Məhkəmə qərarları › İş №1(060)-257/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-257/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-257/2022 11.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,723 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 noyabr 2021-ci il tarixində, saat 18:50-də, Sumqayıt şəhəri, 18-ci mikrorayon 21B saylı binanın qarşısında saxlanılaraq PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,723 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunduğunu, uzun müddətdir narkotik vasitə istifadəçisi olduğunu qeyd edərək bildirdi ki, o, 03.11.2021-ci il tarixdə, təxminən saat 18:50 radələrində Sumqayıt şəhəri, 18-ci mk\r ərazisində, yaşadığı evin qarşısında olan zaman 3 (üç) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 1-ci PBnə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmişdir. PB-nə gəldikdən sonra, xidməti otaqların birində ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil ona təqdim olunmuşdur. Sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir qutu siqareti və bir ədəd alışqanı sonra isə, həmin gödəkçənin sol iç cibində saxladığı, 1 (bir) büküm gümüşü rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli, toz şəkilli kütləni təqdim edərək, təqdim etdiyi 1 (bir) büküm gümüşü rəngli siqaret kağızına bükülmüş kütlənin narkotik vasitə “kakos” olduğunu və 1 gün əvvəl Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manat ödəyərək, öz istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərinə şəxsi-axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə elektron tərəziyə qoyulub çəkildikdə həmin kütlə siqaret kağızı ilə birlikdə 0,86 qram olduğu müəyyən olunmuş, həmin kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, vəkili F.İsmayılov və onun tərəfindən imzalanmışdır. Bundan sonra, onun üzərinə yoxlanış məqsədi ilə baxış keçirilmiş, ancaq üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Saxlanılarkən, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ, 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış və qrupun daxilinə iştirak etməsi üçün o, əlavə edilmişdir. 03.11.2021-ci il tarxdə, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 18:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisinə gedib pusqu qurub, saat 18:50-də Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, 18-ci mikrorayon, ev 21B-nin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə onlarla getməli olunması bildirilmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də təhqiqatçı Faiq Mirzəyev saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək vəkil X1 bölməyə dəvət etdikdən sonra, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə gətirildiyini demiş, daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X1 təqdim etdikdən sonra saxlanılan şəxsdən üzərində hər hansı bir narkotik vasitə və ya psixatrop maddə olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs öncə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı çıxardıb təqdim edərək masanın üzərinə qoymuş, ardınca isə əynindəki qara rəngli gödəkçənin sol döş cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli siqaret kağızı bükümünü açaraq, bükümün içərisindəki qəhvəyi rəngli, toz şəkilli kütlənin nə olduğunu, nə vaxt əldə etdiyini, hansı qiymətə aldığını soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki, sözügedən maddənin “kakos”(narkotik vasitə heroin) olduğunu, “Biləcəridən, tanımadığı şəxsdən, 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən, gümüşü rəngli siqaret kağızına bükülmüş 1 büküm, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə, büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyularaq çəkisi ölçülmüş və çəkisinin 0,86 qram olması müəyyən edilmişdir. Sonra həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, qablaşdırılmış zərf vəkil və saxlanılan şəxs tərəfindən imzalanmışdır. Yoxlanış məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis leytenantı X2 və cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmədə elan edilmiş ifadəsində qeyd olunan məlumatlar, Şahid1 ifadəsi ilə oxşar məzmunludur. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 04 noyabr 2021-ci il tarixli 6/4900 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,723 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,673 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 13.11.2021-ci il tarixli 4466 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbul edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsi barədə 03.11.2021-ci il tarixli protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində saxlamış olduğu gümüşü rəngli bükülünü təqdim etmidir. Həmin bükülü Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev tərəfindən açılmış, bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vasitədir, həmin maddəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 15.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Xalq Məhkəməsinin 06.07.1995-ci il tarixli hökmü ilə əməyə mütləq cəlb olunmaqla 01 il azadlıqdan şərti məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Xalq Məhkəməsinin 17.06.1997-ci il tarixli hökmü ilə əmlakı müsadirə olunmaqla 06 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.04.2003-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 177.1.2 və 177.2.2-ci maddələrində təqsirli bilinərək şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş və 14.06.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08.05.2007-ci il tarixli “Amnistiya” qərarına əsasən cəriməni ödəməkdən tam azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının 206.4, 234.4.1, 234.2.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla barəsində narkamaniyadan məcburi müalicə olunmaqla 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.02.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 206.4-cü maddəsi ilə məhkum edilməsinə dair hissə ləğv edilib, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə dair müddəalar hökmdən xaric edilib 07 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 06.11.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Şabran rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla 02 il müddətində azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 06.12.2019-cu il tarixdə Qaradağ rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qərarı ilə 01 ay 19 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. 24.01.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-73/2013 saylı, 30.04.2013-cü il tarixli hökmü, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-10/2014 saylı, 27.02.2014-cü il tarixli qərarı və Şabran rayon Məhkəməsinin 1(031)-16/2018 saylı, 30.04.2018-ci il tarixli hökmünün surəti cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin müstəntəqi, polis kapitanı Şamil Məmmədov tərəfindən 04 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixində saat 18:50-də Sumqayıt şəhəri,18-ci mikrorayon, 21B saylı binanın qarşısında saxlanılmış və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 585/2021 saylı, 05.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 03 fevral 2022-ci il tarixdək həbs qətimkan tədbii seçilmişdir. Həbs etmənin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,723 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,673 qram heroin üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 19 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə Təqsirləndirilən şəxs əməli səmimi etiraf etməsi, əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hal kmi nəzərə alınır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal əməlində cinayətin təhlükəli residivi olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dördə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 03.11.2021-ci il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 0,723 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,673 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 19.01.2022-ci il tarixli (iş № 1(060)- 257/2022) qərarını icra edərək, 26.01.2022-ci il tarixli 240 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi X4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 Saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03.11.2021-ci il tarixindən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 0,723 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,673 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar