Məhkəmə qərarları › İş №1(060)-254/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-254/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-254/2021 03.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi və vəkili X6, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Laçın rayonu, Sus kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 02.08.2018-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunda Zərərçəkmiş şəxs2 ilə 50.000 (əlli min) manatlıq borc müqaviləsi bağlayaraq, həmin məbləğdə nağd pulu heyvandarlıq sahəsində sahibkarlıq fəaliyyəti məşğul olması adı ilə aldadıb, ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2018-ci ilin dekabr ayının axırlarında Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120-də yerləşən «xxxx» Qapalı tipli Səhmdar Cəmiyyətinin nəzdnində olan Tədarük-satış bazasında heyvandarlıq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq əldə edəcəyi gəlir vasitəsi ilə Zərərçəkmiş şəxs2 aldığı 50.000 (əlli min) manat pulu geri qaytaracağına vəd verib aldadaraq vahid qəsdlə Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat və Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat məbləğində pulunu ələ keçirtməklə, dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1993-cü ildən heyvandarlıq işi ilə məşğul olur, təxminən 7-8 ilə yaxındır ki, Zərərçəkmiş şəxs1 tanıyır. 2015-ci ildən Zərərçəkmiş şəxs1 heyvandarlıq işi ilə məşğul olmaq üçün ona müəyyən məbləğlərdə pul verirmiş, o, əldə etdiyi qazancdan onun verdiyi pulları qaytarırmış, eləcə də mənfəətdən də İlhama pul vermişdir. Bərdə, Sabirabad və digər rayonlardan iri və xırdabuynulzu heyvanlar gətirib İlhamın atası Qüdrətə məxsus olan «xxxx» Səhmdar Cəmiyyətinə gətirib saxlamış və Qubadlı rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən bazara aparıb kəsib Sumqayıt və Bakı şəhərində olan dükanlara satmışdır. 2018-ci ilin iyul ayının axırlarında “Qurban bayramı” ilə əlaqədar İlhamla birlikdə ortalığa pul qoymaq lazım olmuş, həmin vaxt İlhamla icarəyə işlədiyi obyekdə görüşüb söhbət edən zaman İlham ona qarşıdan gələn “Qurban bayramı” üçün nə qədər sərmayə lazım olduğunu söyləmiş, o, İlhama təxminən 250-300 qoyun, quzu almaq lazım olduğunu, bu da təxminən 50.000 manat pul edəcəyini bildirmişdir. Həmin vaxt İlham onun Yetkin adlı tanışı olduğunu, uşaq həkimi işlədiyini, o da pul qoyub mənfəət əldə etmək istədiyini ona söyləmiş, Yetkinlə danışıb ona bir söz deyəcəyini bildirmişdir. 02.08.2018-ci il tarixdə saat 12 radələrində İlham ona zəng edib Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 nömrəli notariusun qarşısına gəlməsini söyləmiş, o da həmin yerə getmişdir. Həmin yerdə təxminən 15-20 dəqiqə gözlədikdən sonra İlham Yetkinlə birlikdə oraya gəlmişdir. İlham ona Yetkini təqdim edərək onunla tanış etmiş və söhbət əsnasında Yetkinin onlarla birlikdə iş görəcəyini, o da bu işdən gəlir əldə etmək istədiyini söyləmiş və Yetkindən alacağı pulu borc müqaviləsi ilə rəsmiləşəcəyini bildirmişdir. İlham orada əldə olunan gəlirdən hər ay Yetkinin 1500 manat pul götürəcəyini söyləmiş, o da onlarla razılaşmış və notariat kontoruna gedərək Yetkinlə həmin kredit müqaviləsini bağlamış və borc verən qrafasında Yetkin özü, borc alan qrafasında isə o, imza etmişdir. O, həmin 50.000 manat pulu bankdan çıxartmış, İlhamla Yetkin isə oradan çıxıb öz işlərinə getmişdir. Onun həmin ərəfədə çoxlu borcları olduğu üçün və borclu olduğu şəxslər pullarını ondan tələb etdiyi üçün həmin pul ilə “Qurban bayramı” üçün qoyun-quzu alıb sataraq əldə etdiyi qazanc ilə borclarını qaytarmasını, həm də borcu olan ona heyvan satan şəxslərdən təkrar kəsib satmaq üçün nisyə heyvan götürərək satıb xeyir əldə edib Yetkin və İlhama da əldə etdiyi gəlirdən verməsini fikirləmişdir. O, elə də etmiş “Qurban bayramı” üçün təxminən 250-300 qoyun-quzu alıb satdıqdan sonra borclu olduğu şəxslərə Yetkindən götürdüyü 50.000 mantdan 25.000 manatına borclarını qaytarmışdır. Həmin ərəfədə anası xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün onun müalicəsinə təxminən 10.000 manat xərc çəkmiş, sonradan anası vəfat etdiyi üçün təxminən 5.000 manat anasının dəfininə və yas mərasimlərinə xərcləmişdir. Daha sonra nisyə heyvan alaraq bir müddət saxlayıb kökəldərək kəsib satmağa başlamış, lakin onun əlində pulu olmadığı üçün və heyvanları saxlamağın xərclərini qarşılaya bilmədiyi üçün bu barədə İlhama bildirmiş və 2018-ci ilin dekabr ayında İlhamla birlikdə Yetkinin iş yerinə gedib orada görüşüb söhbət etmişlər, söhbət əsnasında Yetginə heyvanların tələf olmasını, buna görə də ziyana düşməsini yalan demiş, Yetkinlə İlham ona yenidən ümumilkdə 13.000 mant pul vermişlər ki, onlara olan borclarını qaytarmaq üçün yenidən işə başlasın. Lakin, həmin pula az miqdarda qazanc əldə etmiş, sonradan heç bir qazanc əldə edə bilmədiyi üçün o, ümumilikdə 5000 manat pulu Yetkinə vermək üçün Zərərçəkmiş şəxs1 vermiş, qalan hissəsini isə qaytara bilməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 ilkin istintaq zamanı ona İlham ilə görüşməməyini, əksinə onunla birlikdə İlhama qarşı birləşməyini və gələcəkdə ondan şikayətçi olmayacağını söylədiyinə görə, o istintaqa verdiyi ilk ifadələrində özünü müdafiə etmək üçün həqiqəti bildirməmişdir. Lakin, iş məhkəməyə göndərildikdən sonra o, İlhamın ona pislik etmədiyini, ona dəfələrlə düşdüyü vəziyyətdən çıxmaq üçün maddi köməklik göstərdiyini, o isə İlhamın barəsində haqsızlıq etmiş olduğunu fikirləşmişdir. Həmçinin, məhkəmədə həqiqəti danışıb səmimi peşmançılığını bildirmişdir ki, ona cəza təyin edilərkən həqiəti danışımağı və peşmançılığı nəzərə alınsın. O, Zərərçəkmiş şəxs2 50.000 manat pula heyvanların alqı-satqısı ilə məşğul olaraq gəlir əldə edəcəyinə dair öhdəlik götürərək almış, 2018-ci ilin dekabr ayının əvvələrində isə yenidən işə başlamaq üçün ümumilikdə 13.000 manat pul almış və həmin puldan 5000 manatını qaytarmış, istintaqa verdiyi ilkin ifadəsində özünü müdafiə etmək üçün məhkəmə-fonoskopik ekspertizasının 25.02.2020-ci il tarixli, 911 saylı rəyində K3 kimi işarə olunmuş diktorun səsi və nitqinin ona aid olmadığını söyləmiş, lakin hazırda məhkəmə-fonoskopik ekspertizasının rəyində düzgün göstərilmiş, ekspertizya təqdim edilmiş həmin diskdəki səs yazısı onun səsidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşam olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs2 isə məhkəmənin gedişində ümumilikdə 5450 manat pul ödəməsini, qalıq məbləği isə ödəməyə maddi imkanının olmamasını göstərərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 20 ilə yaxındır Zərərçəkmiş şəxs1 tanıyır. 2018-ci ilin təxminən iyun ayının əvvəlində Zərərçəkmiş şəxs1 onun işlədiyi Sumqayıt Uşaq Xəstəxanasına gələrkək, orada aralarında olan söhbət zamanı bildirmişdir ki, İlham 4 ildən artıq müddət ərzində heyvanların alınıb-kəsilməsi, satılması işi ilə məşğul olur. İlham ona demişdir ki, 50.000 manat məbləğində pul qoysa ayda təxminən 1500 manat mənfəət olmaqla o da həmin işə qoşula bilər. O da İlhama demişdir ki, 50.000 manat bir az çoxdur ancaq çalışıb düzəldər. İlham da ona demişdir ki, bir az ona vaxt versin, ona bir xəbər deyəcəkdir. 2018-ci ilin avqust ayının əvvəllərində o, İlhamla telefonla danışarkən ona bildirmişdir ki, istədiyi həmin məbləği gəlib götürə bilər, pul hazırdır. İlham da onunla razılaşıb notariusa gedəcəklərini demişdir. O da İlhama notariusa getməyə ehtiyacın olmadığını, ona inandığını, pulu əlbə-əl özünün ondan iş yerindən götürməsi üçün gəlməsini bildirmişdir. İlham isə ona demişdir ki, pulu ona verməyəcək, Anar adlı tanışına verəcək, işlərini aparan həmin şəxsdir. O isə İlhama demişdir ki, Anarı tanımır, 50.000 manat pulu ona necə verə bilər. İlham da ona demişdir ki, Anarı o özü tanıyır, pulu da ondan tələb edər. O da İlhama niyə öz adına yazdırmadığını demiş, İlham da ona demişdir ki, atasını notariusda hamı tanıyır, xəbər ona çatar, atası ona acıqlanar. 2018-ci ilin avqust ayının 2-də onlar Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 nömrəli notariusun qarşısında görüşmüşlər və içəriyə daxil olduqda, notariusda Anar onları gözləmişdir. İlham Anarı ona təqdim edib demişdir ki, bu işlə Anar məşğul olacaq və borc müqaviləsini onunla bağlamaq lazımdır. İlham demişdir ki, Anar özü rayonlara gedib heyvanı Sumqayıt şəhərində yerləşən Qubadlı icra hakimiyyətinin yaxınlığında yerləşən, İlhamın atası Qüdrətə məxsus olan onun icarəyə götürüb işlətdiyi “xxxx” Səhmdar Cəmiyyətinə gətirərək orada saxlayıb, kəsib, alqı-satqısını həyata keçirəcək. O da 50.000 manat məbləğində pulu Anarın adına banka köçürərək, onunla aralarında 3 ay müddətinə borc müqaviləsi bağlanmışdır. Anar həmin 50.000 manat məbləğində pulu hesabdan çıxararaq götürmüş, o, isə oradan çıxıb işə getmişdir. Bundan sonra, 2018-ci ilin sentyabr ayının əvvəlində İlham onunla əlaqə saxlayıb iş yerinə gələrək qurduqları işdən əldə etdiyi mənfəətdən 900 manat pulu gətirib ona vermişdir. Bundan başqa, eyni qayda ilə iş yerində İlham 2018-ci ilin oktyabr ayının əvvələrində 1400 manat, 2018-ci ilin noyabr ayının əvvəllərində də 1100 manat məbləğində pulu gətirib ona vermişdir. 2018-ci ilin noyabr ayının axırlarında İlham onunla əlaqə saxlayaraq bildirmişdir ki, işləri müflis olub, heyvanlar tələf olubdur. O da İlhama demişdir ki, bu qədər heyvan necə tələf ola bilər. İlham da ona xəstəlik düşdüyü üçün tələf olduqlarını bildirmişdir. O İlhama heyvanların harada tələf olmasını, onları göstərməsini dedikdə İlham bundan imtina etmişdir. İlham ona gedib Anarla danışacağını demişdir. O da İlhamla razılaşmışdır. Daha sonra onlar “xxxx” Səhmdar Cəmiyyətinə gedərək orada Anarla görüşüb söhbət etmişlər. Söhbət əsnasında Anar da heyvanların tələf olduğunu bildirmişdir. O da Anara demişdir ki, aparıb ona heyvanların tələf olduğu yeri göstərsin. Lakin, Anar həmin vaxt etiraf etmişdir ki, ona biznes üçün vermiş olduğu 50.000 manat pulu o bu işə sərf etməyərək, öz borclarını ödəmişdir. O da Anara demişdir ki, belə olmaz onun pulunu geri qaytarsın. Anar da ona heç bir söz deməmişdir. Həmin vaxt İlham ona demişdir ki, Anar üçün işləməkdən ötrü şərait yaratsınlar, uzağı 2019-cu ilin aprel ayına kimi işləyib əvvəlcə 30.000 manatını, daha sonra qalan 20.000 manatı hissə-hissə olaraq ona qaytaracaq. O da İlhama Anarın yalan danışdığını demişdir. Daha sonra 2018-ci ilin dekabr ayının əvvəllərində Anar İlhamla birlikdə onun iş yerinə gəlmişdir. Söhbət əsnasında İlham ona bildirmişdir ki, 4000 manat özü, 4000 manat pulu isə o, qoymaqla Anara versinlər ki, onun əlində də 1700 manat pul qalıbdır, Anara şərait yaratsınlar biznesə yenidən başlasın. O da razılaşıb həmin gün axşam saat 19 radələrində İlhamın yaşadığı evin həyətində görüşərək 4000 manat pulu İlhama vermişdir. Lakin 4000 manat pulun Anara verib-vermədiyini bilməmiş, İlhamın deməsinə görə o, Anara həmin pulu vermişdir. Bundan sonra o, hər dəfə işlərin nə yerdə olduğunu İlhamdan soruşanda, İlham müxtəlif bəhanələr gətirmiş, «pula cavabdeh mənəm, onsuzda mən qaytaracam, atam ürəyindən əməliyyat olunacaq, köməyə ehtiyacımız var, istəyirsən avtomobili sənin adına keçirim» sözlərini demişdir. 2019-cu ilin may ayının əvvəllərində o, İlhamla onun yaşadığı evin həyətində görüşmüşdür. O, pul barədə İlhamdan soruşduqda, ona demişdir ki, pulu ondan niyə istəyir, getsin Anardan istəsin, Anar onu da aldadıbdır, Azərbaycanı tərk edib qaçıb Ukrayanaya gedibdir. O, Anarın niyə Ukrayana qaçdığını soruşmuşdur. İlham da ona demişdir ki, Anar qorxmuşdur ki, onu tutduracaq, ona görə də qaçıb getmişdir. O, da İlhama «Anar haradan bilirdi ki, mən onun barəsində şikayət edəcəyəm, deməli sən özün ona bu barədə demisən» sözünü demiş, İlham isə ona Anar ondan qorxduğu üçün qaçıb getdiyini bildirmişdir. Beləliklə də bu söhbətdən sonra o, başa düşmüşdür ki, onun puluna heç bir heyvan alınmamış, onların bu işlə məşğul olmaq niyyətləri olmamış, sadəcə onun pulunu ələ keçirmişlər. 50.000 manat puldan 10.000 manatı qaynatası Fazilin kirvəsi Möhlət Allavherdiyevdən, 10000 manatı isə Şahid2 dostu İbadulla Cahangirovdan almış və yerdə qalan ona məxsus 30.000 manat pulu birlikdə notariusda Anarın adına köçürtmüşdür. Daha sonra isə o, Şahid2 və İbadulla Cahangirovun götürdüyü pulları onlara özü qaytarmışdır. Məhkəmənin gedişində təqsirləndirilən şəxs ona hissə-hissə olmaqla ümumilikdə 5450 manat pul ödəmişdir. Qalan məbləği isə hazırki vaxtadək ödəməmişdir. Zərərçəkmiş şəxs2 hazırda o, təqsirləndirilən şəxsdən ona vurulmuş maddi zərərin tam olaraq ödənilməsini, əks halda isə sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada sərt cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 10 ildən artıqdır ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120-də yerləşən «xxxx» Qapalı tipli Səhmdar Cəmiyyətinin sədri müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 uzun müddətdir, Təqsirləndirilən şəxs təxminən 7-8 ildir ki, tanıyır. O Anarın heyvandarlıqla məşğul olduğunu bilmişdir. 2016-cı ildə Anar onun atası Qüdrət Kərimovun sədri olduğu «xxxx» Səhmdar Cəmiyyətinin nəzdnində olan Tədarük-satış bazasını aylığı 300 manat olmaqla icarəyə götürmüşdür. Anar müxtəlif rayonlardan iri və xırdabuynulzu heyvanları gətirib «xxxx» Səhmdar Cəmiyyətinin nəzdnində olan tədarük satış bazasında saxlayıb, kökəldib ayrı-ayrı dükanlara satmışdır. Yetkinlə mütəmadi olaran görüşüb söhbət etmişlər. Bir dəfə Yetkin söhbət əsnasında ona bildirmişdir ki, əlində bir qədər pul var, evdə saxlamaq risklidir və banka da qoymaq istəmir, nəsə bir iş görmək istəyir. O da bildiyi bir neçə iş təklif etmiş, lakin bununla razılaşmamış və ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O da ona elə bir əlavə işə vaxtının olmadığını, «xxxx» QSC-də işlədiyini, əlində olan pulu sərmayə olaraq Anar adlı icarədara verdiyini, Anarın iri və xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu, istəyirsə Anarla onu tanış edəcəyini, onun da pul qoymasını, Anarın işləyib hər ayda ona da gəlir verməsini bildirmişdir. Yetkin də onun bu təklifi ilə razılaşmışdır. Belə ki, Anar da ona əvvəllcədən demişdir ki, qarşıdan Qurban bayramı gəlir, sifarişi çox olacaq, adam axtarır ki, bir az sərmayə qoysun ki, həmin bayramı yola versin. Ona görə də o, Yetkinlə söhbət edərkən Anarın ona dediyi söz yadına düşdüyündən o onu Anarla tanış edib iş görmə fikrini Yetkinə demişdir. Bundan sonra o, Anarla onun icarəyə götürüb işlətdiyi obyektə görüşərək bildirmişdir ki, onun nə qədər sərmayəyə ehtiyacı var, o da ona 250-300 qoyun, quzu almaq lazım olduğunu, bunun da təxminən 50.000 manat pul edəcəyini demişdir. Həmin vaxt o Yetkin adlı tanışının olduğunu, Yetginin hər hansı bir işə sərmayə qoyub gəlir əldə etmək istəməsini demişdir. Anar da ona Yetkini tanıdığını, uşaqlarını Yetkinin müalicə etdiyini, onunla birlikdə iftar süfrəsində olduğunu demişdir. O da zəng edib bu barədə Yetkinə demişdir. Yetkin ona «hər gün bir neçə xəstəsi olur, ola bilər ki, Anarı görübdür ancaq xatırlamır» sözünü deyib həmin məsələni həll etmək üçün görüşməyə razılaşmışlar. O da ona səhəri günü, yəni 02.08.2018-ci il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunun qarşısında görüşmələrini demişdir. 02.08.2018-ci il tarixdə, saat 15 radələrində o, həmin notariat kontorunun qarşısına getmiş, daha sonra Yetkin gəlmişdir. Onlardan sonra isə Anar da gəlmişdir. Yetkinlə Anar görüşmüşlər. Daha sonra onlar içəri daxil olanda orada olan işçilərdən biri Yetkini tanımış və gəlmə səbəbini soruşmuş, Yetkin də ona məqsədini bildirdikdə, həmin şəxs Anar və Yetkindən şəxsiyyət vəsiqəsini alıb bildirmişdir ki, gözləsinlər çağıracaq. Belə olan halda onlar həyətdə gözləyəsi olmuşlar. Bir neçə dəqiqədən sonra Anar və Yetkini imza etmək üçün notariat kontorunun içərisinə çağırmışlar. Özü isə çöldə gözləmişdir. Onlar içəriyə keçmişlər, orada 50.000 manat dəyərində kredit müqaviləsini bağlayıb imza etdikdən sonra, Yetkinə bildirmişlər ki, pulu gətirib banka təhvil versin. O da çölə çıxaraq maşınında 50.000 manat pulu götürüb gətirib banka təhvil vermişdir. Daha sonra onun hesabından 50.000 manat pulu rəsmi qaydada Anar götürüb çıxıb getmişdir. Onlar da öz işlərinin dalınca getmişlər. Həmin müqavilə bağlanıldıqdan sonra 3 ay ərzində Anar onun vasitəsi ilə Yetkinə hissəhissə olmaqla ümumilikdə 4.000 manat pul göndərmişdir. Belə ki, Anar hər ay onun pulunu verəndə o və eləcə də Yetkin ondan xahiş etmişdir ki, Yetkinə çatacaq pulu o, versin. 2018-ci ilin dekabr ayının ortalarında Cəmiyyətin icarə haqqını almaqdan ötrü Anara zəng etmişdir. Lakin ona zəng çatmamış, maraqlansa da tapa bilməmişdir. 2018-ci ilin dekabr ayının axırlarında Anar özü ona zəng etmiş, ondan niyə zənglərinə cavab vermədiyini, telefonu söndürdüyünü soruşduqda, o da ona xəstələndiyi üçün işə çıxa bilmədiyini, telefonunu da itirdiyini demişdir. O ondan işlə bağlı soruşanda demişdir ki, iflasa uğrayıbdır. Həmin gün axşam saat 20 radələrində Anarın atası Mətləb ona zəng edərək, görüşmələrini demişdir. Təxminən 15 dəqiqə sonra onlar Sumqayıt şəhəri, Sülh küçəsində görüşmüşlər. Mətləb onunla görüşə Anarla birlikdə gəlmişdir. Mətləb ona Anara kömək etmək lazım olduğunu, onun müflis olub çoxlu borcunun yarandığını, onun əlindən telefonunu aldıqlarını, 1 həftədir evdə ağır xəstə yatdığını demişdir. Anar da demişdir ki, o qədər borcu var idi, pulları borca getibdir. O Anara ona 30.000 manat, Yetkinə isə 50.000 manat borcunun olduğunu deyib, başqalarına nə qədər borcu olduğunu soruşmuşdur. Anar isə ona başqalarına da çoxlu pul borcu olduğunu bildirmişdir. O Anar və Mətləbdən ayrıldıqdan sonra həmin günü axşam saatlarında Yetkinə zəng edib Anarın iflasa uğradığını deyib, görüşmələrini bildirmişdir. O da razılaşmış və onlar da onunla birlikdə icarəyə götürdüyü obyektdə görüşmüşlər. Anar və dostu Zaur da ora gəlmişdir. Söhbət əsnasında Anar onlara «mən sizə əvvəlcədən deməmişdim, 2017-ci ildə Qüdrət müəllim Türkiyədə 2 ay xəstə yatanda və İlhamda orada onunla qalanda mən aldığım boyük bir sürü heyvan tələf olub, mən bunu sizdən gizlətmişəm, borca girmişəm, bu günə qədər həmin borcun az bir hissəsini ödəsəm də, külli miqdarda borcum qalıbdır, bu yaxınlarda borclu olduğum şəxslərə əlimdəki pulları vermək məcburiyyətində qaldım, xahiş edirəm ki, mənə möhlət və bir qədər pul verin ki, mən yenidən çalışıb pulu qaytarım» sözünü demişdir. Həmin vaxt o Anardan Yetkinin pulunu hara etdiyini soruşmuş, o da ona 50000 manat pulun təxminən 25.000 manatını anasının müalicəsinə və dəfninə xərclədiyini, qalanını isə borcluların əlindən aldığını demişdir. Onlar da başqa çıxış yolunun olduğunu görüb belə qərara gəlmişlər ki, Anara müəyyən qədər yenə pul versinlər və o yenidən işə başlasın ki, onların pulunu hissə-hissə qaytara bilsin. Bu məqsədlə Yetkin Anara 4000 manat, özü isə 9000 manat pul vermişlər ki, o yenidən işə başlasın. Pulu verən zaman Anara bildirmişdir ki, ilk öncə çalışsın Yetkindən aldığı 50.000 manat pulunu qaytarsın, onun 30.000 manat pulunu isə sonra verər. 2019-cu ilin fevral ayında Anar artıq fəaliyyətə başlamışdır və mart ayının sonunda 2500 manat gəlir əldə etdiyini və Yetkinə vermək istədiyini bildirmişdir. O bu barədə Yetkinə məlumat vermişdir. Yetkin də ona demişdir ki, pulu hissə-hissə istəmir. 2019-cu ilin aprel ayının təxminən 23-də Anar əlavə olaraq 2500 manat gəlir əldə etdiyini, əlində cəmi 5000 manat pulunun olduğunu deyib, Yetkinə vermək istədiyini bildirmiş, o da bu barədə Yetkinə məlumat vermişdir. Yetkin ona bir daha bildirmişdir ki, hissə-hisə pul istəmir, Anar ona söz vermişdir ki, may ayının əvvəlinə qədər ona 30.000 manat qaytaracaq, o bu pulu götürsə Anarda arxayınlıq yaranacaq, o pulu gec qaytaracaq və onu tutduracaq. O da Yetkinə bildirmişdir ki, artıq özü bilər və Anarı tutdursa sözsüz ki pulundan məhrum olunacaq. Yetkin ona «cəhənnəm olsun Anar da pulda, əsas odur ki, onu cəzalandırsınlar» sözünü demişdir. Yetkin həmin pulu götürmədiyindən pulunu tam istədiyindən o, həmin pulu Anara verdiyi 9.000 manatdan çıxmış və Anarın ona 4000 manat verəcəyi qalmışdır. O ki qaldı, Anara verdiyi ümumilikdə 30.000 manat pula, həmin məsələ Anarın Yetkindən 50.000 manat pul almamışdan əvvəl olmuşdur. Belə ki, 2017-ci ilin avqust ayında o, Anara heyvandarlıq işi ilə məşğul olması üçün 30.000 manat sərmayə vermiş, Anar həmin pula heyvanın alqı-satqı ilə məşğul olaraq onun pulunu qaytarmayaraq, müflis olduğunu demişdir. 30.000 manat pulu Anar ondan Yetkinin məsələsindən əvvəl almışdır, onun bu məsələyə aidiyyatı olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, ona heyvandarlıq işi ilə məşğul olduğunu, «Anarı neyniyirsən, sən məni tanıyırsan, pulu da məndən tələb edərsən, pula cavabdeh mənəm, onsuz da mən qaytaracam», atamı hamı notariusda tanıyır, xəbər ona çatar, o da mənə acıqlanar» sözünü deməmişdir. Eləcə də Yetkinə heyvanların tələf olması sözünü deməmiş, çünki həmin vaxt bunu bilməmişdir. Onlar görüşəndə Anar özü onların yanında Yetkinə demişdir ki, müflis olubdur, səbəbi 2017-ci ildə aldığı bir sürü heyvanların tələf olmasıdır. Yalnız onda biləndə ki, müflis olmasının səbəbi heyvanların tələf olmasıdır, Yetkin Anardan həmin yeri göstərməsini tələb etmişdir. Anar isə ona heyvanların tələf olduğunu görəndə onları dəyər-dəyərməzinə bütün bazara payladığını, ona görə də böyük borca düşdüyünü demişdir. Anar özü ona Qurban bayramı ilə əlaqədar pul lazım olduğunu dediyi üçün o bundan ötrü Yetkindən pul ala biləcəyini demişdir. Anarın deməsinə görə o Yetkini əvəlcədən də tanımışdır. Anar 50.000 manat pulu götürüb çıxıb getmişdir. Anarın həmin pulun üstünə pul qoyub-qoymadığını bilməmişdir. O, 50.000 manat pulu götürməmiş. 50.000 manat pul da onluq olmamışdır. O, 50.000 manat pulu Anarla birlikdə çıxartmamış, sonuncu özü çıxartmışdır, Anarın 50.000 manat pulunun üstünə 18.000 manat pul qoymasını da bilməmişdir. O, Anardan 44.000 manat bir, 24.000 manat da bir pul götürməmiş, belə hal da olmamışdır. Əksinə Anar özü Yetkinin əvvəlcə 50.000 manat pulunu, daha sonra yenidən işə başlaması üçün 4000 manat pulunu götürüb qaytarmamışdır. Onun da 9000 manat pulunu götürüb qaytarmamışdır. X10 pulundan 5000 qaytardığı üçün o, bu barədə Yetkinə dedikdə, o pulu tam olaraq istəməsini bildirmiş, Yetkin də həmin pulu qəbul etməkdən imtina etdiyi üçün, o həmin 5000 manat pulu Anara verdiyi 9000 manat puldan çıxmışdır. Zərərçəkmiş şəxs2 bu məslə ilə bağlı şikayət etməmişdən əvvəl ona övaldının Türkiyədə ali təhsil aldığını, övladının təhsil haqqını ödəməyə maddi imkanı olmadığını söylədiyi üçün onunla dostluq münasibətlərinə görə kömək üçün atası Qüdrət Kərimova məxsus qeyri-yaşayış sahəsi olan zirzəmini atasının razılığı ilə Zərərçəkmiş şəxs2 təklif etmiş, eləcə də həmin ərəfədə qohumunun bağ satacağını ondan pul götürüb ona köməklik edə biləcəyini söyləmiş, o Yetkinə Anarın ona olan borcuna görə bunları təklif etməmiş, onunla dostluqları olduğu üçün təklif etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 həmin 50000 manat pulu almamışdan qabaq Təqsirləndirilən şəxs heyvan alveri üçün əvvələr müəyyən məbləğlərdə pul vermiş, Anar həmişə onun pulunu qaytarmış, eləcə də əldə etdiyi gəlirdən ona da vermiş, lakin, sonradan o, Yetkindən və ondan aldıığı pulları qaytarmamış, eləcə də əvvəldən aldığı pullardan da borcları qalmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə şifahi müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilməsə də, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 uzun illərdir tanıyır, onların dostluq münasibətləri var. 2018-ci ilin avqust ayının əvvəllərində Yetkin ona bildirmişdir ki, ona müəyyən məbləğdə pul lazımdır. O da 10.000 manat pulu olduğunu dediyi üçün, Yetkin ona həmin pulu götürüb Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən notariat kontorunun həyətinə gətirməsini bildirmişdir. O da özünə məxsus 10.000 manat pulu götürb Yetkinin dediyi yerə getmişdir. Ora çatanda dostu X2 da orada olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Yetkin ondan da 10.000 manat pul istədiyi üçün o həmin məbləğdə pulu gətirmişdir. O və İbadulla pulu sayıb Yetkinə verib, çıxıb getmişlər. Yetkin onlara söz vermişdir ki, onlardan aldığı pulu 3 ay müddətinə qaytaracaq. Lakin, Yetkinə pulu verdikdən təxminən 5 ay sonra o, Yetkinlə əlaqə saxladıqda, Yetkin ona bildirmişdir ki, onlardan aldığı pulu iş görmək məqsədi ilə İlhamın vasitəsi ilə tanıdığı Anar adlı şəxsə notariat kontorunda sonuncu ilə müqavilə bağlayaraq vermiş, lakin Anar onu aldatmış və hal-hazırda onu tapa bilmir. 2019-cu ilin may ayının əvvəllərində o, Yetkinlə danışarkən sonuncu ona həmin məsələ ilə əlaqədar polisə şikayət etdiyini demişdir. Yetkin onun 10.000 manat məbləğində pulunu qaytardığı üçün onun bununla əlaqədar ona və ümumiyyətlə heç kimə qarşı şikayət və tələbi yoxdur. İbadulla ilə birlikdə hərəsi Yetkinə 10.000 manat pul verdikdən sonra notariat kontorunun qarşısından çıxıb getmişlər. Həmin vaxt da Zərərçəkmiş şəxs1 notariat kontorunun girişində dayanmışdır. Lakin, Yetkinin onların yanında İlhama hər hansısa bir məbləğdə pul verdiyini görməmişdir. Yetkinin onlara sonradan deməsindən sonra bilmişdir ki, o həmin günü onlardan aldığı pulun üstünə də 30.000 manat özündən qoymaqla cəmi 50.000 manat pulu İlhama, sonuncu da tanışı Anara vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə uzun illərdir dostluq münasibətləri var. 2018-ci ilin avqust ayının əvvəllərində Yetkin ona 30.000 manat məbləğdə pul lazım olduğunu demiş, o isə 10.000 manat verə biləcəyini bildirmişdir. Daha sonra Yetkin ona həmin pulu götürüb Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən notariat kontorunun həyətinə gətirməsini demişdir. O da özünə məxsus 10.000 manat pulu götürüb Yetkinin dediyi yerə getmişdir. Ondan sonra dostu Şahid2 da həmin yerə gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Yetkin ondan 10.000 manat pul istəyib, o da Yetkinə 10.000 manat pul gətiribdir. O və Möhlət pulu sayıb Yetkinə verib, çıxıb getmişlər. Yetkin onlara söz vermişdir ki, onlardan aldığı pulu 3 ay müddətinə qaytaracaq. Lakin, Yetkinə pulu verdikdən təxminən 5 ay sonra onunla əlaqə saxladıqda, Yetkin bildirmişdir ki, onlardan aldığı pulu iş görmək məqsədi ilə İlhamın vasitəsi ilə tanıdığı Anar adlı şəxsə notariat kontorunda sonuncu ilə müqavilə bağlayaraq vermiş, lakin Anar onları aldatmış və hal-hazırda Anarı tapa bilməmişlər. 2019-cu ilin may ayının əvvəllərində o, Yetkinlə danışarkən sonuncu ona bu barədə gedib polisə şikayət etdiyini demişdir. Hazırda Yetkin onun 10.000 manat məbləğində pulunu qaytardığından bununla bağlı heç kimə qarşı şikayət və tələbi yoxdur. Möhlət 10.000 manat, özü isə 10.000 manat pulu Yetkinə verdikdən sonra, sonuncu onların yanından aralanıb notariat kontorunun qarşısında dayanan Zərərçəkmiş şəxs1 yanına getmiş, onlar isə çıxıb getmişlər. Lakin, Yetkinin İlhama hər hansısa bir məbləğdə pul verdiyini o, görməmiş, pulu onların yanında verməmişdir. Yetkinin onlara sonradan deməsindən sonra bilmişdir ki, o həmin günü onlardan aldığı pulla birlikdə cəmi 50.000 manat pulu İlhama, sonuncu da tanışı Anara vermişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu Zərərçəkmiş şəxs2 dediklərini təkzib edərək ona ilkin istintaq zamanı İlham ilə görüşməməyini, əksinə onunla birlikdə İlhama qarşı birləşməyini və gələcəkdə ondan şikayətçi olmayacağını söylədiyinə görə, özünü müdafiə etmək üçün 50.000 manatı İlhama verdiyini söylədiyini, əsl həiqətdə isə o, həmin puldan 25.000 manat bocrlarını qaytardığını, bir qismini anasının müalicəsinə, sonradan isə dəfn və yas mərasimlərinə xərclədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ələ keçirtdiyi 50.000 manat pulu heyvandarlıq işinin qurulmasına deyil, borcu olduğu üçün borclarına sərf etdiyini, xeyli borcunun olduğunu bildirərək, yenidən həmin işi bərpa etməsi üçün Zərərçəkmiş şəxs1 əlavə olaraq ona şans verilib köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 25.02.2020-ci il tarixli, 911 №li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd «Gold» markalı CD diskdə olan mübahisə fonoqramdakı istintaqı maraqlandıran və tədqiqat tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd «Gold» markalı CD dikdə olan mübahisəli proqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətndə «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi –X3 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd «Gold» markalı CD dikdə olan mübahisəli proqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətndə «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Zərərçəkmiş şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd «Gold» markalı CD dikdə olan mübahisəli proqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətndə «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd «Gold» markalı CD dikdə olan mübahisəli proqramdakı danışıqların 00 dəq 25 san-də və 17 dəq 24 san-də keçid prosesi üçün xarakterik siqnal qeydə alınmışdır. Mübahisəli fonoqram ilkin olmadığından və fonoqramın qeydə alındığı yazı qurğusu təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 59.1.2, 59.1.4 və 59.2-ci maddəsinə əsasən himayəsində 18.12.2015-ci il təvəllüdlü X9 və 15.03.2017-ci il təvəllüdlü X4 olması, Zərərçəkmiş şəxs1la barışıq əldə etməsi, digər Zərərçəkmiş şəxs2 vurulan ziyanı qismən ödəməsini və əməlindən səmimi peşman olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, 18.10.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində axtarış elan olunması və cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul olunmuş, 20.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün həmin tarixdə cinayət işinin icraatı təzələnərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 10.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar cinayət işinin icraatı dayandırılmış və 30.01.2020-ci il tarixdə cinayət işinin icraatı təzələnərək istintaq davam etdirilmiş, 31.01.2020-ci ildə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna kimi həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, lakin Sumqayıt şəhər məhkəməsinin 31.01.2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmiş, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevarl 2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 31.01.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 03 iyun 2020-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd 2 ədəd “CD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli (iş № 1(060)- 254/2021) qərarını icra edərək, 10 mart 2021-ci il tarixli 220 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o məhkəmə zalından həbs edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs olunduğu 03 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “CD” disklər cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar