Məhkəmə qərarları › İş №1(060)-247/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-247/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-247/2021 13.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rufaq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Beyləqan rayonu, Örənqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 14 sentyabr 2020-ci il tarixdə təkrar qoşulduğu qanunsuz qaz xəttinin həmin ərazidə xidmət aparan X2 Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən kəsiləcəyini görüb, həmin vaxt qeyd olunan əraziyə təhkim olunmuş hakimiyyət nümayəndəsi olan 10 saylı yaşayış yerlərində qaz xəttləri və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi Zərərçəkmiş şəxs əlində olan bel ilə hücum çəkərək ona qarşı xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq edib sol əlinə zərbə endirməklə sol əlin İİİ barmağının proksimal falanqasının arxa səthinin yarası, sol əlin arxa səthinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlğa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsini törətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək vermiş olduğu ifadəsində göstərdi ki, o, 2012-ci ildən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində fərdi ev tikərək orada yaşayır. Belə ki, 14 sentyabr 2020-ci il tarixdə həyətdə işləyərkən, Sumqayıt Qaz İdarəsinin əməkdaşlarının onun evinə gələn qeyri-qanuni qoşulduğu qaz xəttini kəsdiyini görüb küçəyə çıxmışdır. O, qaz idarəsinin əməkdaşlarına maddi vəziyyətinin yaxşı olmadığına görə sayğac ala bilmədiyini, himayəsində iki azyaşlı uşaq olduğunu və onunla birlikdə müharibə veteranı olan qardaşının yaşadığını bildirmiş, lakin qaz idarəsinin əməkdaşları onun dediklərinə baxmayaraq qaz xəttini kəsmək istəmiş və aralarında mübahisə yaranmışdır. Bundan sonra o, qaz xəttini kəsmək üçün zaborun üzərinə çıxan Yusif adlı əməkdaşı aşağı salmaq üçün gödəkçəsindən tutmuş və Yusif yerə yıxılmışdır. Yusif yerə yıxılan zaman sol əli qatlanaraq altında qalmışdır. Bundan sonra Sumqayıt Qaz idarəsinin əməkdaşları hadisə yerindən uzaqlaşmışlar. O, törətmiş olduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı övladının olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını, həmçinin qardaaşının müharibə veteranı olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, 2009-cu ilin dekabr ayından Sumqayıt Qaz İstismar sahəsində çilingər vəzifəsində, 2011-ci ilin yanvan ayından Sumqayıt Qaz İstismar sahəsinin 10 saylı yaşayış yerlərində qaz xəttləri və məişət qaz cihazlarına nəzarət xidmətində usta vəzifəsində, 2015-ci ilin dekabr ayından isə həmin xidmətin rəisi vəzifəsində işləmişdir. Vəzifəsi təhkim olunduğu ərazidə qeyri-qanuni qaz xətlərinə qoşulma hallarının aşkar edilməsi, qarşısının alınması, əhalinin fasiləsiz və təhlükəsiz şəkildə təbbi qazla təmin olunmasından ibarətdir. Xidməti ərasizinə Ceyranbatan qəsəbəsi, BTZ bağlar ərazisi, Stansiya Sumqayıt, 76-cı məhəllə, 49-cu məhəllə, 50-ci məhəllə, 42-ci məhəllə, 11 və 12-ci mikrorayonlar, Yaşıldərə bağlar massivi daxildir. Belə ki, 14 sentyabr 2020-ci il tarixdə iş yoldaşları sahə ustası Şahid2 və çilingər Şahid1 ilə birlikdə Ceyranbatan yaşayış massivində təbii qazdan qeyriqanuni istifadənin qarşısın almaq məqsədi ilə xidmət aparmış və həmin vaxt Ceyranbatan yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs təbii qaz xəttinə qeyri-qanuni qoşulmasını aşkar etmişdir. Bu barədə idarəyə məlumat vermiş, təxminən 1 saat sonra qaynaqçı Şahid3, mühəndis Şəmşir Məmmədov və sürücü Dadaş Şirinovdan ibarət briqada Ceyranbatan yaşayış massivinə gəlmişlər. Qeyri-qanuni xətti kəsmək istətəyərkən çölə çıxan Təqsirləndirilən şəxs onlara mane olmağa çalışaraq mübahisə etmişdir. O, Təqsirləndirilən şəxs qeyri qanuni qaz xəttinə qoşulduğunu və buna görə də qazın kəsiləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bundan əvvəl iki dəfə də qaz xəttinə qeyri qanuni şəkildə qoşulduğu üçün sonuncuya xəbərdarlıq edilmiş və qanunsuz qaz xətti kəsilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt həyətində işlədiyindən əlində bel ilə çölə çıxmış və evinə gedən qaz xəttini kəsməyə imkan verməyəcəyini deyərək bel ilə onu vurmaq istəyərkən əlini qabağa vermiş və bel onun sol əlinə dəymişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq vətəndaş müqavimət göstərdiyi üçün qanunsuz qaz xəttini kəsə bilmədiyi barədə məlumat vermişdir. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs yaşadığı evə gedən qanunsuz qaz xətti kəsilmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs ona yaxınlaşıb üzürxahlıq etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Bu səbəbdən o, təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı hər hansı şikayəti olmadığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1, Şahid2 və məhkəməyəqədər icraat zamanı dindirilmiş Şahid3 məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 13.10.2020-ci il tarixli 1270 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Sol əlin İİİ barmağın proksimal falanqasının arxa səthinin yarası, sol əlin arxa səthinin dərialtı hematoması. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 14.09.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəaritdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Təqsirləndirilən və zərərçəkmiş şəxsləri, şahidləri dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, habelə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 14 sentyabr 2020-ci il tarixdə təkrar qoşulduğu qanunsuz qaz xəttinin həmin ərazidə xidmət aparan X2 Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən kəsiləcəyini görüb, həmin vaxt qeyd olunan əraziyə təhkim olunmuş hakimiyyət nümayəndəsi olan 10 saylı yaşayış yerlərində qaz xəttləri və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi Zərərçəkmiş şəxs əlində olan bel ilə hücum çəkərək ona qarşı xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq edib sol əlinə zərbə endirməklə sol əlin İİİ barmağının proksimal falanqasının arxa səthinin yarası, sol əlin arxa səthinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlğa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 11.08.2003-cü il təvəllüdlü bir uşağı var. İş materiallarında olan “Müharibə Veteranı” vəsiqənin sürətindən görünür ki, X3 Azərbaycan Vətən Müharibəsi X1 üzvüdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını, həmçinin qardaşının müharibə veteranı olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb onun cəmiyətdən təcrid olunmadan islah olunmasını mümkün sayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 315-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə ona 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq («xxxx» ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar