Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-246/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1997-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,304 qram və 0,130 qram, ümumi təmiz çəkisi 0,434 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 07 oktyabr 2021-ci il tarixdə, saat 00:10 radələrində Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 30\62 saylı binanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümlərdə və çəkilərdə olan narkotik vasitə heroin əynindəki boz rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərdi ki, 06 oktyabr 2021 -ci il tarixdə saat 11:00-12:30 radələrində o, həmişəki kimi Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 55-in 1-ci mərtəbəsində yerləşən “Şəhri Studio” indi “Major Studio” adlanan bərbərxanada (kişi salonunda) bərbər kimi çalışırmış, saç kəsdiyi yerdə, 2 nəfər mülki geyimdə olan şəxslər salona girmiş, biri saçını düzəltmək istəmişdir. O vaxtı olmadığını bildirmişdir, bir neçə dəqiqədən sonra həmin şəxslər siqaret istəmişlər. O isə cibində olan siqaret qutusunu uzatmış və həmin anda vətəndaşın şalvarın üstündə polis formasına məxsus qırmızı lampas diqqətini çəkmişdir. Artıq başa düşmüşdür ki, 2 nəfər mülki formada olanlar polis əməkdaşlarıdır, lakin onlar özlərini təqdim etməmişlər. Daha sonra isə başqa bir siqaret qutusunu istəmişlər, başqa qutu olmadığını bildirəndə, üstündə qanunsuz axtarış keçirtmiş, digər siqaret qutusunda şəxsi istifadəsi üçün narkotik vasitə aşkar edilmişdir. Hadisə salonun içində və həmin anda onun saç kəsdirdiyinə görə baş verən hadisələrin bir neçə şahidlərinin yanında olmuşdur. Daha sonra isə onu maşına otuzdurmuş və Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində öz istifadəsində olan ***-***-**-** nömrə ilə mobil telefonunu götürmüşlər. Bundan sonra gecə saat 01:00 kimi təhqiqatçının xidməti otağında qanunsuz saxlamışlar. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparıblar və o cibində olan narkotik vasitələri təqdim etmişdir. Sonra isə onu Pİ-nə aparmışlar və orada MSY-nə verilmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan heroini zərdə yandırmaq üsulu ilə qəbul edir. 06 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən iki ədəd bükümə bölünmüş vəziyyətdə hər bükümünə görə 15 manat, ümumilikddə 30 manat pul verməklə narkotik vasitə olan heroin alaraq öz istifadəsi üçün üzərində saxlamış, 07 oktyabr 2021-ci il tarixdə, saat 00:10 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparılacağını bildirmiş, polis əməkdaşlarından biri onun əllərindən möhkəm yapışdığına görə öz istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə olan heroini üstündən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparılmışdır. Orada xidməti otaqda polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etmək təklif olunmuş və daha sonra o, əynində olan boz rəngli idman şalvarımın sol yan cibində saxladığı, siqaretin gümüşü rəngli kağızına bükülmüş iki bükümdə narkotik vasitə olan heroini çıxararaq təqdim etmiş və həmin bükümlərin içərisində heroin olduğunu təhqiqatçıya bildirmişdir. Sonradan təhqiqatçı həmin bükümü açıb baxaraq narkotik vasitə olan heroin olmasını özü də aşkar etmiş, bundan sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunaraq götürülmüş iki bükümdə nakotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və təxmini çəkilərinin 0,50 qram və 0,31 qram, ümumi çəkisinin 0,79 qram olması müəyyən edilmişdir. Daha sonra həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 06 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında 4-cü PB-nin əməliyyat aparatına Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və bu məqsədlə üstündə gəzdirməsi və halhazırda Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində olması barədə əməliyyat məlumatı daxil olduqda əməliyyat müvəkkilləri Şahid2 və Şahid3lə birlikdə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə çıxmış və saat 00:10-da 2-ci mikrorayon ərazisində yerləşən “Mərcan” restoranının arxa hissəsində yerləşən 30\62 saylı binanın qarşısında Təqsirləndirilən şəxs ilə rastlaşdıqda ona özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları olduqlarını və həmçinin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhər 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilmiş və dərhal PB-nin rəhbərliyinin adına raport tərtib olunduqdan sonra araşdırmanın aparılması təhqiqatçıya həvalə olunduqda Təqsirləndirilən şəxs KTB-nin inspektor kriminalisti Rasim Paşayevlə birlikdə təhqiqatçının xidməti otağına gətirilmiş, təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Zoya Hüseynova təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol cibindən 02 ədəd gümüşü rəngli bükümləri təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinci bükümün içərisində göy rəngli sellofan bükümdə olan qəhvəyi rəngli, ikinci bükümün içərisində isə ağ sellofan bükümdə olan qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlələrin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan kütlələrin narkotik vasitə olan kokos olduğunu, həmin narkotik vasitələri xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu Novxanı kəndində olarkən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Narkotik vasitə olan heroinə oxşar kütlələrin olduğu iki ədəd büküm elektron tərəzidə ölçüldükdə 1-ci bükümün çəkisi, 0,50 qram, ikinci bükümün çəkisinin isə 0,31 qram olması müəyyən olunmuş, qeyd olunan cəmi 02 ədəd büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdilər. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 00:10-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində tutulmuşdur.(i.v 18) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə, saat 17:30-da MSY-dən azad edilmişdir.(i.v 67-68) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektorkriminalist rəqəmsal tipli “Panasonic” tipli videokameranı işə salmışdır. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı 2 (iki) ədəd gümüşü rəngli siqaret kağızında olan bükümləri təqdim etmişdir. Həmin bükümlər ardıcıllıqla açılmışdır. Gümüşü rəngli siqaret kağızında olan birinci büküm açılan zaman onun içərisində göy rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddə, gümüşü rəngli siqaret kağızında olan ikinci büüm açılan zaman isə onun içərisindən şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunana maddə kokosdur, həmin maddəni xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindənn aşkar olunmuş bükümlər ardıcıllıqla tərəziyə qoyulub çəkilən zaman birinci bükümün çəkisinin 0,50 qram, ikinci bükümün çəkisinin 0,31 qram, ümumilikdə hər iki bükümün çəkisinin 0,79 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin içərisində qəhvəyi rəngli maddə olan 2 ədəd büküm xüsusi qaydada qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilmişdir.(i.v 26-27, 103-106) Məhkəmə iclasında diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/4445 saylı, xx.xx.2021ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №128” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. Yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrırlıqda təmiz çəkiləri 0,304 qram, 0,130 qram, ümumi təmiz çəkiləri 0,434 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütlələri tərkiblərinə görə öz aralarında eynilik təşkil edir.(i.v 39-42) İş materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,434 qram, ekspertizadan sonra xalis çəkisi 0,354 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 69) İş materiallarında olan 1333 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən göünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır.(i.v 70-72) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 74) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-637/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması məqsədilə onun üzərində əməliyyat-axtarış tədbirlərinin aparılması qanunauyğun hesab edilmişdir.(i.v 76) İş materiallarında olan4668 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 107-108) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 4424 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 111) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 113) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v 114-117) Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o 06 oktyabr 2021-ci il tarixdə, saat 11:30-12:00 radələrində öz iş yerində tutularaq həmin vaxtdan 4-cü PB-də saxlanılmış, üzərinə şəxsi axtarış keçirilmişdir. Polis Bölməsində olarkən saat 00:10-da onun üzərindən narkotik vasitə aşkar olunmasını əks etdirən videoçəkiliş həyata keçirilmişdir. 4-cü Polis Bölməsində olarkən onda özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur, həmin telefondan istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin göstərdiyi bütün hallar, o cümlədən 06 oktyabr 2021-ci il tarixdə, saat 11:30-12:00 radələrində öz iş yerində tutularaq 4-cü PB-nə aparılması, üzərində telefon olması araşdırıldı, bununla bağlı anten məlumatları da götürüldü, amma həmin halların heç biri təsdiq edilmədi. Məhkəmə bunu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi vasitə hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,434 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, ilk dəfə məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən 28 (iyirmi səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,354 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə saat 00:10-da tutularaq saxlanmış və xx.xx.2021-ci il il tarixdə, saat 17:30-da MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti aıtına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə Azərbaycan Respublikası CPMin 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbri seçilsi və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,354 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-246/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-246/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver