Məhkəmə qərarları › İş №1(060)-248/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-248/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-248/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Müdafiəçi: Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (4 uşaq atası), fərdi əmək fəaliyyəti ilə məşqul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 6/19, mənzil 10-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində, xx.xx.2015-ci il tarixdə verilmiş «BC» kateqoriyalı, AC seriyalı, 217391 nömrəli sürücülük vəsiqəsi və xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamə əsasında özünə məxsus və saz vəziyyətdə olan «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili Səməd Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində idarə edərək, Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Məkan» restoranının qarşısında «X8» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozub, qarşıdan hərəkət edən avtomobillərin işıqları onun gözlərini qamaşdırdıqda, qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişdirmədən sürəti azaltmaqla, nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, buna riayət etməyərək, yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona sağ bud sümüyünün, sağ baldır sümüklərinin qapalı qəlpəli yerdəyişən sınıqları, solda İİ-İİİ-İV-V-ci qabırğaların sınıqları, sağ gözətrafı nahiyənin yumşaq toxumlarının hematoması və 2 ədəd yaraları, sağ dirsək sümüyünün yerdəyişməyən sınığı, sağ bud və sağ baldır nahiyələrinin qançırları ilə müşayiət olunan və Sumqayıt şəhər TTYX-da stasionar müalicə almasına baxmayaraq, bu halda xx xxxxxx 2020-ci il tarixdə, saat 18:15 radələrində, xəstəxanada ölümü ilə nəticələnən sağlamlığına ağır zərər vurmaqla, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşqul olaraq özünə məxsus «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, «Əşya Bazarı» adlanan yerdən və digər bazarlardan meyvə-tərəvəz alıb Sumqayıt şəhərində məhəllələr arasında satır. Özünə məxsus «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə oğlu X3 adına, lakin öz puluna almış, həmin avtomobili etibarnamə əsasında özü sürür, «BC» kateqoriyalı sürücülük vəsiqəsini isə xx.xx.2015-ci il tarixdə almışdır. Həmin avtomobilin ili köhnə olsa da, onu tez-tez təmir etdirir və xx xxxxxx 2020-cı il tarixdə yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobil saz vəziyyətdə olmuşdur. xx xxxxxx 2020-cı il tarixdə, səhər saat 08:00 radələrində, o, Sumqayıt şəhəri, «Əşya Bazarı» adlanan yerdən meyvə-tərəvəz alıb özünə məxsus saz vəziyyətdə olan «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə çatmamış Etilen-Polietilen zavodunun yaxınlığındakı ərazidə həmin meyvətərəvəzi satmış, saat 17:00 – 18:00 radələrində avtoqmobilə əyləşib, avtomobili idarə edərək, tək Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi ərazisindən yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllədəki evinə getmişdir. Avtomobilini Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə 26-cı məhəllə ərazisində yerləşən «Məkan» restoranının qarşısından Sumqayıt şəhəri istiqamətində təxminən yolun orta hissəsi ilə təxminən saatda 40 km. sürətlə idarə etdiyi zaman, artıq hava qaranlıq olduğundan, qarşıdan H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən avtomobillərin faralarının işıqları onun gözlərinə düşdüyü üçün yolu görməmiş və diqqəti yayınmışdır. Ona görə də, həmin yerdə, «Məkan» restoranının qarşısından Səməd Vurğun küçəsini soldan sağa keçən piyadanı, sonradan Zərərçəkmiş şəxs kimi tanıdığı yaşlı kişini, görməyərək avtomobilinin qabaq sağ hissəsi ilə vurmuş və həmin kişi avtomobilin alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. O, avtomobilini yolun sağ tərəfinə verib saxlayaraq, yolun kənarına yaxın olan hissəsində uzanmış vəziyyətdə olan həmin kişiyə yaxınlaşmışdır, həmin kişi tərpənməmiş, danışmamış, lakin, onun əlinə toxunduqda və nəbzini yoxladıqda sağ olduğunu bilmişdir. Hadisə qəflətən baş verdiyindən, özünü itirdiyi üçün və şok vəziyyətində olduğu üçün avtomobilinin içinə düşmüş mobil telefonunu axtarmamış və avtomobili ilə vurduğu kişiyə tibbi yardım göstərilməsi məqsədi ilə X9 «103» Xidmətinə zəng etməyi həmin yerdə olan tanımadığı bir orta yaşlı kişidən xahiş etmişdir. Həmin şəxs X9 «103» Xidmətinə zəng etmiş və az bir vaxt ərzində X11 avtomobili gələrək, tibb işçiləri onun vurduğu kişini avtomobilə qoyub, Sumqayıt şəhər TTYX-na aparmışlar. Həmin vaxt o, özüdə tanımadığı bir yol avtomobilinə minərək, Sumqayıt şəhər TTYX-na getmiş və avtomobillə vurduğu kişiyə tibbi yardım göstərilən zaman dərmanların və digər tibbi preparatların alınmasında həmin kişinin ailəsinə lazımı köməklik etmişdir. Sumqayıt şəhər TTYX-da olarkən polis əməkdaşlarıda xəstəxanaya gəlmişlər, o polis əməkdaşlarına yol-nəqliyyat hadisəsinin necə baş verdiyini danışmış və onlar birlikdə hadisə yerinə gedərək polislər hadisə yerini müayinə etmişlər. Bundan sonra, o, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsində izahat vermiş və avtomobili ilə vurduğu Zərərçəkmiş şəxs xəstəxanada aldığı müalicəsində onun ailə üzvlərinə lazımı köməklik göstərmişdir. Lakin bütün bunlara baxmayaraq, avtomobili ilə vurduğu Zərərçəkmiş şəxs hadisədən 26 gün sonra, xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində, Sumqayıt şəhər TTYX-da dünyasını dəyişmişdir. Zərərçəkmiş şəxs ailə üzvləri onun xəstəxanada yatdığı müddət ərzində müalicəsi üçün ondan 5000 (beş min) manat pul almışlar, Zərərçəkmiş şəxs öləndən sonra, onun ailə üzvlərinə dəfn mərasimləri və digər məqsədlər üçün maddi yardım etmişdir. Həmin yol-nəqliyyat hadisəsi baş verən zaman hava qaranlıq olduğu üçün və qarşıdan, təxminən 30 – 40 metr məsafədən gələn avtomobillərin faralarının işıqları gözlərinə düşərək, gözlərini qamaşdırdığı üçün, o, özünə məxsus «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 26-cı məhəllə ərazisində yerləşən «Məkan» restoranının qarşısı ilə idarə edərkən, həmin yerdə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs ümumiyyətlə görməmiş, həmin piyadanı vurduğunu zərbənin səsindən bilmiş və son an avtomobilinin sükanını sola döndərmək istəsə də, tormoz əyləcini də basamağı çatdırmamış və heç nə edə bilməmiş, artıq gec olmuşdur. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 göstərdi ki, əri Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 7-8-12-ci məhəllə ərazisində yaşadıqları evin yaxınlığında yerləşən «Məkan» restoranının qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişməmişdən qabaq ailəsi ilə birlikdə yaşamış, təqaüdçü olmuş və heç bir fiziki və əqli qüsuru olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində böyük oğlu X10 oğlu tanımadlığı balaca uşaqla xəbər göndərmişdir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, «Məkan» restoranının qarşısında həyat yoldaşı Zərərçəkmiş şəxs avtomobilin vurmuş və Şamil xəsarət almışdır. Bu xəbəri eşidən kimi hadisə yerinə getmiş, lakin orada olan tanımadığı şəxslər avtomobillə vurulan Şamili oğlunun X11 avtomobilində Sumqayıt şəhər X11 Xəstəxanasına apardığını demişlər. O, oğlu Mübtəlanın Şamili Sumqayıt şəhər X11 Xəstəxanasına apardığını bilib özü də xəstəxanaya getmişdir. Şamilin aldığı xəsarətlər ağır olduğu üçün onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmiş və həkimlər ona tibbi yardım göstərmişlər. Məlum olmuşdur ki, həyat yoldaşı Şamil Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində yerləşən fərdi tikili evdə yaşayan ortancıl oğlanları Vüqar gildən yaşadıqları Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədəki evlərinə gələrkən, Səməd Vurğun küçəsini yolu keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuş və ona müxtəlif ağır xəsarətlər yetirmişdir. Xəstəxanaya həmin avtomobilin sürücü Məhəmməd adlı yaşlı kişi özü də gəlmiş, onlara əri Şamilin müalicəsində lazımı köməklik edəcəyini bildirmiş və gələcəkdə də nə lazım olsa köməklik edəcəyini söz vermişdir. Bundan sonra, xəstəxanada Məhəmməd kişi onun əri Şamilin müalicəsində onlara müəyyən köməklik etmiş və köməklik etməyi davam etmişdir. Təxminən 10 gündən sonra, əri Şamilin vəziyyəti stabilləşmiş, onu xəstəxananın travmatologiya şöbəsinin palatasına köçürmüşlər ki, sağ budunu əməliyyat etsinlər, çünki onun əsas ağır xəsarətləri sağ ayağında olmuşdur. Bir neçə gündən sonra Şamilin sağ budunu əməliyyat etmişlər, onun vəziyyəti bir az yaxşılaşmış və onun sağ ayağının dizdən aşağı nahiyyəsində də sınıqlar olduğu üçün onu yenədə əməliyyata hazırlamışlar. Lakin Şamilin müalicəsinin davam etməsinə baxmayaraq, onun aldığı xəsarətlər ağır olduğundan Şamil tab gətirməyərək təxminən 10 gündən sonra xəstəxanada dünyasını dəyişmişdir. Məhəmməd kişidən bilmişlər ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində o, idarə etdiyi avtomobildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Səməd Vurğun küçəsi ilə gələrkən, 26-cı məhəllə ərazisində yerləşən «Məkan» restoranının qarşısında yolu soldan sağa keçən həyat yoldaşı Zərərçəkmiş şəxs görməyərək avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Məhəmməd kişi xəstəxanada və Zərərçəkmiş şəxs öləndən sonra müalicə, dəfn mərasimləri və digər məqsədlər üçün maddi yardım etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddiası və tələbi yoxdur, cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsində də göstərilmişdir ki, X4 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddiası və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin axtarış üzrə baş inspektoru, polis kapitanıdır. xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən saat 18:00 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 26-cı məhəllə ərazisində yerləşən «Məkan» restoranının qarşısında yol-nəqliyyat hadisəsi baş verdiyi, piyadanın vurulması barədə məlumat daxil olmuş və onlar, Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə «KİA SORENTO» markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, 2023 çağırışlı xidməti avtopatrulda hadisə yerinə getmişlər. Hadisə yerində onlar «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Səməd Vurğun küçəsini yolu «Məkan» restoranı tərəfdən 7-8-12-ci məhəlləyə tərəf keçən piyada yaşlı kişini vurduğunu, vurulan kişinin müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt şəhər TTYX-na çatdırıldığını bilmişlər. «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görmüşlər. Artıq onlar gəlməmişdən əvvəl X11 çağırılaraq vurulan piyada Sumqayıt şəhər TTYX-na çatdırıldığından onlar da xəstəxanaya getmişlər. Orada onlara məlum olmuşdur ki, vurulan piyada 1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxsdur, onu vuran «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sahibi 1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Sumqayıt şəhər TTYX-nın reanimasiya şöbəsində həkimlər vurulan piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərmişlər, onu vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə onlar hadisə yerinə aparmışlar və həmin sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisə yerinə baxış keçirilən zaman «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bilmişlər ki, o, idarə etdiyi avtomobildə Sumqayıt şəhəri, H.Z,Tağıyev qəsəbəsi ərazisindən Səməd Vurğun küçəsi ilə yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədəki evinə gedən zaman, 26-cı məhəllə ərazisində yerləşən «Məkan» restoranının qarşısında qarşıdan gələn avtomobillərin faralarının işıqları onun gözlərinə düşərək gözlərini qamaşdırdığı üçün həmin yerdə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs görməmiş, avtomobilin qabaq sağ hissəsi ilə onu vurmuş, həmin piyada kişi avtomobilin alın şüşəsinə çırpılaraq yerə yıxılmış və müxtəlif bədən xəsarətləri almışdır. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri S.Vurğun küçəsidir, yolun hərəkət hissəsi üfüqi, düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 16 metr, hərəkət zolağının sayı 4, hərəkət hissəsinin eni 8 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti vardır. (i.v. 5-15) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 6054 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. (i.v. 16) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 47) İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2402 nömrəli rəyinə əsasən «VAZ 2103» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «X8» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun, həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.64-67). İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 124 nömrəli rəyinə əsasən mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bud sümüyünün, sağ baldır sümüklərinin qapalı qəlpəli yerdəyişən sınıqları, solda İİ-İİİ-İV-V-ci qabırğaların sınıqları, sağ gözətrafı nahiyənin yumşaq toxumlarının hematoması və 2 ədəd yaraları, sağ dirsək sümüyünün yerdəyişməyən sınığı, sağ bud və sağ baldır nahiyələrinin qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni, xx.xx.2020-ci il tarixdə avtomobillə vurulma zamanı törənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə sağ bud və sağ baldır nahiyələrinin qançırları, sağ bud sümüyünün, sağ baldır sümüklərinin qapalı qəlpəli yerdəyişən sınıqları ağ ciyər arteriyasının və şaxələrinin trombuna səbəb olduğundan, birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Sağ dirsək sümüyünün sınığı, solda İİ-İİİ-İV-V-ci qabırğaların sınıqları canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilirlər. Sağ gözətrafı nahiyənin yumşaq toxumlarının hematoması və 2 ədəd yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb, almış olduğu xəsarətlər – sağ bud və baldır sümüklərinin qəlpəli sınıqları nəticəsində baş vermiş ağ ciyər arteriyasının və şaxələrinin trombu olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə, saat 18:15 radələrində, Sumqayıt şəhər TTYX-da baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs Sumqayıt şəhər TTYX-na daxil olarkən, xəstəlik tarixində onun sərxoş olması haqqında qeydiyyat yoxdur və məhkəmə-tibbi müayinə zamanı hadisədən çox vaxt keçdiyindən (26 gün), məhkəməkimyəvi müayinə üçün qan nümunəsi götürülməmişdir. (i.v. 56-63) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 117-119) İş materiallarında olan AD № 805184 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamənin surətindən görünür ki, «VAZ 2103 Minik» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur, həmin nəqliyyat vasitəsinin idarə etmək Təqsirləndirilən şəxs etibar edilmişdir. (i.v. 20-21) İş materiallarında olan AC № 217391 «BC» kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ilədək «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 87) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “X8” xx xxxxxx 1968-ci il tarixli Vyana Konvensiyası, “X8” Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X8” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X8” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “X8” Azərbaycan Respublikası Qanununun «X8» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə görə uzaq işıq yaxın işığa yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəliliyik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmişşəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar