Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-256/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,950 qram çəkidə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 02:40da Sumqayıt şəhəri, “Sülh” küçəsi, Sumqayıt Təhsil Şöbəsinin qarşısında Sumqayıt ŞPİnin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Pİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,950 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 02:40-da Sumqayıt şəhəri, Sülh küçəsi, Sumqayıt Təhsil Şöbəsinin yaxınlığından taksi ilə keçən zaman, taksi avtomobilini polis əməkdaşları saxlatmış və ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını söyləyərək Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş, orada xidməti otaqların birində üzərinə baxış keçirilmiş, üzərindən hər hansı bir narkotik maddə aşkar olunmamış, bundan sonra onu polis əməkdaşı orada döyərək Bəhruz adlı polis əməkdaşı tərəfindən ona narkotik maddə verilmiş və ona bildirmişdir ki, həmin narkotik maddəni boynuna götürsün və onu 48 saat ərzində buraxacaqlar. O, da razılaşaraq həmin narkotik maddəni götürərək üzərində saxlamış, bundan sonra oraya vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı o, üzərindən narkotik maddəni çıxararaq özünə məxsus olduğunu bildirmişdir. Həmin narkotik maddənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülməsi barədə heç bir orqana şikayət etməmişdir. O, 1999-cu ildən narkotik maddələrdən istifadə edir, onu polis əməkdaşları saxlamamışdan bir gün əvvəl narkotik maddə olan marixuana qəbul etmişdir. Lakin həmin gün onun üzərində hər hansı bir narkotik maddə olmamışdır. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ilkin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirmədiyini bildirərək göstərdi ki, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotik vasitələrdən istifadə etməsinin başlıca səbəbi bədənində baş verən ağrıları azaltmaq olmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 02:40-də Sumqayıt şəhəri, Sülh küçəsi, Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını söyləyərək Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş, orada xidməti otaqların birində videokamera işə salınaraq onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov ona özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Polis əməkdaşları da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Zoya Hüseynovanı təqdim etmiş, o da bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini, sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu və 02 ədəd 05 manatlıq pul əskinazını təqdim etmişdir. Sorğu zamanı o aşkar olunan metamfetamini bir neçə saat əvvəl, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində olarkən Xəyal adlı uşaqlıq dostundan pul ödəmədən şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş metamfetamin tərəzidə çəkilərək, qablaşdırılmışdır. Ona məxsus 02 ədəd 05 manatlıq əskinaz özünə qaytarılmış, 01 ədəd «Samsunq» markalı mobil telefon isə ona qaytarılmayaraq götürülmüş, daha sonra sənədləşdirilmə aparılmış və o da tərtib olunmuş protokolu imza etmişdir. Psixotrop maddəni aldığı şəxsin adının Xəyal olduğunu bilsə də, onun başqa anket məlumatlarını, harada yaşadığını, mobil telefon nömrəsini və hazırda harada olduğunu bilməmiş, o Xəyalla xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində təsadüfən raslaşmış, həmin gündən sonra onu görməmişdir. Onun üzərində aşkar olunaraq götürülən psixotrop maddədən başqa heç bir narkotik vasitəsi yoxdur və heç bir yerdə də narkotik vasitə və yaxud psixotrop maddə olan metamfetamin saxlamır, satışı ilə də məşğul olmur. Ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində İlqar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 02:40-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Sülh küçəsi, Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbudu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Zoya Hüseynovanı təqdim etmiş, İlqar bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 02 ədəd 05 manatlıq pul əskinazını təqdim etmişdir. Sorğu zamanı İlqar ondan aşkar olunan metamfetamini bir neçə saat əvvəl, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində olarkən Xəyal adlı uşaqlıq dostundan pul ödəmədən şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş metamfetamin tərəzidə çəkilərək, qablaşdırılmışdır. İlqara məxsus 02 ədəd 05 manatlıq əskinaz onun özünə qaytarılmış, 01 ədəd «Samsunq» markalı mobil telefon isə ona qaytarılmayaraq götürülmüşdür. Daha sonra sənədləşdirilmə aparılmış, o da tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs qarşı təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, heç bir müqavimət göstərməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmədə məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, o Sumqayıt ŞPİ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, Təqsirləndirilən şəxs əvəllər tanımamış və görməmişdir. Təqsirləndirilən şəxs saxlanılması üçün keçirilmiş əməliyyat tədbirində iştirak etməmiş, onun saxlanılmasından xəbəri olmamış və sonuncuya hər hansı bir narkotik maddə verməmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda psixoturop maddə olan metamfetamin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3357 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs.” yazısı zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,950 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. (Qeyd: metamfetaminin təmiz çəkisi 0,950 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,900 qram.). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5085 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün məhkəmədəki etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixli qərarla CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarlarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün xx.xx.2021-ci il tarixdə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən tutularaq, Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmiş, həmin tarixdə cinayət işinin icraatı təzələnərək, istintaq davam etdirilmiş və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx-1181 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 20 (iyirmi) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut 0,900 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli (iş № 1(060)-256/2022) qərarını icra edərək, 27 yanvar 2022-ci il tarixli 251/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 20 (iyirmi) gün müddət hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan ümumi 0,900 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-256/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-256/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver