Məhkəmə qərarları › İş №1(060)-258/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-258/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-258/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olmayan, Sumqayıt şəhəri, 3-cü mkr, ev 15/13, mənzil 2də qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi 08.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək “Xəzər bağçılıq-yoldaşlıq cəmiyyəti” tərəfindən bolluqun artırılması məqsədi ilə verilmiş Sumqayıt şəhəri Xəzər bağları ərazisində olan torpaq sahəsini özününkü kimi təqdim edib 0,04 ha hissəsini 19.000 (on doqquz min) manata satacaqını yalan vəd verib aldadaraq Sumqayıt şəhəri Xəzər bağları “Simurq” şadlıq sarayının qarşısında sonuncudan 19.000 (on doqquz min) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni 19.000 (on doqquz min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, həmin torpaq sahəsini X2 2000-ci ildə faktiki almış, 2003-cü il tarixdə isə həmin şəxs torpağın sənədinin sürətini şəxsən özü ona vermişdir. Həmin sahə bağ sahəsidir və o Bağçılıq Cəmiyyətinin üzvü kimi həmin torpaq sahəsi ilə bağlı sənədləri öz adına yazdırmışdır. 2000-ci il tarixdə orada özünə ev tikmiş, hazıradək orada yaşayır. Vladimir tərəfindən təqdim olunan sənədə əsasən ona 6,9 sot torpaq sahəsi verilmiş və həmin dövrdə orada torpağı hasara alaraq özünün yaşaması üçün ev tikmişdir. Bu günədək orada yaşamaqla qaz, su və işıq üçün xətlər çəkildiyi və istifadə etdiyi üçün aylıq kommunal xərcləri də ödəmişdir. Zərərçəkmiş şəxs1 uzun illərdir tanıyır, 2020-ci ilin fevral ayının əvvələrində Zərərçəkmiş şəxs1 özü üçün ona məxsus 6.9 sot torpaq sahəsindən 3 sot torpaq sahəsi almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs1 torpağı 27000-28000 manata satmaq istədiyini dedikdə o, həmin pula nə iş görəcəyini soruşmuşdur. Alacağı pula evini təmir edəcəyini dedikdə Əmrah prarab olduğunu, onun 27000 manata təmir edəcəyi evi 19000 manata təmir edəcəyini demişdir. Əmrahı uzun müddət tanımağı və prarab olmasını nəzərə alıb, 19000 manata evini tam təmir edəcəyinə inanaraq razılaşmış və evini 19000 manata təmir edəcyi halda ona vermiş olduğu ərazidə ev tikməyə və həmin ərazini hasara almağa icazə verəcəyini bildirmişdir. O, 2020-ci ilin fevral ayının əvvələrində 19000 manat pulu Simurq şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs1 almış, pulu alan zaman yanında başqa heç kim olmamışdır. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs1lə birlikdə əraziyə nəzarət edən “Xəzər” Cəhmdar cəmiyyətinin üzvü Hüseyn adlı şəxsə yaxınlaşmış, ondan ona məxsus olan 6.9 sot topağın 3 sotunun bağ sənədi ilə Zərərçəkmiş şəxs1 verilməsini xahiş etmişdir. Onun evini təmir edən usataları da Zərərçəkmiş şəxs1 özü tapmışdır. Bir neçə gün sonra Hüseyn onun yanında Zərərçəkmiş şəxs1 Xəzər Səhmdar cəmiyyətinin ona məxsus torpaq sahəsinin sənədini vermişdir . Zərərçəkmiş şəxs1 onun yaşadığı evi və həyətini 19000 manata təmir etdirəcəyini desə də, 19000 manat pul təmir üçün kifayət etməmişdir, Zərərçəkmiş şəxs1 bu barədə bildirmiş, Əmrah isə artıq torpaq sahəsi üçün sənəd aldığını, artıq pul verməyəcəyini demişdir. Belə olduğu təqdirdə o, torpaq sahəsini ona verməkdən imtina etmiş, Zərərçəkmiş şəxs1 torpağı satıb ondan aldığı 19000 manatı geri qayataracağını, lakin torpaq sahəsini ona verməyəcəyini demişdir. Torpaq sahəsini satışa qoymuş, sata bilmədiyindən Əmrahın pulunu qaytara bilməmiş, Əmrah da ondan şikayət etmişdir. Amma indi Əmrahla razılığa gəlmış, həmin torpağı Əmraha vermişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, əvvəllər yaşadığı ünvanda qonşuluqda yaşaması ilə əlaqədar olaraq tanıyır, 2020-ci il yanvar ayında o, Sumqayıt şəhəri, Xəzər bağlar ərazisində torpaq sahəsi almaq istədiyi zaman Təqsirləndirilən şəxs da torpaq sahəsini satacağını demiş, o, həyatyanı sahəsində olan 7 sot torpaq sahəsindən 4 sotunu ona satacağını razılaşmış, həmin torpaq sahəsini 19000 manata almağa razılaşmışdır. 03.02.2020-ci il tarixdə Sumqayıt şəhəri Xəzər bağları ərazisi, Yuxarı küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında sənədləşdirmə üçün istədiyi 2000 manat ilkin ödənişi vermiş, 08.02.2020-ci il tarixdə Hüseyn adlı şəxsdən artıq alacağı torpaq sahəsinə dair 291A/1 saylı bağçılıq kitabçasını götürmüş, həmin gün Sumqayıt şəhəri, 26-cı məhəllə Simurq şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və ona 17000 manat pulu vermişdir. Orada Akifə bir ay ərzində tikinitiyə başlayacağını demiş və Akif razılaşmışdır. Akifə evini 19000 manata təmir edəcəyinə söz verməmişdir, torpağın pulunu aldıqdan sonra Akif ondan tanış ustasının olub-olmamasını soruşmuş, o da Akifə tanış ustalar vermişdir. Bir aydan sonra o, qeyd edilən ünvana gəlib tikinti işinə başlamaq istədiyini bildirdikdə, Akif ona bir ay da gözləməsini xahiş etmiş və bir müddət keçdikdən sonra o, tikintiyə başlamağı dedikdə Akif yenidən gözləməyini xahiş etmişdir. Lakin sonradan Akif torpağı verməyəcəyini, torpaq sahəsinin qiymətinin qalxdığını, buna görə də həmin torpaq sahəsini satıb 19000 manat ona verdiyi pulu geri qaytaracağını demişdir, lakin pulunu geri qaytarmamış, ondan dəfələrlə pulunu tələb etsə də müxtəlif bəhanələr gətirmişdir. Məcbur olub ondan şikayət etmişdir. Amma hazırda Akiflə razılaşaraq həmin torpaq sahəsini ondan almışdır. Əvvəllər almaq istədiyi torpaq sahəsi hazırda ondadır, aralarında olan mübahisə həll edilmişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 29.04.2021-ci ildə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı 19000 manat pula görə verdiyi 04 sot torpaq sahəsini yenidən aralarında olan razılaşmaya əsasən ona vermişdir. Həmin şərt əsasında da onunla barışmışlar. Ərizənin nəzərə alaraq Təqsirləndirilən şəxs cəzadan azad olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid göstərdi ki, “Xəzər” bağçılıq yoldaşlıq qurumunun sədri işləmiş, həmin cəmiyyətdən 11.09.2020-ci il tarixdə işdən çıxmışdır, cəmiyyətdə fəaliyyətləri cəmiyyətə üzv olmaq istəyən şəxsləri üzvlüyə qəbul etmək və ora üzv olan şəxslərin sosial problemlərini həll etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O Xəzər bağçılıq yoldaşlıq cəmiyyətinin üzvüdür və ona cəmiyyətə məxsus 0,07 ha torpaq sahəsi bağçılıqla məşğul olmaq və məhsul bolluğu yaratmaq üçün verilmişdir. O, həmin topraqda təxminən 2000-ci ildən məskunlaşmış və orada ev tikərək yaşamışdır. Zərərçəkmiş şəxs1 də uzun müddətdir ki, tanıyır, o əvvəllər Xəzər bağçılıq cəmiyyətinə məxsus torpaq sahəsində yaşamışdır. 2020-ci ilin fevral ayında Akiflə Əmrah müraciət edərək Təqsirləndirilən şəxs özünə verilmiş 0.7 ha torpaq sahəsinin 0.03 ha torpaq sahəsini bağçılıq üçün, qalan 0,01 ha sahəsini isə yol üçün Zərərçəkmiş şəxs1 vermək istədiyini və sonuncunun da bağçılığa üzv olmaq istədiyini demişdir. Hər ikisinin ərizələri alınmış və 0.4 ha topraq sahəsinin bağçılıqla məşğul olunması üçün 1987-ci il tarixli nizamnamənin 3-cü bəndinə əsasən Zərərçəkmiş şəxs1 üzvlüyə qəbul olunması haqqında kitabça tərtib olunmuş, Zərərçəkmiş şəxs1 verilmişdir. Təqsirləndirilən şəxs özünün isə 0.03 ha topraq sahəsi qalmışdır. Sonradan Zərərçəkmiş şəxs1 yanına gələrək Akifə 19.000 manat pul verilməsinə baxmayaraq topraq sahəsini ona verməkdən imtina etdiyiini bildirmişdir. Bundan sonra Akifi yanına çağırıb bu barədə ona dedikdə o, Əmrahin onu aldatmasını, lakin yeri verəcəyi halında yolu verməyəcəyini demişdir, ona pulu qaytarmasını xahiş etdikdə isə Akif torpağı daha baha qiymətə satıb pulu verəcəyini demişdir. Təqdim edilmiş “Bağçının üzvlük kitabçası”ndan görünür ki, X4 sentyabr 1986-cı uldən Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvü olmaqla 58/291 saylı bağ ona məxsus olmuşdur, bağın torpaq sahəsi 690 kv.m-dir. Həmin kitabçanın 1-ci vərəqəsinin arxasındakı imza və möhürlə təsdiq edilmiş, 21.04.2003-cü il tarixli qeyddən görünür ki, X4 14 №-li protokola əsasən üzvlükdən xaric edilmiş və Təqsirləndirilən şəxs üzvlüyə qəbul edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyətinə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus torpaq sahəsinin 400 kv.m hissəsini Zərərçəkmiş şəxs1 satmışdır. İş materiallarında olan yeni “Bağçının üzvlük kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvü olmaqla 291A saylı bağ ona məxsusdur və torpaq sahəsi 300 kv.m-dir.. İş materiallarında olan yeni “Bağçının üzvlük kitabçası”ndan görünür ki, Zərərçəkmiş şəxs1 adına Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvü olması barədə 291A/1 saylı kitrabça tərtib edilmiş, ona ayrılan torpaq sahəsinin 400 kv.m olması göstərilmişdir.- İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 14.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 53) İş materiallarında olan Qətimkan tədbiri seçilməsi haqqında 28.12.2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.128-129) Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında olan faktiki münasibətləri, işdə olan sübutları nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd etməyi zəruri sayır ki, istintaq orqanı iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları eyni səviyyədə araşdırmamışdır. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində göstərilən, işdəki sənədlərlə təsdiq edilən, təqsirləndirilən şəxsin xeyrinə olan hallara diqqət yetirilməmiş, həmin hallar düzgün qiymətləndirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iclasında və istintaq zamanı toplanmış sübutlardan görünür ki, “Bağçının üzvlük kitabçası”na əsasən X4 sentyabr 1986-cı uldən Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvü olmaqla 58/291 saylı bağ ona məxsus olmuşdur. Həmin kitabçanın 1-ci vərəqəsinin arxasındakı imza və möhürlə təsdiq edilmiş, 21.04.2003-cü il tarixli qeyddən görünür ki, X4 14 №-li protokola əsasən üzvlükdən xaric edilmiş və Təqsirləndirilən şəxs üzvlüyə qəbul edilmişdir. Bağın torpaq sahəsi 6,9 sot olmuşdur. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin 4 sot hissəsini Zərərçəkmiş şəxs1 19000 manata satmağa razılaşmış, Zərərçəkmiş şəxs1 19000 manat pulu almışdır. Bununla bağlı Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul olunmuş, ona Akif Əliyevin razılığı ilə müvafiq bağçılıq sənədlər verilmişdir. Sonradan aralarında narazılıq yaranmış, Təqsirləndirilən şəxs torpağı satmaqdan vaz keçmişdir. Buna səbəb torpağın bahalaşması, aldığı 19000 manat pulun onun ehtiyaclarını ödəməməsi, Zərərçəkmiş şəxs1 əlavə pul vermək istəməməsi olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunu qaytara bilmədiyinə görə sonuncu ondan şikayət etmişdir. İstintaq orqanının topladığı sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldatmamış, satdığı torpaq sahəsi onun sahibliyində və istifadəsində olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən onun istədiyi vaxt həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanı olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldatmaq istəməsi, torpaq sahəsini satmaq barədə yalan vəd verməsi barədə heç bir sübut yoxdur. Zərərçəkmiş şəxs1 çoxsaylı ərizələrindən, istintaqa verdiyi ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs torpaq sahəsinin qiymətinin qalxdığı üçün torpağı ona satmamış, başqasına sataraq onun pulunu qaytaracağını bildirmişdir. Lakin torpaq satılmamış və pulu qaytarılmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmədə də bildirdi ki, aralarında alq-satqı münasibətləri olmuşdur, hazırda məhz həmin torpağın ona verilməsi ilə bağlı razılığa gəlmişlər, məhz həmin torpaq sahəsi hazırda ondadır. Beləliklə, müəyyən edildi ki, Təqsirləndirilən şəxs sahibliyində və istifadəsində olan bağın torpaq sahəsinin bir hissəsini satmaqla bağlı Zərərçəkmiş şəxs1lə razılaşaraq ondan 19000 manat pul almış, sonradan qiymətlərin bahalaşması səbəbindən torpağı satmaqdan imtina etmiş, bu səbəbdən aralarında mülki mübahisə yaranmışdır. Hazırda həmin mübahisə həll olunmuş, razılaşma başa çatmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı sübutlar Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi barədə qənaətə gəlməyə əsas vermir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsinin mövcudluğu sübuta yetirilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs torpaq sahəsini satmaq niyyətinin olmaması iş materialları ilə təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan mübahisə mülki xarakter daşıyır və həmin məsələyə mülki qanunvericiliyin normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq - şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Maddənin dispozisiyasının mənasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (sahibkarı əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. (yəni əmlak ələ keçirilir, qarşılığında isə heç nə vəd edilmir). Dələduzluq - cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, razılaşmaya əsasən, müqaviləyə əsasən) şəxsdə aldatma, etibardan sui-istifadə etməklə əmlakı əvəzsiz olaraq ələ keçirmə kimi niyyətlərin olmaması, sonrakı dövrdə əmlak, yaxud əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki hüquqi pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində sahibkarla sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki belə vəziyyətdə şəxs sahibkarı əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin hərəkətlərini həm cinayət qanunvericiliyində, həm Ali Məhkəmənin qeyd edilən qərarında göstərilən, dələduzluq cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın Konvensiyaya və onun birinci Protokoluna artıq daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin olunmasına dair 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə əsasən heç kim, yalnız hansısa müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmaması əsasında azadlıqdan məhrum edilə bilməz. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmir və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 43.1.2, 344-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar