Məhkəmə qərarları › İş №1(060)-252/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-252/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-252/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 12.11.2021-ci il tarixdə saat 12:00 radələrində ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs onunla bir ünvanda yaşayan qardaşı Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar-fevral aylarında həyat yoldaşı və uşaqlarına almış olduğu qızıl zinət əşyalarını onların evdə olmamasından istifadə edərək oğurlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin yanvar ayının 15-dən ünvan 3 ünvanda 2-ci qrup Qarabağ əlili olan qardaşı Zərərçəkmiş şəxs və onun ailə üzvüləri ilə birlikdə yaşayırdı. Pula ehtiyacı olduğu üçün qardaşının evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə səhv etmirsə 12 noyabr 2021-ci il tarixdə, saat təxminən 13:00 radələrində qardaşının və onun ailə üzvülərinin evdə olmamasından istifadə edərək qardaşı Sahilin həyat yoldaşı X1 və az yaşlı uşaqlarına aldığı qızıl zinət əşyalarının qoyulduğu yeri əvvəlcədən bildiyi üçün heç bir yeri dağıtmadan və axtarmadan Sahilgilin yataq otağındakı paltar dolabının üst gözündə olan tünd göy rəngli kağız paketin içərisində qızıl qutularında olan bir dəst uşaq üçün qızıl sırğaları, bir ədəd oğlan uşağı üçün qızıl qolbağını, bir ədəd qadın üçün tros qızıl boyun bağını və bir ədəd yenə qadın üçün üzərində aypara şəkilli klonu olan qızıl boyunbağını gizli yolla oğurlayaraq evdən çıxmışdır. Evdən oğurladığı qızıl-zinət əşyalarını bir müddət üstündə saxlamış və təxminən bir həftə əvvəl oğurladığı qızıl zinət əşyalarını satmaq üçün Sumqayıt şəhərinə «Cavid» Ticarət Mərkəzinə getmişdir. O, oğurladığı qızıl-zinət əşyalarından qadın üçün olan tros şəkilli qızıl boyun bağını «Cavid» Ticarət Mərkəzinin qarşısındakı qızıl alqı-satqısı məntəqəsində satıcı işləyən Fərasət adlı şəxsə 200 (iki yüz) manata satmışdır. Belə ki, o, Fərasət adlı şəxsə yaxınlaşaraq tros şəkilli qızıl boyun bağını ona göstərərək həmin qızılı satmaq istədiyini demişdir. Həmin şəxs qızılın kimə məxsus olub-olmadığını ondan soruşmadan qızılı elektron tərəzidə çəkmiş və kalkulyatorla hesablayaraq 200 manata ala biləcəyini demişdir. O, heç bir söz demədən onunla razılaşıb 200 (iki yüz) manata satmışdır. Fərasət ondan şəxsiyyət vəsiqəsinin surətini almışdır. Bundan sonra elə həmin yerin yaxınlığında olan başqa bir qızıl alqı-satqı məntəqəsinə girmiş, orada olan Orxan adlı satıcıya yaxınlaşaraq oğurladığı bir ədəd üzərində ay-ulduz şəkilli klonu olan nazik qadın qızıl boyunbağını və bir ədəd 2-3 yerdən sınmış nazik qızıl qolbağını göstərərək satmaq istədiyini bildirmiş, həmin satıcı da ona təqdim etdiyi qızılları ayrı-ayrılıqda elektron tərəzidə çəkərək kalkulyatorla hesablamışdır. Ay-ulduzlu qızıl boyunbağını 145 manata, digər sınmış vəziyyətdə olan qızıl qolbağını isə 35 manata almaq istədiyini bildirmişdir. O, həmin satıcı ilə heç bir mübahisə etmədən qızılları dedyi qiymətə satmağa razılaşmışdır. Daha sonra «Cavid» Ticarət Mərkəzi ilə üzbəüz ərazidə yerləşən «Qobustan» kooperativində qızıl alqısatqı bölməsinə daxil olmuşdur. Orada İlahə adlı bir nəfər xanıma yaxınlaşaraq oğurladığı sonuncu bir cüt qızıl sırğaları satmaq istədiyini bildirmiş, həmin xanım qızılların birkasının olub-olmadığını ondan soruşmuş, o, isə birkasının olmadığını bildirmişdir. İlahə adlı satıcı ondan qızıl sırğaları götürərək yanında olan bir nəfər oğlana göstərmiş, həmin oğlan qızılı elektron tərəzidə çəkmiş və 100 manata qiymətləndirib İlahəyə qaytarmışdır. Daha sonra İlahə ona 100 manat pul verib qızıl sırğaları ondan almışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. 25.11.2021-ci il tarixdə qardaşı Sahil evdən qızılların oğurlandığını başa düşmüş və ona qızılları oğurlayıb oğurlamadığını bildirmişdir. O, həmin gün qardaşına qızılları oğurlamadığını demişdir. Lakin səhərisi gün, yəni 26.11.2021-ci il tarixdə qardaşı polisə şikayət edəcəyini bildirdiyi üçün o, qardaşına hər şeyi etiraf edərək onlara məxsus qızılzinət əşyalarını oğurlayıb satdığını demişdir. Lakin buna baxmayaraq qardaşı onu bağışlamamış və ondan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2020-ci ilin noyabr ayından ünvan 3 ünvanında həyat yoldaşı X2, 2017-ci il təvəllüdlü oğlu X4, 2019-cu il təvəllüdlü qızı X5 və 2021-ci il təvəllüdlü oğlu X3 ilə birlikdə kirayə yaşayırlar. O, 2020-ci ilin oktyabr ayının 1-də 2-ci Qarabağ müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlər zamanı yaralanaraq sağ qolunu, sol gözünü itirmiş və bədəninin bir neçə nahiyələrindən ağır xəsarətlər almışdır. Qardaşı Təqsirləndirilən şəxs 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qardaşı həbsxanadan çıxdıqdan sonra onu 2021-ci ilin yanvar ayından öz yanına, kirayə qaldığı evə gətirmiş və həmin vaxtdan onlarla birlikdə yaşayır. Təxminən iki ay əvvəl kiçik oğlu İsmayıl həyat yoldaşı Fəridənin boynundan asdığı tros qızıl boyunbağını dartaraq qırmışdır. 25.11.2021-ci il tarixdə həyat yoldaşından qırılmış sepini təmir etdirməyə aparmağı üçün istəmişdir. Fəridə qızıl-zinət əşyalarını yığdıqları yataq otağındakı paltar dolabının üst gözündəki tünd göy rəngli kağız parketin içərisindəki qızıl qutuların içərisindən gətirmək üçün getmişdir. Lakin qızıl-zinət əşyalarının həmin yerdə olmadığını bildirmişdir. Onlar bütün evi axtarsalar da qızıl-zinət əşyalarını tapmamışlar və oğurlandığına əmin olmuşlar. Evlərinə ailə üzvülərindən başqa heç kim girib çıxmadığı üçün o, qardaşı Şirindən şübhələnmişdir. Ona görə də o, həmin gün polisə müraciət etməmiş və qardaşı Şirindən onlara aid qızılzinət əşyalarını oğurlayıb oğurlamamasını soruşduqda Şirin ona heç bir qızıl-zinət əşyalarını oğurlamadığını bildirmişdir. Səhəri gün, yəni 26.11.2021-ci il tarixdə o, təkrar Şirinə ona düzgün danışmasını, əks tədqirdə polisə şikayət edəcəyini demişdir. Bundan sonra Şirin etiraf etmişdir ki, yataq otağındakı paltar dolabının üst gözündə tünd yaşıl kağız paketə qoyduqları 2021-ci ilin yanvar-fevral ayında Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən «Moskva» Ticarət Mərkəzindən qızı Dənizə 165 manata aldığı bir cüt qızıl sırğanı, oğlu İsmayıla yenə həmin yerdən 120 manata aldığı bir ədəd qızıl qolbağını, həyat yoldaşı Fəridəyə 2021-ci ilin mart ayında Sumqayıt şəhərində «Cavid» ticarət Mərkəzindən 370 manata ad günü üçün hədiyyə aldığı üzərində ay-ulduz şəkilli klonu olan qızıl boyun bağını və yenə də həyat yoldaşına 2021-ci ilin yanvar-fevral aylarında «Moskva» Ticarət Mərkəzindən 600 manata aldığı tros şəkilli qızıl boyunbağını oğurlayaraq Sumqayıt şəhəri, «Cavid» Ticarət Mərkəzindəki qızıl bölməsində ayrı-ayrı şəxslərə satdığını bildirmişdir. O, evində onunla çörək kəsib onun hesabına yaşayan qardaşının ona bu cür xəyanət etməsini bağışlamamış və bu səbəbdən həmin gün ərizə ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət edərək qardaşı Şirinin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, əvvəllər Cavid Ticarət Mərkəzində nəzarətçi işləmiş, sonradan Məhəbbət adlı şəxsə məxsus olan Sumqayıt şəhəri, «Cavid» Ticarət Mərkəzinin qarşısında yerləşən qızıl alqı-satqı məntəqəsində satıcı işləyir. 2021-ci ilin noyabr ayında bir nəfər özünü Şirin kimi təqdim edən şəxs onun satıcı işlədiyi qızıl bölməsinə girərək bir ədəd 585 əyarlı, üzərində ay-ulduz şəkilli klonu olan nəzik qadın qızıl boyunbağını və bir ədəd 58 əyarlı 2-3 yerdən sınmış nazik qızıl qolbağını göstərərk özünə məxsus olduğunu, borcu olduğu üçün satmaq istədiyini demişdir. O, ay-ulduzlu qızıl boyunbağını elektron tərəziyə qoyub çəkdikdə çəkisinin 2,65 qram olduğu müəyyən etmiş, buna görə o, həmin qızılı 145 manata qiymətləndirib razılaşmışlar. Daha sonra digər sınmış vəziyyətdə olan qızıl qolbağını elektron tərəziyə qoyub çəkdikdə çəksinin 0,64 qram olduğu müəyyən edimiş, həmin qolbağının qiymətini isə 35 manata qiymətiləndirib razılaşmışlar. Beləliklə də o, hər iki qızıl əşyalar üçün Şirinə ümumilikə 175 manat məbləğində pul vermiş, 5 manatını saxlamışdır ki, şəxsiyyət vəsiqəsini alsın və özündə qeydiyyat aparsın. Həmin vaxt qızıl alqı-satqı məntəqəsinə digər müştərilər gəlmiş, o, Şirinə 5 dəqiqə onu gözləməsini xahiş etmişdir. O, müştərilərlə söhbət edən vaxt Şirin adlı şəxsin oradan çıxıb getdiyini görmüşdür. Arxasınca çıxsa da onu tapa bilməmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o, bir neçə vaxtdır ki, Sumqayıt şəhəri, Sülh küçəsi-32 ünvanında yerləşən «Cavid» Ticarət Mərkəzi ilə üzbəüz ərazidəki «Qobustan» kooperativi Ticarət Mərkəzinin 1-ci mərtəbəsindəki gümüş bölməsini icarəyə götürüb gümüş alqı-satqısı ilə məşğul olur. Belə ki, həm həmin bölümün sahibi həm də satıcısıdır. O, əvvəllər qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğundan və qızıl məhsulunu yaxşı tanıdığı üçün hamı ona müraciət edir. O, cümlədən 2021-ci ilin təxminən noyabr ayının 12-13-də saat 14-15 radələrində onunla qonşu piştaxtada qızıl-zinət əşyalarının satışı ilə məşğul olan İlahə xanım ona bildirmişdir ki, bir nəfər cavan oğlan bir cüt uşaq qızıl sırğaları satır. Xahiş etmişdir ki, həmin qızıla baxıb qiymət versin. O, həmin qızılı elektron tərəzidə çəkmiş və çəkisi 1,5 qram olduğunu müəyyən etmişdir. Həmin qızıl sırğalar türkiyə istehsalı olmaqla 585 əyyarlı, buta modelli sırğalar olmuş, o, İlahəyə demişdir ki, bu qızıl sırğaların qiyməti 100 manatdlır, yəni 100 manata alsa, lom qiymətinə satıb üstündə 5-6 manat xeyir qazana bilər. İlahə onunla razılaşmış və ondan xahiş etmişdir ki, 80 manatı var 20 manat ona borc versin. O, da etiraz etməmiş və 20 manat pulu çıxarıb İlahəyə vermiş, İlahə onun yanında 100 manat pulu özünü Şirin kimi təqdim edən şəxsə vermişdir. Daha sonra İlahənin deməsinə görə aldığı qızıl sırğaları lom qiymətinə 106 manata tanımadığı şəxsə satmışdır. Məhkəmədə Şahid4 ifadəsində Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.12.2021-cu il tarixli, 6/5391 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 1 ədəd sarı rəngli metaldan sırğa cütü-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,48 qramdır-126 manat. 1 ədəd sarı rəngli metaldan boyunbağı-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,49 qramdır-212 manat. 1 ədəd sarı rəngli metaldan, ay-ulduz formalı kulonu üzərində ağ şəffaf qaşları olan boyunbağı-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,44 qramdır-207 manat, qaşları qiymətli qaşlara aid deyil. 1 ədəd sarı rəngli metaldan 3 hissəyə ayrılmış boyunbağı (tam deyil)-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 0,61 qramdır-36 manat, qırıntı hesab olunur, cəmi məbləğ 581 manatdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən 07.12.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini və əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli (iş № 1(060)-252/2022) qərarını icra edərək, 18 yanvar 2022-ci il tarixli 142/2022 saylı orderinə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 43, mənzil 13 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar