabil adlı şəxsin Sumqayıt şəhərində narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə etməsi barədə bölməyə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında iş yoldaşı Şahid1 iştirakı ilə həmin gün saat 20:15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində müəyyən olunaraq, saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4cü Polis Bölməsinə aparılmış və orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona özünü təqdim etməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra təhqiqatçı Rafiq Quliyev Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamamış ona, üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmadığı soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan törbanı çıxararaq təqdim etmişdir. Ondan təqdim etdiyi maddənin nə olduğu, onu haradan, kimdən əldə etməsi soruşulduqda, o maddənin narkotik vasitə heroin olduğunu, onu 12.10.2021-ci ildə axşam saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq, üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini müəyyən etmək üçün onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 01 bükümdə olan həmin heroin zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 6/4560 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2021-ci il tarixli 4789 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixatrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi aşkar) olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş məcburi mülicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomanoiyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 08.12.2021-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,335 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 13.10.2021-ci il tarixdə saat 20:15-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində olan şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,335 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, özünün 2-ci qrup əlil olmasını və himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməv iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,285 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, həmçinin 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,285 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar