Məhkəmə qərarları › İş №1(060)-251/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-251/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-251/2025 26.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975-ci ildə Lerik rayonu, Tikəband kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Lerik rayonu, Tikəband kəndində qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, İL Zeynalabdin qəsəbəsi ərazisində əvvəllər faktiki olaraq ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs kirayə yaşadığı fərdi yaşayış evinin giriş qapısının qarşısında sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı həyətdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə qəsdən vuraraq ona sağ dirsək sümüyünün dirsək çıxıntısının sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvıırmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2018-ci il tarixdə həyat yoldaşı Bəsti Vəliyeva dünyasını dəyişmişdir. Birinci evlilikdən 4 övladı var və övladlarını saxlamaq üçün, işdəmək məqsədilə Sumqayıt şəhərinə gələrək burada işləmişdir. 2021-ci ildə o, Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxt Zərərçəkmiş şəxs 2 azyaşlı övladı olmuş və hamilə vəziyyətdə olmuşdur. Onlar Leyli ilə birlikdə yaşamaq qərarına gəlmiş və o, Leylinin kirayə yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən fərdi həyət evinə köçmüşdür. O, Zərərçəkmiş şəxs ilə rəsmi nigah bağlamamış, lakin Leylinin üçüncü övladı Mələk Nağıyevaya atalıq hüququ vermişdir. Onlar birlikdə yaşamağa başladıqdan sonra o Leyli Nağıyavanı 3 övladı ilə birlikdə yaşadığı Lerik rayonu, Tikəband kəndinə aparmışdır. Onlar təxminən 8 ay kənddə yaşamışlar. 2024-cü ilin mart ayında Leyli kənddə yaşamağın çətin olduğunu, şəhərə qayıtmaq istədiyini bildirmişdir. Bundan sonra onlar yenidən Sumqayıt şəhərinə qayıtmışlar. Lakin, həmin vaxtdan sonra o, Leylinin ona xəyanət elədiyini, o işdə olan zaman Leylinin başqa şəxslərlə telefonda danışması və hətta görüşməsi barədə şübhələri yaranmışdır. Bundan sonra yəni, 2024-cü ilin aprel ayında onlar ayrılmış və o bəzi vaxtlar Lerik rayonunda olmuş, bəzi vaxtlar isə qısa müddətlik Sumqayıt şəhərinə gələrək burada qardaşı Kənanın evində qalmışdır. Lakin həmin müddət ərzində o, hər ay Leylinin kart hesabına müxtəlif məbləğlərdə pul vəsaiti köçürmüş və xx.xx.2024-cü il tarixdə Leyliyə zəng edərək Mələyi görməyə gələcəyimi bildirmişdir. xx.xx.2024-cü il tarixdə axşam radələrində Lerik rayonundan yola düşmüş və xx.xx.2024-cü il tarixdə saat ləxminənm 02 radələrində Leylinin yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gəlmişdir. Həyətə daxil olduqdan sonra evə yaxınlaşaraq giriş qapısını bir neçə dəfə döydükdən sonra Leyli içəridən qapını döyən şəxsin kim olduğunu soruşmuş və o cavab verməmişdir. Daha sonra Leyli qapını açaraq ətrafa boylanmış və bu zaman o, içəri daxil olmuşdur. Həmin vaxt içəridən kişi səsinin gəldiyini eşitmiş və içəri daxil olan zaman Zərərçəkmiş şəxs və onun azyaşlı oğlu Turan İsmayılov ondan bayıra çıxmağı tələb etmişdir. Leylidən evdə kimin olduğunu soruşmuş, lakin Leyli evdə heç kimin olmadığını bildirərək onu itələyərək qapıdan bayıra çıxarmışdır. O, həmin vaxt əsəbləşərək ətrafdan taxta parçası götürərək Leylini vurmaq istəmiş və həmin vaxt Leyli sağ qolu ilə baş və sifət nahiyyəsini tutmuşdur. Onun əlində olan taxta parçası Leylinin sağ qolunun dirsək nahiyyəsinə dəymişdir. Bundan sonra Leyli yerə yıxılmış və qışqırmağa başlamışdır. Bu səbəbdən o, həyəti tərk edərək Lerik rayonuna qayıtmışdır. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş qeyri-rəsmi nikahda olduğu həyat yoldaşıdır. O, Kamal ilə 2021-ci ildə tanış olmuş və 2024-cü ilin aprel ayına qədər birlikdə yaşamışlar. Qeyri-rəsmi nikahdan 2022-ci il təvəllüdlü 1 azyaşlı qız övladları var. Sonradan Kamal onunla yaxşı rəftar etrmədiyi və ailəsinə baxmadığı üçün, həmçinin əvvəlki nikahdan olan oğlanları ilə yola getmədiyi üçün onlar 2024-cü ilin aprel ayında ayrılmışlar. Təxminən 3-4 ay əvvəl Kamal ona zəng edərək barışmaq istədiyini bildirmişdir. O, isə Kamalın təklifini rədd edərək barışmaq istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarxdə saat 02 radələrində azyaşlı oğlu ilə yaşadığı evin qonaq otağında olan zaman kimsə otağın pəncərəsini döymüş və o, pencərəni döyən şəxsin kim olduğunu soruşsa da, həmin şəxs səsini çıxarmadığı üçün qapını açaraq bayıra çıxmışdır. Bu zaman gələn şəxsin keçmiş qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Kamaldan nə istədiyini, nə üçün gecə vaxtı onları narahat etdiyini soruşmuş, bu zaman Kamal uca səslə evdə kim olduğunu soruşaraq, kişi səsi eşitdiyini bildirmiş və mübahisə etməyə başlamışdır. Azyaşlı oğlu Şahid1 Kamala həyəti tərk etməsini, evdə heç kimin olmadığını bildirsə də Kamal getməkdən imtina etmiş və həyətdə olan taxta parçalarından birini götürərək onun üzərinə hücum çəkmişdir. Kamal taxta parçasını ona qaldırarkən o, əlini qabağa vermiş və taxta parçası onun sağ qolunu tutmuşdur. Həmin vaxt o, zərbənin təsirindən yerə yıxılmış və ucadan qışqıraraq kömək istəmişdir. Həmin vaxt Kamal əlindəki taxta parçasını evin qarşısına ataraq qaçmışdır. Sonra qonşuluqda yaşayan anası Şahid2 zəng edərək onu çağırmış və anası gəldikdən sonra Kamalın onu döyməsi barədə 102 xidmətinə şikayət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Belə ki, qızı Zərərçəkmiş şəxs 2021-ci ildən qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs 3 azyaşlı övladı olduğunu, bundan başqa Leylinin sonuncu övladına Kamal öz atalığını vermişdir. Leyli və Kamal bir müddət Lerik rayonu Tikəband kəndində Kamalın evində yaşamışlar. Lakin, 2024-cü ilin mart ayında onlar yenidən Sumqayıt şəhərinə köçmüşlər. Leyli və Kamal Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində onun yaşadığı evdən bir qədər kənarda yerləşən evdə kirayə yaşamışlar. 2024-cü ilin aprel ayında Leyli Kamaldan ayrılmışdır. Leyli ayrılandan sonra Kamalın mütəmadi gələrək onu narahat etməsi barədə ona şikayətlənsədə, o qızına səbrli olmasını, ailəsini dağıtmamağı məsləhət görmüşdür. xx.xx.2024-cü il tarxdə saat 02 radalərində evdə olan zaman Leyli zəng edərək Kamalın yaşadığı ünvana gəlib onunla mübahisə edib taxta parçası ilə sağ qoluna vurub ona xəsarət yetirdiyini bildirmiş və o, tez qızının yaşadığı evə getmişdir. O, Leylinin sağ qolunu tutaraq oturduğunu və ağladığını görüb, dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra Leyliyə yardım edərək, onun qolunu sarğı ilə bağlamışdır. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü tarixli 1920 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ dirsək sümüyünün dirsək çıxıntısının sınığı xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt əşya təsrindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhəri TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilərvə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət hadisəsini törədərkən məhkumluğu olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərər çəkmiş şəxslə barışmasını əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, CM-nin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar