Məhkəmə qərarları › İş №1(060)-25/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-25/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-25/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 64-də qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14, mənzil 60-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 etibarından sui istifadə edərək sonuncunun qızı X5 Sumqayıt şəhərindəki məktəblərin birində müəllimə kimi işə düzəltməsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin iyun ayının ortalarında saat 17:50 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən «Üstay» şirkətinin inzibati binasında 2000 (iki min) manat, 15 gündən sonra eyni ünvanda 1000 (bir min) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs Elşad Seyidova ümumilikdə 3000 (üç min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, X4 tanımış, münasibətləri yaxşı olmuş, aralarında heç bir narazılıq olmamışdır. Elşadla birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən EP-300 zavodu nəzdində fəaliyyət göstərən «Üstay» firmasında elektrik-usta işləmişlər. Bir dəfə işdə Elşad ona yaxınlaşıb bildirmişdir ki, qızı iş üçün imtahan vermiş və lazım olan 58 balı yığa bilməmişdir və qızını işə düzəltmək üçün tanış tapa bilmir, bu işdə ona kömək etməyini ondan xahiş etmiş və bununla bağlı lazım olsa pul da verə biləcəyini demişdir. O, isə demişdir ki, pul ilə bu işlə məşğul olan kimisə tanımır, ancaq yenə də maraqlanıb ona bir sözə deyər. Təxminən bir həftədən sonra Elşad yenə də ondan bu barədə soruşmuş və bu dəfə o, Elşada bildirmişdir ki, qızının işə düzəlməsində köməklik edə bilər. Elşad ondan bu işin neçəyə başa gələcəyini soruşmuşdur. O, isə Elşada demişdir ki, işi düzəldəcək adam bu işi pulla həll etmir. Əgər həmin adam bu işi həll etsə o, ona hədiyyə alıb verəcək. Elşad ona demişdir ki, qızını işə düzəltmək üçün əvvəllər ondan 7000 manat pul istəyiblər, lakin onun bu qədər pulu olmamışdır. Əgər o, bu işi həll etsə 3500 (üç min beş yüz) manat pul verəcəkdir. O Elşadla razılaşmışdır. O, Elşaddan qızının sənədlərinin, yəni diplomunun və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Elşad lazım olan sənədlərin surətini gətirib ona vermişdir. Təxminən 10 gündən sonra o, həmin sənədlərin əslini Elşaddan istəmiş və Elşada demişdir ki, danışdıqları puldan heç olmasa 2000 manatı da versin. Elşad onunla razılaşmış və 2019cu ilin iyun ayının ortalarında saat 17:50 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsədəsində yerləşən «Ustay» şirkətinin inzibati binasında paltar dəyişmə otağında pulu ona vermişdir. Elşad 2000 manat pulu paltar dəyişmə otağında onun paltarının cibinə qoymuş və bu pulun qızının işi ilə bağlı olduğunu bildirmişdir. O, işdən çıxdıqdan sonra pulu saymış və 2000 manat olduğunu görmüşdür. Təxminən 10-15 gündən sonra o, Elşada qalan puldan 1000 manatı da verməsini xahiş etmişdir. Yenə də Elşad 1000 manatı gətirib iş yerlərində soyunub geyinmə otağında ona vermişdir. O, pulu Elşaddan aldıqdan bir müddətdən sonra Elşad ondan qızının işinin nə yerdə olması ilə bağlı maraqlanıb soruşmağa başlamışdır. O, isə hər dəfə ona bildirmişdir ki, narahat olmasın, bu işi həll edəcəkdir. Lakin dərslərin başlamasına bir neçə gün qalmış Elşad işdə ona yaxınlaşıb ondan verdiyi pulu tələb etməyə başlamış və qızını artıq işə düzəltdiyini bildirmişdir. O, isə Elşada bildirmişdir ki, bu pulu qaytara bilməyəcək, çünki artıq həmin pulu xərcləmişdir. Elşad isə ona demişdir ki, «işdən icazə al, get pulu tapıb gətir». O, bundan sonra işdən icazə almış və yaşadığı evə getmişdir, Elşada vermək üçün pul axtarmağa başlamışdır. Sonra isə o, eşitmişdir ki, Elşad iş yerində hamıya bildirib ki, o, ondan pul almış və qaytarmamışdır. Buna görə də o, işə qayıdıb əmək kitabçasını almış və öz xahişi ilə işdən çıxmışdır. Bundan sonra Elşad onunla əlaqə saxlamamışdır. Ancaq tanımadığı bir neçə nəfər şəxs ona zəng edib Elşaddan aldığı pulu qaytarmasını tələb etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Elşad ondan Sumqayıt ŞPİ-nin 2-ci PB-nə şikayət etmişdir. O, bununla bağlı polis bölməsində olmuş və izahat vermişdir. Elşad ondan qızının işə düzəldilməsi məsələsini kimin vasitəsi ilə həll edəcəyini soruşduqda o, Elşada bildirmişdir ki, o, bu işi Samirə adlı şəxsin köməkliyi ilə düzəldəcək. Əslində isə belə bir adam olmamışdır. O, bu adı Elşada şərti ad olaraq demişdir. Eləcə də o, Elşada bildirmişdir ki, onun bu işi kimin vasitəsi ilə görəcəyinin ona aidiyyəti yoxdur. Çünki Elşad pulu ona verərkən demişdir ki, qızının işə düzəlmə məsələsini həll edəcəyi təqdirdə bu pul ona qalacaq. O, pulu alanda fikirləşmişdir ki, pulu alıb sonra bu işi həll edə biləcək kimisə tapar. Lakin Elşaddan pulu aldıqdan sonra heç kimi tapa bilməmiş və bu müddət ərzində aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. O, Ramazan adlı iş yoldaşı ilə yazışmalarında Elşaddan aldığı 3000 manatı kiməsə verdiyini bildirsə də həmin sözləri əsəbi olduğu üçün yazmışdır. Əslində isə Elşaddan aldığı pulu heç kimə verməmiş və özü xərcləmişdir. Elşaddan pul alanda yanlarında heç kim olmamışdır. O, bu hadisədən sonra işdən çıxdığı üçün heç bir yerdə işə düzələ bilməmiş və buna görə də Elşadın pulunu qaytara bilməmişdir. Amma hazırda ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənmişdir, zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır, məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs xx xxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıb, ziyan ödənilmişdir. Ona görə barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən EP-300 zavodu nəzdində fəaliyyət göstərən «Ustay» firmasında birlikdə işləmişlər. Onların münasibətləri həmişə yaxşı olmuş və aralarında heç vaxt narazılıq və problem olmamışdır. Bir dəfə söhbət əsnasında Nofələ qızının Sumqayıt Dövlət Universitetinin riyaziyyat fakultəsini bitirib iş üçün imtahan verdiyini və lazım olan 58 balı yığa bilmədiyini bildirmişdir. Həmin imtahanda qızı 51 bal yığmışdır. Bu sözdən sonra Nofəl ona bildirmişdir ki, Prezident Aparatında onun Samirə adlı yaxın qohumu işləyir və onun vasitəsi ilə bu məsələni həll edə bilər. Təxminən bir həftədən sonra Nofəl ona Samirə ilə danışdığını və qızını 3500 manat müqabilində Sumqayıt şəhərində orta məktəblərin birinə riyaziyyat müəllimi kimi işə düzəldə biləcəyini bildirdi. Nofəl ilkin olaraq ondan 2000 manat və qızının diplomunun surətini gətirməsini istəmişdir. 2019-cu ilin iyun ayının ortalarında saat 17:50 radələrində o, qızı X7 diplomunun surətini və 2000 (iki min) manat pulu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsədəsində yerləşən «Ustay» şirkətinin inzibati binasında paltar dəyişmə otağında Nofələ vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Nofəl ona bildirmişdir ki, qızını tapşıracaqlar, əgər imtahanda lazım olan balı yığmasa belə yenə də onu işə qəbul edəcəklər. O, Nofələ inanmışdır. Bu görüşdən təxminən 15 gün keçdikdən sonra Nofəl ona qızının diplomunun əslini, şəxsiyyət vəsiqəsini və 1000 (bir min) manat pulu gətirməsini bildirmişdir. O, deyilən sənədləri və 1000 manat pulu yenə də iş yerlərində soyunub geyinmə otağında Nofələ vermişdir. Bu dəfə də onların yanında heç kim olmamışdır. Nofəl ona bildirmişdir ki, narahat olmasın, qızın işi düzələcək. O, yenə də Nofələ inanmışdır. 2019-cu ilin iyul ayında qızı işə qəbul üçün yenidən imtahan vermişdir. İmtahanın nəticələri isə avqust ayında məlum olmuşdur və o, qızının yenə də lazım olan balı toplaya bilmədiyini görmüşdür. O, bu barədə Nofələ demiş, Nofəl ona bildirmişdir ki, narahat olmasın və sentyabrın 10-na qədər gözləsin. Nofəlin sözünə görə dərslər başlayanda qızı Sumqayıt şəhərində məktəblərdən birində dərs deməli olmuşdur. O, sentyabrın 10-na qədər Nofəli gözləmişdir. Bu dəfə isə Nofəl ondan sentyabrın 13-nə qədər gözləməsini istəmişdir. Artıq bu dəfə o, başa düşmüşdür ki, Nofəl onu aldadır. Buna görə də ondan pulunu qaytarmasını istəmişdir. Nofəl isə işin düzələcəyini bildirmişidr. Lakin Nofələ inanmamış və pulunu qaytarmasını tələb etməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə işdə olanda Nofəldən pulunu qaytarmasını tələb etmişdir. Nofəl isə onunla razılaşmışdır. Bir müddətdən sonra eşitmişdir ki, Nofəl işdən icazə alıb gedib. Sonradan Nofəl iş yoldaşı Ramazanın istifadəsində olan 070 539-14-14 mobil telefon nömrəsinin whatsapp xəttinə ondan 3000 manat pul almasını bildirməsi ilə bağlı mesaj yazmışdır. Nofəl Ramazana bu mesajları yazanda o da Ramazanın yanında olmuşdur. O, həmin yazışmanın surətini təhqiqat zamanı izahat verərəkən təhqiqatçıya təqdim etmişdir. Bu müddət ərzində Nofəl onun pulunu qaytarmadığı üçün o, Nofəldən şikayət etmək qərarına gəlmiş, bu barədə Nofəlin atası Adıgözələ də məlumat vermişdir və oğlunun onu aldadaraq pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid X8 göstərdi ki, o, X4 və Təqsirləndirilən şəxs tanıyır. Onlar onun keçmiş iş yoldaşlarıdır. O, əvvəllər Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən «EP- 300» zavodunun nəzdində olan «Ustay» şirkətində elektrik vəzifəsində işləmişdir. 2019-cu ilin dekabr ayında onun əmək müqaviləsinin müddəti bitmiş və buna görə də oradan işdən azad edilmişdir. Həmin müddət ərzində orada Elşad və Nofəllə birlikdə işləmiş və onlarla münasibəti normal olmuşdur. 2019-cu ilin təxminən iyul-avqust aylarında Elşad ona demişdir ki, Nofəl onun qızını Prezident Administrasiyasında işləyən qohumunun köməkliyi ilə Sumqayıt şəhərində yerləşən məktəblərdən birində riyaziyyat müəllimi kimi işə düzəldəcəkdir. Bunun müqabilində isə Elşad Nofələ iki dəfə olmaqla, ümumilikdə 3000 (üç min) manat pul vermişdir. Lakin Nofəl onun qızını işə düzəltməmiş və pulunu qaytarmamışdır. Bundan sonra bir neçə nəfər iş yoldaşı bir yerdə Nofələ yaxınlaşıb onun düz hərəkət etmədiyini bildirmişlər və Elşadın pulunu qaytarmasını xahiş etmişlər. Nofəl isə onlara bildirmişdir ki, Elşaddan qızını işə düzəltmək üçün aldığı pulu mütləq qaytaracaqdır. Ancaq bir müddət keçsə də Nofəl Elşadın pulunu qaytarmamışdır. Sonra Nofəl heç kimə demədən işdən çıxmış və onunla əlaqə yaratmaq olmamışdır. Belə ki, Elşad onun mobil telefonuna zəng etsə də ona zəng çatmamışdır. Bundan sonra Elşad Nofəlin atasının telefon nömrəsini tapıb onunla əlaqə saxlamışdır. Nofəlin atası Elşada Nofəlin harada olduğunu bilmədiyini bildirmişdir. Nofəlin atası Elşada bildirmişdir ki, onların Prezident Administrasiyasında qohumları yoxdur və Nofəl bu barədə ona yalan məlumat vermişdir. Bu sözlərin hamısını ona Elşadla söhbət edən zaman o bildirmişdir. Elşad onun yanımda Nofələ pul verməmişdir. Ancaq bu barədə Elşad özü ona demişdir. Sonra isə Nofəllə söhbət zamanı Nofəl Elşaddan onun qızını işə düzəltmək üçün 3000 manat aldığını etiraf etmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v 35) İş materiallarında olan xx xxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. (i.v 89-90) Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-25/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx xxxx 2021-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan və Sumqayıt şəhəri Pİ-nin 2-ci Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılaraq Sumqayıt şəhər Pİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “Doğum haqqında Şəhadətnamə”lərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il və xx.xx.2014-cü il təvəllüdlü iki uşağı var. (i.v.95- 96) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar