Məhkəmə qərarları › İş №1(060)-246/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-246/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-246/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxx 1980-ci ildə Qubadlı rayonu, İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, İşıqlı kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 yanvar 2024-cü il tarixdə saat 19:30 dəqiqədə Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Betonzavod ərazisi, Qum Bazarının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, bədənində ağrılar olduğu üçün bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. 11 yanvar 2024-cü il tarixdə səhər saatlarında o, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 5 manata bir ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. O, həmin gün axşam saat 19:30 radələrində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən Qum bazarının yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşlarıona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu və onu həmin gün səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Hazırda o, etdiyi əməldən peşman olduğunu nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatının yoxlanması məqsədilə həmin gün saat 19:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Betonzavod ərazisində, Qum bazarının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və özlərini təqdim edərək, ondan da özünü təqdim etməsi tələb olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilərək onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, hətta baxış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olundu. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çüxarıb təqdim etmişdir. Sorğu zamanı o, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin gün səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 5 manata aldığını və şəxsi istifadəsi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,30 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2024-cü il tarixli 3- 16-16/2-6/178 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi möhür əksi olan,"Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2024-cü il tarixli 277 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzasına məhkum edilmişdir. O, xx.xx.2016-cı ildə cəzasını çəkib qurtarmıdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 yanvar 2024-cü il tarixdə saat 19:30 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Betonzavod ərazisi, Qum Bazarının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,141 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (il) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2024cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,141 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar