Məhkəmə qərarları › İş №1(060)-250/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-250/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-250/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Aydın qızının iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayııt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 17/2, mənzil 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılasr qəsəbəsi, Əfəndiyev küçəsi, ev 1 saylı binanın qarşısında anası Mehparə Quliyeva ilə Zərərçəkmiş şəxs arasında 14 dekabr 2020-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Qubadlı rayon icra hakimiyyətinin yaxınlığında baş vermiş münaqişə ilə bağlı bacısı Solmaz Quliyeva ilə birlikdə Zərərçəkmiş şəxs iradını bildirdikdə aralarında yaranmış mübahisə zamanı cibindən çıxartdığı kəlbətinlə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurub ona alın nahiyəsinin sol hissəsinin əzilmiş yarası kimi xəsarət yetirirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edillmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 onun anası, Solmaz Quliyeva bacısıdır. Mehparə bir neçə ilə yaxındır ki, spirtli içki qəbul edir, son bir ildə isə spirtli içdikdən sonra özünü idarə edə bilmir və qonşuları narahat edəcək hərəkətlər edir. 14 dekabr 2020-ci il tarixdə, saat 17:20 radələrində anası Mehparə evə gələrək Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən “Qubadlı” marketin yanında Səbuhi adlı şəxsin onu döydüyünü və ağlıyaraq döş qəfəsinin alt nahiyəsinin ağrıdığını demiş, o və Solmaz buna əsəbləşərək anası ilə birlikdə Səbuhinin yaşadığı binanın həyətinə getmişdir. Səbuhi birinci mərtəbədə yaşadığı üçün evinin eyvanının qabağından Səbuhini səsləmiş, bu zaman Səbuhinin adını sonradan bildiyi lakin tanıdığı Rəhmanə adlı bacısı evdən çıxaraq əlində bellə üstlərinə gəlmiş, onlar əslində Səbuhi ilə normal danışmaq üçün getmiş, bundan sonra anası Mehparə və bacısı Solmaz Rəhmanənin əlindən beli almışdır. Daha sonra Səbuhi gələrək Solmazla onun saçına əl atmış, saçlarını sıxmış, Səbuhi onun saçını buraxmadığı üçün əynində olan şalvarın cibindəki kəlbətinlə anidən arxadan Səbuhinin baş nahiyəsinin ortasından zərbə endirmiş və Səbuhinin baş nahiyəsindən qan axdığını görmüşdür. Həmin vaxt onun ayağı büdrəyərək yerə yıxılmışdır. Daha sonra nə baş verdiyini görməmiş, mübahisə təxminən 5 dəqiqə davam etmiş, mübahisə qutardıqdan sonra qonşular çölə çıxmış, onlar da oradan çıxıb getmişdir. Yaşadıqları evdə su xəttində problem olduğdan blokun girişində olan su xəttinin açılan hissəsini kəlbətinlə burub açmaq üçün kəlbətini cibinə qoymuşdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1988-ci ildən qeyd olunan ünvanda bacısı Rəhmanə ilə yaşayır, təxminən 3 ilə yaxın müddətdir ki, onlarla üzbəüz binada yaşayan Mehparə və adlarını sonradan bildiyi Solmaz və Aidə adlı qızları binanın qarşısını müxtəlif tullantılarla zibilləyir, bu səbəbdən həmin binada yaşayan sakinlər Mehparə və onun qızlarından müxtəlif stansiyalara müraciət etmişdir. 14.12.2020-ci il tarixdə, gecə saat 02:00 radələrində binanın qarşısında saxladığı özünə məxsus “Mercedes” markalı, **-CU-*** dövlət nömrə nişanlı avtomobilinin üzərinə Mehparənin sellofan torbaların içərisindən zibil tullantılarını tökdüyünü birinci mərtəbədə yaşadığı üçün görmüş və pəncərədən Mehparənin üstünə qışqıraraq, ona bu cür hərəkəti etməyinə utanmadığını və oradan rədd olmağını demişdir. Mehparə həmin dəqiqə qaçıb getmiş, həmin günün axşamı, saat 17:30 radələrində binanın qarşısında olarkən Mehparənin gəldiyini görmüş, ondan gecə etdiyi hərəkətin səbəbini soruşduqda Mehparə ona əcəb elədiyini, ona heç kimin söz deyə bilməyəcəyini deyərək onu nalayiq ifadələrlə təhqir edib çıxıb getmişdir. O da evə qalxmış, bundan 10 dəqiqə sonra Mehparə və onun Solmaz və Aidə adlı qızlarının onun evinin qarşısındakı sahədə səs-küy saldıqlarını, bacısı Rəhmanənin isə qapının qarşısına çıxaraq onlara çıxıb getmələrini dediyini eşitmişdir. Bu zaman onların Rəhmanəyə əl-qol atdıqlarını gördüyü üçün o da çölə çıxmış, onları kənarlaşdırmış, daha sonra Mehparənin Rəhmanəni yerə yıxdığını görəndə onları ayırmışdır. Onları ayıran zaman Mehparənin qızlarından biri əlində görmədiyi dəmir borunu onun alnının ortasından vurmuş, həmin vaxt özünü itirmiş, Solmaz onun üzərinə oturaraq qulağına və sifət nahiyəsinə yumruqla zərbələr endirmiş və əl-qol atmışdır. Bundan sonra səs-küyə gələn qonşular onu Solmazın əlindən almış, daha sonra DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə bu barədə məlumat vermişdir. Həmin gün Sumqayıt TTYX-na aparılmış, orada alın nahiyəsinə tikiş qoyulmuş, baş vermiş mübahisə zamanı orada o, bacısı Rəhmanə, Mehparə, Solmaz və Aidə adlı şəxslər olmuş, sonradan qonşular gəlmişdir. Mübahisə təxminən 5 dəqiqə davam etmiş, mübahisə zamanı o, heç kimə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ilə barışmır və onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18.12.2020-ci il tarixli 2604 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “alın nahiyəsinin sol hissəsinin əzilmiş cırılmış yarası, alın, sol gicgah, sol gözaltı, hər iki yanaq və boyun nahiyələrinin sıyrıqları, sağ qulaq seyvanının qançırlı fonda əzilmiş cırılmış yarası”. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 14.12.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının 19.02.2021-ci il tarixli 09 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “alın nahiyəsinin sol hissəsinin əzilmiş cırılmış yarası, alın, sol gicgah, sol gözaltı, hər iki yanaq və boyun nahiyələrinin sıyrıqları, sağ qulaq seyvanının qançırlı fonda əzilmiş cırılmış yarası”. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 14.12.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dava-dalaş nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə alın nahiyəsinin sol hissəsinin əzilmiş cırılmış yarası sağlamlığa yüngül zərərvurmaya aiddir, alın, sol gicgah, sol gözaltı, hər iki yanaq və boyun nahiyələrinin sıyrıqları, sağ qulaq seyvanının qançırlı fonda əzilmiş cırılmış yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarından görünür ki, 20.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 20.02.2021-ci il tarixli qərardan görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs və X3 əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi müəyyən edildiyindən barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmiş, X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin ona aid olan hissəsinə xitam verilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Aydın qızı məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Aydın qızı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar