Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-249/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X9, onun nümayəndəsi, həyat yoldaşı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, X13 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X13 və X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, 27 yanvar 2023-cü il tarixdə yoldaşı onu həyətdə qoyub özü alış-verişə getmişdir. Bir az keçdikdən sonra maşın alverçiləri X10 və X19 maşını onun üzərinə sürmüş, o yerə yıxılmışdır. Onlar gülə-gülə yerə düşüb ona baxmışlar. 10-15 dəqiqə sonra təcili və təxirə salınmaz tibbi yardım stansiyasında həkim psixitarik briqadası gəlmişdir. O həmin briqadadan hansı məqsədlə gəldiyini soruşarkən, bildirilmişdir ki, saat 12:24-də təcili və təxirə salınmaz tibbi yardım stansiyasına 34 nömrəli çağırış daxil olmuşdur. O həmin psixiatrik həkim briqadası ilə getməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq, o Sumqayıt şəhər prokrorluğuna ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Prokroru baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixində barəsində Sumqayıt TTYX edilən zəng müəllifinin şəxsiyyəti barədə ərizəyə baxılmışdır. Sumqayıt Səhiyyə Şöbəsinin xx.xx.2023-cü il tarixli, 100 nömrəli məktubuna əsasən “Sumqayıt Tibbi Mərkəzi” publik hüquqi şəxsin TTYŞ-уə xx.xx.2023-cü il tarixində saaat 12:24 radələrində X16 istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə psixitarik həkim briqadasının dəvət olunması üçün “Sədaqət” adına çağırış edilmişdir. Göründüyü kimi X19 ictimai yerdə ona böhtan ataraq, ona psixiatrik pozuntusu olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 bildirmişdir ki, həyat yoldaşı onu həyətdə qoyub özü alış-verişə getmişdir. Bir qədər sonra təcili və tibbi yardım stansiyasının həkim psixiatrik briqadası ona yaxınlaşmışdır. Bu zaman o, həmin briqada ilə getməkdən imtina etmiş, həmin maşına minməyəcəyini bildirmişdir. Daha sonra o, Sumqayıt şəhər Prokurorluğuna, Sumqayıt Tibb Mərkəzinə, polis idarəsinə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə X13 istifadəsində olan mobil nömrə vasitəsilə psixiatrik həkim briqadasının dəvət olunması üçün onun adına çağırış daxil olmuşdur. Qeyd edilənlərə əsasən şikayət verən şəxs X13 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxsin nümayəndəsi, həyat yoldaşı X3 şikayət verən şəxs X4 izahatına uyğun izahat vermiş və X13 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 bildirmişdir ki, X9 onun qonşusudur. Onlar eyni binada yaşayırlar. Onun ailə üzvləri X4 ucbatından həyətə düşə bilmirlər. Qeyd edilənlərə əsasən o, şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barəsində lazimi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 məhkəməyə gəlməmişdir. Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən ünvan 4 ünvanında qeydiyyatda olan X19 halhazırda Rusiya Federasiyasında olduğundan məhkəməyə təmin olunması mümkün olmadığı qeyd edilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X14, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X17 şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət üzrə istinad əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin əməldə cinayət əlamətlərinin olub-olmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinin imperativ tələbidir. Məhz istinad edilən əməldə cinayət əlamətləri olduqda və şikayətin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələnin yoxlanılması əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Hazırki şikayətin məzmunundan göründüyü kimi şikayət verən şəxs X9 şikayət verdiyi şəxs X13 və X2 onun barəsində psixiatrik həkim briqadasına zəng vuraraq dəvət etməsini böhtan kimi qiymətləndirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, şikayət verən şəxsin iddia etdiyi bu əməl Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozitiv şərtləri ilə uyğunluq təşkil etmir və həmin əməldə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin ilkin əlamətləri müəyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X13 və X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X18 və X6 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 və X12 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə hər birinə ayrı-ayrılıqda 84 (səksən dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından müvafiq olaraq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-249/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-249/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver