Məhkəmə qərarları › İş №1(060)-249/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-249/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-249/2022 06.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellefona bükülmüş içərisində 0,479 qram qəhvəyi rəngli, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməkdaşlarının Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən '‘Loğman” aptekin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnin 3-cü PB-na gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellefona bükülmüş içərisində 0.479 qram qəhvəyi rəngli, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ilə yaxındır ki, narkotik vasitə heroin qəbul edir. xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində evdən çıxaraq Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə getmiş və orada “Loğman" aptekin yaxınlığında olan zaman iki nəfər mülki geyimli olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət elmişlər. O, buna heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. PB-nə gəldikdən sonra xidməti otaqların birində hansı səbəblə saxlanıldığı bir daha ona bildirilmiş, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 polis əməkdaşı tərəfindən təqdim olunmuşdur. Həmin vaxt videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin sellofan büküm polis əməkdaşı tərəfindən açılan zaman içərisindən spesifik iyə malik tünd-qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı həmin maddənin nə olduğu soruşulan zaman o, maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş tünd-qəhvəyi rəngli, spesifik iyə malik maddə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması məqsədilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılanıq imzalanmışdır. Bundan əlavə üzərində aşkar olunan narkotik vasitəni aldığı şəxsi tanımadığını, ilk dəfə gördüyünü, narkotik vasitə alqısatqısı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilmədiyini göstərmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və 3-cü PB-nin kiçik inspektoru, polis baş serjantı Samid Mehdiyevdən, KTB-nin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil olunmuş, həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 16:00-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Loğman'* aptekin yaxınlığında olan zaman saxlanılaraq, həmin şəxsə özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ- nin 3-cü PBnə dəvət etmiş və heç bir müqavimət göstərmədən onlarla Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. 3-cü PB-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi Zoya Hüseynova təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs da buna etiraz elməmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X3 tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan paketə bükülmüş bükümü təqdim etmişdir. Murad Cumarlovdan həmin bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda, aşkar olunan maddənin narkotik vasitə “heroin” olduğunu, həmin maddəni xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən spesifik iyə malik tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin küllə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqların birində 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 Murad Kəbir oğluna əvvəlcə özünü təqdim edir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra X1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün 3-cü PB-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Zoya Hüseynovam təqdim edir. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxsheç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “kokos” olduğunu, həmin maddəni bu gün yəni, xx.xx.2021-ci il tarixdə 03 saat əvvəl Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən 30 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını söyləyir. Həmin şəffaf rəngli sellofan büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş tünd-qəhvəyi rəngli, spesifik iyə malik maddə elektron tərəzidə qoyularaq çəkilir və çəkisinin 0,65 qram olması müəyyən olunur. Daha sonra təhiqiqatçı tərəfindən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin 127 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4601 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ..."yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,479 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasilə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,479 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 0,429 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4878 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,479 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,429 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3614 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,479 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,429 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, mənzil 26 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,429 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar